Super User

Super User

Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan bölməsi

 

Türkiyənin İLESAM (İlim ve Edebiyat Sahipleri Meslek Birliği)nin sədri Mehmet Nuri Barmaqsızın “Sükut quşu” adlı şeir kitabı Təbrizdə çap olunubdur. 

 

Şeirlərin tərcüməsini Təbrizli şair, yazar, tərcüməçi Əli Çağla Türk dilindən Azərbaycan dilinin əski əlifbasına çeviribdir.

“Sükut quşu” Təbrizin “Əxtər” nəşriyyatı tərəfindən çap edilib və İranda satışa çıxarılıbdır. 

Qeyd etməliyik ki, kitabın üz qabığını isə Tərbrizdə Əmir Fərhəng dzayn edibdir. 

Kitabın içindən bir şeiri əziz oxuculara təqdim edirik: 

 

ÖTƏLƏRİN XƏYALI 

 

Nə dərinlik bilir ruhum, nə dayazlıq... 

Bildiyim tək şey bir damlada yox olmağımdır. 

Yollar kədərli, illər məlal... 

İçimdə ağlayan bir uşaq var, uşaqlığımdır. 

Əllərimdəki sınıq sazın telləri lal. 

Nə dərinlik bilir ruhum, nə dayazlıq... 

Ürəyimdə həsrətdən bir mahnı oxuyar qışqırıq. 

Nə sözdən anlayar ruhum, nə gözdən... 

Hər nəfəsdə sevgiyə coşar, sevgiyə qaçar mənliyim. 

Sevginin viranəsi, sevginin şahanəsi mənəm yar! 

Vüsalı qısqandırır hüceyrə-hüceyrə sənə dönən sənliyim, 

Bir zülmünlə ürək divarım məhv olur. 

Nə sözdən anlayar ruhum, nə gözdən... 

Yağışımın qaynağı sonsuzluq deyilən üzdəndir. 

 

Nə sevgiyə doyar ruhum, nə qanayar... 

Gözlərimdə ümid, əllərimdə vüsal şövqü. 

Ölüm, divarı bağlı ruhunu küləyi ilə həmişə yoxlayar. 

Sevgi həsrətə köklənib şad oxunan mahnıdır. 

Ürəyim xəyallarında da sonsuzluğa göz qırpar. 

Nə sevgiyə doyar ruhum, nə qanayar... 

Həsrətimin üfüqündə ötələrin xəyalı var.  

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanın 4 oyun studiyası (“Darts Games”, “Cool Bears Game Studio”, “Dynamic Box Studio”, “AzDimension”) Almaniyanın Köln şəhərində keçirilən və dünyanın ən böyük oyun sərgisi hesab edilən “Gamescom”da iştirak edib.

 

AzərTAC-a Agentlikdən bildirilib ki, ölkəmizi təmsil edən “Dynamic Box” studiyası öz fərdi stendində “Madness Afloat” oyununu nümayiş etdirib və bu da Azərbaycandan olan tərtibatçının tanınması baxımından tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

 

Tədbirdə, eyni zamanda, İRİA-nın İnnovasiya ekosistemi departamenti, Startap ekosisteminin quruculuğu şöbəsinin müdiri Camal Ağayev, həmçinin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin layihə meneceri Nikita Yudin də iştirak ediblər. İRİA-nın əməkdaşları bir sıra aparıcı oyun şirkətləri və oyun nəşriyyatçıları (oyunları rəqəmsal platformalarda yayan şirkətlər) ilə bu sahənin Azərbaycanda inkişaf etdirilməsi və əməkdaşlıq mövzularında görüşlər keçiriblər.

 

Qeyd edək ki, hər il 80-dən çox ölkədən 30 000-dən çox iştirakçını cəlb edən “Gamescom” sərgisi studiyalar üçün investorlara, oyun yayıncılarına və qlobal auditoriyaya çıxış əldə etmək baxımından unikal imkanlar yaradır. Azərbaycan studiyalarının “Gamescom”da iştirakı ölkənin yaradıcı rəqəmsal sənayelərinin inkişafı, o cümlədən qabaqcıl qlobal təcrübənin öyrənilməsi məqsədilə müstəsna əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəbəi və mərkəzlərinə 2024-2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 min nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti avqustun 31-dək uzadılıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verib. 

Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla (violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, faqot, saksofon, truba, trombon, valtorna, zərb alətləri, balaban, qanun, saz) ixtisasları üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər.

Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən il təşkil etdiyi film layihələri müsabiqəsinin qalib işlərinin çəkilişləri həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı ARKA-ya istinadən xəbər verir ki, ARKA-nın maliyyə dəstəyi ilə müsabiqənin qaliblərindən olan “Borc” bədii filminin çəkilişləri başlanır.

 

Bakı Media Mərkəzinin istehsal edəcəyi filmin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandır. 90 dəqiqəlik tammetrajlı bədii film 44 günlük Vətən müharibəsində Qələbəyə həsr olunub.

 

“Borc” filmi Orman Əliyevin rejissor kimi bədii kinoda debütüdür.

 

Ekran əsəri bir DJ-in koronavirus pandemiyası dövründə başına gələn hadisələrdən bəhs edir. Filmin qəhrəmanı könüllü olaraq həmin ərəfədə baş verən İkinci Qarabağ müharibəsində döyüşməyə yollanır...

 

Bakı Media Mərkəzi Qələbənin 5-ci ildönümü münasibətilə tamaşaçılara sənədli və bədii filmlər silsiləsi təqdim edəcək. “Borc” bu münasibətlə böyük ekranda göstəriləcək ilk bədii film olacaq. Filmin 2025-ci ilin ilk aylarında təqdim olunması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Diplomatların, siyasətçilərin, həmçinin İsveçdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının əsas auditoriyası olan “Diplomatic World Sweden” portalında Azərbaycanın görməli yerlərindən bəhs edilən məqalə dərc olunub.

 

AzərTAC xəbər verir ki, “Azərbaycanı ziyarət et” sərlövhəli məqalənin müəllifi qədim memarlıq və müasir şəhərsalmanın füsunkar vəhdətinin şahidi ola biləcəyiniz Odlar Yurduna səyahətə yollanmağı tövsiyə edir.

 

Məqalədə İçərişəhər, Abşeron Milli Parkı, Qarasu vulkanı, Naftalan kurortu, Qobustan kimi görməli yerlər, eləcə də Azərbaycanın mənzərəli subtropik dəniz kurortları barədə müfəssəl məlumat verilir.

 

Müəllif sonda yazır: “Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanın səyahətçilərə təklif edəcəyi çoxlu sayda görməli yer var. Ziyarət etməyə dəyər!”

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)

Çərşənbə axşamı, 27 Avqust 2024 11:59

Şamaxı da kəlağayı bayramına qucaq açdı

 

Avqustun 26-da Azərbaycan kəlağayılarının təbliği '' layihəsi yekun olaraq Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirildi. Layihə 2024-cü il Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi oldu. Layihə çəçivəsində Gəncədə, Qazaxda, Şəkidə, Bakıda, son olaraq Şamaxıda Azərbaycan kəlağayıları təbliğ olundu, ''Kəlağayı Ev Muzeyi''nin 200 qədimi kəlağayıları, əl işləri, nənələrdən əmanət tikmələr sərgiləndi, kəlağayıdan bəhs edən şeirlər səsləndirildi, saz havaları üstündə mahnılar oxundu.

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, Şamaxıda keçirilən tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq, milli dəyərimiz olan kəlağayıların keçmişindən, bu günündən danışdı. Vətənimizimizin ərazi büttövlüyü uğrunda canından, qanından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan himni səsləndirildi.

O, qeyd etdi ki, Azərbaycan Respublikasının  birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım  Əliyevanın səyi nəticəsində kəlağayımız 2014-cü ildə  Yuneskonun Qeyri madd i mədəni irs üzdə Reptezentativ siyahısına  daxil olub. Bu əlamətdar günün-  ''26 Noyabr Azərbaycan Kəlağayısı Günü'' -nün 10 illik yubileyidir. Həm də Mehriban xanım Əliyevanın 60 illik yubiley təntənəsidir. Güllü Eldar Tomarlı bütün Şamaxılıar və Mirvarid Dilbazi Poeziya Məclisi adından təbrik etdi, ölkəmizin xoş günləri naminə uğurlar dilədi.

Bu il möhtəşəmdir. Təkcə 26 noyabr günü yox, ilin hər günü ''Kəlağayı Günü'', kəlağayı bayramıdı.  Çünki, qarşımıza məqsəd qoymuşuq. Böyük həvəslə çalışırıq. Azərbaycan boyu kəlağayı festivallarımız, layihəmiz, ali məktəblərdə, ümumtəhsil məktəblərində  uğurla həyata keçirilir. Xətai rayonunda, Şuşada keçirilən ''Kəlağayı Festivalı'' çox möhtəşəm, yadda qalan el bayramı oldu. 

''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi də bir uğurdu.

Sonra Xalq artisti, professor İlham Namiq Kamal, filologiya elmləri doktoru, türkoloq Aytən Qurbanova, Əməkdar Mədəniyyət işçisi, aşıq  Ağamurad Şirvanlı, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Almara Nəbiyeva, AMEA Folklor İnstitutunun Əməkdaşı Elmiyə Məmmədova, Ağdam şəhərinin Abdal- Gülablı kəndinin “Nənə” qızlar ansamblı və ən kiçik üzvü Ayla Əliyeva, Cavanşir Quliyevn rəhbərlik etdiyi ''Qarabağ'' aşıqlar qrupunun üzvləri- Azad Laçınlı, Şahin Borçalı, Polad Borçalı, folklorşünas Reyhan Rəsul, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri - Azadə Quliyeva, Könül İbrahimsoy, Zülfiyyə İsmayılova, Fatma Ayna, Şəhla, İsmayılova və başqaları öz şeirləri, ifaları, çıxışları ilə məclisə xoş ovqat bəxş etdilər.

Sonda Güllü Eldar Tomarlı maddi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatları  Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. 

 

Güllü Eldar Tomarlı dedi:

“Kəlağayı keçmişimizin minillərdən bəri bizə ərmağan elədiyi ən ulu dəyərlərimizdən birinin simvoludur. Forma nə qədər dəyişsədə, zaman nə qədər dəyişsə də kökə-soya bağlılığımız dəyişməzdi heç zaman. Başı kəlağayılı analarımızın bizlərə laylasında, nağılında boyu görünüb kəlağayının. Xanımlığımızın, xatınlığımızın yaraşığıdır kəlağayı. Kəlağayıdan uzaqlaşmaq öz keçmişimizdən uzaqlaşmağa bənzəyir.

Kəlağayıdan yazmaq, kəlağayını yada salmaq, kəlağayı haqqqında tədbirlərin keçirilməsi, təşkil olunması, layihələrin qəbul olunması, uğurlu icrası  milli-mənəvi dəyərlərimizin özümüzə qayıtmasına xidmət edir. Mən inanıram ki,  kəlağayı çox-çox incə mətləblərdən xəbər verəcək. Gələcək qız- gəlinlərimizin başında tac olacaq.

Mən inanıram ki, kəlağayılar yaddan çıxıb sandıqlarda  unudulmayacaq.”

Şamaxıda final olaraq keçirilən 'Azərbaycan kəlağayılarının təbliği'' layihəsi Gültəkin Qarabağlının ifasında  “Qarabağ'' mahnısı ilə sona çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Elnur Uğurun şeirləri təqdim edilir. 

 

 

Ömür dediyin...

 

Ömür dediyin nədi ki?

Yolu ayaqda yormaqdı.

Həyat adlı bağı eşqlə

Bağban olub suvarmaqdı.

 

Mənlə mən üzbəüz durub,

Biri dandı, biri qürub.

Saatı sevgiyə qurub,

Yatıb sevgiylə durmaqdı.

 

Ömür, döyünən ürəkdi,

O yaşadırsa, gerçəkdi.

Özün kimçünsə bölməkdi,

Özün özünə vurmaqdı.

 

Ömür suya əriməkdi,

Ömür qəlbə yeriməkdi,

Hər gün ölüb-dirilməkdi,

Ömür ölümü yormaqdı.

 

Aşiqlik...

 

Sevdinsə, dəyişər yaşam gözündə,

Gül açar daşların o daş sifəti.

Elə gözəlləşər dünya gözündə,

Olar gözəllərin adaş sifəti.

 

Sevdinsə, qaranlıq nura boyanar,

Ən qatı zülmətdə işıq görərsən.

İçində mürgülü nə var, oyanar,

Özünü hər şeyə aşiq görərsən.

 

Aşiqlik içindən - çölünə kimi,

Səfərbər olmaqdı eşq səhrasında.

Aşiqlik ölərək eşqi diriltmək,

Eşqin susuz çölü - Kərbəlasında.

 

Sevdim...

 

Sevdim hər gün Günəş doğan səhəri,

Mən törətdim həsrətimin qətlini.

Gün eşqiylə ulduz-ulduz doğradı

Gecələrin eşq sancısı bətnini.

 

Dan yerinin çığırtısı bürüdü,

Eşqdən uçdu qaranlığın türməsi.

Ta zülmətin qatılığın uddu da,

Göy ananın Günəş adlı körpəsi.

 

Sevdim belə əzmi, ruhu, inandım,

İnancımla çox zahirdə batinəm.

İlk gəlişdən qaranlıqlar yarmışam,

Mən doğuşdan əliqanlı qatiləm.

 

Bir adım da nurdur, elə işıqdır,

O işıq ki, sevdalara fırfıra.

Mən eşq ilə yaşayıram, ay adam,

Həsrət olan hər yer buzdu, sırsıra.

 

Sənsizlik...

 

Həsrətim bu gecə nəğmə toxuyur,

Hər nəqarəti qəm ironiyası.

Sükut ürəyimdə hay salıb, sanki,

Oxunur "Sənsizlik" simfoniyası.

 

Hiyləymiş niyyətin, məkrmiş andın,

Mən ki tanımışdım saf adam səni.

Nə biləydim axı, xaliqi-hikmət

Yoxsul yaradıbdı vəfadan səni?!

 

Çəkirəm üstümə yorğan əvəzi

Göylərdən ayrılıq yağan gecəni.

Neynirəm, gəlməsin biryolluq daha,

Sən adlı sənsizlik doğan gecəni.

 

Ruh halı...

 

Ümidləri yıxılar

Qəlbə kibr geyənin.

Kürəyi yerə gəlməz,

Allaha söykənənin.

 

Əllər boş geri dönməz,

Açılmaqsa məqsədi.

Bütün vergüllər üçün

Son çarə var - nöqtədi.

 

O nöqtələrdən doğur

Sabahın sualları.

İsmin halları deyil

İnsanın ruh halları.

 

İnsanın ruh halında

İsa nəfəsi yoxsa,

Demək yaşamır, nolar

Vurur nəbzi, ha yoxla.

 

Eşqi ruha qalxan et,

Misri qılınc da batmaz.

Allaha söykənəndə,

Günah doğar, boy atmaz.

                        

Gözəl 

 

Sevirəm həyatın hər bir üzünü,

Qarası qaradı, ağı ağ, gözəl.

Sevirəm dünyanın dağı, düzünü,

Aranı Arandı, dağı dağ, gözəl.

 

Viranə yurdun da ilki var, düşün,

Ayrılıq doğacaq isti görüşün.

Üzü qırışdıran o şax gülüşün

Qırışı qırışdı, şaxı şax, gözəl.

 

Elnur, uğur söylə, bəxti qoy dəmə,

Ümid et, sabahın pürrəng dəmlənə.

Hər pisə bəd baxıb pisdi, pis, demə,

Yetər ki, baxanda özün bax, gözəl.

 

Bilmədim...

 

Bir gün gəl-gəl dedin, bir gün get dedin,

Qaldım aralıqda, gələ bilmədim.

Yolları riyazi düsturla böldüm,

Tək sənlə yolumu bölə bilmədim.

 

Tam aça bilmədim bu sirr həyatı,

Ayrılıq qurtuma içir həyatı.

Mən səndə yaşadım əsir həyatı,

Niyə oldum sənə kölə, bilmədim.

 

Elnuram, axtardım elini, bildim,

Qarı dünya fitnə-felini bildim.

Quşların, otların dilini bildim,

Tək sənin dilini bilə bilmədim.

 

Vədə

 

Eşqin acısına susayanlardır

Həyatı şirinləşdirən.

Eşqin acısına susayanlardır

Fikirlərimizin səmasında

Bulud-bulud yerə sevgi hönkürən.

Eşq bir vədədir,

Vədə çağırışdı.

Bu çağırış qəlbdən gəlir,

Qəlb insanın güzgüsüdür,

Özünə baxa bilənlərə nə xoş,

Özünə baxa bilməyənlər eşqi dadmamış.

O bir vədədir,

Vədə...

Bu vədədən gəlir elə,

Vətəni, Ananı, Allahı, özünü sevmək də.

Bəzən ölüm daha sevimli olur,

Nə zaman ki vədə dolur.

Eşq belədir, əzizim!

Eşqi görmək istəsən,

Kərbəlaya bax,

Qarabağa bax.

Bir səhranın qumlarını göyərdən axan qan,

Eşq budur, inansan!

Eşq susuz dəvənin səhra göynəyidi,

Eşq Yusifin köynəyidi

Yaqubun gözlərini açan.

Eşq susadığında dözə bilməkdi,

Cadar-cadar olmuş dodaqlara ürəyin üsyanıdı.

Eşq aşiqin imtahanıdı,

Bu imtahanın bir adı var:

Kərbəla.

Vəd olunmuş o torpaqlara

Axan şəhid qanıdı eşq.

1400 il yaşayan bir ölü dirinin

Vədəsinin imanıdı eşq!

 

And olsun

 

And olsun, həqiqətin bağrında

Milyon illərdir göyərməyən qara daşa,

And olsun, yerin alt qatındakı dirilərin nəfəsinə,

İnsan uymasaydı nəfsinə,

Dünya bugünkü olmayacaqdı.

And olsun ki,

Anda susayıb bəşər,

Susuzluqdan yanan ürəyin su istədiyi təki.

And olsun, piano dillərindəki iniltiyə,

İnsanlıq inildəyə-inildəyə

İnsana yalvarır içindən çıxmaq üçün.

Bu gün.

Sən,

Mən,

O

Hamımız bir günah daşıyıcısıyıq.

Bu günahı yumağa bir də zaman olmayacaq.

Bax, bu sonuncu dayanacaq,

Bu da sonuncu qatar.

Yubanma, bu qatar da getsə,

Ay yoldaş, səni kim aparacaq?

 

Bəlkə...

 

Bəlkə, bir gün doğulacağıq, deyə,

Hələ ki ölürük.

Biz nələrdən keçirik,

Nələrdən ötürük.

Bəlkə, bir gün doğulacağıq, deyə,

Sözümüz dilimizi,

Dilimiz əlimizi,

Əlimiz əməlimizi qaldırır bizdən yuxarı.

Bəlkə, bir gün doğulacağıq, deyə,

Həyat adlı bu müharibəyə

Sülh elan edirik.

Və gedirik,

Mütləq qayıdacağıq, deyə.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Çərşənbə axşamı, 27 Avqust 2024 10:44

BİR SUAL, BİR CAVAB El Roman ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Qarşına çıxa biləcək ən pis düşmən, hər zaman sən özün olacaqsan, sən özün pusquda gözləyəcəksən özünü. (Nitsşe)

 

 El Roman bəy, bu fikrə münasibətiniz necədir?

 

 CAVAB

Reallıqdır ki, ən yaxın dostun da, düşmənin də özünsən. Özün özünü vurmaq üçün həmişə tətikdəsən. Həmişə istəyirsən ki, səhv edəsən, o səhvini öz içində üzünə vurasan. "Bir mən var məndən içəridə". O içindəki sən həmişə hazırdır ki, yanılasan, büdrəyib yıxılasan. Yıxılan da sənsən, yıxılanı baltalayan da. Ölən də sənsən, öldürən də.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 “Heyrətamiz hafizəsi, çevik zəkası, bənzərsiz ünsiyyət qurmaq bacarıgı, baməzə söhbət və şux zarafatları, ətrafına qarşı diqqət və həssasiyyəti, açıq və demokratik düşüncəsi, yüksək milli- mənəvi dəyərləri ilə nəinki ötən əsrin 70- ci illərində təhsil aldığı qrupda, patokda, bütünlüklə jurnalistika fakültəsinin, həmçinin bizimlə qonşu Şərqşunaslıq, Hüquq fakültələrinin tələbələri arasında fərqlənir, sayılıb seçilirdi”- Bu kəlmələr mühacirət tariximizin bilicisi Abid Tahirliyə məxsusdur. 

 

Aqil Abbasın ömür-gün yoldaşı, Məmməd Araz yadigarı, tanınmış jurnalist İradə Tuncay isə onun haqqında deyir;- "İlqarla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən İlqar hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. İlqarda qeyri-adi cazibə keyfiyyəti vardı. İstənilən adamla bircə söhbətdən sonra həmin adam yenə də İlqarın həmsöhbəti olmaq istəyirdi. Onun cazibəsini heçnə neytrallaşdıra bilmirdi. İllər keçsə də İlqar hələ də bu cazibəni qoruyub saxlaya bilib."

Bəli, söhbət İlqar Həsənovdan gedir. Ona İlqar Musayeviç də deyirlər. Həmkarı İttifaq Mirzəbəyli söyləyir ki: "İlqar Həsənov müasir mətbuatımızın daim üzdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki dönəmdə peşəkarlıq, prinsipiallıq və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik dövründə həmin keyfiyyətlərinə milli təəssübkeşlik və dövlətçilik maraqlarının qorunmasına xidmət kimi dəyərlər də əlavə edib. İlqar Həsənov bölgə müxbiri kimi fəaliyyət göstərdiyi rayon və şəhərlərin hamısının qeyri-rəsmi "fəxri vətəndaşı" statusunu qazanıb"...

 

Deyirlər, “Xalq qəzeti”ndə çalışır. Yaxşı yoldaşlığı, sadiq dostluğu, mədəni davranışı var. Üstəlik canlara dəyən adamdır. Şair, jurnalist Əli Nəcəfxanlı isə:- “Bakı Dövlət Universitində görkəmli jurnalist, tanınmış ictimai və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfransda mötəbər çıxışçılar arasında İlqar Həsənov xüsusilə seçilib. Vaxtilə unudulmaz şəxsiyyətin yaradıcısı və baş redaktoru olduğu "Bakı" qəzeti redaksiyasında çalışmış İlqar müəllim ustadı haqqında nəzəri deyil, məhz praktiki və həyati xarakterli xatirələrini söyləməsi ilə yadda qalıb. Bax, belə bir fenomen insandır bizim İlqar Musaoğlu. 1959-cu ilin 236-cı günündə- avqustun 24-də dünyaya gəlib. Düz 65 ildir ki, doğmalarını, əzizlərini, dostlarını öz varlığı ilə sevindirir. Arzu edirəm ki, bir bu qədər də yaşasın və sevindirsin!”- söyləyir...

 

Arximedin yaxşı bir kəlamı var: “Mənə bir dayaq nöqtəsi verin ki, dünyanı yerindən oynadım.” Rəhmətliyin sözünə qüvvət, bircə dəfə onu görsəydim, yəqin ki, haqqında geniş danışa bilərdim. Amma ümid yeri var, hələ ki, o da, mən də gedirik. Ola bilsin ki, haradasa, nə vaxtsa üz-üzə gəldik. Axı Yer kürəsi yumrudur...

Hörmətli, İlqar müəllim, sizi 65 illik yubileyiniz münasibətilə təbrik edirim. Çox yaşayın!

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

IV Murad Osmanlı İmperatorluğunun 17-ci əsrdə yaşamış güclü və sərt hökmdarlarından biri idi. Sərt və intizamlı idarəçiliyi ilə tanınan Murad, eyni zamanda eşqə və sevgiyə qarşı da tutqulu bir insan idi.

 

Ancaq bu hekayə yalnızca bir hökmdarın deyil, ona dərin bir sevgi ilə bağlı olan bir qadının da hekayəsidir. Bu qadın, Muradın ürəyində taxt qurmuş və ona elə bir sevgi bəsləmişdi ki, Sultanın çətinliklərlə dolu həyatında bir nəfəs kimi olmuşdu.

Murad, gənc yaşında taxta çıxdığında, böyük bir məsuliyyət yükünü üzərinə götürmüşdü. Dövlət işləri, müharibələr, üsyanlar derkən, onun həyatı daim bir xaos içində keçirdi. Amma hər fırtınanın ardından sakit bir limana sığınma ehtiyacı hiss edən Sultanın ürəyində yalnız bir nəfər vardı. O, Muradın daxili dünyasını işıqlandıran, ona rahatlıq verən və ən çətin anlarında belə yanında olan bir qadın idi.

Bu qadın, cəsur və qərarlı biri idi. Murad üçün yalnız bir sevgili deyil, eyni zamanda bir yoldaş, bir sirdaş və bir dost idi. Sultanının sərt idarəçiliyi altında, sarayda bir çoxu ona qarşı ehtiyatlı və məsafəli davranarkən, o qadın Murada ən yaxın olanlardan biri idi. Onun sevgisi, adi bir eşqdən çox uzaq idi; Muradın yükünü yüngülləşdirməyə çalışan bir fədakarlıq və adanmışlıq dolu bir sevgi idi.

Bir gün, IV Murad bir sui-qəsd cəhdi ilə üzləşdi. Düşmənləri, onu taxtdan endirmək və Osmanlı İmperatorluğunu zəiflətmək üçün hər yolu sınayırdılar. Məhz o an, bu qadın hərəkətə keçdi. Muradın həyatı təhlükədə olduğu zaman, tərəddüd etmədən özünü onun önünə atdı. Onun üçün canını fəda etməkdən çəkinmədi. Sultanı xilas etdi, amma öz həyatını bu yolda itirdi.

Murad, bu itki ilə dərindən sarsıldı. Sevdiyi qadını itirmək, onun üçün yalnızca bir insanı deyil, eyni zamanda rahatlığını və içindəki işığı da itirmək demək idi. Lakin onun fədakarlığı Sultanının ürəyində ölməz bir iz buraxdı. Bu sevgi və fədakarlıq tarixin unudulmaz xatirələrindən biri olaraq Osmanlı sarayının dəhlizlərində əks-səda verməyə davam etdi.

Osmanlı İmperatorluğunun ən güclü və əzazil hökmdarı sevginin qarşısında acizləşmiş, ölümün gətirdiyi uzun həsrətlə sarsılmışdı. Bu qəzəl, Muradın sevgisinin dərinliyini və yaşadığı iztirabı əks etdirir. Düzdür, qəzəl qayda-qanunlarını götürsək, bu yazılan peşəkar qəzəllərlə bir sırada dayana bilməz, amma həvəskar qəzəl kimi, üstəlik, hökmdarın yazdığından dolayı qəzəl məşhurlaşdı:

 

Sənə canan deyib, canı fəda eylərəm, yarim,  

Sənindir taxtü-tacım, sənsiz heç nədir varım.  

 

Hər gecə sən düşündüyüm, hər səhər sənsiz qəmim,  

Bu hicran dəryasında, ah, nə qılır bəxtim?

 

Fələk, səndən xahişim, qoyma məni ayrı ondan,  

Nədir bu dünyada Murad, əgər yoxsa ol yanında?  

 

Canım sənə əsir, könlüm sənin əmanətin,  

Hər an səni arzulayan, gözlərimdə bir nurum.

 

Ölüm, əgər sən bənimlə, ona getməyi buyur,  

Mənim üçün tək sevinc, onun sevgisindədir nur.  

 

Murad eylər dua, ürəkdə sənə məhəbbət,  

Hər kəlmə bir həsrət, hər misra bir əziyyət.

 

Bu qəzəl, Muradın ürəyində dərin bir iz buraxan sevgisini ifadə edir. Onun bu sətirlərdəki həsrəti və sevgisinin sonsuzluğunu oxumaq, onun nə qədər dərindən sevdiyini və itkinin acısını hiss etdiyini göstərir. Bu qəzəl, həm onun sevgisini, həm də onun üçün canını fəda edən qadının xatirəsini yaşadacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.