Super User
Dünyanın ən məşhur küşə rəssamları: Nevercrew
Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarları qeyri-leqal çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşı işlərini təqdim etməkdədir.
Nevercrew
Bu, İsveçrədən olan iki rəssamın layihəsidir. Kristian Rebeççi və Pablo Toqni çəkdikləri kompozisiya ilə tamaşaçıları təkcə məftun etmirlər, həm də onların düşünmələrinə səbəb olurlar. Onların mövzusu isə ekologiyadır.
Bu şəxslər eyni məktəbdə oxuyublar, birlikdə rəssamlıq akademiyası da bitiriblər. Rəssamlığın hər sahəsinə baş vurublar, amma onları ən çox cəlb edən məhz qrafitlər olub. Nəhəng rəsmlərdə həm rəng çalarları bənzərsizdir, həm də vurulan kölgələr rəsmlərin canlı olması təəssüratı yaradır. Ən əsası, insan bu ölçücə çox böyük olan rəsmlərin qarçısında duranda öz cılızlığını hiss etmiş olur.
Şəkillərdə: Nevercrew-in rəsmləri
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)
“Salam, payız adam” – BİR ŞEİR
“Ədəbiyyat və incəsənət” portalında BİR ŞEİR olaraq Ceyhunə Mehmanın “Salam, payız adam” şeiri təqdim edilir.
Ceyhunə MEHMAN
SALAM, PAYIZ ADAM...
Salam, payız adam! Salam, qış adam!
Qar adam, buz adam və yağış adam!
Səni bu dünyadan almağa gəldim,
Nəyin var, dur topla, tez yığış, adam!
Gördüm ki, gözlərin yoldan asılıb,
Gördüm ki, səsin də bir az qısalıb;
Haylasan, səsinə hay verən olmaz,
Səni dinləməyir dost-tanış, adam.
Demə hardan bildin halımı, demə,
Könlündən süzülən yaşlar söylədi.
Dualar səpmisən üzü göylərə,
Dünən dən atdığın quşlar söylədi.
Hardandı bu qədər inanış, adam?
Gedək, yer üzündən üzülsün əlim,
Gedək, bu dünyanın sonuna gedək.
Bir ulduz gecəyə batıb qarışsın,
Gəl gedək, Allahın yanına gedək.
Gedək, şeir adam, gedək, söz adam!
Qar adam, buz adam və yağış adam!
Səni bu dünyadan almağa gəldim,
Nəyin var, dur topla, tez yığış, adam!
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
- Xəbərin olsun ki, orada heç bir əl izi qalmayıb. Zirzəmidəki döşək də, zəncir də yoxdur. Silahlarda isə, yalnız Ağamirzə ilə Cahandarın əl izləri var. Cib telefonlarından da artıq məlumatları silmişəm.
- Hmmm, aydındır.
Layiqənin son dediklərimə reaksiyasını anlayırdım. Ancaq bunun açıqlamasını vermək fikrim yox idi. Bağdakı izləri silməyim üçün öz motivlərim vardı. Orada hər hansı qanundankənar hərəkətim olmamışdı. Rəsmi fəaliyyət göstərirdim və mənə müraciət etmiş müştərimin övladını oğurlamış silahlı cinayətkarı zərərsizləşdirmişdim. Əlbəttə, Layiqə bunu yox, Sənubərin açdığı atəşi nəzərdə tuturdu. Mövzunu bu yerdə çox uzatmamaq üçün uzümü ona tutub dedim:
- Bilirsən ki, biz çox düşünlümş şəkildə hazırlanmış cinayətlərlə rastlaşmış, onları aça bilmişik. Burada isə məsələ başqa idi. Ağamirzə kimi birinin qurduğu plan ideal ola bilməzdi. Əvvəla o hətta on beş il həbsdə yatsa belə, yenə də bizim əvvəllər rastlaşdığımız tükü - tükdən seçməyi bacaran, cinayəti hazırlayarkən ən incə məqamları belə hesablaya bilən cinayətkarlardan deyildi. Həbsdən əvvəl normal həyat sürən, sevib-sevilən, ailə qurmağa hazırlaşan birisi olub. Onun həyatını qumara olan hədsiz aludəçiliyi məhv etdi. Qumar cinayət yox, cinayətə yol açan xəstəlikdir, ona aludə olan çox adamların həyatını məhv edib. İndi gələk onun qurduğu plana. Məncə Ağamirzənin əvvəldən uşağı qaçırmaq fikri olmayıb, ya da ki, bunu bayaq dediyim kimi sadəcə nəzərdən keçirib. Bu fikir onda lazım olan məbləği ala bilməyəcəyini başa düşəndə möhkəmlənib. Hətta belə işlərdə səriştəli biri olsa idi belə, mükəmməl plan qurmaq üçün onun vaxtı yox idi. Ona qoyulan vaxt bitirdi, qumar borcunun sahibləri pullarını tələb edirdilər. Sənubərlə görüşəndə üç günə borcunu çatdırmalı olduğunu demişdi ona. Ona görə də qurduğu bəsit planı yalnız onun zəmanətinə əsaslanırdı. Yəni Sənubərin həyat yoldaşına heç nə deməyəcəyinə, əksinə, tezliklə pulu verib uşağı xilas etməyə onu təhrik edəcəyinə tam arxayın olub Cahandara hər şeyin qaydasında olacağına dair zəmanət verib. Sənubəri də uşağı sağ - salamat qaytaracağına əmin edib. Bu özü də bir növ Sənubərə verilmiş zəmanətdi. Yəqin ki, Fərman məni bu işə qoşmasaydı elə belə də olacaqdı. Polisə məlumat verməyəcək, pulu deyilən yerə aparıb qoyacaqdılar. Sonra bir daha uşaqlarını sağ görməyəcəkdilər. Ağamirzə Sənubərin evinə gələndə ona lazım olan iyirmi beş mini ala biləcəyini düşünürmüş. Hər halda o, Fərman Gəraybəyli kimi birinin arvadıdır və bu məbləğ onda ola bilərdi. Artıq bildiyimiz kimi, düşündüyü alınmayanda o, uşağı qaçırmaq fikrinə gəlib. O zaman nə gəldiyi binanın kamera görüntülərinə düşməsinin, nə gəldiyi evdə izlər qoymasının fərqinə varmadan belə bir plan qurub həyata keçirib. Heç bir təcrübəli, bu işlərdə bişmiş cinayətkar buna getməzdi. Belə işə baş vuranlar əvvəlcə onun yaxşı və pis tərəflərini tərəziyə qoyurlar. Bəzən aylarla hazırlıq görür, müşahidələr aparırlar. Bu adam o qədər hər şeyə arxayın olub ki, ancaq məsələnin özü üçün yaxşı tərəflərini fikirləşib. Bu özü onun belə işlərdə diletantlığına işarədir. Bununla belə, tərəzinin gözünü azca da olsa onun tərəfinə əyən bir şey var. O, Sənubərin doğrudan da susacağına yüz faiz əmin olub. Gedişat da göstərdi ki, Sənubər susmaq məcburiyyətində idi. Yəqin ki, Ağamirzə bu işə Cahandarı qoşmasaydı, hər şey istədiyi kimi olacaqdı.
İndi gələk kartinqdən danışarkən Sənubərin tamam başqa bir adam olması barədə müşahidələrimə. Sən şahidi olmusan ki, mən insanları danışdırıb onların intonasiyalarına, mimikalarına, əl-qol hərəkətlərinə diqqət etməklə çox şey öyrənmiş oluram. İlk baxışdan bir adamın kartinqə böyük sevgisinin olmasında qeyri-adi heç nə yoxdur. Qoy, lap bu Bakıda ən az populyar idman növü olsun. Hobbi hamıda ola bilər. Ancaq axşam saatlarında övladının qaçırıldığı xəbərini almış bir ana həmin axşamın səhəri söhbət bu idman növündən düşəndə bir anlıq hər şeyi unudub gözləri parıldayırsa, bu artıq hobbidən daha böyük bir şeydir. Sənubərə kartinqi sevdirən başqa səbəblər var idi. Bunun hansı səbəblər olduğunu o vaxt müəyyən etmək mümkün deyildi. Amma sonradan etiraf etdi ki, bu idmanı ona Ağamirzə sevdirib. Hələ görüşərkən tez - tez onu da özü ilə yarış meydançasına aparıb sürməyi də öyrədibmiş. Hətta üzündəki çapığı da yarış maşınında qəzaya düşüb alıbmış. Amma sonralar öyrənib ki, Ağamirzəyə bu idmanı sevdirən də qumara olan həvəsi imiş - o, yarışlara pul qoyurmuş. Elə ya belə, hər halda bu müşahidəmin təsdiqlənməsi ilə bir şeyi öyrənə bildim - Sənubər illər keçsə də ilk sevgisini, övladının atasını və onunla bağlı xatirələrini ürəyində yaşadırmış. Ağanın liseyə keçməsi qərarını özü verməsini soruşub müsbət cavab alanda onun xarakterli bir oğlan olduğunu təxmin etmişdim. Adətən, onun yaşıdları belə şeylərdə sərbəst qərar verə bilmirlər. Bu da, idmanın bu növündəki bacarıqları da ona genlərlə atasından keçib. Artıq bir neçə yarışın qalibidir. Nə qədər yaramaz biri olsa da, ata Ağamirzə yaxşı idmançı olub. Üstəlik, vaxtilə onun heç də pis birisi olmadığını deyə bilərəm. Bir dəfə Sənubəri qorumaq üçün özündən bədəncə daha cantaraq olan iki nəfəri vurub yerə sərdiyini demişdi Sənubər. Deməli bu adam qorxaq olmayıb, sevdiklərini də qorumağı bacarıb. Onu sonradan həbsxana mühitinin təsiri altına düşməsi bu hala salıb. Qumardan asılılığı da ki, öz yerində. Amma bir şeyi də unutma, həbsxanaya hansısa səbəblərdən düşüb orada öz ləyaqətini qoruyub saxlayan kişilər də az deyil. Sadəcə, Ağamirzə bunu bacarmayıb. Bax belə. Görürsən ki, Layiqə, sonda düyünlər açıldıqca aşkar etdiyimiz ən incə məqamlar da məntiqi izahını tapır. Qoy, lap bu son sadaladıqlarım araşdırmamızda elə də rol oynamış olmasın. Bunlar və bunun kimi digər xırda detalları toplayarkən sonradan hansının lazımlı, hansının lazımsız olacağını hələ bilmirdim. Xırda detalları isə, bilirsən ki, mən heç vaxt kənara qoymuram. Ola bilərdi ki, onlardan hansısa biri ən əsas ipucuna çevrilsin.
Layiqə fikrə getdi. Yəqin ki, belədirsə, bəs Sənubərin sevdiyi insanı niyə güllə ilə vurduğunu soruşacaqdı. Əlbəttə, mən ona Sənubərin zorlanması barədə etirafı haqqında heç nə deməyəcəkdim. Bu, mənə inanıb baş verənləri olduğu kimi danışmış bir qadının etirafı idi və sirr kimi həmişəlik ikimizin arasında qalacaqdı. Heç əvvəllər adının Ruhanə olmasını da bilməsi vacib deyildi. Onu qabaqlayıb dedim:
- Bilirəm niyə fikrə getdin. Şübhən olmasın. Sənubər ilk sevgisini həqiqətən də illərlə gizlin yaşadıb. Ancaq son hadisələr ona böyük zərbə oldu. Bilirsən ki, mən pafoslu sözlərdən uzağam. Ancaq yəqin ki, məhəbbətlə nifrətin arası doğrudan da bir addımdır. Nə qədər sevgisini yaşatsa da, ötən illər ərzində Sənubərin yeganə yaşam səbəbi, tək sevinci övladı olub. Onu qaçırmasını, xüsusilə qəddar bir adamın əlinə verməsini Ağamirzəyə bağışlaya bilməzdi. Əlbəttə, bir qadın üçün qətl törətmək kimi bir addım atmaq asan deyildi. Ancaq mən bunu da özümçün təhlil etdim. Burada psixoloji aspektlər rol oynadı. Söhbətimiz zamanı mən Sənubəri övladının başı üzərindəki təhlükənin ciddiliyinə inandıra bildim. Bundan sonra ilk dəqiqələrdən soyuqqanlı görünməyə çalışan və bunu məharətlə bacaran qadın dönüb tamam başqa bir adam oldu. Son günlərin gərginliyindən sonra belə bir məlumatı almış ananın vəziyyətini başa düşürəm. Ancaq hər şey çox - çox əvvəl başlayıb. Onun bu gecəki addımına gətirib çıxaran psixoloji amillərin təməli ötən illərdə qoyulub. Sənubər söhbətində evdən qovulduqdan sonra bütün qohumlarına qarşı onda bir nifrət hissi yarandığını demişdi. Ancaq mən belə düşünmürəm. Bu ilk günlər on doqquz yaşında küçələrə atılmış bir qızın keçirdiyi hisslər ola bilərdi. Əminəm ki, o, hisslərini mənə tam açıqlamaq istəməyib. Əslində heç bir şübhəm yoxdur ki, bu illər ərzində Sənubər yaxınlarını, xüsusilə, ata-anasını bircə dəfə görmək, onlardan bir xoş söz eşitmək arzusu ilə yaşayıb. Hər gün evdə tək qaldıqca saatlarla ağlayıb. Adam doğmalarını bir neçə gün görməyəndə belə darıxır. İndi təsəvvür et, bu qadın ötən on beş ildə nələr çəkib, hansı cəhənnəm əzabını yaşayıb. Ardınca da bu baş verənlər. Sanki bu Ağamirzə dünyaya Sənubərin həyatını ardıcıl olaraq zəhərləmək üçün gəlib. Bu da dediklərimin məntiqi nəticəsi: İllərlə sevdiyi adama görə hər şeyə dözüb dərdini içində saxlayan bir qadına sonda elə sevdiyi adamın xəyanət etməsi, onu aldadıb uşağını qaçırması son hədd oldu. Kişi ya qadın, fərqi yoxdur. İnsanın səbri bir yerə qədərdir. Ona görə də, şübhən olmasın ki, bu illərlə yaşananların təsiri altında, affekt halında törədilmiş bir qətldir. Sən mənim əqidəmə bələdsən. Bilirsən ki, indiyə qədər nə bir cinayəti gizlətmişəm, nə də belə şeylərlə barışmışam. Hətta hər şey aşkar olarsa belə, Sənubərin Ağamirzəni affekt halında, yəni qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində öldürdüyü asanlıqla sübuta yetiriləcək. Buna görə isə qanunda üç hal nəzərdə tutulur: onlardan yalnız birində üç ilədək azadlıqdan məhrumetmə, digər iki halda isə iki ilədək müddətə islah işləri, yaxud üç ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq olunur. Sənubərin sosial vəziyyəti, əvvəllər cinayət törətməməsi, himayəsində azyaşlı övladının olması, ölənin şəxsiyyəti də nəzərə alınaraq ona bu cəzalardan ən yüngülü tətbiq olunacaqdı ən pis halda. Ancaq fikrimcə bir qadın, bir ana heç bu cəzaya da layiq deyil axı. Bu zavallı onsuz da həyatda çəkdiyini çəkib. Biz bu yolu tutmuşuq, cəmiyyətimizi bəzi ünsürlərdən «təmizləməklə» məşğuluq. Baş verənlərdə isə reallıq budur ki, Sənubər kimi birinin hansısa cəza alması cəmiyyətə nəsə bir fayda verməyəcək. Bizim siyahımızda Sənubər yox, Ağamirzə, Cahandar kimilər yer alıblar.
Layiqə uzun zaman susdu. Sonra sakit səslə dedi:
- Sizinlə tam razıyam. Allah heç bir qadına belə həyat qismət eləməsin.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
“Rəngli fillər” - Əfsanə Laçının hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nısr saatıdır, sizlərə Əfsanə Laçının “Rəngli fillər” hekayəsi təqdim ediləcək.
NƏSR
ƏfsanəLAÇIN
RƏNGLİ FİLLƏR
Salam, dostum, mənim adım Filidir. Balalarım Lili, Fifi və Lifi ilə birgə Afrika cəngəlliklərində yaşayıram. Burada hamı bizi tanıyır və sevir. Hətta başqa ölkələrdən, şəhərlərdən belə bizi görməyə gəlirlər. Yox, yox, dünyanın hər yerində qohumlarımız, dostlarımız yoxdur. Onlar, sadəcə, bizə tamaşa etməyə gəlirlər. Bilirəm, indi düşünürsən ki, nə çox Afrikada fil. Hələ Hindistanı demirəm. İş orasındadır ki, biz adi boz fillər deyilik. Göy qurşağı kimi rəngbərəngik. Elə bu səbəbdən də hamı bizi görmək həvəsi ilə buralara qədər gəlir. Fotoqraf Cece də onlardan biri idi. Onun çəkdiyi bir foto bizim bütün ailəmizin həyatını dəyişdi. Bilmək istəyirsən? Hər şey belə başladı...
***
Afrika cəngəllikləri
Çayın kənarında yuyunurduq. Bilirsən də biz necə yuyunuruq. Xortumumuzla suyu çaydan sovurub başımızdan fəvvarə kimi səpələyirik. Çox əyləncəli səslənir, eləmi? Bu elə bizim özümüzündə xoşuna gəlir.
Hə, nəisə. Qayıdaq əsas söhbətimizə. Yuyunurduq, birdən Fifi bir fotoqrafın bizim şəklimizi çəkdiyini gördü:
– Lili, o fotoqrafa bax. Şəklimizi çəkməyə çalışır. Gəl ona kömək edək, qəşəng kadrları çox olsun.
– Nə etmək lazımdır, Fifi?
– Ana, Lifi haradadır?
– Buradayam, – deyə Lifi kolların arasından çıxıb qaça-qaça onlara tərəf gəldi.
– Lifi, fotoqraf üçün əla poza vermək lazımdır.
Balaca fillərim xortumlarını bir-birinə sarıyıb gülümsədilər. Çak! Şəkil hazırdır!
– Lili, o nə üçün çıxıb gedir? Bəs şəklimizi bizə verməyəcək?!
Cece gözdən itdi. Lili ağlamağa başladı:
– Ana, mən də o şəkildən istəyirəm. Axı bu ədalətsizlikdir! Öz şəklimizi bizə vermədi! Mən də sevinmişdim ki, nəhayət, bizim də şəklimiz olacaq. Onu çarpayımın başından asacaqdım.
Mən günlərlə cəngəllikdə Ceceni axtarsam da, tapa bilmədim. Bu hadisə balalarımın qanını qaraltmışdı.
Günlər ötmüş, şəkil əhvalatı unudulmuşdu. Ta ki Tuto əlində həmin şəkil cəngəlliyə gələnə qədər...
Tuto kimdi? Tuto milliyyətçə rus idi. Moskvada yaşayırdı. Sirkdə işləyirdi.
***
Mənimbalaca şirinlərim palma ağaclarının altında topla oynayırdılar. Birdən Fifi gördü ki, bir gonbul kişi dayanıb onlara baxır. Əlində isə Cecenin çəkdiyi şəkillər. Həyəcanlandı və xortumu ilə fit verdi:
– Lifi, bir bax, görürsən, o gonbul kişinin əlində bizim şəklimiz var.
– Fifi, gəl xahiş edək, şəkli bizə versin.
– Mən utanıram, Liliyə de, istəsin.
Bu zaman Lili uşaqları xortumunda yellədərək əylənirdi. Fifi dedi:
– Lili, bax, o gonbul kişidə bizim şəklimiz var.
– Hansı kişidə ?
– Ora-bura boylanan keçəldə.
– Yaxşı, amma üçümüz də gedək.
Tuto ona sarı gələn fil balalarını görəndə sevincindən meymun kimi atılıb-düşməyə başladı.
– Salam, gonbul əmi. Mən Lili, bu, bacım Fifi, bu isə qardaşım Lifidir. Sizdə bizim şəklimiz var. Zəhmət olmasa onu bizə verə bilərsiniz? Otağımızdan divarından asacağıq. Bizim heç şəklimiz yoxdu. Bu isə bizim yeganə ailə şəklimizdir.
Tuto çox hiyləgər idi. Özünü itirmədən dedi:
– Məndə bu şəkildən bir neçə nüsxə yenə var. Hərənizə birini bağışlaya bilərəm.
Balaca fiillərim çox sevindilər.
– Ardımca gəlin. – Tuto hiyləgərliklə dedi.
Fillər Tutonun ardınca onun yük maşınına tərəf getdilər. Tuto onları yük yerinə mindirdi və bir böyük qırmızı qutunu göstərib dedi:
– Baxın, şəkillər o qutunun içindədir.
Fillər qutunun ağzını açmağa macal tapmamış Tuto qapını bağladı. Qutunun qapağı açılan kimi yuxarıdan bir qəfəs fillərin başına düşdü. Onlar nə baş verdiyini anlamırdılar. Fifi maşının hərəkət etdiyini hiss edən kimi ağlamağa başladı:
– Ana, ana. Anamı istəyirəm! Mənə şəkil lazım deyil!!!
Lili və Fifi də onunla baş-başa verib ağlamağa başladılar.
Bu zaman mən balalarımı tapmaq üçün bütün cəngəlliyi ələk-vələk edirdim. Təbii ki, bu heç bir nəticə vermədi. Məyusluqdan o qədər göz yaşı tökmüşdüm ki, ətrafımda böyük bir göl yaranmışdı. Bütün cəngəlliyin sakinləri başıma toplaşıb mənə təsəlli verirdilər:
– Narahat olma, göyə uçmayacaqlar ki, yəqin, haradasa oynayırlar. Bir azdan gəlib çıxarlar.
Amma aylar keçir, onlar qayıtmırdılar...
Bilirəm, indi düşünürsən ki, Tuto fillərin şəklini haradan tapmışdı? Hadisə belə olmuşdu:
Tretyakov qalereyası
Tuto, bədbəxtlikdən Moskvada Cecenin fotosərgisində iştirak etmişdi. Zala daxil olan kimi, onun diqqətini ilk cəlb edən bu şəkil olmuşdu. Hətta onun rəsm əsəri olduğunu düşünmüşdü. Müəllifi taparaq bu sualı ona da ünvanlamışdı:
– Bağışlayın, ser, bu peşəkarlıqla çəkilmiş rəsm əsəridir?
Cece ona belə cavab vermişdi:
– Yox, bu rəsm əsəri deyil. Mən onu Afrikada olarkən lentə almışdım. Bu alabəzək üçlük Afrika cəngəlliklərində yaşayır. Afrikaya səfərim zamanı orada gördüm və düşünmədən lentə aldım. Gördüyünüz kimi, sərgimin şah əsəridir.
Tuto Ceceyə təşəkkür edib şəkli telefonu ilə çəkdi. Sərgidən çıxıb öz sarı yük maşınına mindi. Bəlkə, inanmayacaqsan, amma o birbaşa Afrikaya yollandı. Sonra nə baş verdiyini artıq sən də bilirsən.
***
Tuto yol boyu fil balalarının sirk səhnəsində göstərəcəkləri fəndləri, tamaşaçıların alqışlarını xəyal ediridi.
TUTONUN XƏYALLARI
Moskva. Böyük Dövlət Sirki.
Kiçik fillər səhnədə dombalaq aşır, tamaşaçılar əl çalır. Lifi iki ayaq üstündə, Fifi çəlləyin üstündə, Lifi ipin üzərində gəzir, fotoqraflar onların şəklini çəkir, TV kanalların muxbirləri reportaj hazırlayır.
Tuto ORT TV-nin muxbirinə müsahibə verir:
Filləri Afrika cəngəlliklərindən sirkimizə xüsusi olaraq gətirmişəm. Əminəm, rəngli fillərin sayəsində sirkimiz bütün dünyaya səs salacaq. Bizi fillərimlə birgə ardı-arası kəsilməyəcək səfərlər gözləyir. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.
***
Fillər isə onun xəyallarını puç etdilər. Sirkə gələndən iki gün sonra şir balalarının köməyi ilə oradan qaçdılar. Necə?
Rəngli fillər sirkdəki bütün heyvanların xoşuna gəlmişdi. Onların bütün günü ağlayan fillərə yazığı gəlirdi. Ona görə də qaçmaqda onlara kömək etdilər. Əsl macəra da elə bundan sonra başlayıb.
RƏNGLİ FİLLƏR QƏFƏSDƏ
Pələng Leo:
– Siz nə qəribə fillərsiniz? Elə bil sizi rəngləyiblər.
Ayı Bobi:
– Tuto elə buna görə onları sirkə gətirib.
Lifi:
– Mən burada qalmaq istəmirəm! Anamı istəyirəm! Evə getmək istəyirəm!
Pələng Leo:
– Sizin ananız var?
Fili:
– Əlbəttə ki, var. Kim bilir, indi nə qədər pərişandır. Bütün cəngəlliyi ələk-vələk edib bizi axtarır. Canım anam, çox üzüləcək...
Lili:
– Sizin ananız yoxdur? Bəs siz ananız üçün darıxmırsınız?
Ayı Bobi:
– Bizi Tuto doğulan gündən buraya gətirib. Anamızı heç xatırlamırıq...
Pələng Leo:
– Görəsən, anamız bizi xatırlayır?...
Lili:
– Əlbəttə. Əmin ola bilərsən. Analar öz övladlarını çox sevir. İndi o sənin üçün darıxır...
Ayı Bobi:
– Biz sizə qaçmaqda kömək edərik. Bizim anamız yoxdu, barı siz anasız qalmayın! Bu, haqsızlıqdır...
LEONUN QAÇIŞ PLANI
Cimi çox cılız, cansız olduğundan asanlıqla qəfəsə girib-çıxmağı bacarırdı. Leo Cimini yuxudan oyatdı. Tənbəl meymun səssizcə bir çiyni üstə qəfəsdən çıxdı və atılıb divardan asılmış ağır açar topasını birtəhər sürüyüb yerə saldı. Fillərin qəfəsinə zorla dırmaşıb qapını açdı. Açarlar ağır olduğundan bu bir az uzun çəkdi. Bütün heyvanlar dua edirdilər ki, Tuto gəlib çıxmasın. Nəhayət, fillər xilas oldu.
Fifi:
– Çox sağ olun dostlar. Bu yaxşılığınızı heç vaxt unutmayacağıq. Əminəm, siz də bir gün ananızı tapacaqsınız...
Pələng Leo ağlayaraq:
– Çox çərənləməyin, indi Tuto gələcək...
***
Fillər qərara aldılar ki, evə geri qayıtsınlar. Amma necə? Axı onlar yolu tanımır.
Fifi təklif etdi:
– Gəlin hərəmiz bir tərəfə gedək. Kim yolu birinci tapsa, xortumu ilə fit verib o birilərinə xəbər verər.
Beləliklə, vidalaşıb hərəsi bir tərəfə yollandı.
LİLİNİN YENİ DOSTU XRİSTOFOR KOLUMB
Artıq gec idi. Bir qərar verilmişdi. Bacısı, qardaşı yanında deyildi. Çox qorxurdu, amma cəsarətini toplayıb yoluna davam etməliydi.
Axı mən Moskvanı tanımıram. Buradan evimizə nə qədər yol var, təsəvvür belə etmirəm. Bu şəhər bizim evimizə heç oxşamır. Hər tərəf daş-divar. Başqa fillər belə yoxdu.
Düşünə-düşünə Lili söyüd ağacının altındaca yuxuya getdi. Lili yuxuda mənimlə oynayırdı. Mən onu sığallayır, tumarlayırdım.
Əslində, onu tumarlayan Kolumb idi. O, birinci dəfə idi ki, rəngbərəng fil görürdü. Lilini sığallayanda onun gülümsədiyini sezdi və anidən qəhqəhə çəkməyə başladı. Lili yuxudan oyandı. Cəld ayağa qalxıb şam ağaclarına tərəf qaçdı. Kolumb isə gülməyə davam edirdi.
Qorxma, mən sənə zərər vermərəm. Ovçu deyiləm, əmin ola bilərsən. Sən çox sevimli və şirinsən. Bu dünyada səndən başqa rəngli fil varmı?
Lili köks ötürərək dedi:
– Var, bacım, qardaşım, anam...
– Bu kiəladı!
Kolumb əvvəlkindən daha çox sevindi.
– Mən onları da görmək istəyirəm.
– Mən də...
– Anlamadım, siz birlikdə yaşamırsınız?
– Yaşayırdıq. Tuto bizi oğurlayana qədər. İndi anamız Afrikada, biz isə Moskvada tək qalmışıq.
– Qardaş-bacın da buradadır? Bəs mən onları niyə görmürəm?
– Biz evə qayıtmaq üçün yol axtarırıq. Ona görə də hərəmiz bir tərəfə getdik. Kim yolu birinci tapsa, xortumu ilə fit çalıb o birilərinə xəbər verəcək. Amma mən evə dönə biləcəyimə, ailəmi bir də görəcəyimə inanmıram...
– Yox, inan!
– Niyə?
– Çünki mən sənə kömək edəcəm.
– Necə?
– Mən səyahətçiyəm. Bir həftə sonra Afrikaya getməyə hazırlaşıram. Səni özümlə apararam.
– Doğurdan?
– Əlbəttə.
– Mənim adım Lilidir.
– Mənim isə Xristofor Kolumb.
Lili yerə uzanaraq ayaqlarını qaldırıb gülməyə başladı.
– Ola bilməz, Xristofor Kolumb çoxdan bu dünyada yoxdu. Onda heç atam-anam da hələ doğulmamışdı.
– Yox, o, mənim ulu babamdı. Mən onun kötücəsi hesab olunuram. Bu adı mənə atam qoyub. Mən də səyahət etməyi çox sevirəm.
***
– Əla! Bir həftə sonra evə qayıdacam.
Lili fit çalmağa başladı.
– Lili, sən nə edirsən?! İndi adamları başımıza toplayacaqsan. Planlarımız pozulacaq evə yox, zooparkda yaşamağa gedəcəksən.
– Qardaşımı, bacımı çağırıram. Sözləşdiyimiz kimi... Axı mən yolu tapmışam.
– Yox, onlar səni eşitməz, dostum... Amma əmin ol, onlar da yolu tapacaqlar. Kim bilir, bəlkə, biz haradasa rastlaşacağıq...
– Yaxşı!
Lili qəmləndi. Amma evə qayıdacağı üçün xoşbəxt idi. Mənim üçün çox darıxmışdı.
– Bəs bu bir həftəni mən harada qalacağam?
– Mənim bağçamda. Orada sənə rahat olacaq.
– Yaxşı, çox sağ ol. Sən xeyirxah adamsan.
– Hey Lili, sən bura necə gəldiyini mənə hələ danışmamısan.
– Bu, çox uzun məsələdi.
– Eybi yox, bizim hələ bir həftə vaxtımız var.
– Danış deyirsən, danışım da. Bir gün Cece bizim şəklimizi çəkdi...
FİFİ VƏ GƏNC ARXEOLOQ
Lili Kolumbla dostlaşdığı zamanda Fifi arxeoloqla rastlaşmışdı. O, yol axtara-axtara düzənlik bir yerə gəlib çıxmışdı. Ətrafda heç kim, heç nə yox idi. Birdən Fifi “xurt-xurt”a bənzəyən bir səs eşitdi. Tez ətrafa boylandı. Tələsə-tələsə təngnəfəs yeri qazan adamı görüncə özünü itirdi. Sevindiyindən qaça-qaça gedib onun qazdığı yeri bacardıqca dərin qazdı.
– Aman Allah, sən nə edirsən!? Dayan! Sümükləri qırıq-qırıq edəcəksən! Səninləyəm, rəngli yekəpər!
Fifi dayandı və ağlayaraq:
– Mən hər şeyi korladım?
Arxeoloq dizlərini yerə qoyub Fifinin qazdığı quyuya diqqətlə baxdı:
– İnana bilmirəm. Burada çoxlu qədim əşyalar var.
– Bu, yaxşıdı? Mən heç nəyi korlamamışam?
– Xeyr, əksinə, deyəsən, sən mənim yeni kəşfimə yol açdın. İndi mən bunların hansı dövrə aid olduqlarını araşdırmalıyam.
– Mən sənə necə kömək edə bilərəm?
– Məni belinə qaldır. Birlikdə buradan gedək. Burada nəqliyyat yoxdur. Şəhərə piyada gedə bilmərəm.
– Bəs buraya necə gəlmişdin?
– Taksi ilə. Sürücüyə nə qədər dil töksəm də, məni gözləməyə razılaşmadı.
Fifi aşağı əyilərək:
– Yaxşı, gəl gedək.
Yeni tanışlar yavaş-yavaş şəhərə tərəf yol aldılar.
– Başım qarışdı, heç soruşmadım. Sən hara, bura hara? Sirkdən qaçmısan? Səni rəngləyiblər?
Fifi gülərək:
– Nə qədər sual verdin. 1. Məni rəngləməyiblər. 2. Mən sirkdən qaçmışam. 3. Amma sirk oyunçusu deyiləm. Mənim evim Afrikadadır.
– Oldu, sualları bir-bir verərəm. Bəs Moskvada nə işin var?
Bir gün Cece bizim şəklimizi çəkdi...
Fifi yol boyu bacardıqca qısa və tez-tez başına gələnləri arxeoloqa nağıl etdi.
– Qəmli əhvalatdı. Bəlkə, hekayənin xoşbəxt sonluğunu yazaq?
– Necə?
– Səni evinizə aparım. Özüm də oralarda qazmağa bir yerə taparam (gülür).
– Ura! Sən çooooox yaxşı insansan.
FİLİ RƏQQASƏNİN PƏNCƏRƏSİNDƏN BAXIR
Arbat küçəsi
Fili qəşəng musiqi səsi eşitdi. Atılıb-düşüb rəqs etmək istəyirdi. Bu musiqi ona evini, anasını xatırladırdı. Bir azca qəmləndi də. Məhəccərdən boylananda gördü ki, içəridə ucaboy, arıq, sarı bir qız rəqs edir. Fili ona tamaşa etməyə başladı. Rəqsin bitməsini gözlədi. Pəncərəni döyəclədi. Rəqs edən qız təəccüb dolu gözlərini pəncərəyə zilləyib donub qalmışdı.
Fili qışqırırdı:
– Sən düz oynamırsan. Düzdür, o qədər də pis deyil, amma afrikalılar belə rəqs etmirlər. Qapını aç, mən sənə öyrədərəm.
Rəqqasə nə edəcəyini bilmirdi. Əlbəttə, Moskvanın ortasında fil görmək, həm də rəngbərəng – möcüzə kimi bir şey idi.
– Tez ol! Qapını aç! Daha gözləyə bilmirəm. Xahiş edirəm, qapını aç.
Qız ehtiyatla qapını açdı. Ona elə gəlirdi ki, yuxu görür.
– Salam.
– Sa...l...am. Sən bura necə gəlmisən?
Fili qəmli-qəmli:
– Məni evimizə apara bilərsən? Özün də bu rəqsi daha yaxşı öyrənərsən.
– Sənin evin haradadır ki?
– Afrikada
– Bəs bura necə düşmüsən?
– İçəri keçməyə icazə versən, hamısını danışaram.
Bir gün Cece bizim şəklimizi çəkdi...
***
Mən nə o sirkin sahibini, nə də ki fotoqrafını qınamıram. Məncə, dünyada rəngli fillərin olması möcüzədi. Bu yalnız nağıllarda mümkündür. Əminəm, Tuto sizi axtarmağa davam edir. Hələ polisi demirəm.
– Niyə elə düşünürsən?
– Səncə, rəngli fillər kiminsə gözlərindən qaça bilərmi?
– Bəs onlar bizə nə edəcəklər?
– Yəqin, düşünürlər ki, siz insanlara zərər verə bilərsiniz. Nəhəngsiniz axı. Rəngli olduğunuz üçün də zooparka yerləşdirməyə çalışacaqlar. Orada sizi qəfəsə salacaqlar. Adamlar gəlib sizə tamaşa edəcəklər.
– Yox, yox, mən istəmirəm!
– Qorxma, qorxma, mən sənə kömək edəcəm.
– Əla, çox sağ ol...
– Bəs bacım, qardaşım?
– Gəl onları tapaq.
– Necə?
Alyona internetə girdi. Qısa araşdırma apardı. Bir neçə saytın xəbərlərinə göz gəzdirdi. Həqiqətən də Tuto, Cece, polis fil balalarını axtarırmış. Hətta saytların birində zooparkın müdirinin sevinc dolu müsahibəsi yerləşdirilmişdi. Bütün bunlar Fili üçün bəd xəbər hesab olunurdu. Amma şad xəbər də var idi. Xəbərlərdə yazırdılar:
"Moscow Times":
Bildiyiniz kimi, Moskvada 3 rəngli fil balası peyda olub. Polis və zooparkın rəhbərliyi həmin filləri axtarmaqla məşğuldur. İki fil balası artıq Rusiya sərhədini keçib. Fillərin qaçırılmasında səyahətçi Kolumb və naməlum arxeoloq şübhəli bilinir. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır. Üçüncü fil balasının harada olması barədə isə hələ də məlumat yoxdur.
– Bax, üçüncü fil balası sənsən. Biz tezliklə getməliyik ki, səni tapa bilməsinlər.
– Bəs bunu necə edəcəyik? Axı mən böyüyəm. Məni görməmək mümkün deyil.
– Yük maşını kirayələyərik.
– Axı qızlar yük maşını idarə edə bilməz.
– Başqa yolumuz yoxdur. Əminəm, qardaşının dostu Kolumb, bacının dostu arxeoloq da sərhədi belə keçiblər.
– Yaxşı, mən razı...
Afrika xalqlarının rəqsləri xor ifası, müxtəlif musiqi alətləri, əsasən, zərb alətləri ilə müşayiət olunur. İfaçılar xüsusi geyimdən, taxta ayaqlardan, zınqırovlardan istifadə edirlər. Ənənəvi rəqslər ovçuluq, əkinçilik, şaman mərasimlərinə daxildir və bunlar əcdadlara hörmət kimi qəbul edilir. Ovçuluq ayinlərinin iştirakçıları vəhşi heyvanların hərəkətlərini təqlid edir, onlar kimi səslər çıxarır; yağışın yağmasını arzulayan ayin iştirakçıları öz hərəkətləri ilə uçan buludları təsvir edirlər.
ANA FİL BALALARININ YOLUNU GÖZLƏYİR
Övladlarım itəndən bəri özümə yer tapmırdım. Hər gün gecə-gündüz ağlayırdım. Ümidlə onların qayıtmağını gözləyirdim. Bütün günü TV qarşısında əyləşib xəbərləri izləyirdim. Əmin idim ki, rəngli fillər haqqında mütləq bir məlumat verəcəklər. Yanılmamışdım. Bütün radio və televiziyalar fillərim haqqında danışır, şəkillərini göstərirdilər.
NTV:
– Çox qəribə də olsa, Moskvada üç rəngli fil balasına rast gəlinib. Amma təəssüflər olsun ki, onların hal-hazırda harada gizləndiyi məlum deyil. Fillər tapılan kimi zooparka təhvil veriləcək.
STS TV:
– Çox təəssüflər olsun ki, fillərdən ikisi Rusiya sərhədini keçməyə müvəffəq olmuşdur. Üçüncü fil isə hələ də Moskvadadır. Ümid edirik ki, tezliklə onu tapacağıq.
Polis gücləndirilmiş iş rejimində çalışır.
Lifi:
– Ah, afərin mənim balalarıma, demək, evə qayıdırlar. Görəsən, Moskvada kim qalıb; Fifi, Fili, yoxsa Lili?
FİLLƏR EVƏ QAYIDIRLAR
Alyona doğru düşünürdü. Kolumb və arxeoloq da filləri sərhəddən yük maşınında keçirmişdilər. Afrikaya beləcə getməyi düşünürdülər.
MOSKVA-SOÇİ-QARA DƏNİZ
Alyona və Fifi də sərhədi keçməyi bacardılar. Xoşbəxtlikdən müxtəlif məsafələrdə həm səyahətçinin, həm də arxeoloqun yük maşınında nasazlıq yaranmış, yolda qalmışdılar. Kömək gözləyirdilər.
Bilirəm, bu uğursuzluğa sevinməyim sənə qəribə gəldi. Amma belə olmasa idi, Alyona nə arxeoloqla, nə də ki səyahətçi ilə qarşılaşmayacaqdı.
TÜRKİYƏ – ARALIQ DƏNİZİ
O, ilk öncə arxeoloqla rastlaşdı. Arxeoloq yük maşınının yanında var-gəl edirdi. Rəqqasə onu görən kimi maşından düşdü:
– Salam, sizə necə kömək edə bilərəm? Hara gedirsiniz?
– Aa, mən də ... Gəlin birlikdə gedək.
– Yox, təşəkkür edirəm. Mən tək deyiləm.
– Dostunuz da bizimlə gələ bilər. O haradadır?
Arxeoloq maşında fil balası olduğunu tanımadığı bir adama deməyə ehtiyat edirdi. Qəfildən yük maşını silkələnməyə başladı. Fifi artıq içəridə darıxmışdı.
Alyona:
– Bu nədi belə?
Arxeoloq məcbur olub yük maşının arxa qapısını açdı.
Alyona fifini görən kimi soruşdu:
– İnana bilmirəm. Əla! Siz arxeolqsunuz, yoxsa səyahətçi?
– Nə?
Alyona sevincək öz yük maşınının arxa qapısını açdı. Fifi və Fili bir-birlərini gördüklərinə inana bilmirdilər. Arxeoloq da heykəl kimi donmuşdu. Nə baş verdiyini anlamağa çalışırdı.
Beləcə arxeoloq və rəqqasə yollarına birlikdə davam etdilər. Fifi və Fili yeni dostları ilə necə tanış olduqlarını bir-birinə nağıl edir, Lilinin harada ola biləcəyi barədə düşünürdülər.
Elə arxeoloq və Alyona da fil balaları ilə necə tanış olmaları barədə söhbət edirdilər.
***
MİSİR-ŞİMALİ AFRİKA
Kolumbun yük maşınının təkəri partlamışdı. Əlavə təkəri yox idi ki, dəyişsin. Yolun kənarında oturub nə edəcəyi barədə fikirləşirdi ki, Alyona maşını düz onun yanında saxladı:
– Təsadüfən Lili sizin yük maşınınızda deyil?
Kolumb təəccüblə başını qaldırıb:
– Siz Lilini haradan tanıyırsınız?
– Çünki Fifi və Fili mənim maşınımdadır. Bəlkə, yola birlikdə davam edək?
Lilini qardaşlarının olduğu yük maşınına mindirdilər. Balalarım xoşbəxt idilər. Bircə Afrikaya çatmaq, analarına, yəni mənə qovuşmaq qalmışdı. Amma hələ yol uzun idi...
***
AFRİKA.CƏNGƏLLİK
Gecə idi. Ağlamaq məni o qədər yormuşdu, istəmədən yuxuya getmişdim. Yuxuda yağışa düşmüşdüm. Bərk islanmışdım, amma daldalanmağa yer tapmırdım. Birdən yağış kəsdi və səmada üç göy qurşağı yarandı. Fit səsi eşidildi. Şirin röyadan ayıldım. Fit səsi hələ də gəlirdi. Qəfildən qapı döyüldü. Gözlərimi ovub qapıya tərəf qaçdım. Qapını açdım. Qapının kandarında Kolumb dayanmışdı.
– Salam. Buyurun, sizə kim lazımdır?
Elə bunu demişdim ki, gizlənmiş balaca fillərim üstümə atıldılar. Özümü tamam itirdim. İnana bilmirdim. Alyona və arxeoloq da yanlarında idi. O qədər darıxmışdım ki, körpələrimin hansına sarılıb qoxlayacağımı bilmirdim. Lap çaş-baş qalmışdım. Alyona bizim şəkillərimizi çəkdi. Bir-birimizə bərk-bərk sarılmışdıq. Elə bil daha heç vaxt ayrılmayacağıq...
***
Bütün gecəni bu zamana kimi yaşadıqlarımızı bir-birimiz ilə bölüşdük. Mən də balaca fillərimin yeni dostları ilə dostlaşdım...
ƏN GÖZƏL GÜN
Uzun müddətdən sonra açılan ilk gözəl gün başladı. Kolumba onu belimdə bütün Afrikanı gəzdirəcəyimə söz vermişdim. Ona görə də obaşdandan yola düzəldik. Lili Alyona Afrika rəqsləri öyrənə bilsin deyə, onu Ruandaya “İntore” Peşəkar Rəqqaslar İnistitutuna apardı.
Fifi və Lifi arxeoloqla birgə qazmağa yer axtarırdılar. Beləcə bir neçə ay yeni dostlarımızı qonaq etdik. Artıq zaman yetişmişdi. Getməli idilər. Alyona bizə şəkillərimizdən ibarət albom hədiyyə etdi. Şəkillərdən birini çərçivəyə salmışdı. Lili arzuladığı kimi şəkli çarpayısının üstündən asdı...
Hə, dostum. İndi biz evimizdə şən-firavan, xoşbəxt yaşamağa davam edirik. Bəs sən necə, bizi görmək istəyirsən?
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
Şəhidlər barədə şeirlər - Adil Əfəndiyev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Adil Əfəndiyev
Adil Əfəndiyev 1995-ciil avqustun 12-də Qazaxrayonunda anadanolub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Şəhidlər and yerimiz.
Zəfər həkim, and həkim.
Bu gün doğum günüdür,
Cənab leytenant həkim.
Sən əbədi məsumsan,
Haqqın dünyası kimi,
Savaşda igidlərin,
Şəfa tanrısı kimi.
Ömürdə qiymətini,
Veribdir Allah sənin,
Bir əlində şəfa var,
Birində silah sənin.
Sən döyüşdə köməksiz,
Qoymamısan heç kimi.
Həkimlərin şəhidi,
Şəhidlərin həkimi.
İgid, qəhrəmanlığa,
Yeni nəfəs vermisən,
Yaralı komandirin,
Səsinə səs vermisən.
Vermisən öz canını,
Vətənin torpağına,
Sarılmısan əbədi,
Müqəddəs bayrağına.
Sənin vətənə sevgin,
Hamımıza bəllidir,
Evdəki şəkillərin,
Anana təsəllidir.
Yoxluğun buza dönüb,
Gözlərdə həsrət kimi.
Səninlə fəxr edirik,
Xalq kimi, millət kimi.
Şəhidlər and yerimiz,
Zəfər həkim, and həkim,
Doğum günün mübarək,
Cənab leytenant həkim.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
İSLAM DİNİ hansı dilləri öyrənməyi günah sayır?
İmran Veriyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
Artıq qloballaşan dünyada ikidillilik (çoxdillilik) zərurətə çevrilmişdir. Xarici dillərin öyrənilməsi zamanın tələbidir, başqa sözlə, əcnəbi dili və ya dilləri öyrənməyə məcburuq. Təsadüfi deyil ki, Ulu öndərimiz H.Əliyev çıxışlarının birində deyirdi: “… biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Biz artıq dünyaya qovuşmuşuqsa, dünya birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər”.
Bəs müqəddəs dinimizin xarici dillərin öyrənilməsinə münasibəti necədir? Hansı hallarda dinimiz xarici dilləri öyrənməyi “kifayi fərz” hesab edir? Bəs günah saydığı hallar da varmı?
Bəri başdan qeyd edək ki, dinimizdə dil ayrı-seçkiliyi yoxdur. Düzdür, metafizik izhar üçün çox sərfəli olan ərəb dili kosmik-ilahi informasiyanın ötürücüsü və ilkin daşıyıcısı kimi şərəfli bir tarixə düşüb, dünyanın ən zəngin dillərindəndir. “Quran” ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusu və mükəmməlidir. Amma bu, ərəb dilinə fövqəladə üstünlük və səlahiyyət vermir. Umumiyyətlə “Quran” heç bir millətin və dilin üstünlüyündən bəhs etmir. “Ərəb dili”, “ərəb”, “ərəbcə” ifadə və sözlərinin olduğu ayələrin də heç birində bu xalqın və bu dilin əlahiddəliyindən söhbət getmir. Sadəcə olaraq, “Quran”ın eniş dilinin ərəbcə olması bildirilir.
“Quran”da güya qeyri-ərəb müsəlman xalqlarının və müsəlman olmayan “kafirlərin dili”nin öyrənilməsinin qadağan olunması, ərəb dilinin digər dillərdən üstünlüyü barədə fikirlər ancaq səbatsız “millətçilərin” və riyakar din xadimlərinin iddia və uydurmalarıdır. Hələ vaxtı ilə Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas M.Kazımbəy özünün “İndiki Hindistanda maarifin yayılmağa başlaması” adlı məqaləsində ərəb dilinin və ərəb əlifbasının dini mahiyyət daşıdığını, guya “Quran”la bağlı olduğunu və onun “müqəddəsliyini” əldə bəhanə edənlərə inandırıcı və tutarlı cavablar vermişdi.
Burda milli dillərə “Quran”ın münasibətini yada salmaq yerinə düşərdi.“ər-Rum” surəsinin 22-ci ayəsində deyilir: “Onun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə”. Göründüyü kimi, bu ayə bütün dilləri eyni statusda təqdim edir. Elə təkcə həmin ayə ərəb dilinin əlahiddəliyi fikrini təkzib etməyə kifayətdir. N.Qasımoğlunun “İslam və millilik” məqaləsində yazdığı kimi, “…milli dil də ayədir, yəni Tanrı dərkinə yön verən işarələrdən, impulslardan sayılmalıdır, ilahi varlığın dəlillərindəndir. Başqa sözlə, bütün milli dillər Tanrı zəmanətində olduğundan müqəddəslik statusuna malikdir”.
Tarix göstərir ki, İslam dini yayıldığı ərazilərdə heç bir yerli dilin işlənməsini qadağan etməmiş, əksinə bu dilləri öyrənməyə təşviq etmişdir. Dinimiz İslamın digər insanlara çatdırılması üçün xarici dilləri öyrənməyi “kifayi fərz” hesab etmişdir. Şərqşünas-alim, AMEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar elm xadimi V.Məmmədəliyev “Quran”ın I,II və III nəşrlərinə ön sözdə yazırdı: “Peyğəmbər əleyhissəlam öz sağlığında Allahın hökmlərini, buyruqlarını təbliğ etmək üçün yaxın əshabələrinə əcnəbi dilləri öyrənməyi tovsiyə edirdi. O, Zeyd ibn Sabitə Qurani-Kərimi qeyri-ərəb sami xalqlara anlatmaq, onların arasında yaymaq məqsədilə ibrani və siryani dillərini öyrənməyi buyurmuşdu”. Peyğəmbərimiz həm də demişdir: “Türklərin dillərini öyrənin, çünki onların uzun sürən hakimiyyəti olacaq”. Faktlar göstərir ki, Allahın elçisi özü siryani dilini bilirmiş və bu dili 17 günə öyrənibmiş. O həmçinin səhabələrinə müraciət edərkən bəzən xarici dillərdə (məsələn, o zaman xristian olan həbəşlərin dilində) olan sözlərdən istifadə edirmiş.
Ümumiyyətlə, nə qədər zəngin olsa da, ərəb dilində də çoxlu alınma sözlər vardır. Bu proses hələ cahilliyə dövründən başlayaraq davam etmişdir. Sonralar həmin sözlərin çoxu ərəbləşdirilmişdir. Hətta bəzi tədqiqatçılar “Quran”ın özündə də ərəbləşdirilmiş sözlərin olduğunu bildirirlər. Təsadüfi deyil ki, ərəb qrammatika elminin banisi Sibəveyhi (796-cı ildə vəfat etmişdir.) ilk dəfə özünün “əl-Kitab” əsərində ərəb ədəbi dilinə keçən sözlərə aid bölmə həsr etmişdi.
İslam dini meydana çıxan dövrdən müxtəlif dil məktəblərində, o cümlədən VII-VIII əsrlərdə yaranmış ərəb dilcilik məktəblərində (X.Təbrizi də bu məktəbin ən görkəmli nümayəndələrindən olub) ərəb dili ilə yanaşı, digər dillərin də tədqiqatı aparılırdı. Məsələn, Bəni Əhmər dövlətinin himayəsi altında fəaliyyət göstərən Əndəlüs dil məktəbində əcnəbi dillərin tədqiqatına cəhd göstərilirdi. Doktor Q.Şükürov “Bəni Əhmər Əndəlüs dil məktəbi” adlı məqaləsində yazırdı ki, bu məktəbdə fars, həbəş, yəhudi, himyəri, siryani, ispan, səfarad, portuqal, türk və digər dillər öyrənilir və tədqiq olunurdu. Bu dillər üzrə mütəxəssislər hazırlanırdı. Əbu Həyyan Əl-Əndəlüsi kimi tanınmış dilçilər türk dili üzərində də araşdırmalar aparırdılar. Həmin alim hətta türk dilinin erkən dövr qrammatikasına aid əsər yazmış, türk dilindəki sözlərin ərəb dilindəki mənalarını verən müfəssəl lüğət də hazırlamışdı.
Bu məktəblərdə tərcüməçilər də (hətta xarici tərcüməçilər) fəaliyyət göstərirdilər. Onlar əsasən saraylarda çalışır, rəsmi sənədləri, dövlət nümayəndələrinin dialoq və müzakirələrini tərcümə edirdilər. Tərcümə fəaliyyəti Əməvi xəlifəsi Xalid ibn Yezidin hakimiyyəti illərində başlanmışdı. Sistemli tərcümə fəaliyyətinə isə Abbasilərin hakimiyyəti dövründə təsadüf olunur. Xəlifələr Mənsur (754-745), Harun ər-Rəşid (789-809) və Məmun (813- 833) tərcümə işinə böyük əhəmiyyət verirdilər.
Hazırda yer üzündə ortaq dilə ehtiyac gündən-günə artmaqdadır. Artıq ingilis dili “linva franka” (ortaq dil) statusuna sahib olmaqdadır. Bəs İslam alimlərinin ingilis dilinin öyrənilməsinə münasibəti necədir? Qısa bir araşdırmadan belə məlum olur ki, onların əksəriyyəti ingilis dilinin öyrənilməsini mübah (mümkün) iş hesab edirlər. Məsələn, Səudiyyə Ərəbistanı Krallığının Yüksək dərəcəli Alimlər Şurasının üzvü, 50-yə yaxın fətvalar toplusunun müəllifi, görkəmli din xadimi Şeyx Məhəmməd ibn Saleh əl-Useymin ingilis dilinin öyrənilməsi barədə bir sualı cavablandırarkən demişdi: “Ərəb dilindən başqa dillərin öyrənilməsi haram deyil! Əksinə əcnəbi birinin dəvət edilməsinin bundan asılı olması kimi hallarda vacib olar. Belə ki, biz ona xitab etmək üçün onun dilini öyrənmədən İslama dəvət edə bilmərik. Beləcə əcnəbi dilin təlimi kifayi fərzdir! Çünki, bizim o əcnəbilərə Allahın dinini təbliğ etməmiz qaçınılmazdır. Bəs hansı vəsiləylə?…O dildə danışanları dəvət etmək dili öyrənməkdən asılı olduğu zaman əcnəbi dil öyrənmək vacib olar! …İnsanları İslama dəvət üçün ingilis dilinin öyrənilməsinə ehtiyac olduqda bu fərzu kifayədir. Əgər dünyəvi səbəblərdən ehtiyac duyularsa, ingilis dilini öyrənmək mübah bir işdir." (Mənbə: https://ehlitevhid.com/forums/lofiversion/index.php?t482.html)
Dinimiz əcnəbi dilləri ancaq İslamı yaymaq üçün deyil, həm də həmin əcnəbilərin təcrübədə əldə etdikləri elmi, siyasi-iqtisadi, mədəni, texnoloji, hərbi və bir çox başqa sahələrdəki nailiyyətlərdən istifadə edilməsi, onların planlarını, məqsədlərini bilmək üçün öyrənməyi təklif edir. Kimya, astronomiya və təbabətə dair kitabların, Galenin, Hipokratın, Evklidin, Aristotelin, Platonun və başqalarının əsərlərinin ərəb dilinə tərcümə edilməsi də bunu sübut edir.
İslam dini bir neçə halda xarici dilləri öyrənməyi münasib bilmir. Məsələn, dinimiz xarici dillərin həmin dillərin sahibləri qarşısında ruhu əziklik vəziyyətində, təzyiq yolu ilə, öz ana dilini unutmaq və ya unutdurulmaq bahasına öyrənilməsini məqbul hesab etmir. Həmçinin xarici dillərin çirkin niyyətlərin həyata keçirilməsi məqsədilə öyrənilməsi və öyrədilməsi pislənilir.
Görkəmli din xadimi Şeyx Məhəmməd ibn Saleh əl-Useymin deyirdi ki, “…mənim qarşı olduğum və təhlükədə olduğumuzu düşündüyüm nöqtə başqadır. Biz dörd - beş yaşlı kiçik övladlarımıza ingilis dilini elə öyrədirik ki, irəlidə bu dil onun ana dili olur. Mənim qarşı çıxdığım budur”. Bu fikirlə razılaşmamaq mümkün deyil. Xarici dili ana dilindən üstün tutmaq bağışlanmaz bir günahdır.
Övladlarına ana dilindən öncə xarici dilləri öyrədənlərə böyük rus pedaqoqu K.D.Uşinskinin aşağıdakı sözlərini xatırlatmaqda yarar var: “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!”
M.Ə.Rəsulzadəyə görə də, yad dildə təlim-tərbiyə verilən məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən yad əxlaqlı bir insana çevrilir. Belələri hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq yad havalara oynayacaq, yad meyillərə uyacaq, öz nicatlarını yad ölkələrdə axtaracaqlar.
Şübhəsiz ki, çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir. Tədqiqatlar göstərir ki, çoxdilliliyin bir sıra üstün cəhətləri vardır. Filologiya üzrə fəlsəfə doktoru E.Əliyevanın “Ana dili və çoxdillilik problemləri” adlı məqaləsində yazdığı kimi: “Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur. Çoxdillilik beynin inkişafına təkan verir, düşünmənin çevikliyini artırır. İnsanda özünəinam hissi artır. Təcrübə göstərir ki, insan hansısa xarici vətəndaşla onun öz dilində ünsiyyətə girirsə, bu zaman müsbət enerji alır, inamlı olur.
Çoxdilli insan tanış olduğu mədəniyyətlərin təsiri altında daha kreativ düşünür. Ünsiyyət dairəsinin genişlənməsi ilə öz həyatını rəngarəng edir”.
Məşhur alman şair və dramaturqu, mütəfəkkir və naturalisti İ.V.Goete demişdir ki, xarici dildə danışmayan insan, öz dilini də dərk edə bilməz.
Bu gün gənclərimiz ölkəmizin ümumtəhsil məktəblərində, universitetlərində, müxtəlif dil kurslarında dünyanın aparıcı dillərini uğurla öyrənir, xarici ölkələrin aparıcı ali məktəblərində müvəffəqiyyətlə təhsil alırlar. “2022-2028-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq təkcə növbəti tədris ilində 500 azərbaycanlı gəncin 135 nəfəri dünya reytinq cədvəlində ilk onluqda olan universitetlərdə müxtəlif dillərdə təhsil alacaq.
Əlbəttə, bunlar çox müsbət haldır. Amma xarici dillər ana dilinin nüfuzuna xələl gətirmədən, onun coğrafiyasını məhdudlaşdırmadan öyrənilməli, ölkə daxilində heç bir sahədə praktiki olaraq ana dilindən üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini, milli əxlaqını və soykökünü təyin edir.
Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan ana dilimizin bu gün qorunmağa və möhkəmlənməyə daha çox ehtiyacı var. Prezident İ.Əliyev 2018-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.
Təsadüfi deyidir ki, Ümummilli liderimiz H.Əliyev Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
LİDERLİYİN 21 QANUNU -18.Prioritetlik qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər
18.Prioritetlik qanunu.
«Liderlər başa düşürlər ki, aktiv fəaliyyət heç də həmişə doğru irəliləmək demək deyil»
Get-gedə qrafiki tam sıxlaşan, görüləcək işlərə vaxt tapmaqda çətinlik çəkən lider effektiv olmaq üçün seçim edərkən özünə 3 sual verməlidir:
- Nəyi mütləq etməliyəm?
Prioritetlər siyahısında ən başda edilməsi mütləq olan işlər dayanmalıdır. Bütün o işlər ki, görüləsidir, amma şəxsən sizin tərəfdən görülməsi vacib deyil, başqalarına yönəlmək də olan.
- Nə daha çox fayda verir?
Lider öz vaxtının əsas hissəsini daha çox güclü olduğu sferalara ayırmalıdır. Əgər hansısa əməkdaş liderə baxmış, işi 80 faizli effektivliklə görə bilirsə, lider onu 100 faizlik nəticəyə çatdırmaq üçün onun inkişafının qeydinə qalmalıdır ki, həmin işi ona həvalə edə bilsin.
- Ən böyük mükafat nədir?
Ən böyük şəxsi mükafat o uğurdan gəlir ki, həmin uğur liderin ürəyində alov yandıra bilir. Ehtiras qədər heç bir şey insanı enerji ilə təmin edə bilməz.
Con Maksvell özünün ən prioritet sahələrini və bunlara ayırdığı zamanı da təqdim edib:
- Liderlik; 19 faiz;
- Unsiyyət; 38 faiz;
- Yaradıcı fəaliyyət; 31 faiz
- Xarici, kənar əlaqələr; 12 faiz.
Lider gərək heç zaman fəaliyyət ilə nailiyyəti qarışıq salmasın. Bilsin ki, əsl uğur yalnız öz əməkdaşlarını məhz birinci dərəcəli əhəmiyyətli olan işlərə yönəldəndə gəlir.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
“Əllərimi qaranlıqlara gəzdirirəm…” - RZA BƏRAHANİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət” (Güney Azərbaycan bölməsi)
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Rza Bərahaninin “Əllərimi qaranlıqlara gəzdirirəm…” şeiri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
RZA BƏRAHANİ
Güney Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlmişdir. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təhsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan Türkcə yasaq edildiyindən təhsilini Farsca davam etdirmişdir. 1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxışlarına görə həbs olunmuşdur. 1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır. O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir. Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin ElginMills qəbiristanlığında dəfn olunmuşdur.
Aşağıda paylaşılan şeir, Rza Bərahəninin Vankoverdə bir ədəbi məclisə qonaq olduğunda, oxuduğu şeirdir, lentə alınmışdır.
YEMƏLİ GÖZLƏRİNİ AÇ
Yeməli gözlərini aç gözəlim,
Aç o yeməli gözlərini.
Bağrıma basım çiyinlərini,
O ağ güldən ağraq çiyinlərini.
Denən, denən, denən yenə,
O deməli sözlərini!..
Sənə bələşim birdən-birə yar yavaş-yavaş,
Ölüm səni, dirilim səni,
Ölü dirilim səni.
Huyuq qalım səni,
Huyuq-huyuq, huyuqluğun dibinə qədər.
Yeməli gözlərini aç gözəlim,
Aç o gözlərini heeeeeey...
A balam heeeeeey...
A balam...
Ağ yumurta, boyalı dırnaqlar
Sürməni Picasso çəkmiş,
Ayağı Rodin becərtmiş,
Şaqal səni götürmüş
Götürmüş heeeeeey...
O göylərə heeeeeey...
Nənəsi gözəl,
Özü də gözəl,
Balası da olsa
Bala da bir gözəl heeeeeey...
Otur dizim üstündə,
Qoy otursun gözəllik bu qara dünyaya.
Bir od kimi yandır, yandır, yandır ürəyimi
Qoy ölüm heeeeeey...
Heeeeeey...
Sonra açım gözümü görüm dünya təzələnib
Qaranlıq gedib, təzəlik gəlib, azadlıq gəlib
Səni alıb qucağına gedir.
Gedir o biri yellərə,
Yellənə-yellənə
O biri yerlərə...
Bax indi yerdə o yellənən
Tellərə-tellərə heeeeeey...
A balam heeeeeey...
A balam...
Qorxmalı bir gözəlsən,
Ötürün məni deyəcəyəm,
Deməliyəm,
Dəliyəm...
İti bir bıçaq kimi kəsir o gözəllik
Yaxamı yırtacağam o gözəllikdən.
Demişdilər “Qalmaz o gözəllik sənə!” –
Qalıb, Qalacaq...
Sındırma şanımı,
Ayaq üstə durmuşam min ildir müntəzirəm.
Deməliyəm,
Dəliyəm...
Baharla bala gəl otur danış,
Aç o dili, aç heeeeeey...
A balam heeeeeey...
A balam...
Səni Dante mənim vərimdən yazmış,
Mənim vərimdən də Şekspir səni bölmüş –
Cülyetta ilə Ofeliyanın arasında.
Paris Helenə vurulanda mən ordaydım,
Helen də indi burdadır.
Nizami sənin yeddi adını yeddi günbəzin sinəsinə qazmış,
Məcnunu da mən gətirdim təzədən bir də bir sənə baxsın,
Çin padişahıyla keçdim qırx gecə, qırx otaqdan,
Sonra min bir il, min bir gecə tənha qaldım.
Gördüm səni kor oldum, kor...
Amma göz qabağı ilə göz arasında sən ordaydın!
Sonra Şirin öpdü məni bir gecə çıxdım çuxurlardan dünya qarşısına.
Xosrov Pərvizin tacı başımda!
Mən ayaq yalın heeeeeey...
Mən ayaq yalın heeeeeey...
Tac başımda, ayaq yalın heeeeeey...
A balam heeeeeey...
A balam...
Əllərimi qaranlıqlara gəzdirirəm,
Sənsiz dünya yox,
Heç bir şey yox.
Ötürün məni ya gətirin önü
Gözlərini çıxartmışam,
Öz-özümün gözlərimə ox atmışam...
Kor İsfəndiyar, ya ağıllı dəli Oedipkimi bu səhnədən çıxmalıyam.
Ya da ney əlimdə ürfə kimi getməliyəm cəhənnəmə,
Səni tapıb gətirməliyəm.
Ötürün məni, ötürün,
Mən ayaq yalın heeeeeey...
Tac başımda ayaq yalın heeeeeey...
A balam heeeeeey...
A balam...
Qaralar Afrikada sənin eşqindən qaralmış,
Çin səni görəndən sonra bir milyard adama parçalanmış,
Aclar da sənin eşqindən acalmış,
Xorasandan keçdin, Şiraza getdin, sonra çıxdın,
İsfahandan Təbrizə gəldin...
Orda dedilər “Qal, qal, səni sevənlər burdadırlar, qal”.
Amma sən qalmadın.
Tələsik Xəzərdən Hacıtərxana,
Sonra Moskovaya getdin.
Dünyanı gəzdin, məni yad eləmədin!..
Yadından atdın,
Qol-budağımı sındırdın,
O yeməli gözləri mənim üzümə bağladın.
Amma mən durmuşam, burda durmuşam,
Tac başımda, ayaq yalın.
Huyuq-huyuq bu kor gözlərim ilə sənə
Huyuqluğun dibinə qədər.
İndi dön gəl, aç!
Aç, yeməli gözlərini aç,
Aç o yeməli gözlərini heeeeeey...
A balam heeeeeey...
A balam... Ölüm səni, dirilim səni
Ölü dirilim səni heeeeeey...
A balam heeeeeey...
A balam...
Mənim dilimi aç!
Aç! Aç a balam,
O dilin gözlərini aç...
A balam heeeeeey...
A balam heeeeeey...
A balam...
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
BİR SUAL, BİR CAVAB Elvin İntiqamoğlu ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Şair dostlarınızdan qəlbinizə dəyən olanda sözləri silah edirsiniz, yoxsa, susqunluqda hikmət var deyib, özləri nə vaxtsa, anlayar söyləyirsiniz?
CAVAB
Mən bir az hay-küylü adamam, amma tez əsəbləşib tez də sakitləşənəm. Hirsli anlarımda hərdən özümdən asılı olmadan, hərdən də haqlı yerə sözü silah edirəm. Məsələn, hansısa şair dostuma səs tonumu qaldıranda deyir: "Elvin, olan şeydi, düzələcək də". Öz-özümə düşünürəm ki, düz deyir də, niyə coşuram ki? Əsas odur ki, kin saxlayan biri deyiləm, gedəndə qapını çırpmıram deyə, qayıdanda da ürəklə döyürəm.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)
“Erik Siqalın kitabı” - ƏDƏBİ DEBÜT
“Ədəbiyyat və incəsənət”də Tural Rəhimin debütü “Erik Siqalın kitabı” hekayəsi ilə baş tutur. Bəyənəcəyinizə əminik.
Mənim adım Zaurdu. Otuz yaşım var. Hər il iyul ayının on yeddisində kitabxanaya gedir və Erik Siqalın “Bir Sevgi Tarixçəsi” kitabını alır, həmin gün onu oxuyur və sonra bu kitabı ən sevimli əşyalarımın arasına qoyuram. Düz beş ildir ki, bu hadisə təkrarlanır. Hərdən anam məndən soruşur ki, ay Zaur, o kitabdan səndə düz altı dənə var axı. Neynirsən gedib bir də onu alıb? Mən də onun bu sualını susqunluqla qarşılayır və həmin günü yenidən yadıma salıram.
*
Hansısa təsir dairəsi geniş olan nüfuzlu bir şəxsin camaatdan topladığı illeqal vergi ilə tikilmiş on səkkiz mərtəbəli binanının altıncı mərtəbəsindən lift vasitəsilə həyətə düşüb, hər zaman soveti tərifləyib SSRİ-nin tərəfini tutan, indiki gəncləri (öz ailəsindəkilər də daxil olmaqla) muğama və aşıq yaradıcılığına qulaq asmadığına görə tənqid edən, öz ayaqları üzərində duran gəncləri “veyil”, “səfeh” adlandırıb, buna görə onlara vaxtında “tərbiyə” verməyən valideyinlərini qınayan, sonra da “bizim vaxtımızda belə deyildi” ifadəsini işlədərək, həyatlarının üçdə bir hissəsini təşkil edən nərdə (yaxud dominoya) davam edib söhbətə yekun vuran yaşlı nəslin nümayəndələrinin arxa nahiyələrinin izi qaldığı skamyaya oturaraq, bütün bunları susqun halıyla izləyən palıd ağacına baxıram.
Deyəsən, bu qoca palıd fikrə gedib. Ona baxıb elə mən özüm də yavaş-yavaş fikrə getməyə başlayıram. Görəsən, o nəyin haqqında fikirləşir? Maraqlıdır, o da mənim düşündüklərimi düşünə bilir? Məsələn, Trampı qulağından kimlərin vurdurduğunu, Ağadadaş Ağayevin hansı psixi probleminin olmasını, TikTok həşəratlarının sonunun nə vaxt gələcəyini, futbol üzrə milli komandamızın dünya çempionatını qazanaraq kuboku başları üzərinə qaldıracaqları zamanı göstərə biləcək süni intellektin nə zaman ixtira olunacağını, Ukraynanın alın yazısının rusların pozanı ilə silinib-silinməyəcəyini, Həsən Ruhanini kimin öldürməsini, Den Braunun növbəti kitabının nə vaxt çıxacağını, dünyaya Ziqmund Freyd kimi psixoanalitikin bir də gəlib-gəlməyəcəyini, Arda Gülərin Ronaldonu kölgədə qoyub-qoymayacağını, MrBeast – ın etdiyi saxtakarlıqlara nə zaman son verəcəyini bu qocaman palıd öz beyninin divarları arasında o yan-bu yana gəzdirirmi?
Məncə, yox! O bu sualları nəinki görünən hissəsi ilə, hətta görünməyən (torpağın altında qalan) hissəsi ilə də fikirləşmir. Daha doğrusu, fikirləşmək istəmir. Çünki dünyada onu maraqlandıran daha maraqlı suallar var. Mərc gələrəm ki, palıd indi “pizza yumru olduğu halda onu niyə kvadrat qutunun içərisinə qoyurlar?” sualının cavabını axtarır. Ya da “niyə dondurma çox sürətlə əriyir, amma dondurulmuş yemək yox?” sualı haqqında fikirləşir. Ya da ki, “niyə insanlar yuxusuz qalıb bir iş görmək istədikdə, tez yuxuya gedirlər?” kimi bir sual barədə.
- Ay Zaur! Ayıl görək, - məni səsləyib reallığa qaytaran Təmkin bütün söhbəti Əkram Əylislinin karyerası kimi puç edir. Özümə gəlmək üçün cəhd göstərməyə çalışıram ki, yenidən tankının lüləyinə sual qoyub üstümə atır.
- Hardasan?
- Təyyarə bileti olmadan başqa dünyaya geşdim.
- Onu görürəm,- əlini çiynimə qoyur, - deyirəm yəni neçə gündü hardasan?
- Məhləyə düşməyə vaxtım olmurdu. Evdə idim.
- Necəsən?
- Gündüz milyon-milyonam. Gecələr təklənirəm, - Ramiz Rövşənin şeirləri çox zaman məni insanların suallarını cavablamaqdan qurtarır.
- Bəlkə, yorğunsan?
- Gözümü bu dünyaya açandan yorğunam. Vaxtından gec doğulduğumu düşünürəm. Mən Bukovskinin zamanında doğulmalı idim.
- Yaxşı, yaxşı... Yenə başlama.
Ortaya qarışan sükut nəticəsində hər iki cəbhədə susqunluq yaranır. Sonra yenə atəşkəsi Təmkin pozur.
- Bugün üçün hansı planların var?
- Hələ ki, heç bir plan haqqında düşünmürəm.
- Onda gəl biraz gəzək.
- Harada?
- Doğma Bakımızda!
Təmkinin sonuncu ifadəsi çox xoşuma gəlir. Ona görə də, heç bir etiraz etmədən təklifini qəbul edirəm. Həm də... Həm də Təmkinin özü də yaxşı oğlandır axı. Yaxşı oğlan olmamışdan öncə isə yaxşı bir insan, yaxşı bir dostdur. Düzdü, çox zaman öz fikirlərini cəmiyyət qarşısında dilə gətirməkdən çəkinir, amma bu onu pis biri etmir. Uşaqlığımızın bərabər keçdiyi məhlədən çıxıb dayanacağa doğru gedirik. Biraz gözləyəndən sonra, nəhayət ki, avtobusun gəldiyini görürük.
- Gəl, - Təmkin qarşıya keçib Baku buss – un bahalaşmış gediş haqqısını ödəyərək məni səsləyir.
*
Nədəndir bilmirəm, amma çox zaman fikir vermişəm ki, avtobusla hərəkət edəndə diqqətimi avtobuslar, avtomobildə gedəndəsə, avtomobillər cəlb eləyir. ChatGBT kimi insan psixologiyası da günü – gündən inkişaf edir, fərqli fikirlər və fərqli idealar ortaya çıxır. Görəsən, dünyada baş verən bu qədər sürətli süni intellekt prosesləri bizi uçurumamı, yoxsa inkişafamı aparır? Məncə, biz inkişaf levelini çoxdan keçmişik. Diqqətlə fikir versək, görərik ki, artıq mobil telefonlarımız belə necə dəyişib. Mobil telefonlara, demək olar ki, hər şey yerləşdirilib. Tədricən istifadə etdiyimiz bu cihazlar artıq elə bir yerə gəlib çatıblar ki, bir telefona yüklənə biləcəyindən daha çox şey yükləyiblər onların üzərinə.
Bədənim vasitəsilə nəyinsə hərəkətdən dayandığını duyub sağa-sola baxmağa başlayıram. Artıq Axundov bağının yanına çatmışıq. Təmkinlə birgə arxa qapıdan ayağımızı 28 May ərazisinə atıb 46 nömrəli avtobusu tərk edirik.
- Yaxşı ki, kondisionerlər var, - bayırdakı istiliyi hər bir zərrəsi ilə hiss edən Təmkin geriyə çevrilib başı ilə avtobusa işarə edir.
- Xatirələrini şişirdib danışan insanlara da xüsusi minnətdarlıq duymalıyıq.
- Atmacalarından da geri qalmırsan, - hər ikimiz gülümsəyib yolumuza davam edirik.
Addımbaaddım gəzib Fisincan restoranının qarşısına gəlirik. İçəriyə diqqət yetirib çox da sıxlıq olmadığını gördükdən sonra, qapıya doğru yaxınlaşırıq. Hostes gülər üzü ilə qapını açıb bizim öncədən rezerv edib – etmədiyimizi soruşur. Biz də rezerv etmədiyimizi, iki nəfər olacağımızı ona deyib özümüzə uyğun masa axtarmağa başlayırıq. Uzun bir seçimdən sonra, nəhayət ki, masa arxasına əyləşib nəfəsimizi dərməyə, özümüzə gəlməyə çalışırıq. Bir də görürük ki, biz özümüzə gəlməmiş qarşımıza menyu gəlir. Ofsiant özü də doğru zamanda gəlmədiyini başa düşüb bir qədər sonra masaya yaxınlaşacağını deyib kənarlaşır.
Hamı öz şəxsi həyat qayğıları ucbatından daim tələsir, hər şeyin sürətli getməsini istəyir. Bunun nəticəsində də tələsmək bizdə vərdişə çevrilir. Bir çox insan qarşısındakı yeməyinin, bir çox məktəbli abituriyentlik vaxtının, bir çox hərbçi təqaüd yaşına qədər işləyəcəyi illərin, bir çox ər-arvad aralarında yaşanan soyuqqanlı sevişmənin tez bitməsini arzulayır. İnsanlar necə də qəribədir...!
- Seçimini etmisən? - Təmkin menyunu o tərəf-bu tərəfə çevirə-çevirə məndən soruşur. Mən də indi edəcəyimi deyib menyunun salatlar bölməsini açıram. Oradan toyuqlu Sezar salatını tapıb missiyamı yerinə yetirərək məğrur şəkildə əllərimi qoynumda çarpazlaşdırıram. Uzaqdan bizi müşahidə edib, artıq seçim etdiyimizi görən ofsiant masamıza doğru yaxınlaşır, sifarişləri qeyd dəftərçəsinə yazır. İşini bitirdikdən sonra masadan aralanıb sifarişləri gətirmək üçün gedir.
İnsanların restorana getmələrinin bir neçə səbəbi olur. Ya işlərindən dolayı yemək hazırlamağa vaxtları olmur, ya özlərini dəyərli hiss etmək, sonra da çəkdirdikləri şəkilləri öz sosial şəbəkələrində paylaşmaq üçün bura üz tuturlar, ya da ki... Ya da ki, mənim də çox zaman etdiyim kimi...
Restoranlarda sifariş etdiyiniz yeməklər işçilər tərəfindən yalnız sizin üçün hazırlanır. Bu da həmin yeməyi həm dadlı, həm də dəyərli edir. Nəticədə biz həm dəyər, həm də yemək yemiş oluruq. Bir də ki, biz özümüzü səyahətdəymişik kimi də hiss edə bilərik axı. Məsələn, siz pizza sifariş edib ətrafa baxaraq və ya gözlərinizi yumaraq özünüzü İtaliyadaymış kimi də hiss edə bilərsiniz. Yaxud da tako sifariş edərək, Meksikada olduğunuzu xəyalınızda canlandıra bilərsiz.
- Yenə hansı fikrin dalınca qaçdın? - Təmkin soruşur.
- Yeməklər haqqında düşünürəm.
- Yeməklər, sadəcə, yemək üçündü, - Elza Seyidcahan demişkən, Təmkin bütün fikirlərin içini tikir...
Mən ona öz fikirlərim haqqında heçnə demirəm. Çünki dilə gətirdiyi fikir onun beynində kök salıb. Kök salmış düşüncə isə demək olar ki, dəyişmir.
- Sifarişləriniz hazırdır, - ofsiant gətirdiklərini qarşımıza qoyub, nuş olsun deyərək çıxıb gedir. Amma biz bilirik ki, o yenə gələcək. Saxtakarlıq nümayiş etdirərək, gülümsəyib bizə nəsə lazım olub-olmadığını soruşacaq. Çünki bəxşiş almaq üçün belə etmək lazımdı. Bu eynilə bank əməkdaşının müəllimlikdən xəbəri olmayan birinə də işini düzgün yerinə yetirmək xatirinə müəllim deyib nəzakət göstərməsinə bənzəyir. Bu ölkənin problemi ərəblərin mədəniyyətləri kimi düzəlmir ki, düzəlmir.
*
Fisincandan çıxıb Tarqovunun içərisi ilə Xəqani bağının (Malakan bağı) yanından keçib Bakı Kitab Mərkəzinə sarı gedirik. Təmkin bacısına, mən də özümə yeni bir kitab almaq üçün qapıdan içəri girib kitab rəflərinin qarşısına tərəf addımlayırıq.
- Mən ikinci mərtəbəyə qalxıram. Psixologiya və şəxsi inkişaf ordadır. Sən də seçim edib məni gözləyərsən, - Təmkin pilləkənlərə sarı gedir.
- Oldu, - deyib mən də sıra ilə kitabların düzüldüyü estetik görünüşlü rəflərin qarşısına keçirəm. Buradan Frederik Beqbederin “99 Frank” kitabını götürüb annotasiyasına baxıram. Haqqında çox eşitdiyim və diqqətimi özünə çəkdiyi üçün onu almaq qərarına gəlirəm. Kassaya getmək üçün geri çevrildiyim zaman qəflətən qarşıma çıxan ortaboylu, arıq, iyirmi üç–iyirmi dörd yaşlı, dərisi əsmər rəngli, fikirli halda irəliləyən gənc bir qızla toqquşuram. Biixtiyari olaraq, mənim əlimdə kitabla onun üzərində Van Qoqun şəkli olan qeyd dəftərçəsi və arasında olan bir neçə əlfəcin yerə düşür. Bir neçə saniyəlik tərəddüdlü baxışlarla bir-birimizi süzdükdən sonra, ikimiz də yerə tökülmüş əşyaları yığmağa başlayırıq. Əslində kitaba əşya deməyi çox da labüd hesab etmirəm. Çünki insan talelərindən bəhs edildiyi bir şeyi necə əşya salmaq olar? Amma tez bir şəkildə beynimdəki bu utopik fikirləri bir kənara buraxıb yerə tökülənləri toplamağa çalışıram. Burnuma şirin bir qoxu gəlir. Bu “Love Pation” ətridir. İlahi! Necə də füsunkar bir qoxudu.
- Bağışlayın ki, sizi də əziyyətə saldım. Çox vaxt bədii ədəbiyyat oxumuram. Bugün isə könlümə hansısa bir romanı oxumaq düşüb. Mən də nəyi oxuyacağımı bilmədiyim üçün fikirli-fikirli kitablara baxıb sizə dəydim, - o ayağa qalxıb əlində tutduğu ləvazimatları qaydasına salır.
- Əslində bədii ədəbiyyat oxumaq çox sadədi. Bir romanı açırsan, səhifələri çevirirsən və qəhrəmanların hekayəsinə qarışırsan.
- Maraqlıdı, - qız gülümsəyərək əli ilə saçlarına toxunur. Sonrasa yerdən götürdüyü kitabı mənə tərəf uzadaraq, - axıcı kitaba bənzəyir, - deyir. Mən kitabı ondan alıb Beqbederin çox yaxşı bir yazıçı və ədəbi tənqidçi olmağından, bu kitabı yazdıqdan sonra işdən qovulmağından danışıram. Sonra bizim söhbətimiz müxtəlif mövzulara keçid etməyə başlayır. Özümü çox rahat və xoşbəxt hiss edirəm. Təsadüfi şəkilləri çox sevməsəm də, təsadüfi insanları hər zaman dəyərləndirməyə çalışıram.
- Bəlkə, mənə bir kitab tövsiyyə edəsiniz? - o üzümə baxıb gülümsəyir. Heç vaxt bir qızın bu qədər gözəl gülümsədiyini görməmişəm. Həyat, sanki, gerçəkdən var olmuş halda onunla mənim aramda dayanıb.
- Sizə heç bir zaman unutmayacağınız bir kitab tövsiyyəsi edə bilərəm, - bunu deyib onunla bərabər xarici ədəbiyyat bölməsinə doğru gedirəm. Bir neçə dəqiqəlik axtarışdan sonra, nəhayət ki, Erik Siqalın “Bir Sevgi Tarixçəsi” kitabını tapıb ona verirəm. Elə bu əsnada onun telefonuna zəng gəlir. Danışığından hiss edirəm ki, valideynləridir. Sonra indi evə gələcəyini deyib getmək istədiyini bildirir. Kitabın ödənişini etmək istədiyimi desəm də, buna razı olmur. Yarım saatlıq söhbət ərzində nə bir-birimizin adını, nə nömrələrimizi, nə də burada bir də nə vaxt qarşılaşıb-qarşılaşmayacağımızı dilə gətiririk. Beləcə, o addımını Bakının isti küçələrinə atır. Gedərkən geriyə çevrilib gülümsəməyi də unutmur.
*
Axşam saat doqquzdur. Ailə üzvlərimlə bərabər qonaq otağında oturmuşam. Onlar televiziyadakı xəbərlərə baxır, mənsə divanda oturub düşüncələrə dalmışam. Onunla qarşılaşmağımdan iki gün keçsə də, bu günlər mənə yüz ilin tənhalığı kimi gəlir. Bir də nə vaxtsa qarşılaşıb-qarşılaşmayacağımı düşünürəm. Bir də nə zaman gülümsəməsini görəcəyimi, ətrinin şirin qoxusunun burnuma dolacağını, gözlərimin heyranlıqla gülüşünə baxacağını xəyal edirəm. Onun ad-soyadını, ya da nömrəsini götürmədiyimə görə, özümə qəzəblənirəm. Elə bu vaxt televizorun geniş ekranında gözümə bir şəkil dəyir. “Bu odur” deyib qışqırmaqdan özümü güclə saxlayıram.
“Bakı Dövlət univeritetinin sonuncu kurs tələbəsi Nilay İsrailova bugün axşam saatlarında yaşadıqları binanın qarşısında yolu keçərkən avtomobil tərəfindən vurulub. Təəssüflər olsun ki, gənc tələbə elə yerindəcə haqqın rəhmətinə qovuşub.. Ailəsinə və sevdiklərinə səbr diləyirik”
Şok keçirmiş kimi yerimdəcə donub qalıram. Ekranda gördüyüm video görüntü və eşitdiyim xəbər məni sarsıdır. Heç vaxt qarşılaşmadığım duyğular məni öz ağuşuna alaraq, canımdan can qoparır. Onun adını öyrənmiş oluram, amma bir də onun adını dilimə gətirə biləcəyimə və onun bu ada cavab verəcəyinə zərrə qədər də olsun ümidim qalmır.
Mənim sonuncu ümidlərim də ən sonda ölür.
(06.08.2024 - 08.08.2024)
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)