Super User
Rəsm qalereyası: Lyusiya Sarto, “Balerina”
Günün fotosu: Dünyanı gözəllik xilas edəcək
Günün fotosu: Dünyanı gözəllik xilas edəcək
Təqdim edir: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Əlbəttə, dünyanı məhz gözəllik xilas edəcək.
Bu əsrarəngiz mənzərə bir rəssam fırçasından çıxmayıb. Bu, İtaliyanın Komo gölünün sahilidir. O qədər gözəl, o qədər ruhaqidavericidir ki, saatlarla oturasan və tamaşa edəsən. Elə bu yay günlərində dünya turistlərinin bura axını da bu səbəbdəndir.
Paylaşımı sizin üçün “The most beautiful areas in the world” platformasından iqtibas etdim.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Narinc şirəli hinduşka mütəncəmi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Narinc şirəli hinduşka mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Hinduşka – 200 qr
§ Qırmızı soğan – 30 qr
§ Ərinmiş kərə yağı – 20 qr
§ Narınc (portağal) – 60 qr
§ Qoz – 15 qr
§ Badam – 15 qr
§ Ərik qurusu – 15 qr
§ Sarı gavalı – 10 qr
§ Zəncəfil (təzə) – 10 qr
§ Sarıkök – 0,1 qr
§ Mərzə qurusu – 3 qr
§ Göyərti – 8 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Hinduşkanın xırda tükləri alovda ütülür. Oynaq hissələrindən tikələrə bölünür, böyük tikələr yarıya bölünür, yuyulur, təmizlənir və suda qaynadılır. Qaynadıqda kəfi yığılır. Ət yarıdan çox – 60-70% bişdikdə sudan çıxarılır, işgənəsi ələkdən süzülür. Qalın çuqun tavada (və ya mis teştdə) yağ əridilir, hinduşka tikələri yağda qızardılır. Sonra halqa şəklində doğ- ranmış soğan əlavə edilir və birlik- də qızardılır. Soğan qızarana yaxın duzlu qaynar suda isladılmış, qabığı təmizlənmiş badam, qaynar suda isladılmış qoz ləpəsi, yarıya bölünmüş ərik qurusu, tumu təmizlənmiş al- buxara, duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş zəncəfil, mərzə quru- su əlavə olunur. 4-5 dəqiqə tovlanır. Sonra sıxılmış narınc şirəsi əlavə olunaraq, 6-8 dəqiqə bişirilir. Vam odda 8-10 dəqiqə qalır, hazır olduqda ocaq- dan götürülür və 5 dəqiqə yer dəmi alır. Boşqaba çəkilir, üzərinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Plov və çilovlarla da verilə bilər. Bişmə müddəti 1,5 saatdır.
QEYD: Mütəncəmin bişmə müddəti hinduşkanın qoca və ya cavan olmasından asılıdır.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Bu pulun olmayan vaxtı,
deyirəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...
(Ruslan Dost Əli)
Gənc şairimiz, sözün gücü nə ilə müqayisə edilə bilər?
CAVAB
Sözün düzü, sözün gücü müqayisə olunmazdı...
Qolun gücü ilə qalib gələ bilmədiyin adamları sözün gücü ilə qatlayıb dizinin altına qoya bilərsən...
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin sözləri yadıma düşdü:
“Bul zaman bilekke senetin zaman emes, bilimqe senetin zaman”.
Yəni hazırki dövr biləyin yox, elmin, biliyin gücünə inanmaq dövrüdür…
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
SAZLI-SÖZLÜ MƏCLİS - ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi icra olundu
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində “Azərbaycan kəlağayılarının təbliği'' layihəsini həyata keçirir. Layihə çərçivəsində avqustun 13-də Bakıda növbəti konsert tədbiri keçirildi.
BAŞLANĞIC
Tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri, Kəlağayı Ev Muzeyini direktoru Güllü Eldar Tomarlı açaraq, tədbir iştirakçılarını salamladı, şəhidlərimizin əziz xatirəsi anıldı, dövlət himni səsləndrildi, tədbirin mahiyyəti haqqında məlumat verildi.
İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı layihəyə maddi dəstək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi.
GÜLLÜ ELDAR TOMARLININ ÇIXIŞI
O, çıxışında dedi: “Qeyd edim ki, mədəni irsimiz geniş təbliğ olunaraq, gələcək nəsillərə ötürülməlidir. 2014-cü ilin noyabrında YUNESKO-nun qeyri- maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element - “Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın baş örtüklərinin hazırlanması və istifadəsi'' daxil edilmişdir. Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Onun təşəbbüsü ilə kəlağayımız beynəlxalq səviyyədə tanınır. Bu gün gənclərimizin kəlağayıdan geniş istifadəsi bizə əsas verir deyək ki, artıq təbliğatımız öz bəhrəsini verir. Kəlağayımız həm mədəniyyətimiz, həm tariximiz, həm də yaraşığımızdır”.
VÜSAL SEHRANOĞLUNİN ÇIXIŞI
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu isə çıxışında dedi: “Bizim həyata keçirdiyimiz layihələrin əsas məqsədi milli dəyərlərimizi, keçmiş adət-ənənələrimizi gələcəyə daşımaqdır. Ulu nənələrimizin abır, ismət rəmzi olan kəlağayının ululuğunu, müqəddəsliyini gənc nəslə aşılamaq üçün belə təbliğatlar çox vacibdir. Mirvarid Dilbazi Poeziya Məclisi İB olaraq Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atdıq. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirdik, qədim kəlağayıların sərgisini təşkil etdik. Milli dəyərlərimizə maddi dəstək ayrıldığına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirirəm.
MUSİQİ ƏRMAĞANI
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayı haqqında xatirələrindən danışdı, toy-düyünlərimizdə bu gün də istifadə olunmasını qeyd etdi və gözəl ifaları ilə tamaşaçıların könlünü oxşadı.
Daha sonra qazi Taleh Əliyev, Dədə Ələsgər Ocağı İB-sədri Xətai Ələsgər, məzarsız şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, MDPM İB-nin idarə heyətinin üzvü, şair Səringül Sadə, Azərbaycan Milli Xalça Muzeyinin ənənəvi texnologiya şöbəsinin toxucusu Rəna Süleymanova, Şəki şəhər 4 nömrəli musiqi məktəbinin xor şöbəsinin müdiri Fərqanə Salamova, gənc müğənni, cənublu soydaşımız Arif Mehmandost, Azərbaycan-Ukrayna Beynəlxalq alyansın sədri Elmar Məmmədov, Səudiyyə Ərəbistandan qonaq olan həkim, şair Nigar Xəlilova, Misirdən Səbinə Səmədova, “Milli Mədəniyyətin təbliği'' İB-nin sədri Jalə Cəfərova, aşıq Məhəmməd Xanoğlan Təbrizli, aşıq Cavanşir Quliyevin rəhbərlik etdiyi ''Qarabağ'' aşıq qrupu sazlı, sözlü musiqilərlə, şeirlərlə, maraqlı çıxışlarla məclisə xoş ovqat bəxş etdilər.
Kəlağayı təntənəsi isə bitmədi, hələ davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
Dahi Füzulinin büstü sanki canlıdır
Könül, “Ədəbiyyat və incəsənət”
Tanınmış gənc heykəltaraş Elxan Zeynalov dahi şairimiz Məhəmməd Füzulinin büstünü hazırlayıb.
Onun bütün digər əsərlərinə xas çalarlar burada da öz əksini tapıb. İnsan xarakterinin daşdan ibarət simada canlanması - əlbəttə ki, bunu hər heykəltaraş bacarmaz. Buna xüsusi istedad lazımdır. Eyni zamanda öz üzərində daim çalışmaq!
Elxanı Füzulinin büstünü yaratmağa şairin ən məşhur “Məni candan usandırdı…” qəzəli vadar edib:
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Elxan Zeynalov bizimlə söhbətində yaratdığı möhtəşəm əsərə belə şərh verdi: “Dahi Füzuliyə həsr etdiyim bu portretdə əsərlərindəki ruh halını simasında göstərməyə çalışdım!”
Uğurlar, Elxan bəy. Əminik ki, bu dəyərli işinizə layiqincə qiymət verilər.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
TANINMIŞ SUMQAYITLILAR - Elnarə Akimova
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Məşhur rubrikamızda növbəti tanınmış sumqayıtlını təqdim edirəm. Bu təqdimat xüsusən faydalı olacaq. Bildiyiniz kimi, sentyabrın 1-də Milli Məclisə növbəti seçkilər günüdür. Sumqayıtdan olan namizədlərdən biridir həm də təqdim etdiyim bu şəxs. Söhbət Elnarə Akimovadan gedir. Alim, yazar, hakim partiyanın fəalı, təəssübkeş bir xanımdır Elnarə xanım. Həm də sadədir, demək ki, hər bir seçicisi üçün övlad, ana, bacı olacaq. Namizədliyi 46 saylı seçki dairəsindəndir.
ƏDƏBİ PROBLEMLƏRİN ARAŞDIRICISI
Elnarə Akimova 1990-cı illərin sonlarından etibarən ədəbi mətbuatda çıxışlar edir. Müasir ədəbiyyatın elə bir problemi yoxdur ki, Elnarə Akimova o barədə məqalə yazmasın: ədəbi tənqidimizin 90-cı illər mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində", şeirimizin son iyirmi ilinin inkişaf perspektivlərini, həm uğurlu, həm də bu inkişafa ziyan gətirən məqamlarını "Çağdaş poeziya və ədəbi təmayüllər", müasir tənqidimizin toxunduğu problemlərdən söz açan "Yeni təfəkkür və ədəbi tənqid", “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” kitabları, həmçinin ədəbiyyatımızın yaradıcılıq problemlərinin müxtəlif məqamlarına işıq salan, dəyərli ədəbiyyat xadimlərininədəbi irsini tədqiq predmetinə çevirən digər kitablar və sayı-hesabı bilinməyən onlarla məqalələr Elnarə Akimovanın qələmindən çıxıb.
UŞAQ ƏDƏBİYYATI MÜTƏXƏSSİSİ
Elnarə Akimova AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiridir. İllərdir uşaq ədəbiyyatının problemləri ilə məşğul olur, müxtəlif forum və iclaslarda uşaq ədəbiyyatı, dərsliklərin vəziyyəti ilə bağlı ardıcıl çıxışlar edir.
İCTİMAİ MÖVQE SƏRGİLƏMƏSİ
Ümumiyyətlə, Elnarə Akimova televiziya məkanında, mətbuatda, müsahibələrində təkcə ədəbi yazıları, fikirləri ilə görünmür, eyni zamanda ictimaiyyəti narahat edən problemləri qabartmaqla ziyalı mövqeyi nümayiş etdirir. Bu çıxışların hər biri ilə “youtube.com” platformasında tanış olmaq mümkündür.
AKADEMİYANIN FƏALI
Elnarə Akimova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəal əməkdaşlarından biridir, müasir ədəbiyyatla bağlı keçirilən bütün müzakirələrdə onun düşüncələrinə xüsusi önəm verilir. Hər il İnstitutda keçirilən və ilin ədəbi yekunlarına həsr olunan elmi yaradıcılıq müşavirəsində poeziya haqqında, ilin ədəbi yekunları haqqında məruzələr ona tapşırılır.
MƏŞHURLARIN YÜKSƏK RƏYİ
Elnarə Akimovanın peşəkarlığı, professional hazırlığı göz qabağındadır. Onun yazı tərzi, fərdi üslubu əsasən elmi təfəkküründən güc alır. Onun haqqında ölkənin ən güclü alimləri, akademikləri, yazıçıları – İsa Həbibbəyli, Nizami Cəfərov, Kamal Abdulla, Anar, Elçin, Azər Turan, Teymur Kərimli, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Bədirxan Əhmədli, Məti Osmanoğlu, Mətanət Vahid və başqaları fikir söyləyib, məqalə yazıblar.
PARTİYADA SEÇİLMƏSİ
Elnarə Akimova Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Dörd ilə yaxındır ki, burada ideoloji məqalələrlə çıxış edir, ölkənin siyasi həyatında baş verən proseslərə ayıq və çevik münasibət göstərir. Elnarə xanım ideoloji dürüstlüyü ilə hər zaman seçilmiş, vətənpərvərlik amilini uca tutaraq yaşamışdır. Onun yaradıcılığında vətən amilinə xidməti ilə seçilən fədakar ziyalılarımızın irsinin tədqiqi xüsusi yer tutur.
HƏYATI
Elnarə Seydulla qızı Akimova 28 yanvar 1978-ci il tarixində Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirmiş, Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995-1999-cu illərdə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili almışdır. 2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiridir. Həmçinin “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
FƏALİYYƏTİ
2001-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsində işə başlamış (2001), kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrini icra etmişdir.
2011-2016-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi Seminarın üzvü olmuş, 2012-2016-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının sədr müavini kimi çalışmışdır.
2015-cü ildən ölkənin nüfuzlu "Ədəbiyyat qəzeti"ndə Azərbaycan ədəbiyyatının yaradıcıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.
KİTABLARI
On altı kitabın müəllifi və həmmüəllifidir. Onlardan 10-unun müəllifi (“Azərbaycan ədəbi tənqidi müstəqillik illərində” (2009), “Yeni təfəkkür və ədəbi tənqid” (2013), “Çingiz Aytmatov – türk ruhunun qələbəsi” (2013), “Çağdaş poeziya və ədəbi təmayüllər” (2016), “Bəxtiyaram Mən (Bəxtiyar Vahabzadə haqqında (Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə). Tərtibçi, ön sözün müəllifi)” (2016), “Müslüm Maqomayev” (2018), “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” (2019), “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda (Elnarə Akimovanın təqdimatında)” (2019), “Uzun, incə bir yolda (Azər Turan ömrü)” (2021), 6 kitabın həmmüəllifidir. 600-ə yaxın elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. Bu yazılarda müasir ədəbiyyatımızın yaradıcılıq problemləri, klassik və çağdaş şəxsiyyətlərimizin həyat və yaradıcılığı, gənc yazarların bədii mətnləri elmi-nəzəri düşüncənin predmetinə çevrilmişdir.
MÜKAFAT VƏ TƏLTİFLƏRİ
Çox sayda beynəlxaq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələr etmişdir. Məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Şans” nominasiyası” (2013), “AMEA Rəyasət heyətinin "Fəxri fərman"ı (2014), “AMEA Rəyasət heyəti Humanitar Elmlər Bölməsinin "Fəxri fərman"ı (2015), “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin gənc alimi" mükafatı” (2015), “Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti"nin "Əli bəy Hüseynzadə mükafatı" (2016), “Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" mükafatı” (2018), “APA Holdinq "Kulis.az" saytı”nın “İlin tənqidçisi” mükafatı (2019), “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanı” (2019), “AMEA-nın Rəyasət Heyətinin “Fəxri fərman”ı” (2021), “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi” döş nişanı” (2021), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yaşar Qarayev" mükafatı (2024) ilə təltif olunmuşdur.
27 mart 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 02 fevral tarixli 4289 saylı sərəncamı ilə elmi və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” ilə təltif olunmuşdur.
HƏDƏFİ
Əsas hədəfi yeniyetmə və gənclərin elmə, maariflənməyə maraqlarının artması, uşaq ədəbiyyatının inkişafı, cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsidir. Digər hədəfləri insanların maddi rifah halının yüksəldilməsi, doğma Sumqayıtın çiçəklənməsi və inkişafıdır.
Saf arzudan və xoş niyyətdən yaranan bir yol tutub gedir. Yolu aydın, işıqlı olsun!
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
İnsanlar niyə fərqli düşünür? - GƏRƏKLİ
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və imcəsənət”
Niyə insanlar fərqli -fərqli düşünür?
Biz fərqli düşüncə sahibi olmasaq nə olardı?
Düşünmək nədir?
Düşünmək lüğəti mənada bir şey haqqında düşünmək, əldə olan məlumatı gözdən keçirmək deməkdir. Düşünmək zehni güc tələb edir. Bu da insanlara məxsus xüsusiyyətdir. Düşünmək adətən problemlə başlayan və həlli ilə bitən zehni prosesdir.
İnsanlar niyə fərqli düşünür?
Hər simanın, ruhun, bədənin və izin fərqli olduğu kimi düşüncələr də fərqlidi. Bu fərqliliyin bir sıra səbəbi ola bilər: 1) irqi 2) cinsi 3) coğrafi 4) dövri
1) İrqi düşüncə fərqləri əsasən zahiri əsaslara aiddir. Ağ dərili və qara dərili insanlar irqi bərabərliyi nəzərə almadan bir birlərinə agressiya ilə yanaşırlar. Eyni mühitdəki fərqli dəri rənglərinə mənsub şəxslərdə qruplaşmalar olur. Sırf dəri rənginə görə bir şəxslə pis davranmaq heç də doğru hesab olunmur.
2) Cinsi düşüncə fərqləri əxlaqi, etik və tərbiyəvi əsaslara aiddir. Ölkəmizdə əksər ailələrdə oğlan və qız uşaqlarının zehni inkişafında ciddi fərqlər vardır. Oğlan uşağına bütün sərbəstliklər verildiyi üçün oğlan uşaqları hər etdiyi səhvi də doğru hesab edir. Axı ona uşaqkən “oğlum nə edir düz edir“ deyiblər. Qız övladlarına isə qapalı asosial mühitə öyrəşdirib tək bir fikrinə doğruluq payı vermirlər. Ona görə də oğlan uşaqları sonunu düşünmədən hər istədiyini edir, qız uşaqları isə nəticəyə uyğun düşünüb hərəkət edir. Bu, ailələrə görə əksinə də ola bilər, taraz da .
3) Coğrafi düşüncə fərqləri deyəndə çoxumuzun yadına “Coğrafiya sənin taleyindi” gəlir. Bəs bu cümlənin altındakı məna nədir? Həqiqətən bu belədir? Xeyr, coğrafiya tale deyil. Əslində heç nə tale deyil. Elm bu cür yanaşmaları qəbul etmir. Elm müşahidə və təcrübəyə əsaslanır. Amma xalqların düşüncə fərqi çox bariz hiss olunandır. Ölkəmizdə fərd 18 deyil 30 yaşında da olsa hələdə ailəsindən asılı bir uşaq kimi hesab olunur və təbii ki, istisnalar var. Lakin istisnalar qaydanı pozmur. Əcnəbi ölkələrdə isə gənclər ayaqları üstündə tək başına durmağa tez başlayır. Maddi və mənəvi dəstək bu fərqlərin ən böyük dəstəkçisidir.
4) Dövri düşüncə fərqləri x,y,z və alfa qurşağları kimi böldüyümüz dövrlər uşaqların düşüncə tərzi həmçinin valideynin dövri tərbiyə təlim düşüncəyə malik olması ilə əlaqədardır.
Bəs insanlar niyə eyni məsələyə fərqli yanaşır?
1. Hər bir insanın fərqli şəxsiyyət quruluşu var.
2. Onların təhsil səviyyələri bir-birindən fərqlidir. Üstəlik, eyni səviyyəli təhsilə malik olsalar da, müxtəlif mədəniyyətlərdə aldıqları təhsil təsirli olur.
3. Dünyaya baxış.
4. Böyüdüyünüz mühitin perspektivini nəzərən.
5. Yaşı. İnsanlar böyüdükcə düşüncə tərzi də dəyişir.
6. Təcrübə. Yaşadığı əvvəlki yaşlarında qazandığı təcrübələr.
Bəs insanlar niyə fərqli fərqli düşünür?
Bu çox qarışıq, mürəkkəb və şaxəli məsələdir. Birinci yerdə akademik göstəricilər, ailə strukturu əsas rol oynayır.
İkinci yerdə isə dini inanclar, fəlsəfi və ideoloji fikirlər böyük rol oynayır.
Daha sonra zəka səviyyəsi və genetik amillər də mühüm rola sahibdir. Məntiqi yanaşmalar səbəb nəticə bağları məqbul cavaba gətirir.
Nəticədə insanların hər zərrəsi fərqlidir. Barmaq izindən tut, beynindəki düşüncəyə qədər hər şey fərqlidir.
Bir statla bitirmək istəyirəm: “Problem yeni ideyaları necə ortaya çıxarmaqda deyil, köhnələri ağlınızdan necə çıxarmaqdadır” - DEC HOCK.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
Boşana biləcəyiniz insanlarla evlənin -AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Hələ dövri-qədimdən dinlərdə və kitablarda, mömin və dərvişlərin dilində evlilik haqqında müxtəlif dəyərli fikirlər səsləndirilmiş, evliliyin sünnətdən sayıldığı, ailə qurmağın Allah qatında bəyənilən əməl olduğu vurğulanmışdır.
Hal-hazırda isə şərtlər xeyli dəyişmişdir, insanların çoxu maddi və ya mənəvi azadlıqlarını özləri idarə edə bildikləri şəraitdə evlənməyi köhnə fikirlilik kimi görür və necə deyərlər gününü gün etməyin daha əyləncəli olduğunu düşünürlər. İkinci bir situasiyada isə həyatının heç bir dönəmində tam azad olduğunu hiss etməyən insanlar, xüsusilə də xanımlar düşünürlər ki, onlar evlənib öz ailələrini qura bilsələr zəncirlərini qıra biləcəklər. Mənim fikrimcə isə ailə həyatı qurmaq dərin məsuliyyət tələb edən bir qərardır. İnsan doğulduğu andan etibarən tanımağa başlayır. İlk öncə anasını, daha sonra ailəsinin digər üzvlərini, dostlarını, düşmənlərini və sair. Əgər, doğulandan bu yana kimləri və nələrisə tanımağa başlamışıqsa tanımadığımız insanlarla vaxt keçirmək və əsl niyyətin tanımaq yox, əyləncə adı altında vaxt öldürmək olduğunu bilmək bəs bizə nəyi deyir, bu işin olduqca mənasız olmasını demirmi?
Bəs yaxşı məsləhət bilinən evliliklər?Həqiqətən həyatınızı sırf böyükdürlər deyə, sırf onlar sizdən daha çox səhv edib və daha çox insan görüb deyə başqalarına buraxmaq, səhv etməyə və öyrənməyə belə qapalı olmaq qorxaqlıqdır, yoxsa sizin dilinizdən desək, abır-həyadır?
Mənim fikrim ilə razılaşmayanlar Google search-da son on ildə cinayətə qurban gedən qadınların siyahısını axtarsalar uzun bir siyahıda yoldaşı, nişanlısı, sevgilisi tərəfindən öldürülən yüzlərlə gənc qız görə bilərlər. Əgər mənim qədər hər şeyə biraz daha maraq göstərən birisinizsə cinayətlərin səbəbini araşdırmağınızı da, tövsiyyə edərdim. Qətiyyən ailə böyüklərinizi dinləməyin, onlardan razılıq almayın demirəm. Əksinə, dinləyin və anlamağa çalışın. Ancaq tanımadan qərar verməyin. Bir cümlədə deyilir ki, boşana biləcəyiniz insanlarla evlənin. Yəni, sevərkən gözünüz kor olmasın, zəncirlərinizdən qurtulmağı planlayarkən özünüzü bədbəxt evliliklərinizə zəncirləməyin. Valideynləriniz sizi yanılda bilər, ətrafınız sizi yanılda bilər, dünyaya çəhrayı buludlardan baxmağınızı vadar edən insanlar da, sizi aldada bilər. Ola bilsin ki, düşüncələrinizdə də yanılasınız, amma qarşınızdakı insan hər kim olursa olsun, onun sizə hiss etdirdikləri əsla sizi yanıltmaz. Duyğularınız sizi yanıltmaz, sevgi sizi yanıltsa belə sevgisizlik hissi sizi yanıltmaz.
Lütfən öldürülməmişdən öncə oturun və düşünün. Mən bu insanla boşana bilmə ehtimalımı nəzərə almışdımmı?
Mən onu tanımışdımmı? Sevgimiz şiddətli idi, yoxsa onun şiddətli davranışlarını “mən onu sağaldacam psixologiyası ilə düzəltməyə çalışan və ən sonda yaralar alan mən idim” sualını verin özünüzə.
Sevdiyiniz insanları sırf sevirsiniz deyə kor koranə qəbul etməyin, qarşınızdakının psixologiyası cılızdırsa nəzərə alın ki, piyadadan şah olmaz.
Siz onu maksimum vəzir edərsiniz, o isə sizi rəzil edər. Öncə tanıyın, sonra sevməyi sınayın və ən sonda bacarıb güvənə bilsəniz boşana biləcəyiniz insanlarla evlənin.
Qeyd: Yazı Ayşə Kazımovaya həsr olunub. Onun timsalında Allah bütün ailə cinayətinə qurban gedən qadınlara rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
İntizar ədəbiyyatı - Əli Tudə, "Araz"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Hələ iki gözdən yaxın qardaşlar
İki ulduzdan da uzaq olubdur.
Ayrılan torpaqlar, ayrılan daşlar
Sinələrdə dağ-dağ fəraq olubdur.
Sanma döyüş marşı oxuyur Araz,
Gümüşlənən sazı sədəf-sədəfdir.
Yox! Hicran xalçası toxuyur Araz,
Yumrulaşan suyu kələf-kələfdir...
Bəlkə təlatümə gələn dalğalar
Həsrətdən ağarmış yumşaq tellərdir.
Tənha qayaları dələn dalğalar
Görüşə tələsən titrək əllərdir....
Sanki varaqlayır zamanı Araz,
Oxuyan dodaqdır, duyan ürəkdir!
Elə bölübdür ki, bir canı Araz,
Ah, o yan ürəkdir, bu yan ürəkdir!
Özüm bu sahildə dayansam əgər,
Kölgəm o sahilə düşər... Vətəndir!
Könlüm istəsə də hər axşam-səhər,
Yolum düşə bilməz, bəs bu nədəndir?
Araza qılınc da vursalar düzü
Suyu aralanmaz! Axar dərindən.
Bəs iki sahili nə üçün özü
Suyuyla ayırır biri-birindən?
Araz özü boyda gözüylə sezmir
Hər iki sahildə Vətən yerləşir?
Ayrılıq yaxşısa o niyə dözmür,
Sonuncu məcrada Kürlə birləşir....
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)