Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” (Şəki-Zaqatala bölməsi)
Daşdöşəyən bir oğlanla ayaqlarını daşlara basmağa qıymayan bir qızın həya rübəndli sevdasını düşünürdüm Xan sarayına doğru gedərkən. Şəkinin Yuxarıbaş məhəlləsinin əksər küçələri daşlıdır. Şəkililər demiş, “təşlik”dir. “Görəsən, indi də Şəkidə daşdöşəyən varmı?” sualı gəlir ağlıma. Kimdənsə bu barədə soruşmaq lazımdır, bir daşdöşəyən tanımaq lazımdır. Daşlardan danışar bir az... Cavab verər misrama: “Daş ağararmı dan üzü?”
...Tale yollarının da daşdöşəyəni olsa, yaxşı olmazmı? Gedəcəyin arzu bağçasının yolunda heç azmayasan, ayaqlarını tikanlar qanatmaya, gözlərini naməlumluq çəkib aparmaya... Ya da taleyinin bir şəbəkə ustası ola... Olar-olmazları millimetr dəqiqliyi ilə elə qura ki, həyat qarşısında mat olmayasan, dərd palitrasında rənglər bir-birinə qarışmaya, “qurduq” deyə sevindiyimiz planlarımızın heç biri yerindən laxlamaya...
-Salam, qızım, xoş gəlmisən!
Xan sarayının həyətindəki emalatxanaya belə tez çatdığıma təəccüblənsəm də, özümü o yerə qoymuram:
-Salam, Tofiq müəllim!
Ətrafa göz gəzdirirəm. Budaqlarını nənəmin saçaqlı şalı kimi o yan-bu yana səpələyən cökə ağacının altında oturub Şəkinin məşhur şəbəkə ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rəsulov Tofiq Əşrəf oğlu. Hə, bu cökə ağacı nənədir. Nəvələri bir az aşağıda, zoğal ağacının yanında düzülüblər. Əyləşirəm cökə ağacının altındakı stullardan birinə. Və baxıram sağımdakı şəbəkə evciyə. Bu evciyin “adam”ı şəbəkə sənətinin özü qədər qədimdir, heyrətamizdir və... Və xəyalidir! Mənsə evciyi quran, yaradan adamla söhbətləşəcəyəm. Onu da bilirəm ki, Şəki Xan sarayının və Şəkixanovlarının evlərinin şəbəkələrini bərpa edən usta ilə söhbət asan olmayacaq... Ya da bəlkə, su kimi axacaq sözlər?
-Şəbəkəni kimdən öyrənmisiniz, Tofiq müəllim?
-Atamdan. O da öz atasından. Babam Usta Yaqub keçən əsrin məşhur şəbəkəçisi olub. Karvansarayın altında balaca dükanı da vardı. Babamla atam evdə işləyirdilər. Atam Rəsulov Əşrəf Əməkdar rəssam idi. Öz sənətini mənə öyrətdi. Məndən başqa onun daha iki şagirdi də vardı ki, atam onların bu sənəti yaşadacağına ümidli idi. Biri Usta Soltandır, hazırda o da şəbəkə ilə məşğul olur. İkincisi isə Bakıda yaşayır. Əvvəl şəbəkə ilə məşğul olduğu barədə xəbər alırdım, çoxdandır xəbərim yoxdur.
-Yəni Usta Əşrəf, cəmi, 3 şagird yetişdirdi?
-Təbii ki, şagirdləri çox idi. Amma şəbəkə elə sənətdir ki, öyrənməyə 10 nəfər gələr, sonda biri qalar, ya qalmaz.
-Çətinliyinə görə, yoxsa riyazi dəqiqliyə görə?
-Yaxşı sual verdin, qızım. İndi işin sirrinə gələk. Şəbəkənin hazırlanma prosesini deyim. Əvvəl, eskiz qurulur. Bu eskiz dəqiq hesablamalara dayanır. 1 mm belə, o yan-bu yan olsa, şəbəkə ələ gəlməz. Şəbəkə işləməkçün həndəsəni, riyaziyyatı və rəsmxəti bilməlisən. Bunlardan əlavə, səbrin, hövsələn, aclığa, susuzluğa dözümün də olmalıdır. Şəbəkəni qurursan müəyyən ölçüdə, bitirhabitirdə yarımçıq qoyub su-çay dalınca qaçsan, əlin soyuyar. Əli işdən soyutmaq olmaz. İkinci mərhələ taxtanın işlənməsidir. Taxta 15 gün buxarda bişir. Bu müddətdə onun şirəsi qətrana dönüb axır. Şirə axmalıdır ki, sonradan taxtaya qurd düşməsin. Buxarda bişən taxta qurulandan sonra 100 il, 200 il olduğu kimi qalır. Taxtanın bişirilməsi həm də ona görə lazımdır ki, taxta elastikləşir, ömrü uzanır, əyilmir.
-Elastikləşir? Mən də elə güman edirdim ki, şəbəkə taxtası sabit olmalıdır.
-Sabitdir. Başqa mənada dedim elastikləşməyi. Belə deyim də, kəskin bucaqlar işləyəndə bişməmiş taxta çatlayır, aralanır. Amma bişmiş taxta kəskin bucaqlara oturur. Bir balaca detalın üzərində 15-20 prosedur həyata keçiririk. Taxta bütün bu prosedurlara dözməlidir.
-Hansı ağaclardan istifadə edirsiniz şəbəkə üçün?
-Tarixən şəbəkə üçün ən yaxşı material Şərq çinarı olub. Hazırda nadir ağac növü sayıldığından biz meşə fıstığı ilə işləyirik. Bu iki ağac eyni struktura malikdir deyə, meşə fıstığı da şəbəkəyə yarayır. İstənilən ölçüdə, istənilən formada olan şüşəli şəbəkənin, təxminən, 60%-i taxta, 40%-i şüşədir.
-Şüşələri haradan alırsınız?
-Xan sarayının şüşələri Murano şüşələridir. Şəki ipəyi aparılıb İtaliyaya, xanın sifarişi ilə də o şüşələr gətirilib. İndi Rusiyadan alırıq. Hazırda əlimizdə 4 rəng şüşə var: yaşıl, qırmızı, sarı, göy. Bir də, bu rənglərin açığı, tündü var ki, naxışa, şəbəkənin növünə və ya kimsə şəbəkə sifariş edəndə onun zövqünə görə seçilir.
Şəbəkənin növləri haqqında soruşmaq qərarındaydım ki, bir dəstə adam yaxınlaşır bizə. Öndə gələn xanım Şəki ləhcəsiylə salamlaşır, gülümsəyir. Sonra da arxaya çevrilib ingiliscə danışır, əliylə Tofiq müəllimi göstərir. Turistlərin yolunu heyrət dumanı kəsib; ikicə addımlıq yolu bəri gələ bilmirlər. Onlar üçün indi dünyada varsa-yoxsa elə o balaca şəbəkə evcikdir. Divarlarının aşağısı taxta şəbəkədir, yuxarısı “Gülabı” şəbəkə. Kiçik seyvanına düzülən şəbəkə hədiyyəliklər rəngbərəngdir. Və mən bilirəm ki, o rənglər, o naxışlar insana bir hiss yaşatmır: bütün hisslər əl boyda şəbəkəyə sığır. Ya da yox, “sığır” deməyim doğru olmaz, hisslər sərhədsizdir axı. Şəbəkədə əks olunur hisslər. Məsələn, qırmızı şüşənin yuxarı küncündən boylanır tünd-göy. Qırmızı ilə tünd-göy birləşəndə dan üzü olur. Zülmət aydınlığa təslim olarkən kainat tünd-göy donunu geyinir, amma bu donun yaxasının düymələri bağlanmır: günəşi-kainatın bağrındakı közü gizlətmir. Anbaan közün hökm etmək iddiası artır, böyüyür, tünd-göyü utandırıb maviləşdirir. Sonda hər ikisi mövcudluğun qətiyyətindəki güclə sezilən ironiyada ağ bayraq qaldırır-gün ağarır. Axşammı? Yox, bu gün “hər əvvəl bir sona borclu” fəlsəfəsini açmaq istəmirəm.
-Əlcəzair televiziyasından gəlmişdilər, bir az danışdım, bir hədiyyə də verdim, sevindilər.
Yalnız indi fərqinə varıram ki, həmsöhbətim masadan uzaqlaşıbmış. Deyəsən, dalğınlığımı o da hiss edir,-yaradıcılıq adamları dalğınlığı nemət sayır-ikimiz də gülümsəyirik. Söhbətimiz qaldığı yerdən davam edir.
-Şəbəkənin hansı növləri var?
-Şəbəkənin növləri onun hazırlanma prosesinə görə fərqlənir. Məsələn: oyma və yığma şəbəkələr var. Daş şəbəkə ən qədim şəbəkə növüdür. Daşı oyur, iç-içə keçirə-keçirə yığırlar. Zərgərlikdəki şəbəkədə də oyma işlənir, eyni zamanda, orada bərkitmə, yapışdırma da var. Bizim işlədiyimiz yığma şəbəkədə isə yalnız taxta və şüşədir. Hərdən detalları bir-birinə nəylə yapışdırdığımızı soruşurlar. Gözlərinin qabağında söküb-yığıram ki, yapışqan istifadə etmədiyimizi görsünlər. Yığma şəbəkə isə formalarına, başqa sözlə, naxışlarına görə növlərə ayrılır: “Əjdəri”-ən çətin formadır, “Cəfəri”-cəfəri bitkisinin yarpaqları kimi şaxələnir, “Xəttatkarlıq”-taxtadan yığılır, bax, o şəbəkə evciyin alt divarları yalnız taxtadır. Sonra var, “Şəmsi”-günəş yığılır, “Gülabi”-armudu stəkana oxşayır naxışlar. Naxışların da 2 növü var: “Həndəsi naxışlar”, “Qeyri-həndəsi naxışlar”. İkinci növə “Nəbati naxışlar” da deyilir. Bundan əlavə, özümüzün yığdığımız yeni şəbəkə forması da var: “Nar şəbəkə”.
-“Biz” deyirsiniz, şagirdlərinizi nəzərdə tutursunuz?
Tofiq müəllim gülür. Onun bu gülüşündə məğrurluq var. Bir ustadın öz şəyirdinin uğurunun, el dilində desək, ad almasının şahidi olması məğrurluqdur, əlbət!
-Hazırda mənimlə birgə oğlanlarım İlqar və Vüqar Rəsulzadələr işləyir. Hər ikisi Rəssamlar İttifaqının üzvləridir. Sənət nəsildən-nəsilə ötürülür, yaşadılır. Bu, sevincdir, fəxarətdir! Ümumiyyətlə, əzəl gündən şəbəkə sənətini gənc nəslə öyrətmək niyyətində olmuşam. Şəyirdlərim çox olub indiyədək.
Həmsöhbətim susur, dağlara baxıb “ah” çəkir. Onun baxışlarında təəssüf görürəm. Niyəsini soruşmuram. Özü deyəcək, bilirəm. Sadəcə, düşüncələrini təəssüfün əsarətindən xilas etməsi üçün ona saniyələr, bəlkə, dəqiqələr lazımdır.
-Bir də görürsən, kimsə uşağının əlindən tutub gəlib. “Usta, uşaq məktəbdə yaxşı oxumur, əlinə sənət ver”. Heç kimi naümid qaytarmıram. Amma uşağın üzünə baxan kimi, bilinir ki, əbəkəni qavrayacaq, yoxsa gününü keçirəcək. Mən də, kiminsə uşağının burda ömrü yelə verməsini istəmirəm. Bir az məşğul oluram uşaqla, görürəm yox, bunun qavraması, riyazi biliyi yoxdur, əli də yatmır işin incəliyinə, məcbur geri göndərirəm ki, barı, ayrı sənət öyrənsin. Düzdür, ulularımız deyib ki, “sənətkar günortayadək ac qalar”, lakin sənətkar da ortaya sənət qoymalıdır axı. İndi Şəkidə belə, bəzi yerlərdə özünə “şəbəkə ustası” deyən var. Heç nə demirəm, gedin, onların işinə də baxın, bizim işimizə də. Taxta sıyrıqlarından, uyğun olmayan taxtalardan ucuzvari, ölçüsü böyük olan şəbəkələr hazırlayırlar. Onlarla mənim əl işimi özünüz müqayisə edin, özünüz əsl sənətin nə olduğu qənaətinə gəlin. Ürəyimdən elə keçir ki, şəbəkəni öyrənməyə həvəsi olan gənclərimiz olsun, səbirləri çatsın işləməyə, zehinləri qavrasın həndəsəni. İşin əziyyətini çəkirsən, bəzən aylarla işləyirsən, sonra nəticəsini görəndə yaşadığın xoşbəxtliyi heç nə əvəz etmir. 42-ci Dünya Şahmat Olimpiadası Bakıda keçirilirdi ha, (1-14 sentyabr, 2016) orada şəbəkədən hazırladığımız şahmat fiqurları nümayiş olunurdu. Hazırda İngiltərədə, İtaliyada, Fransada, Ukraynada, Vatikanda əl işlərimiz var. Azərbaycanın bu qədim sənətinin dünyaya çıxması, dünyada tanınması adama elə xoşbəxtlik yaşadır ki, ölçüyə gəlmir!
Qeyd dəftərçəmə, telefonuma baxıram. 1 m2-də 300-dən başlayaraq 14000-ədək detal olan şəbəkə ustasının əməyi, yaradıcılığı qarşısında yazmaq nədir? Hə, “yazmaq eşqdir!” deyə bir şüarım var. Bəs şəbəkə? O da bir növ “yazı” deyilmi? Hissləri anladan... Ya da əfsanələri... “Nar şəbəkə”də “Qanlı daş” əfsanəsi yazılmayıbmı? Əbədiyyən bağrından qan sızmağa məhkum edilmiş o daşın qənimi bir ox atan oğlan idisə, həmdəmi onun dərdini danışan yaradıcı insan olsa, kainatın tarazlığı yerinə qayıtmazmı?
“Ədəbiyyat və incəsənət”
(22.08.2024)