İSLAM DİNİ hansı dilləri öyrənməyi günah sayır? Featured

İmran Veriyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

 Artıq qloballaşan dünyada ikidillilik (çoxdillilik) zərurətə çevrilmişdir. Xarici dillərin öyrənilməsi zamanın tələbidir,  başqa sözlə, əcnəbi dili və ya dilləri öyrənməyə məcburuq. Təsadüfi deyil ki, Ulu öndərimiz H.Əliyev çıxışlarının birində deyirdi: “… biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Biz artıq dünyaya qovuşmuşuqsa, dünya birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər”.

Bəs müqəddəs dinimizin xarici dillərin öyrənilməsinə münasibəti necədir? Hansı hallarda dinimiz xarici dilləri öyrənməyi “kifayi fərz” hesab edir? Bəs günah saydığı hallar da varmı?

Bəri başdan qeyd edək ki, dinimizdə dil ayrı-seçkiliyi yoxdur. Düzdür, metafizik izhar üçün çox sərfəli olan ərəb dili kosmik-ilahi informasiyanın ötürücüsü və ilkin daşıyıcısı kimi şərəfli bir tarixə düşüb, dünyanın ən zəngin dillərindəndir. “Quran” ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusu və mükəmməlidir. Amma bu, ərəb dilinə fövqəladə üstünlük və səlahiyyət vermir. Umumiyyətlə “Quran” heç bir millətin və dilin üstünlüyündən bəhs etmir. “Ərəb dili”, “ərəb”, “ərəbcə” ifadə və sözlərinin olduğu ayələrin də heç birində bu xalqın və bu dilin əlahiddəliyindən söhbət getmir. Sadəcə olaraq, “Quran”ın eniş dilinin ərəbcə olması bildirilir.

 “Quran”da güya qeyri-ərəb müsəlman xalqlarının və müsəlman olmayan “kafirlərin dili”nin öyrənilməsinin qadağan olunması, ərəb dilinin digər dillərdən üstünlüyü barədə fikirlər ancaq səbatsız “millətçilərin” və riyakar din xadimlərinin iddia və uydurmalarıdır. Hələ vaxtı ilə Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas M.Kazımbəy özünün “İndiki Hindistanda maarifin yayılmağa başlaması” adlı məqaləsində ərəb dilinin və ərəb əlifbasının  dini mahiyyət daşıdığını, guya “Quran”la bağlı olduğunu və onun “müqəddəsliyini” əldə bəhanə edənlərə inandırıcı və tutarlı cavablar vermişdi.

 Burda milli dillərə “Quran”ın münasibətini yada salmaq yerinə düşərdi.“ər-Rum” surəsinin 22-ci ayəsində deyilir: “Onun ayələrindəndir göylərlə yerin yaradılışı, dillərinizin, rənglərinizin müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə”. Göründüyü kimi, bu ayə bütün dilləri eyni statusda təqdim edir. Elə təkcə həmin ayə ərəb dilinin əlahiddəliyi fikrini təkzib etməyə kifayətdir. N.Qasımoğlunun “İslam və millilik” məqaləsində yazdığı kimi, “…milli dil də ayədir, yəni Tanrı dərkinə yön verən işarələrdən, impulslardan sayılmalıdır, ilahi varlığın dəlillərindəndir. Başqa sözlə, bütün milli dillər Tanrı zəmanətində olduğundan müqəddəslik statusuna malikdir”.

   Tarix göstərir ki, İslam dini yayıldığı ərazilərdə  heç bir yerli dilin işlənməsini qadağan etməmiş, əksinə bu dilləri öyrənməyə təşviq etmişdir.   Dinimiz İslamın digər insanlara çatdırılması üçün xarici dilləri öyrənməyi “kifayi fərz” hesab etmişdir. Şərqşünas-alim, AMEA-nın həqiqi üzvü, Azərbaycanın   Əməkdar elm xadimi V.Məmmədəliyev  “Quran”ın I,II və III nəşrlərinə ön sözdə yazırdı: “Peyğəmbər əleyhissəlam öz sağlığında Allahın hökmlərini, buyruqlarını təbliğ etmək üçün yaxın əshabələrinə əcnəbi dilləri öyrənməyi tovsiyə edirdi. O, Zeyd ibn Sabitə Qurani-Kərimi qeyri-ərəb sami xalqlara anlatmaq, onların arasında yaymaq məqsədilə ibrani və siryani dillərini öyrənməyi buyurmuşdu”. Peyğəmbərimiz həm də demişdir: “Türklərin dillərini öyrənin, çünki onların uzun sürən hakimiyyəti olacaq”. Faktlar göstərir ki, Allahın elçisi özü siryani dilini bilirmiş və bu dili 17 günə öyrənibmiş. O həmçinin səhabələrinə müraciət edərkən bəzən xarici dillərdə (məsələn, o zaman xristian olan həbəşlərin dilində) olan sözlərdən istifadə edirmiş.

 Ümumiyyətlə, nə qədər zəngin olsa da, ərəb dilində də çoxlu alınma sözlər vardır. Bu proses hələ cahilliyə dövründən başlayaraq davam etmişdir. Sonralar həmin sözlərin çoxu ərəbləşdirilmişdir. Hətta bəzi tədqiqatçılar “Quran”ın özündə də ərəbləşdirilmiş sözlərin olduğunu bildirirlər. Təsadüfi deyil ki, ərəb qrammatika elminin banisi Sibəveyhi (796-cı ildə vəfat etmişdir.) ilk dəfə özünün “əl-Kitab” əsərində ərəb ədəbi dilinə keçən sözlərə aid bölmə həsr etmişdi.   

          İslam dini meydana çıxan dövrdən müxtəlif dil məktəblərində, o cümlədən VII-VIII əsrlərdə yaranmış ərəb dilcilik məktəblərində (X.Təbrizi də bu məktəbin ən görkəmli nümayəndələrindən olub) ərəb dili ilə yanaşı, digər  dillərin də tədqiqatı aparılırdı. Məsələn,  Bəni Əhmər dövlətinin himayəsi altında fəaliyyət göstərən Əndəlüs dil məktəbində əcnəbi dillərin tədqiqatına cəhd göstərilirdi. Doktor Q.Şükürov “Bəni Əhmər Əndəlüs dil məktəbi” adlı məqaləsində yazırdı ki, bu məktəbdə fars, həbəş, yəhudi, himyəri, siryani, ispan, səfarad, portuqal, türk və digər dillər öyrənilir və tədqiq olunurdu. Bu dillər üzrə mütəxəssislər hazırlanırdı. Əbu Həyyan Əl-Əndəlüsi kimi tanınmış dilçilər türk dili üzərində də araşdırmalar aparırdılar. Həmin alim hətta türk dilinin erkən dövr qrammatikasına aid əsər yazmış, türk dilindəki sözlərin ərəb dilindəki mənalarını verən müfəssəl lüğət də hazırlamışdı.

 Bu məktəblərdə tərcüməçilər də (hətta xarici tərcüməçilər) fəaliyyət göstərirdilər. Onlar əsasən saraylarda çalışır, rəsmi sənədləri, dövlət nümayəndələrinin dialoq və müzakirələrini tərcümə edirdilər. Tərcümə fəaliyyəti Əməvi xəlifəsi Xalid ibn Yezidin hakimiyyəti illərində başlanmışdı. Sistemli tərcümə fəaliyyətinə isə Abbasilərin hakimiyyəti dövründə təsadüf olunur. Xəlifələr Mənsur (754-745), Harun ər-Rəşid (789-809) və Məmun (813- 833) tərcümə işinə böyük əhəmiyyət verirdilər.

Hazırda yer üzündə ortaq dilə ehtiyac gündən-günə artmaqdadır. Artıq ingilis dili “linva franka” (ortaq dil) statusuna sahib olmaqdadır. Bəs İslam alimlərinin ingilis dilinin öyrənilməsinə münasibəti necədir? Qısa bir araşdırmadan belə məlum olur ki, onların əksəriyyəti ingilis dilinin öyrənilməsini mübah (mümkün) iş hesab edirlər. Məsələn, Səudiyyə Ərəbistanı Krallığının Yüksək dərəcəli Alimlər Şurasının üzvü, 50-yə yaxın fətvalar toplusunun müəllifi, görkəmli din xadimi Şeyx Məhəmməd ibn Saleh əl-Useymin ingilis dilinin öyrənilməsi barədə bir sualı cavablandırarkən demişdi: “Ərəb dilindən başqa dillərin öyrənilməsi haram deyil! Əksinə əcnəbi birinin dəvət edilməsinin bundan asılı olması kimi hallarda vacib olar. Belə ki, biz ona xitab etmək üçün onun dilini öyrənmədən İslama dəvət edə bilmərik. Beləcə əcnəbi dilin təlimi kifayi fərzdir! Çünki, bizim o əcnəbilərə Allahın dinini təbliğ etməmiz  qaçınılmazdır. Bəs hansı vəsiləylə?…O dildə danışanları dəvət etmək dili öyrənməkdən asılı olduğu zaman əcnəbi dil öyrənmək vacib olar! …İnsanları İslama dəvət üçün ingilis dilinin öyrənilməsinə ehtiyac olduqda bu fərzu kifayədir. Əgər dünyəvi səbəblərdən ehtiyac duyularsa, ingilis dilini öyrənmək mübah bir işdir." (Mənbə: https://ehlitevhid.com/forums/lofiversion/index.php?t482.html)

Dinimiz əcnəbi dilləri ancaq İslamı yaymaq üçün deyil, həm də həmin əcnəbilərin təcrübədə əldə etdikləri elmi, siyasi-iqtisadi, mədəni, texnoloji, hərbi və bir çox başqa sahələrdəki nailiyyətlərdən istifadə edilməsi, onların planlarını, məqsədlərini bilmək üçün öyrənməyi təklif edir. Kimya, astronomiya və təbabətə dair kitabların, Galenin, Hipokratın, Evklidin, Aristotelin, Platonun və başqalarının əsərlərinin ərəb dilinə tərcümə edilməsi də bunu sübut edir.

İslam dini bir neçə halda xarici dilləri öyrənməyi münasib bilmir. Məsələn, dinimiz xarici dillərin həmin dillərin sahibləri qarşısında ruhu əziklik vəziyyətində, təzyiq yolu ilə, öz ana dilini unutmaq və ya unutdurulmaq bahasına   öyrənilməsini məqbul hesab etmir. Həmçinin xarici dillərin çirkin niyyətlərin həyata keçirilməsi məqsədilə öyrənilməsi və öyrədilməsi pislənilir.

Görkəmli din xadimi Şeyx Məhəmməd ibn Saleh əl-Useymin deyirdi ki,         “…mənim qarşı olduğum və təhlükədə olduğumuzu düşündüyüm nöqtə başqadır. Biz dörd - beş yaşlı kiçik övladlarımıza ingilis dilini elə öyrədirik ki, irəlidə bu dil onun ana dili olur. Mənim qarşı çıxdığım budur”. Bu fikirlə razılaşmamaq mümkün deyil. Xarici dili ana dilindən üstün  tutmaq bağışlanmaz bir günahdır.

Övladlarına ana dilindən öncə xarici dilləri öyrədənlərə böyük rus pedaqoqu K.D.Uşinskinin aşağıdakı sözlərini xatırlatmaqda yarar var: “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!”

M.Ə.Rəsulzadəyə görə də, yad dildə təlim-tərbiyə verilən  məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən  yad əxlaqlı bir insana çevrilir. Belələri hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq yad havalara oynayacaq, yad meyillərə uyacaq, öz nicatlarını yad ölkələrdə axtaracaqlar.

         Şübhəsiz ki, çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir. Tədqiqatlar göstərir ki, çoxdilliliyin bir sıra üstün cəhətləri vardır. Filologiya üzrə fəlsəfə doktoru E.Əliyevanın “Ana dili və çoxdillilik problemləri” adlı məqaləsində yazdığı kimi: “Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur. Çoxdillilik beynin inkişafına təkan verir, düşünmənin çevikliyini artırır. İnsanda özünəinam hissi artır. Təcrübə göstərir ki, insan hansısa xarici vətəndaşla onun öz dilində ünsiyyətə girirsə, bu zaman müsbət enerji alır, inamlı olur.

Çoxdilli insan tanış olduğu mədəniyyətlərin təsiri altında daha kreativ düşünür. Ünsiyyət dairəsinin genişlənməsi ilə öz həyatını rəngarəng edir”.

Məşhur alman şair və dramaturqu, mütəfəkkir və naturalisti İ.V.Goete demişdir ki, xarici dildə danışmayan insan, öz dilini də dərk edə bilməz. 

Bu gün gənclərimiz ölkəmizin ümumtəhsil məktəblərində, universitetlərində, müxtəlif dil kurslarında dünyanın aparıcı dillərini uğurla öyrənir, xarici ölkələrin aparıcı ali məktəblərində müvəffəqiyyətlə təhsil alırlar. “2022-2028-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq təkcə növbəti tədris ilində 500 azərbaycanlı gəncin 135 nəfəri dünya reytinq cədvəlində ilk onluqda olan universitetlərdə müxtəlif dillərdə təhsil alacaq.

Əlbəttə, bunlar çox müsbət haldır. Amma xarici dillər ana dilinin nüfuzuna xələl gətirmədən, onun coğrafiyasını məhdudlaşdırmadan öyrənilməli, ölkə daxilində heç bir sahədə praktiki olaraq ana dilindən  üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini, milli əxlaqını və soykökünü təyin edir. 

Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan ana dilimizin  bu gün qorunmağa və möhkəmlənməyə daha çox ehtiyacı var. Prezident İ.Əliyev 2018-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.

Təsadüfi deyidir ki, Ümummilli liderimiz H.Əliyev Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.