Super User
“Dedi ki, xərçəng ilə mübarizədəyəm…” - YAKUB ÖMƏROĞLUNUN VƏFATINA
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Elə bil ki, bir tufan əsdi və köklü-budaqlı, ən şirin meyvəli bir qocaman ağacı kökündən qoparıb harasa apardı...
Bu gün Avrasiya Yazarlar Birliyinin rəhbəri Yakub Öməroğlu hocamızı itirdik.
Ötən 10 gün ərzində xərçəng olduğunu bilmişdim. Ondan “Sahaya” kitabımı nə zaman nəşr edəcəklərini soruşmuşdum. Bir neçə gün sonra yorğun və iniltili bir səslə mənə cavab verəndə demişdi ki, xərçəng ilə mübarizədədir. Sağalan kimi, kitabla məşğul olacaq...
Və həmin yorğun səsli bu dostumu narahat etməyim deyə telefon açmadım, sadəcə üzüntülü bir səslə heyrətimi və sıxıntılarımı sözlə ifadə edib, ona səs göndərdim. Sonda göz yaşlarımı saxlaya bilmədim.
Cavab səsi belə oldu: “Üzülmə. Hər şey iyi olacaq!...”.
Daha sonra mən ona səsli mesajlar göndərdim, fikirləşdim ki, qoy bilsin, onun üçün Azərbaycanda narahat olanlar var.
Çünki o, bütün türk dünyası üçün narahat idi. “Bengü yayınları” yayın evinin kitab seriyaları və “Kardeş kalemler” dərgisi ilə bütün türk xalqlarının ədəbi və mədəni irsini yaşadan bir TÜRK İdi. Ömrünü bu davaya, bu sevgiyə, bu yola həsr etdi...
Bilmirəm ki, hansı medalların, ordenlərin, təltiflərin sahibidir... Təkcə onu bilirəm ki, hər bir söz adamının, özünü türkçülük yolunda mücadilədə bilən hər kəsin qəlbində yeri boş qalan Ömər Yakuboğludur o!
Bircə ondan rahatam ki, Türk dünyasının belə bilgələri, belə müdrikləri və söz sahibləri yaratdıqları işığın dalınca Tanrı dərgahına uçurlar.
Görüşəcəyiniz ruhlara salamımızı çatdırın, əziz qardaşımız! Uçub getdiyiniz yeni mənziliniz, yeni məqamınız kutlu olsun.
Orada sizi gözləyənlər var...
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
“Azadlıq - yaşamadığımız həyatdır...” - Nərmin Cahangirova
Ayın gecəyə səbr etməsi
onu açıq-aydın bir hala gətirir.
Gülün tikana səbr etməsi də onun
gözəl ətirli olmasına səbəb olur.
Cəlaləddin Rumi
Dənizçiliklə yanaşı, jurnalist fəaliyyətini davam etdirən, şeir və hekayələr müəllifi olan Faiq Balabəylinin "Burda darıxmaq olmaz" kitabı ilk növbədə, səbrin, dözümün bəhrəsidir. Yaşamalı olduğu məhbəs həyatı və bu həyatın qazandırdıqları kitabı ərsəyə gətirib desək, yanılmarıq. Qasım bəy Zakirə "Durnalar"ı, Xəlil Rza Ulutürkə "Lefortovo gündəliyi"ni yazdıran məhbusluq Faiq Balabəyliyə "Burda darıxmaq olmaz", "Bayıldan bayıra" kitablarını yazdırdı. Kitabın adı da maraqlıdır, içindəki şeirlərin ümumi ruhunu, poetik ovqatını ifadə eləyir. O qədər ki, burda doğrudan da, darıxmaq heç yada düşmür.
Faiq Balabəylinin misraları şairin həyat, sevgi, ailə, dostluq, vətənlə bağlı düşüncələrini, həsrətini, nisgilini təcəssüm etdirir. Məhbəs şeirlərinə ad qoymayan şair onların nə vaxtsa ünvanına çatacağına, özünün əsl dəyərini tapacağına inanaraq yazır ki:
Məhbəsdə yazdığım şeirlərə
Ad qoymuram
Hələ ki adsız yaşayırlar.
Yaxşı şeir də yaxşı oğul kimidir
Nə vaxtsa özlərinə ad qazanarlar.
Faiq Balabəyli heç kəsin görmədiyi, hamıdan uzaq olan həyatın acı gerçəklərini, həyat lövhələrini, insan mənzərələrini poetikləşdirir. Azadlıq anlayışı bu şeirlərdə əsas refren kimi mənalanır və bu, təbiidir. Həyatla ölümün, ümidlə ümidsizliyin bir addımlığında olan insanlar üçün ən qiymətli olan azadlığın özüdür:
Axşamkı yağışdan sonra
Azadlığa çıxmaq həvəsim
Birəbeş artdı.
Dünya ürəyimə daha da yatdı,
Oğlumun alnından öpmək istədim
Qızımın saçından,
Anamın ürəyindən...
Ümidsizliyə qapılıb nahaq yerə itirdiyi günlərinə, adına yaxılan böhtanlara heyifsilənən, lakin ailəsinin, yaxınlarının inamı, qayğısı ilə ayaqda durub, bütün çətinliklərə sinə gərməyi bacaran Faiq Balabəyli bütün şeirlərinin qəhrəmanıdır. Dostlarından biri qeyd edir ki, "dünyada yaxşı olmayan hər şeyə Faiq Balabəylinin şeirləri ilə üsyan etmək mümkündür". Həqiqətən də həbsxanada olarkən dünyanın hər üzünü görən, onlarla insan tanıyan, müxtəlif həyat hekayələri dinləyən şair müşahidələrini misralara çevirməklə şahidi olduğu hər hadisəyə münasibət bildirməkdən çəkinməmişdir:
Burda insanlar müxtəlifdi,
Bayırda olduğu kimi.
Bayırda da oğru var,
doğru var,
Yalandan danışanlar,
Yalanadan irişənlər
Yalandan görüşənlər
Və ayrılanlar.
Məhbəsin soyuq divarları arasında fiziki azadlığından məhrum olsa da, daxili azadlığını dərk edən müəllif bu duyğunu özünəməxsus şəkildə mənalandırır... Şeirlərinə sığınır, onların işığına sığınıb sabaha yol, ünvan arayır:
Azadlıq
Yəqin, heç vaxt görə bilməyəcəyim,
Duya bilməyəcəyim bir zatdır.
Azadlıq - azad olmaq
Azad yaşamaq
Azad düşünmək,
Bir sözlə, yaşamadığımız həyatdır.
Söz oyunu üzərində qurulan şeirdə azadlığa müxtəlif aspektlərdən yanaşan və azadlığın həsrətini daşıyan müəllif özünü ədəbiyyata təslim etməklə, sanki mübarizə formatını dəyişmiş olur. Ağır günlər keçirən, həyatın zərbəsindən sarsılan Faiq Balabəylinin məhbəsdəki yaşantılarından bəhs etdiyi şeirlərində dustaqları adi insan kimi yox, xüsusi bir kateqoriya kimi dəyərləndirməsi inciyən, sarsılan şair qəlbinin hayqırtısına çevrilir:
Üzündə zərrəcə sevinc tapılmaz,
Gələr xəyalına nələr dustağın.
Axşamlar gördüyü şirin yuxular
Tərsinə yozular səhər dustağın.
Faiq Balabəylinin məhbəs şeirləri arasında ailəsinə ünvanladığı nümunələr çoxluq təşkil edir. "İçimdə sənsizliyi daşıyıram" deyə səsləndiyi ömür-gün yoldaşına çoxsaylı şeirlər ithaf edən şair sevgisini də, həsrətini də misralara hopdurub "çöl"ə çıxarırdı.
Gəldin ürəyimdən qəmi çıxardın,
Dumanı, çiskini, çəni apardın.
Qış vaxtı ömrümə gələn bahardın
Yaman bənzəyirdin çiçəyə-gülə
Niyə görməmişdim səni mən belə.
Şairin oğluna və qızına həsr etdiyi, onları göz önünə gətirərək yazdığı şeirlərin duyğu yükü olduqca ağırdır. Ata həsrətini, nisgilini ifadə edən şeirlər o qədər səmimi və təsirlidir ki...
Məktubun oxudum
sətirlərin arasında
ürəyinin çırpıntısını
gözlərinin nəmini
gördüm, oğul.
Və ya qızının ad günündə yanında olmadığından kədərə boğulan şair yazır:
Mən dünyanın küskünü,
Yəqin, inciyib məndən.
Saçlarını oxşayıb,
Öpməmişəm üzündən,
Qızım tək qalıb indi,
Gözlərimin içində
Mən düşmüşəm gözümdən.
Bu şeir kitabdakı ən təsirli poetik nümunələrdən biridir. Əlbəttə, buradakı bədbin ovqat, dekadans çalar nəzərdən qaçmır, hətta Faiq Balabəylinin o çətin günlərində Azər Turanın yazdığı belə bir qeydlə də rastlaşırıq ki, "Qızının ad gününə yazdığı şeirdə olduğu kimi, dostumuzun bədbinliyə qapılmasını istəməzdim. Çünki içərisində gəzdirdiyi işığa belə həssas olan, qaranlığa qarşı belə güclü müqavimət hissi bəsləyən insanın bədbin olmasını qəbul etmək olmur". Bununla belə, yaşanılan hissin təzahürü olduğundan və ilk növbədə, duyğuların səmimi ifadəsindən hasilə gəldiyinə görə oxucunu da öz poetik aurasına daxil edir, inandırır.
Klassik ədəbiyyatda olduğu kimi, müasir dövr bədii nümunələrimizdə də şairlərin nəsihət xarakterli şeirləri kifayət qədərdir. Ağır sınaqla üzləşən Faiq Balabəyli də oğluna, qızına ithaf etdiyi çoxsaylı şeirlərində həsrət yanğısının ifadəsinə üstünlük versə də, nəsihətlərindən də qalmır. Daha çox düşüncələrin təcəssümünə köklənən bu şeirlər gənclərə inam aşılayan ənənəvi nəsihətlərdən fərqlidir. Burada müəllif insanlara inanmağı deyil, inanmamağı təlqin edir və bu fikirdə, ümumən ömrün hesabatı sərgilənir: təəssüf, yanğı, peşmanlıq və s.
Sən də
Bu məmləkətdə
Ağaca, daşa inan
Yazdan sonra yaya,
Payıza, qışa inan.
Göydə qanadı qırılan,
Yerdə ayağı sınan
Heyvana, quşa inan
İnsanlara inanma, oğul!
Arzu edək ki, Faiq Balabəyli, eləcə də heç bir söz adamımız çətin, məşəqqətli zindan həyatı ilə sınanmasın. Çünki bu həyatın qazandırdıqları itkiləri ilə müqayisədə çox azdır.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
“Bu qədər sevməz ki adam adamı…” - GÜNEL BALAKİŞİ
“Ədəbiyyat və incəsənət” portalının TƏBRİKLƏR rubrikasındayıq, sizlərə bildiririk ki, şair Günel Balakişinin doğum günüdür. İstedadlı gənc xanım şairin doğum günündə onun şeirlərini oxuculara ətmağan etməkdən gözəl nə ola bilər ki?
ANAMDAN SONRA…
Çantasını açdım
İçindən bir kağız parçası tapdım.
Alacaqları varmış,
Baxdım ki, siyahı yazmış…
1. Corab
2.Ayaqqabı…
”Gülüm”ə dəri
Õzümə adi….
Səndən sonra …
aldım, anam,
Corab da, dəri ayaqqabı da…
Amma həmişə üşüdü ayaqlarım
İyulda da, avqustda da.
Həyatımı soruşsan,
Səndən sonra …
mənim həyatım
Sənin ayaqqabın kimidir,
Hər şey adi!..
*
Səni ağladanları ağlada bilmərəm,
Öldürə bilmərəm, döyə bilmərəm,
Mən heç qarışqaya qıya bilmirəm,
Baxma ürəyimin böyüklüyünə,
Əllərim balacadır,
Divə gücüm çatmaz.
Amma öpərəm...
Acı göz yaşından elə, öpərəm,
Çəkərəm qəmini, elə çəkərəm,
Gözlərinin qarasına qurban olaram,
Göz yaşın da gözəldir,
Gülüşünə çatmaz.
Ağardaram saçlarımı, ağardaram,
Ölərəm səninçün, elə ölərəm,
Səni yasa boğan, küsdürən mənəm?
Gedərəm ömründən, elə gedərəm..
Bir də əlin çatmaz.
*
Günah səslərindən qulaq batardı,
Yaxşı ki, kölgələr laldı.
Yaxşı ki, kölgələr danışa bilmir,
Kölgə ayaq altda qalıb uzandı
Yerin qulağı var, adamlar bilmir.
Kimin kölgəsisən, divardan baxan?
De, hansı günahdan bəslənib boyun?
Özünə ev tikib ümidlər yıxan,
Kimin ölüsünə çalınıb toyun?
Sən mənim deyilsən, sən mən deyilsən,
Allah, utanıram mən öz kölgəmdən.
Mən iblis deyildim, mən adam idim,
Bəs o ucalıqdan necə kiçildim?
Allah, bu nə zülmət, bu nə haraydı?
Yerdən də aşağı bir yermi vardı?
Burda dil-dil ötür dilsiz şahidim, kölgəm...
"Cəhənnəm"ə çağırır...gedim!
*
Mənə sənsizliyi öyrətdin, adam,
Gözümə görünmə, gözdən düşmüsən.
İlk günlər sənsizlik zülm idi, zülm.
İndisə sıradan, adi birisən.
Çoxmu dəyər verdim? Dəyməzmi idin?
Mən səndə yanıldım, inandım, yandım.
Yəni sən bu qədər dəyərsiz idin?
Səni sevdiyimə özüm utandım!
Gülüb yan keçəcəm, qarşıma çıxsan,
Ayaq səslərindən tanırdım hətta.
Xatırlayırsanmı? Sən indi yadsan!
İnsan yaşatdığın yaşar həyatda!
*
Mən elə bir məmləkətdə doğuldum ki,
Gənc ömürlər yarpaqlardan öncə solur.
Köçəri quşlardan öncə şəhidlər uçur cənnətə,
Belə gəlir payız fəsli bu yerlərə.
Bahardan doymayan pöhrələr,
Atadan doymayan körpələr...
Xəzan anaların saçından başlayır burda,
Torpaq ataların ürəyindən başlayır çürüməyə.
Mən elə bir məmləkətdə doğuldum ki,
Şəhid evləri UÇUQ-SÖKÜK damlardan asılmış
TƏZƏ bayraqlardan bəlli olur.
Mən elə bir məmləkətdə doğuldum ki,
Kişilər ya şəhid olur ölür,
Ya da utandığından ölür.
*
Bu qədər sevməzki adam adamı,
Səndə nə görmüşəm, bilmirəm axı.
Lap deyək, yaxşısan, yaxşı adamsan,
Dünyada səndən də yaxşı var axı.
Saatı soruşur, bayaq bir qadın,
Deyirəm, səkkizdir, oevdən çıxır.
Qorxdum, sərsəriyə çıxacaq adım,
Hamı mənə dəli gözüylə baxır.
Bu vaxt işə gedir, bu vaxt qayıdır,
Necə də əzbərdən bilirəm, ah, ah...
İkinin yarısı nahar edəcək,
Günümə-saatıma bax, Allah, Allah.
Çayını süzəndə ehmalca süzün,
Bardağı sonadək dolmamalıdır.
Mənim ömrüm-günüm, özüm,
Onunsa...
Yeməyi acısız olmamalıdır.
Bu qədər sevməz ki adam adamı,
Yenə ətirinlə ətirlənmişəm.
Adın batsın, unutmuşam adımı,
Sən gedəli yox olmuşam, itmişəm!
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
POETİK QİRAƏTdə Rəbiqə Nazimqızının “Üzük” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə Rəbiqə Nazimqızının dünənki debütü uğurlu alındı, bu gün yenə odur, o düşündürür və təəccübləndirir. Süjetli poeziya, bitkin kompozisiya.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
ÜZÜK
"Səslərin ardınca” silsiləsindən
Yenə ensiz, sarı, dar hasar.
Qandal yenə tapılar.
Dalana dirənər,
dillənər barmaqlar yenə.
Yanından keçə,
üstündən atıla bilməzsən.
Unuda bilməzsən,
dağıda bilməzsən…
Basılmaz, aşılmaz -
çevrətək qapanıb,
qapısı açılmaz…
Gözlərin qamaşar,
yanına buraxmaz.
Yandırar,
utandırar.
Və bu dəfə yenə yalvara bilməzsən:
"Bircə dəfə o üzüyü çıxar” deyə…
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
STATUS YAĞIŞI - Allah qəbil eləsin!
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Sumqayıt Poeziya Evinin əməkdaşı Almaz Ərgünəş Bəyazid üçün açır. Buyurun.
Deyir Azərbaycanda yas mərasimində yemək qadağan edilib.
Mümkün deyil.
Ehsan xüsusi insanların biznes yeridir. Yəni öludən gördükləri xeyri dədələrindən sağ vaxtı görməyənlər var .
Sadəcə bunun bir yolu var.
Xalq özü, sadə, kasıb təbəqə özü buna əməl etsin və qarnı yırğalanan arvadlar "ay qız, ehsan vermədilər" deməsinlər.
Birinə nəyisə az verəndə "ehsan deyil ki, çox elə” deyirik. Demək, ehsan az olmalıdır.
Mənim yasımda çay, halva, limon, qənd kifayət edər.
Yasda konfet, marmelad, çərəz cahillikdir.
Sağ olsun Qubadlı camaatı, Sumqayıtda meyvəni yigisdirtdira bildi.
Oğul istəyirəm bu bozbaşı, ləbləbini də yığışdıran ola.
Gələn imkanı olan maddi kömək etsin, olmayan da yenə sağ olsun.
Elin köməyi yer almağa, başı batmış mollaya və s. gərək olur.
Bir qonşum vardı, deyirdi ki, ölənə də qalan yeməkdi.
Cansız, ruhsuz bədən torpağın altında böcəklərin yemi olur, sənin bozbaşı basıb yeməyindən ona nə...
Hətta doğulduğun torpaqda belə bir qarış torpağın qəbir kimi satılması da faciədir.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Mikayıl Bədəlovun “Qələbə nidası” adlı yeni kitabı işıq üzü görüb
Tahirə Ağamirzə, “Ədəbiyyat və incəsənət” üçün
Dəyərli ziyalımız Mikayıl Bədəlovun bu günlərdə “Qələbə nidası” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Elmira Cəzair qızı, ön sözün müəllifu Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasovdur.
“Qələbə nidası” poeması tarixi qələbəmizə, xalq-ordu birliyinə, əsgərlərimizin misilsiz qəhrəmanlıqlarına və şəhidlərimizin uca məqamına həsr edilib. Bu, müəllifin qələmə aldığı 3-cü kitabıdır.
Qarşımda nəfis şəkildə çap olunmuş bir kitab var. Kitabın üz qabığının tərtibatı, dizaynı da mükəmməlliyi ilə diqqət çəkir. Hələ mətbəə qoxusu çəkilməyən nəfis şəkildə nəşr olunmiş bu dəyərli kitabı bir nəfəsə oxudum, oxumamaq mümkün də deyildi. Çünki Mikayıl Bədəlov şəxsiyyətinə hörmət edilən gözəl, ilimizin vətənpərvər, təəssübkeş, öz sahəsində peşəkarlığı ilə seçilən, sevilən ziyalı olduğu qədər də əsl Söz adamıdır, irfan bir şairdir.
44 günlük müharibənin böyük tarixini, misilsiz əzəmətini, saysız qəhrəmanlıqlarını və bunların fonunda Vətənin müqəddəsliyini tərənnüm edən belə əsərlərdən biri də vətən, yurd haqqında bir çox kitabların müəllifi istedadlı yazar Mikayıl Bədəlovun 44 günlük vətən müharibəsinə həsr etdiyi “Qələbə nidası” poemasıdır.
Elə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov da Mikayıl Bədəlovun yaradıcılığında bədii söz boxçasının dərinliyinə diqqət çəkərək kitabın ön sözündə yazır ki, bu poemanı oxuduqdan sonra bir daha belə qənaətə gəldim ki, gerçək tariximizi tarixçilərlə bərabər, həm də yaradıcı insanlar- şairlər, yazıçılar yaradır və xalqın gen yaddaşına bu tipli əsərlərlə daha böyük təsir edirlər.
Mikayıl Bədəlovun Vətən müharibəsi haqqında qələmə aldığı “Qələbə nidası” poemasında müharibənin ilk günündən sonunadək ardıcıllığı bədii epitetlərlə təsviri, əsgər qəhrəmanlıqlarının şücaəti mübaliğəsiz, lakin poetik çalarlarla işıqlandırılması şübhəsiz ki, müəllifin geniş erudisiyaya sahib, istedadlı qələm əhli olmasından irəli gəlir:
Haqq tutur öz yerini,
Ədalət zəfər çalır.
İgid, ərən, əsgərim,
Düşməndən qisas alır.
Abbas Abbasov qeyd edir ki, 24 bölümdən ibarət olan “Qələbə nidası” əsəri mənə, 1 müqəddimə, 12 boydan ibarət olan tarixi qəhrəmanlıqla dolu “Kitabi-Dədə Qorqud” dastanını xatırlatdı: ““Kitabi-Dədəd Qorqud” dastanı kimi bölmələrdən ibarət olan “Qələbə nidası” əsəri də 44 günlük Vətən müharibəsi fonunda – hər bölümün altında vətən, xalq ordu birliyi, qəhrəmanlıq zirvəsi, şəhidlik məqamı, düşmənə nifrət, dosta səadaqət kimi xalqımızın ruhsal mövqeyi ilə yanaşı, həm də onun tarixə, bu günə və gələcəyə bir nöqtədən baxışı nəzm dilində, dolğun şəkildə ifadə edilmişdir”.
Poema məzmun yükünə görə həm də səlnamə statusu daşıyır desək, səhv etmərik fikrimcə: “Çünki əsərdə müəllif, 44 günlük Vətən müharibəsinə səbəb olan 33 illik bir qərinə dövrünün tarixi detallarını da kənarda qoymamışdır:
Sinəmə dağ basdığın-
Düyünü unutmuram.
Xocalı qətliamını-
O günü unutmuram.
Əsərdə Müzəfər Ali Baş Komandanın qətiyyətli mövqeyi, tam qələbəyədə dönməzliyi, əsgərlərimizin qəhrəmanlıqları, qardaş Türkiyənin hər an yanımızda olması sadə, yaddaqalan və poetik dillə nəzmə çəkilmişdir:
Sərkərdəm qətiyətli,
Ordum güclü, müzəffər.
Ona görə ard-arda
Gəlir qələbə, zəfər.
Mikayıl Bədəlov zəfər tariximizin bugünkü mənzərəsini bütün detalları ilə gələcəkdən bu günə bədii pəncərə açmışdır”.
İnanırık ki, Vətənə, dövlətə, el-obasına qəlbən bağlı olan isdedadlı qələm sahibi Mikayıl Bədəlovun “Qələbə nidası” kitabı da sevilərək oxunacaq.
Dəyərli ziyalımız Mikayıl müəllimin bir neçə şeirlərini “Vətən səsi”nin oxucuları ilə bölüşürük.
DƏMİR YUMRUQ
Yağı çaş-baş qalıbdı,
Ordusu darma-dağın.
Qaçmağa yol axtarır,
Kəsmişik solun-sağın.
Dikilibdi ekrana,
Yenə hamının gözü.
Sevindirəcək bizi,
Ali Baş Komandanın
Bir kəlməsi, bir sözü.
Budur, məqamı gəldi,
Xoş dəqiqə, xoş anın.
Çıxışını dinləyirik,
Ali Baş Komnadanın.
Adını bir-bir çəkir,
Alınana torpaqların.
Bizə verdi dünyanın
O an dövlətin-varın.
Heç nə batıra bilməz,
Daha haqqın səsini.
Xalq sevinclə gözləyir,
Qələbə müjdəsini.
Bu yoldan dönən deyil,
Nə Ordum, nə Sərkərdəm.
Xoşbəxtik, bəxtəvərik,
Daha çəkmirik dərd-qəm.
ŞUŞA SEVİNC NƏĞMƏMİZ
Ali Baş Komandanın,
Gördük qətiyyətini.
O yerinə yetirdi,
Ata vəsiyyətini.
Hədəf düzgün seçildi,
Komanda düz verildi.
Keçilməzlər keçildi-
Necə ki, söz verildi.
Sıldırım qayalardan,
Dağlardan keçdi ordum.
“Şuşa haqqı”, dönmərik-
Belə and içdi ordum.
Şuşada igidlərim,
Ürəyilə döyüşdü.
Süngüylə, yalın əllə,
Biləyilə döyüşdü.
...Şuşam, qədim şəhərim,
AZADlığın mübarək!
Sinəndə dalğalanan,
O Bayrağın mübarək!.
Onu da qeyd edim ki, bu kitab şagirdlərimizin vətənpərbərlik ruhunda böyüməsi üçün dəyərli dərs bəsaiti kimi istifadə olunmalıdır.
İnanırıq ki, "Qələbə nidası"poeması qısa zamanda böyük oxucu auditoriyası qazanacaq.
Elinin-obasının tanınıb sevilən ziyalı insanlarından olan Mikayıl Bədəlova yaradıcılığında böyük uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Başını qaldır, göyə bax, dünya gözlərində gözəlləşsin - YUSİF SƏMƏDOĞLUNUN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Doğrudan, insana xoşbəxt olmaqdan ötrü çox şey lazım deyilmiş: Bircə anlıq səadətin səhər yeli kimi ilıq təmasından başqa, görəsən insana nə lazımdır? Heç bir şey."
Bu gün daha çox "Qətl günü" romanı ilə tanıdığımız əməkdar incəsənət xadimi, kinossenarist, şöhrət ordenli xalq yazıçısı Yusif Səmədoğlunun anım günüdür.
Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur.
1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuş, daha sonra həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir. 1960–1965-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, 1965–1969-ci illərdə , C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, 1969-1976-cı illərdə kinostudiyanın baş redaktoru, direktor müavini , 1976-1987-ci illərdə "Ulduz jurnalının baş redaktoru, 1987-ci ildən "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində çalışmış, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə nəsr üzrə katib seçilmişdir.
O, 1970-ci ildə Komsomol mükafatına, 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, 1995-ci ildə şöhrət ordeni ilə təltif olunmuş və 1998-ci ildə xalq yazıçısı fəxri adına layiq görülmüşdür.
Yazıçının "Qətl günü", "220 №-li otaq", "Qalaktika" əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanmış, "Qətl günü" romanı xüsusi sevilmişdir.
Yusif Səmədoğlu 1998-ci il avqust ayının 16-da vəfat etmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Cek Londonun ölümü şübhəlidir və vəsiyyəti dəyişdirilib – Məşhur yazıçının nəticəsinin azərbaycanlı jurnalistə ilginc açıqlaması
Azərbaycanlı jurnalist Hafiz Əhmədov əlçatmaz görünən əcnəbiləri – bəşər tarixi dahilərinin varislərini tapır, onlarla çox maraqlı müsahibələr edir. Növbəti belə müsahibəni o, dünyaşöhrətli Cek Londonun nəticəsi Tarnel Abbott ilə aparıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik. Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, əsərləri ən çox oxunan və tərcümə olunan amerikalı məşhur yazıçı Cek Londonun nəticəsi və varisi Tarnel Abbott müsahibə zamanı bir çox mühüm məqamdan söhbət açıb, babasının ölümü ilə bağlı gizli qalan faktları açıqlayıb. O, ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini də ifadə edib:
– Sizi daha yaxından tanımaq istəyirik. Hazırda harada yaşayırsınız və nə işlə məşğulsunuz? Sağlamlığınız necədir?
– San-Fransisko körfəzinin şərq tərəfində olan Kaliforniyanın Riçmond şəhərində yaşayıram. Berklidən bir az şimaldadır. Çox kiçik sənaye şəhəridir. Mən itimi hər gün Körfəz kənarında və ya Şərqi Körfəz təpələrində gəzintiyə aparıram. Təbiəti bərpaedici hesab edirəm, mənzərələrimiz möhtəşəmdir. Rəssam və şairəm, yağlı boyadan istifadə etməkdən həzz alıram. Bağçama da qulluq edirəm. 30 ilə yaxın kitabxanaçı işləmişəm, indi təqaüdə çıxmışam. Lakin ətraf mühit məsələlərində könüllü şəkildə aktiv fəaliyyət göstərirəm, sosial və ekoloji ədaləti müdafiə edən yerli mütərəqqi siyasəti dəstəkləyirəm. Oxumağa da vaxt tapmağa çalışıram. Səhhətim də əsasən qaydasındadır.
– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?
– Əvvəlcə Xəzər dənizinin sahilində yerləşən qədim bir şəhərin təsviri gözümdə canlandı. Romantik, həsrət dolu bir hiss yaşadım. Sonra isə Azərbaycanda birinin Cek Londonla maraqlanmasının nə qədər gözəl olduğunu düşündüm.
– Sizcə, Cek Londonun ən dəyərli ideyaları nələrdi? Çox sevdiyiniz Cek London hekayəsi hansıdır?
– O, böyük humanist idi. İnanırdı ki, bəşər nəsli nə vaxtsa utopik sosialist harmoniyaya, ədalət idealına nail olacaq və özünün “İnsan Qardaşlığı” adlandırdığı maarifçi dövrə doğru təkamül edəcək. Eyni zamanda o, sadəlövh deyildi. Bilirdi ki, tüğyan edən zalım kapitalizmin gücü mübarizəsiz təslim olmayacaq. O, başa düşürdü ki, yaşamaq və dəyişiklik üçün birgə səy lazımdır. Bir çox sevdiyim hekayələri var: “Adəmdən əvvəl” (“Before Adam”), “Od yandırmaq” (“To Build a Fire”), “Vəhşilərin çağırışı” (“The Call of the Wild”), “Qırmızı vəba” (“The Scarlet Plague”), “Yuvanın cənubu” (“South of the Slot”), “Meksikalı” (“the Mexican”) və “The Star rover”…
“Qocaların Liqası” (“The League of the Old Men”) ağdərililərin Yukonun yerli xalqı ilə münasibətlərində rəzilliyini, acgözlüyünü göstərir. Bu, irqçilik və tamahkarlığın nə qədər məhvedici olduğunu nümayiş etdirir və insanları üsyana necə sövq etdiyinə dair kəskin tənqiddir. Və uzun müddətdir sevilən, qeyri-bədii janrda yazılmış “Uçurumun insanları” (“The People of the Abyss”) əsərini bəyənirəm.
– Cek London digər yazıçılardan nə ilə fərqlənir?
– Cek Londonun bir çox hekayələrini müxtəlif yaş səviyyələrində oxumaq olar. Məsələn, onun ən məşhur hekayəsi olan “Vəhşilərin çağırışı” (“The Call of the Wild”) çox vaxt gənclər üçün it haqqında sadə, macəra hekayə hesab olunur. Bunu da deyim ki, 10 yaşımda ilk dəfə həmin hekayəni oxuyanda itlərə qarşı olan vəhşilikdən dəhşətə gəldim və bu istiqamətdə mübarizə aparmağa başladım. Mən yetkin bir insan kimi həmin əsəri yenidən oxuyanda isə fəhlə sinfinin çəkdiyi əziyyətin geniş siyasi təsvirini görə bildim. Bu həm də sevginin qəddarlığı necə dəf edə biləcəyi, yoldaşlığın önəmi, kütlənin ehtiyacının aradan qaldırılması haqqında bir hekayədir.
Məncə, Cek London bir heyvanın nöqteyi-nəzərindən də baxıb yaza bilən ilk insandır. O, dünyanı daha zərif və ya romantik hala gətirmədən, sadəcə olaraq müşahidə etdiyi kimi yazdı. O, bildiyi yerlər – Yukon, dəniz, adalar haqqında gözəl yazırdı.
– Cek Londonun “Martin İden” romanında baş qəhrəmanın son hərəkəti haqqında nə düşünürsünüz? Sizcə, Martin İden Cek Londonun özüdür? (*Bu sualın müəllifi azərbaycanlı məşhur yazıçı, şair Aqşin Yeniseydir)
– Martin İden ümidsizliyə qapılan, yadlaşmış biri olduğu üçün intihar edir. Müəllifin özünün də yazdığı kimi Martin İden qətiyyən Cek London DEYİL. Martin İdenin bəzi təcrübələri Cek Londonun həyatına əsaslanır. Yadda saxlamaq lazımdır ki, Cek Londonun anası Flora Uellman yuxarı, orta təbəqəli ailədə böyüyüb və xüsusi müəllimlər tərəfindən yaxşı təhsil alıb. Ailəsi mübarizə aparsa da, bəzən yoxsulluq içində yaşasa da, dörd yaşında ikən ona oxumağı öyrətdi, məktəbə yola saldı. Hamı onun poçtalyonluqla məşğul olmasını istəyəndə, o, oğlunu yazıçı olmağa həvəsləndirdi.
– Cek London haqqında ən böyük yanlış təsəvvür nədir?
– O, güclü individualist idi. Cek London sosialist idi və insanların bir-birindən asılı olduğuna inanırdı. Ömrünün sonuna yaxın qardaşlıq haqqında gözəl bir ifadə yazdı, üzr istəyirəm, səyahət etdiyim üçün dəqiq sitatı tapa bilmirəm – belə ifadə edir: Çağırış xidmət etməkdir – onun gözəlliyi və sadəliyi belədir: “Hamıya xidmət edən, özünə ən yaxşı şəkildə xidmət edir”. Başqa böyük yanlış təsəvvürlər də var.
– Cek London ateist idi? Dinin sizin həyatınızdakı rolu nədir?
– Bəli, ateist idi. O, materializmə inanırdı. Məni ateistlər böyütdü, amma mahiyyətcə təbiətə pərəstiş edirəm, aramızda universal bir ruh əlaqəsi var, planetin öz sakinləri ilə münasibətini, birliyini hiss edirəm. Mənim təşkil olunmuş heç bir dinə daxil olmaq kimi bir istəyim də yoxdur.
– Cek Londonun uğur sirrini nədə görürsünüz?
– O, müxtəlif etnik qruplara, siniflərə və yaşa mənsub çoxlu insanlarla münasibət qururdu və bununla da onlara müraciət edə bildi. Hələ uşaqlıq illərindən bəri onun kitablara olan ehtiyacı doymaq bilmirdi və yazıçı olmaq, bacarıqlarını daha da inkişaf etdirmək üçün ciddi şəkildə çalışırdı. Çox intizamlı idi, gündə 1000 söz yazırdı. Aldığı bir çox rədd cavablarına baxmayaraq, o, yazı yazmaqdan imtina etmədi. Yazmaq üçün onun minlərlə fikri var idi. O, insanları yaxşı və pis şəkildə başa düşürdü. O, həyatı dəhşətli və gözəl yanları ilə birlikdə dərk edirdi. Onun yazıları qeyri-bərabər idi: əlindən gələn hər şeyi edirdi ki, siz həmin xarakterin içində olduğunuzu hiss edəsiniz. Lakin o, həddindən yüksək olan planlarına çatmaq üçün bəzən aşağı səviyyəli kitablar da yazdı.
– Cek Londonun sizin üçün ən təsirli romanı hansıdır? Niyə?
– Faşizmin yüksəlişini və “İnsan qardaşlığı” dövrünə aparan son mübarizəni proqnozlaşdıran distopiya romanı olan “Dəmir daban”dır. Romanı 1909-cu ildə yazıb, həmin dövrdə olduğu kimi, bu gün də aktualdır. İnsanların diqqət etmələri vacib olan bir xəbərdarlıqdır, çağırışdır. Biz təhlükəli dövrlərdə yaşayırıq və düşünürəm ki, insanlar gələcək fırtınadan xəbərsizdirlər.
Mən onu Türkiyədə Ankara Beynəlxalq Etos Teatr Festivalı üçün bir tamaşaya çevirdim. Daha sonra isə həmin tamaşa 5-6 dəfə nümayiş etdirildi.
– İnsanlığın deqradasiyasının əsas səbəbini nədə görürsünüz?
– İqtisadi bərabərsizlikdə!
– Cek Londonun dahiliyini təsdiqləyən ən tutarlı fakt hansıdır?
– Ən çox olmasa da, indiyə qədər əsərləri ən çox tərcümə olunan müəlliflərdən biridir.
– Bir çox mənbələr Cek Londonun ölümünü intihar kimi təqdim edirlər. Bu haqda nə demək istərsiniz? Doğrudanmı o, intihar etdi?
– Məncə, çox az ehtimal var. O, Nyu-Yorka səfər etməyi planlaşdırırdı. Ölümündən bir gecə öncə o, nənəm Coan Londona bir qeyd yazdı və yaxın bir neçə gün ərzində onunla və kiçik bacısı Bekki ilə görüşmək üçün tarix təyin etdi. Mən çoxdan hiss etmişəm ki, onun ölüm şəraiti şübhəli olub və onun vəsiyyətinə müdaxilə edilib. O, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi və mən elə bilirdim ki, o, təsadüfən, həddindən artıq dozada qəbul etdiyi morfindən (ağrıları kəsmək üçün) ölə bilər. Bununla belə, bu yaxınlarda məhkəmə-tibbi sahədə bir inkişaf baş verməkdədir. Bu isə belə ölümün çətin baş verə biləcəyini göstərir.
– Cek Londonun kitablarında bəyənmədiyiniz personaj kimdir?
– Yadıma “Wolf Larson” gəlir.
– Dəyəri lazımınca bilinməyən üç Cek London əsəri?
– “Uçurumun insanları” (“People of the Abyss”), “İnqilab” (“Revolution”) və digər esseləri, “Dəmir daban” (“The Iron Heel”)
– İnsanlar Cek Londona nəyi borcludur?
– Ümid, güc, əzm, cəsarət, sevgi, yaxşı mübarizəni davam etdirməyin vacibliyinə inam – bunlara silahlanmaq üçün ilham verdiyinə görə ona təşəkkür edirik.
– Xəyanətkarların, acgözlərin “Həyat eşqi” nə vaxt bitir?
– İnsanlar qarşılıqlı (birlikdə) sağ qalmağın bu həyatda mümkün, yeganə sağ qalmaq yolu olduğunu başa düşəndə! Acgözlüyümüz planeti öldürür.
– Sizcə, bütün zamanların ən yaxşı yazıçısı kimdir?
– Mən hələ o qədər oxumadığım üçün bu suala cavab verə bilmirəm. “Çox kitab, çox az vaxt”. Amma qeyd edim ki, Dostoyevskini, Marqaret Atvudu, Qabriel Qarsia Markesi, Barbara Kinqsolveri sevirəm.
– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Bakıya səfər etmək istərsinizmi?
– Bununla bağlı bir az tarix oxudum, bir neçə şəkil gördüm. Mən Azərbaycan haqqında daha çox bilmək istərdim. Bakı gözəl, kosmopolit şəhər kimi görünür. Şərqlə Qərbin kəsişməsində, müasirlik və qədimliyin yan-yana olmasını xoşlayıram. Gördüyüm qədəri ilə ənənəvilik və müasirliyi də özündə cəmləşdirib. Mən Azərbaycanı, Bakı şəhərini ziyarət etməkdən çox məmnun olardım.
– Azərbaycanda Cek Londonu sevən insanlara nə demək istərsiniz?
– Təşəkkür edirəm, ümidinizi üzməyin, daha yaxşı dünya mümkündür.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
REDAKSİYANIN POÇTUNDAN – “Çiynimin üstündə mələklər durub…”
“Ədəbiyyat və incəsənət” portalının poçtuna ünvanlanmış növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğludandır. O, dərc etməyiumiz üçün “Yazırlar” adlı şeirini göndərib.
YAZIRLAR
Çiynimin üstündə mələklər durub,
Günahı, savabı yazırlar, qardaş.
Üzümə şeytanlar gülərək dost tək,
Ayağım altını qazırlar, qardaş.
Çoxları dərk etmir- nədir bu həyat,
Əbədi müəmma, sirdir kainat,
İnsanlar dünyayla oynayıb şahmat,
Nizamı, ahəngi pozurlar, qardaş.
Zəmanə dəyişir, dəyişir dövran,
Ölçülər, meyarlar dəyişir hər an,
Var-dövlət hərisi nə qədər insan
Çaşıb yollarını azırlar, qardaş.
İnsan kimi yaşa, insan kimi köç,
Biri səhv edərsə, günahından keç,
Ay Coşqun, sözlərin yaxşısını seç,
Onsuz da yüz yerə yozurlar, qardaş.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
BİR SUAL, BİR CAVAB Aysel Nəsirzadə ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir. ( Əbu Turxan)
Aysel xanım üçün nədir fəlsəfə?
CAVAB
Fəlsəfə- dünyanı mənalandıran hikmət sevgisidir.
Məni məndən sorma, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri.
(Yunus Emre)
“Ədəbiyyat və incəsənət”
(16.08.2023)