Boşana biləcəyiniz insanlarla evlənin -AKTUAL Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hələ dövri-qədimdən dinlərdə və kitablarda, mömin və dərvişlərin dilində evlilik haqqında müxtəlif dəyərli fikirlər səsləndirilmiş, evliliyin sünnətdən sayıldığı, ailə qurmağın Allah qatında bəyənilən əməl olduğu vurğulanmışdır.

 

Hal-hazırda isə şərtlər xeyli dəyişmişdir, insanların çoxu maddi və ya mənəvi azadlıqlarını özləri idarə edə bildikləri şəraitdə evlənməyi köhnə fikirlilik kimi görür və necə deyərlər gününü gün etməyin daha əyləncəli olduğunu düşünürlər. İkinci bir situasiyada isə həyatının heç bir dönəmində tam azad olduğunu hiss etməyən insanlar, xüsusilə də xanımlar düşünürlər ki, onlar evlənib öz ailələrini qura bilsələr zəncirlərini qıra biləcəklər. Mənim fikrimcə isə ailə həyatı qurmaq dərin məsuliyyət tələb edən bir qərardır. İnsan doğulduğu andan etibarən tanımağa başlayır. İlk öncə anasını, daha sonra ailəsinin digər üzvlərini, dostlarını, düşmənlərini və sair. Əgər, doğulandan bu yana kimləri və nələrisə tanımağa başlamışıqsa tanımadığımız insanlarla vaxt keçirmək və əsl niyyətin tanımaq yox, əyləncə adı altında vaxt öldürmək olduğunu bilmək bəs bizə nəyi deyir, bu işin olduqca mənasız olmasını demirmi? 

Bəs yaxşı məsləhət bilinən evliliklər?Həqiqətən həyatınızı sırf böyükdürlər deyə, sırf onlar sizdən daha çox səhv edib və daha çox insan görüb deyə başqalarına buraxmaq, səhv etməyə və öyrənməyə belə qapalı olmaq qorxaqlıqdır, yoxsa sizin dilinizdən desək, abır-həyadır?

Mənim fikrim ilə razılaşmayanlar Google search-da son on ildə cinayətə qurban gedən qadınların siyahısını axtarsalar uzun bir siyahıda yoldaşı, nişanlısı, sevgilisi tərəfindən öldürülən yüzlərlə gənc qız görə bilərlər. Əgər mənim qədər hər şeyə biraz daha maraq göstərən birisinizsə cinayətlərin səbəbini araşdırmağınızı da, tövsiyyə edərdim. Qətiyyən ailə böyüklərinizi dinləməyin, onlardan razılıq almayın demirəm. Əksinə, dinləyin və anlamağa çalışın. Ancaq tanımadan qərar verməyin. Bir cümlədə deyilir ki, boşana biləcəyiniz insanlarla evlənin. Yəni, sevərkən gözünüz kor olmasın, zəncirlərinizdən qurtulmağı planlayarkən özünüzü bədbəxt evliliklərinizə zəncirləməyin. Valideynləriniz sizi yanılda bilər, ətrafınız sizi yanılda bilər, dünyaya çəhrayı buludlardan baxmağınızı vadar edən insanlar da, sizi aldada bilər. Ola bilsin ki, düşüncələrinizdə də yanılasınız, amma qarşınızdakı insan hər kim olursa olsun, onun sizə hiss etdirdikləri əsla sizi yanıltmaz. Duyğularınız sizi yanıltmaz, sevgi sizi yanıltsa belə sevgisizlik hissi sizi yanıltmaz.

Lütfən öldürülməmişdən öncə oturun və düşünün. Mən bu insanla boşana bilmə ehtimalımı nəzərə almışdımmı?

Mən onu tanımışdımmı? Sevgimiz şiddətli idi, yoxsa onun şiddətli davranışlarını “mən onu sağaldacam psixologiyası ilə düzəltməyə çalışan və ən sonda yaralar alan mən idim” sualını verin özünüzə.

Sevdiyiniz insanları sırf sevirsiniz deyə kor koranə qəbul etməyin, qarşınızdakının psixologiyası cılızdırsa nəzərə alın ki, piyadadan şah olmaz.

Siz onu maksimum vəzir edərsiniz, o isə sizi rəzil edər. Öncə tanıyın, sonra sevməyi sınayın və ən sonda bacarıb güvənə bilsəniz boşana biləcəyiniz insanlarla evlənin.

 

Qeyd: Yazı Ayşə Kazımovaya həsr olunub. Onun timsalında Allah bütün ailə cinayətinə qurban gedən qadınlara rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.