“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Adil Əfəndiyev
Adil Əfəndiyev 1995-ciil avqustun 12-də Qazaxrayonunda anadanolub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Şəhidlər and yerimiz.
Zəfər həkim, and həkim.
Bu gün doğum günüdür,
Cənab leytenant həkim.
Sən əbədi məsumsan,
Haqqın dünyası kimi,
Savaşda igidlərin,
Şəfa tanrısı kimi.
Ömürdə qiymətini,
Veribdir Allah sənin,
Bir əlində şəfa var,
Birində silah sənin.
Sən döyüşdə köməksiz,
Qoymamısan heç kimi.
Həkimlərin şəhidi,
Şəhidlərin həkimi.
İgid, qəhrəmanlığa,
Yeni nəfəs vermisən,
Yaralı komandirin,
Səsinə səs vermisən.
Vermisən öz canını,
Vətənin torpağına,
Sarılmısan əbədi,
Müqəddəs bayrağına.
Sənin vətənə sevgin,
Hamımıza bəllidir,
Evdəki şəkillərin,
Anana təsəllidir.
Yoxluğun buza dönüb,
Gözlərdə həsrət kimi.
Səninlə fəxr edirik,
Xalq kimi, millət kimi.
Şəhidlər and yerimiz,
Zəfər həkim, and həkim,
Doğum günün mübarək,
Cənab leytenant həkim.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)