Super User
PUTİNİN SƏFƏRİ - Fərqli baxış
Əkbər Qoşalı - “Ədəbiyyat və incəsənət” üçün
Rusiya Federasiyası prezidentlərinin (Yeltsinin, Putinin özünün və Medvedevin) Azərbaycan Respublikasına bütün öncəki səfərləri bizim ərazi bütövlüyümüzün pozulduğu, suverenliyimizi respublika boyu təmin edə bilmədiyimiz dönəmlərdə olub. - Prezident Vladimir Putinin avqustun 19-da Azərbaycana rəsmi səfəri bax bu anlamda fərqli bir səfərdir. Nə qəribədir, indi Rusiya Federasiyasının özünün ərazi bütövlüyü pozulub və Putin belə bir durumda ilk xarici səfərini Azərbaycana gerçəkləşdirmiş oldu...
Belə yüksək səviyyəli görüşlərdə biz həmişə ərazi bütövlüyündən danışmaq zorunda qalırdıq. Gün doğmadan nələr doğdu - Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, Dövlət-Xalq birliyi, şəhidlərimizin, qazilərimizin, bütövlükdə Silahlı Qüvvələrimizin qəhrəmanlığı xarüqələr yaratdı: yeni gerçəkliklər meydana çıxdı, mötəbər gündəliklər tamamən dəyişdi! - Azərbaycan Prezidentinin Rusiya Federasiyası Prezidenti ilə Birgə Mətbuat konfransında vurğuladığı kimi: “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib.
Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır”.
Prezident Putinin səfəri ilə bağlı ölkəiçi, ölkədışı çox fərqli yorumlar tirajlandı - bu da başa düşüləndir: söhbət Rusiya-Ukrayna müharibəsi, Kursk hadisələri və digər beynəlxalq hadisələr fonunda baş verən səfərdən gedir. Lakin sanıram bir çox iddia və yorumlara görə bəzi aydınlıqları bölüşməkdə yarar vardır:
1) Azərbaycan Rusiya ilə Ukrayna arasında müharibənin ədalətli şəkildə bitməsində maraqlı olan səmimi ölkədir; Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - bunu fərqli səviyyələrdə, fərqli platformalarda və dəfələrlə açıqlayıb;
2) Azərbaycan Ukraynaya irimiqyaslı humanitar yardımlar göndərən azsaylı səmimi ölkələrdəndir və bəlkə, Rusiya-Ukrayna yüksək səviyyəli görüşləri də məhz Bakıda keçirilə bilər. Bəlkə sabah-birisigün bu planda bir “Bakı Qrupu” yaradılar - nə bilmək olar?..
Yəni hər kəs fərqində olmalı, dəyərini, qədrini bilməlidir ki, burada, qarşıduran tərəflərlə uzunmüddətli iqtisadi, ictimai-siyasi və b. bağlara malik olan, dialoq içində ola bilən səmimi dövlət var. (Açığı, Azərbaycan və qardaş Türkiyə öndə olmaqla, belə dövlətlərin sayı, toplam, bir əlin beş barmağı qədər görünür)…
3) Kursk Azərbaycanın ərazisi deyil, Kurska görə qayğılanmalı tərəf də biz deyilik, təbii.
Kreml Kurska görə necə qayğılanıb-qayğılanmır, hansı proqramları ertələyir-ertələmir - bu, bizim mövzu deyil;
4) Dövlətlərarası münasibətlər üçün müstəsna önəmə malik olan daşımaçılıq (nəqliyyat) dəhlizləri günümüzdə çox vacibdir. Hələ-hələ Dehli-Tehran-İrəvan xəttində “Orta dəhliz”ə alternativ arayışı kimi bir əsintinin olduğu dönəmdə bu mövzuda Bakıda yüksək səviyyəli ismarıcların verilməsini gözardı etmək olmaz. Quzey-Güney, Gündoğar-Günbatar daşımaları illa Azərbaycandan keçməlidir və keçəcəkdir. Qucaqdəyişdirən Ermənistan öz yanlış siyasəti, boyunu, büdcəsini aşan iddiaları ilə ya bir daha dalan olacaq ya da Zəngəzura yaşıl işıq yandıracaq.
Bəli, Azərbaycanın torpaqlarında uyğun daşıma dəhlizləri üzrə həm dəmir yolu, həm avtomobil yolu bölmələri tam şəkildə gerçəkləşərək, uğurla çalışır. Örnəyi, söhbət, Quzey-Güney yönündə ildə 15 – 30 milyon ton (!) yükün daşınmasından gedir. Təsəvvür edin: əgər bizim infrastrukturu cırtdan Ermənistan ərazisinə şərti proyeksiyalayası olsaq, həmin sözügedən dəmir yolu çağdaşlaşdırılması üçün tələb olunan (təxminən) 120 milyon dollar (!) dəyərində vəsaiti Ermənistan hansı resurslar hesabına qarşılaya bilərdi? 120 milyon dollar bizim relyef üçün yetərlidirsə, Ermənistan üçün bu, bəlkə 50% daha artıq (180 milyon dollar) vəsaitlə zar-zor mümkün olardı. Amma əlbəttə, olmayacaq - Ermənistanda o qədər vəsait hardandır? Yaxud dalana kim və nə üçün yatırım etsin ki? Hələ-hələ Qafqazda Azərbaycan kimi güvənli - sözü imzası qədər keçərli, imkanlı bir dövlət varsa!..
Yəni məsələlərə bir də bu yöndən baxmaq lazımdır.
5) Rusiya qazının alınması, satılması məsələsinə gələk. Əgər satan varsa, illa alanlar bulunacaqdır - elə deyilmi? Qaz almaqçün öz hikkələrini boğmağa vadar ölkələr yoxdurmu guya? Guya rus qazı Ukrayna torpaqları üzərindən (daha doğrsu, altından) Avropaya ötürülmürmü? Bir belə alış-veriş mənzərəsi varsa, onda elə (el sözüylə desək), “qoy, mən olum alma dərən”…
6) Ekoloji qayğılar, iqlim dəyişiklikləri, təbii hadisələr sınır tanımır. Və biz dünyanın ən böyük əraziyə malik dövləti ilə sınır, o cümlədən (suyu azalan) Xəzər qonşusuyuq. “Ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”. - Üstəlik, Azərbaycan COP29-un evyiyəsidir. Bu il respublikamızda “Yaşıl Dünya naminə Həmrəylik İli”dir. Ona görə də, “Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsi də nəzərdə tutulur”.
7) Azərbaycan fermerlərinin öz məhsullarını satmaqçün gələnəksəl iri bazarları Rusiya Federasiyası şəhərlərindədir. Əgər, ikitərəfli münasibətlər bu planda yeni perspektivlər açırsa, bundan uzaq durmalıyıq, yoxsa, imkanlardan maksimum yararlanmalıyıq?
Aristotel məntiqi olsun, Lütfizadə məntiqi olsun - hansı məntiq öz xeyrindən uzaq dur deyir? Ağlın yolu birdir və avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlər də bunu sübut edir:
- “Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”;
- “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” və s.
8.) Rusiya sanksiyalar altındadır, Rusiya beynəlxalq birliyin təzyiqi ilə üz-üzədir və s. - Biz bunları danmırıq amma bunların qayğısını bizmi çəkməliyik, buna sair faturalar bizəmu çıxmalıdır, bəyəm? Yaxşı, həmin Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, ən çox nüvə başlığına, ayrıca, ən böyük əraziyə malik olmaqda davam etmirmi? Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının, dünya əhalisinin az qala yarısını təşkil edən BRHÇS-in (BRICS; Brasil, Russia, India, China, South Africa) qurucu-üzvü deyilmi?
Fransanın BMT Təhkükəsizlik Şurasının beş daimi üzvündən biri və nüvə dövləti olduğunu tez-tez qabardan opponentlər, Rusiyanın eyni statuslu olduğunu da görməzdən gəlməməlidir.
Bəli, biz Rusiya-Azərbaycan tarixinə bələdik, yaddaşımız da korşalmayıb, ən yaxın tarixdə Ermənistanın Rusiyanın forpostu olaraq necə şitəndiyini də yaxşı xatırlayırıq; ancaq o mövzular ki onu biz çözmürük, çözə bilmərik - bax, onlara görə ittiham olunmağımız ədalətli deyil. Siyasətin fəlsəfəsi üzrə irəliləmək - mümkün olanı əldə etmək ən uslu yoldur.
Biz öz dövlətimizin, öz xalqımızın çıxarlarından çıxış etməkdə haqlıyıq. Dövlətlərarası münasibətlər bəyəm yalnız sevgi ilə qurulurmu? Dövlət emosiyalarlamı idarə olunur? - Bu ritorik sualların cavabları aydındır, sanıram.
Azərbaycan Prezidentinin düşünülmüş, uzaqgörən siyasəti öz uhulət-suhuləti ilə seçilir. Biz belə uhulət-suhulətli siyasətin parlaq sonuclarını görmüşük.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
Səma Muğannanın sevdiyi şeir Bəxtiyar Vahabzadədəndir
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı unudulmaz, qəlblərdə, yaddaşlarda öz silinməz izini salan Xalq yazıçısı İsa Muğannanın nəvəsi- davamçısı yaşının az olmasına baxmayaraq imzası ilə oxucularının qəlbində yer alan Səma Muğannadır.
-Xoş gördük, əziz Səma xanım. Nəsrə olan sevginiz göz qabağındadır.
"Qeyb olan uşaqlıq" adlı kitabınız da oxucularınız tərəfindən çox bəyənildi, uğurlarınız bol olsun.
Poeziya qəlbin sözlərə söykənərək danışmasıdır. Bəs Səma xanıma elə bu an üçün desək ki: " Sevdiyin şeiri gəl mənə söylə”, Səma xanım bizə hansı şeiri söyləyər?
-Xoş gördük, Ülviyyə xanım. Həqiqətən, gözəl rubrikadır, çox şad oldum. Poeziya Ədəbiyyatın bir qoludur, amma Səmanın dünyasında isə işıqdır. "Qeyb olan uşaqlıq" romanımda da keçidlərdən istifadə edərək qələmə almışam, düşünürəm ki, yazılan şeirlərin də keçidi elə misralardır. Şeirin misraları şifrə kimidir, açılması isə çox çətin. Ruhumun səsini dinləyərək ilk söyləyəcəyim şeir Bəxtiyar Vahabzadənin "Yaman darıxmışam" şeiri olar. "Darıxmışam" sözünün mənasını insanlar yalnızca hüznlü, kədərli, yarım qalmış bir gənc oğlanın, yaxud qızın sevgisi adlandıra bilərlər, amma darıxmaq özü də bir gözəllikdir. Bu şeiri seçməyimdə səbəbkar dəyərli biologiya müəlliməm, sirdaşım, müəllimdən ötə rəfiqəm Elnarə Nərimanovadır. 9-cu sinifi bitirməyimə az qalmışdı, müəllimim məndən bu şeiri səsləndirməmi istədi. O vaxtdan qiraətlə də məşğul oluram, amma o sadəcə hobbimdir, bəlkə də, gələcəkdə qələmim kimi onu da inkişaf etdirərəm. Şeir söyləmək mənim üçün ikinci Səma ilə danışmaqdır. O şeiri ona səsləndirib göndərdiyim an etibarilə qərar verdim ki, qabiliyyət imtahanım üçün də bu şeiri seçəcəyəm. 11-ci sinifdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə qabiliyyətə hazırlaşdığım zaman da "Yaman darıxmışam" şeirini seçdim və müəllimim, ustadım Rəşad Səfərov imtahana məni hazırladı. Mənə qabiliyyət imtahanımda da uğur gətirən məhz o şeirin olduğunu düşünürəm və bunun üçün Elnarə xanıma təşəkkür edirəm. Onun ruhu, qəlbi də sənətdir, sevginin bütövləşmiş halıdır. "Ruhu şeir qadın" adlandırıram, çünki şeir bir işıqdır və onun gözlərinə baxanda bu işığı görmək mümkündür. Bəxtiyar Vahabzadəni Mikayıl Müşfiq kimi sevgi şairi adlandırırlar, amma düşünürəm ki, "pıçıldayan ulduzlar" adlansa, daha gözəl olar, çünki onun şeirləri mənim üçün işıqdır, ulduzdur. Eynilə bu şeir də.
Yaman darıxmışam…
(Bəxtiyar Vahabzadə)
Yaman darıxmışam səninçün, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış, demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim… gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı…
Yaman darıxmışam… Bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam… Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana en uzun ölçü sanardım…
Yuxuma gəlmişdin… Qısıldıq küncə
Danışdıq… Yel əsdi… Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm, səni görüncə
Sənin işıgında yox oldu kölgəm…
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
Fazil Mustafa seçicilərlə altıncı kütləvi görüşünü keçirib
26 saylı Sabunçu Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizəd,
Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa seçicilərlə növbəti görüşünü keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sabunçu Gənclər Evində keçirilən
görüşdə müxtəlif yaş və sosial qrupdan olan seçicilər, namizədin seçki qərargahının üzvləri iştirak edib.
Fazil Mustafa seçki platformasını ətraflı şərh edib, eləcə də, seçicilərin qaldırdığı müxtəlif məsələlərlə bağlı keçən dönəmdə Millət vəkili olaraq gördüyü işlərdən söz açıb.
O, uşaqlarçün dövlət müavinəti, təhsilin inkişafı və seçiciləri maraqlandıran digər məsələlərlə bağlı sualları cavablandırıb.
Seçicilərin toxunduğu məsələlərə dair öz düşüncələrini bölüşən Fazil Mustafa, dövlətin müvafiq qurumlarının xətti ilə görülən və planlaşdırılan böyük layihələrdən, dövlət proqramlarından bəhs edib, eləcə də, VIl çağırış Milli Məclisin üzvü seçiləcəyi halda, seçiciləri qayğılandıran digər məsələləri də parlamentdə, dövlət orqanları qarşısında qaldıracağını bildirib.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
STATUS YAĞIŞI - Siz bir kitabxanaçıya baxın!
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Naxçıvanda yaşayan gənc şair Gülay Tahirli üçün açır.
Buyurun.
Kitab mağazasındayam, Əli Kərimin kitabı olub-olmadığını soruşuram.
Satıcı şoka düşür, gözləri bərəlir: “Nə? Əli Kərimli kitab da yazır? Siz onun kitabını neyləyirsiniz?”
Deyirəm ki, Əli Kərim… Şair… 1931-1969-cu illərdə yaşayıb…
Dəhşətdir, məşhur şairi tanımır.
Bütün günü kitabların əhatəsində olan adam belədirsə, digərlərini təsəvvür etmək elə də çətin deyil…
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
ƏN YENİ POEZİYA: “Ürəyim”, Rəfail İncəyurd
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün gənc Rəfail İncəyurd bu çətin zamanlara sinə gərən ürəyindən söz açacaq.
Şeir bu gün yazılıb.
Ürəyim
Bapbalaca uşaq kimi sinəmdə
Gah ağladı, gah kiridi ürəyim.
Əməlləri qıl körpüdə gözləyən
Ömrün hinkir-minkiridi ürəyim.
Qayğıları gərək başnan bölə ki,
Çırpınmaya gecə-gündüz höləki.
Varlığımı yolda qoymur hələ ki,
Qatar ömrün təkəridi ürəyim.
Sədaqətlə mehrlənib sanıma,
Təpər oldu qalası hər anıma.
Zulum çəkdi can verdikcə canıma,
Nəfəsimin nökəridi ürəyim.
O, cəfakeş, o, ağıllı, o, dəli,
Boynundadı həyatın son bədəli.
Qonaq gələn arzuların oteli,
Qayğıların yurd yeridi ürəyim.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
“Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi təşkil olunur
Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan olunur.
Mərkəzdən AzərTAC-a bildirilib ki, yeniyetmə və gənclər arasında reallaşan müsabiqənin məqsədi şəxslərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.
Gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.
İştirakçılar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.
Müraciət üçün son tarix cari il oktyabrın15-dir.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
Bakıda Bəhreyn rəssamlarının geniş sərgisi açılacaq
RAK İncəsənət Fondu Bəhreyn Krallığının İncəsənətini Bakıda nümayiş etdirmək məqsədilə “QGallery” ilə əməkdaşlığa başlayıb.
Bəhreyn Krallığında fəaliyyət göstərən RAK İncəsənət Fondu müxtəlif nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərindən ibarət ən seçmə nümunələri Azərbaycan seyrçisinə təqdim edəcək. Bu məqsədlə o, paytaxtın məşhur rəsm qalereyası olan “QGallery” ilə əməkdaşlıq çərçivəsində Bakıda sərgi açacaq.
“QGallery”dən AzərTAC-a bildirilib ki, RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xəlifə tərəfindən illər ərzində müxtəlif sənət sərgilərindən əldə edilmiş və RAK İncəsənət Fondunun kolleksiyasının qızıl fondundan olan Bəhreyn rəssamlarının əsərləri avqustun 30-da sözügedən ünvanda nümayiş etdiriləcək.
Belə bir əməkdaşlığın məqsədi bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdən ibarətdir. Bu isə incəsənət həvəskarları və kolleksiyaçılara Bəhreyn müasir incəsənətinin gözəlliyinə və əsərlərdəki fəlsəfi yanaşmalar aləminə baş vurmaq və o məqamlarda yaşamaq üçün unikal bir imkan deməkdir.
RAK İncəsənət Fondunun təsisçisi, rəssam Rəşid Əl Xəlifə diqqəti bu əməkdaşlığın faydası və perspektivliliyinə cəlb edərək deyib: "Bəhreynli rəssamların tükənməz istedadını “QGallery” və Azərbaycandakı sənətsevərlərlə bölüşmək fürsətinə malik olduğumdan xeyli məmnunam. Belə bir səmərəli əməkdaşlıq şübhəsiz ki, Azərbaycan və Bəhreyn arasında ümumbəşəri sənət dili vasitəsilə qarşılıqlı anlaşma və dəyərləndirməyə vasitə olmaqla, uğurlu mədəni mübadilələr silsiləsinin başlanğıcıdır.
RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlıq və anlaşmanı təşviq edir. Bu fond mədəniyyətlərarası əməkdaşlıq və mübadilələri asanlaşdırmaq məqsədilə Bəhreyn sənətini qlobal miqyasda təbliğ etməyə sadiqdir. O, incəsənət vasitəsilə innovasiya, davamlılıq və müsbət dəyişikliyi müdafiə edərək tənqidi müzakirələrə və sosial dialoqa töhfə vermək qətiyyətindədir”.
“QGallery”nin təsisçisi Emin Məmmədov isə bu əməkdaşlığı belə qiymətləndirib: “Rəssam Rəşid Əl Xəlifə və RAK İncəsənət Fondu ilə əməkdaşlığımız incəsənətin beynəlxalq dostluq və mədəni anlaşmanın daha geniş təşəkkül tapmasına bariz bir sübutdur. Biz, Bəhreyn müasir incəsənəti və hörmətli rəssam Rəşid Əl Xəlifə ilə mənalı görüşlərdən sonra bu nəcib amalın təşviqinin qaçılmaz olduğu qənaətinə gəldik və Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılacağından məmnuniyyət hissi keçiririk. İnanıram ki, bu ölkələrimiz arasında gələcək mübadilə və tərəfdaşlıq imkanlarının daha geniş vüsət alacağı ilə nəticələnəcəkdir”.
Qeyri-kommersiya təşkilatı olan RAK İncəsənət Fondu rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər və əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.
Xatırladaq ki, 1999-cu ildə Azərbaycanın görkəmli rəssamı və professoru Səlhab Məmmədov tərəfindən yaradılmış “QGallery” eksklüziv olaraq əsrarəngiz və müasir Azərbaycan incəsənət şedevrlərini nümayiş etdirir. Qalereya sərgilər, kolleksiyalar və kommersiya fəaliyyətləri üçün dinamik bir mərkəz olmaqla yanaşı, zəngin Azərbaycan incəsənət mənzərəsini təbliğ etmək və paylaşmaq üçün beynəlxalq incəsənət yarmarkalarında və müsabiqələrdə fəal iştirak edir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
İsi Məlikzadə yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler”, “Haber 232” portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin türk dilinə uyğunlaşdırılmış “Talisman” hekayəsinin yayımına başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, hekayəni türk dilinə uyğunlaşdıran Mərkəzin türk dili mütəxəssisi Sənan Nağıdır.
Geniş oxucu auditoriyasının izlədiyi portallar mütəmadi olaraq səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Mixail Lermontov, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək
Sentyabr ayında Qazaxıstanın paytaxtı Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi təşkil olunacaq.
AzərTAC xəbər verir ki, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqə istedadlı gənc vokalçıların parlaması və dəstəklənməsi üçün mühüm meydan olacaq.
Nazirliyin yaydığı məlumata görə, estrada janrında oxuyan respublika, beynəlxalq və televiziya müsabiqələrinin 18-35 yaşlı iştirakçıları, həmçinin mədəniyyət və incəsənət profilli ali məktəblərin tələbələri müsabiqəyə qatıla bilərlər. İştirakçılar ərizələrini sentyabrın 1-dək təqdim etməlidirlər.
Müraciət üçün əsas şərt Roza Baqlanovanın repertuarından bir mahnının ifa edilməsidir ki, bu da hər bir iştirakçının böyük qazax müğənnisinin irsi ilə tanışlığına və öz məharətini beynəlxalq səhnədə nümayiş etdirməsinə imkan verir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)
GÜLÜŞ KLUBUnda kərpiclər
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Televiziyanın rəhbəri kadrlar şöbəsinin müdirini yanına çağırıb deyir:
-Bu nədir? Proqram pis gündədir. Ya ardıcıl 5 saat kino gedir, ya ardıcıl 4 saat konsert. Get təcili qəzetlərdə elan ver ki, bizə təcrübəli proqramistlər lazımdır.
2.
Tikintidə işlədiyi vaxt Dərdayıl metroya minir və görür ki, divara yazılıb vurulub ki, qatar relslərinə müxtəlif əşyalar atmaq qadağandır.
O, soyuqqanlılıqla apardığı 8 ədəd eyni cür kərpici relslərin üstünə atıb oturub maraqla gözləməyə başlayır.
3.
Bəzən hər hansı çətin vəziyyətdən çıxmağın ən asan yolu özünü o vəziyyətə girməmiş kimi göstərməkdir.
4.
İşıqlı gələcək cümə günləri gəlir. Amma bazar ertəsi ayılanda yenə özünü qaranlıq keçmişdə görürsən.
5.
Oğlan Tarqovıda yenicə tanış olduğu qızdan soruşur:
-Sən heç ekstazda olmusan?
Qız deyir:
-Yox, mən heç vaxt Kürdəmirdən, Yevlaxdan o yana getməmişəm.
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)