Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə naxçıvanlı şair Zeynalabdin Novruzoğlunun   şeirləri təqdim edilir. 

 

Zeynalabdin Novruzoğlu (Novruzov Zeynalabdin Novruz oğlu) 1946-cı ildə Naxçıvan MR Şərur rayonunun Xok kəndində (indi Kəngərlinin tərkibindədir) dünyaya göz açıb. 1971-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Uzun müddət Muxtar Respublikanın orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub.

Hələ tələbəlik illərindən şeirləri və publisistik məqalələri ilə respublikanın dövri mətbuatında müntəzəm çıxışlar edir. "Zaman yaşatmağa qadir deyilsə..." (1998), "Əldə gül, dildə tikan" (2009), "Yazdım-yazmadım..." (2014) şeir kitablarının müəllifidir. 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2011-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

 

Ucuz ölüm axtarırsan

 

Ucuz ölüm axtarırsan,

İnamın yoxdu sabaha.

Daş atırsan, baş yarırsan,

Ölümlər var baha, baha.

 

Dağdan ağır ölümlər var,

Qanı torpaq qiymətinə.

Qızılquş tək qəfil qonar,

Mərd oğulun qamətinə.

 

Ölən-şəhid, qalan-qazi,

Budur ölüm, budur həyat.

Onlar haqdan alıb dərsi

Sənə qismət deyil heyhat!

 

Ucuz ölüm axtarırsan,

Axtar döngədə, dalanda.

Axtarıb, bir gün taparsan

Ölümlər ucuz olanda.

 

 

Dərə də güllənir, 

dağ da güllənir

 

Ana necə döyər

Öz uşağını,

Yağış elə döyür

Dərəni, dağı.

Suçlu uşaq kimi

Kiriyib onlar

(Yaxşı ki, varmış

Qızıl qaydalar).

Nə dərə dillənir,

Nə dağ dillənir,

Ananın öyüdü dönür çiçəyə

Dərə də güllənir, dağ da güllənir...

 

 

Buraq dərdlə qoşa məni

 

Dostum məni qurdalama,

Qurd içində qurd arama,

İpəyə dönür barama,

Özünü məhv eləməklə,

Dərd azalır söyləməklə?

 

Anlayanın dərdi dərin,

Dərd gələnin, dərd gedənin,

Yaş artıqca, dərd çoxalır,

Nə vecinə tez ölənin.

 

Ölüm dərdin zirvəsidi,

Son dərmanı, çarəsidi,

Bir kitabın son cümləsi,

Son nidası, nöqtəsidi.

 

Həmin kitab yazılıbsa,

Alnımızdan asılıbsa,

Son nöqtəsi qoyulacaq,

Ora möhür basılıbsa.

 

Olan dərdi çəkməliyik.

Din-imana gəlməliyik.

O, bizdən əl çəkəmmirsə.

Biz ondan əl çəkməliyik?

 

Adəmnən qalan qaydadı,

Hər ömür barmaq boydadı.

Ömür sürmək növlənövdü,

Mərəkə bundan sonradı.

 

Yaxşı ki yolu azmadım,

Şeytana qulaq asmadım,

Əlimə qələm alannan

Ya düz yazdım, ya yazmadım!

 

Nə təriflə, oxşa məni,

Nə tənqid et, daşla məni.

Dostum məni qurdalama.

Buraq dərdlə qoşa məni...

 

 

Haqqı danmayın

 

Ana tək əyləşib, əzəmətli dağ,

Başına hey yağır, sapand daşları

O, daşları sanıb, balaca uşaq,

Öz köksünə sıxır atılmışları.

 

Çınqıl da, qaya da ona doğmadı,

Qartal oylağıdı, aslan məskəni

Analar ucadı, dağlar boydadı,

Diqqətlə baxıb gör, bu mənzərəni.

 

Onlar körpələrin qaravulları,

Səngərdə oyaqdı, qulağı səsdə.

Analar gecənin simaforları,

İşıq yanıb-sönər səssiz, ahəstə.

 

Gözləri tox olar, əlləri açıq,

Hər əziz tikəni yeməz analar

Yeməyi, yatmağı olar yarımçıq,

Dərdini heç kəsə deməz analar.

 

Əsil analardan söhbət açdım mən,

Fəqət hər qadına ana deyilməz

Əxlaqı yngüldən uzaq qaçdım mən,

Qələmim bu ada ləkə \gətirməz.

 

Analar dumduru ay işığıdı,

İşığın üstünə kölgə salmayın.

Analar dünyanın yaraşıgıdı,

Övladlar nə olar haqqı danmayın.

 

 

Mənim ömrüm 

mənə sahib çıxmadı

 

Mənim  ömrüm əkdiyimi yığmadı,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Səhranı dolandı, düzü dolandı,

Keçilməz dağlardan yola boylandı,

Özgələri daha yaxşı duyandı,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Hər fürsətdə gözlərini qapadı,

Dedi ki, astarı üzdən bahadı,

Guya pəhriz xəstəliyə çarədi

Mənim ömrüm mənə sahib çıxmadı.

 

Nə sağa əyildi, nə də ki, sola

Başını dik tutdu, nə ola-ola.

Saldı məni gündə bir qalmaqala,

Mənim ömrüm mənə sahib çıxmadı.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Kəklik - köz bibər müsəmməsinin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun! 

   

 DÜSTUR

§ Kəklik – 200 qr

§ Soğan – 35 qr

§ Ərinmiş kərə yağı – 25 qr

§ Qırmızı bolqar bibəri – 70 qr

§ Yaşıl bolqar bibər – 70 qr

§ Paxla – 25 qr

§ Zirinc – 20 qr

§ Göyərti – 8 qr

§ Sarımsaq – 2 qr

§ Təzə zəncəfil – 1 qr

§ Limon duzu – 0,1 qr

§ Sarıkök – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Kəklik təmizlənir, ütülür, 2-3 saat ərzində duzlu suda saxlanılır. Sudan çıxarılır və 4 hissəyə bölünür, yeni- dən yuyulur, təmizlənir. Tava qızdırılır, kərə yağı qoyulur. Doğranmış kəkliklərin hər iki tərəfi qızardılır. Sonra aypara şəklində doğranmış soğan əlavə edilərək qızardılır. Soğan qızarana yaxın xırda doğranmış sarımsaq, sürtkəcdən keçirilmiş zəncəfil, duz, istiot, sarıkök, bir miqdar su əlavə edilir və ehtiyatla qarışdırı- lır. Tavanın ağzı qapaqla bağlanır və bişirilir. Bişib yağa düşdükdə qabığı soyulmuş, bişirilmiş paxla, isladılıb yuyulmuş zirinc əlavə edilir və qarışdırılır, 5 dəqiqə bir yerdə tovlanır. Ağzı bağlı vəziyyətdə 5 dəqiqə yer dəmi alır. Bu müddət ərzində bibər- lər közdə bişirilir, qabığı soyulur, saplağı, içi çıxarılır, üzərinə limon duzu, duz səpilir. Müsəmmə boşqaba çəkilir, üzərinə közlənmiş bibərlər düzülür, doğranmış göyərti səpilir və süfrəyə verilir. Plov və çilovla da verilə bilər. Süfrəyə veriləndə yanında meyvə turşuları (məti), tərəvəz tur- şuları, dənələnmiş nar, göyərti, pomidor, xiyar qoyulur.

 

QEYD: 

Bu müsəmmə bütün növ çöl, su quşlarından hazırlana bilər: turac, bildirçin, qaşqaldaq, qırqovul, qaz, ördək, çöltoyuğu və s. Paxla İrəvan mətbəxində çox istifadə olunur. Paxlanın dənələri böyük olduğu üçün “at paxlası” da adlandırılır. Onu da qeyd edək ki, paxladan həm quru, həm də yaz vaxtı təzə halda müxtəlif xörəklərin bişirilməsində istifadə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

Vüsalə Vətənxan, AYB – “Ədəbiyyat və incəsənət” üçün

 

Təkamül nədir? Təkamül mənim fikrimcə yaradılışın daim inkişafda (sonsuz tərəqqidə, genişlənmədə və dinamikada) olduğu elm tərəfindən isbat edilmiş bir nəzəriyyədir.

 

    Darvin öz nəzəriyyəsini 4 təbiət prinsipi əsasında qurmuşdur, nəzərimcə burada bəhs edəcəyim bizə yanlış təlqin edilən "arakeçid dövrü" əslində Darvinin açıqlamağa çalışdığı "Varislik" qanununa əsaslanır. İlk öncə başlıqları verim.

 

    İnsanı müstəqil xilqət kimi danan Darvin nəzəriyyəsi - təkamül fəlsəfəsi nədir? Gəlin bu qavramdan bəhs edək.

 

    Qədim dövrlərdə filosoflar bu əqidədə olmuşlar ki, üç növ varlıq, yəni minerallar, bitkilər və heyvanlar bir-birinə qarışmış və minerallar bitkilərdən, bitkilər də heyvanlardan öncə yaranmışdır. Və bu silsilə elə nizamlanıb ki, mineralların sonuncu qatı, məsələn, mərcanlar bitkilərin ilkin növü ilə çox oxşar və yaxındırlar. Eləcə də bitkilərin sonuncu növü, məsələn, süngər dəniz heyvanlarının ilk növü ilə oxşardır və həmçinin sonuncu heyvan nəsli, məsələn, meymun ilkin insanlarla yaxınlıq və oxşarlığa malikdir.

     Sonralar bu fəlsəfi baxış başqa əski fəlsəfi dünyagörüşlərlə birgə qərb dünyasına da yol tapır və qərbin təbiət alimlərindən Çarliz Darvin bundan xəbər tutduqdan sonra deyir "Varlıqların hər növünün və ya hər yüksək qatının aşağı növ və ya qatdan ayrılmış bir varlıq olması mümkündür." Yəni, bitki mineraldan və ya heyvan bitkidən yaranmış ola bilər... Eyni qayda ilə heyvanlar silsiləsi də öz inkişaf mərhələsində elə yüksəliş nöqtəsinə çatmışdır ki, onların nəslindən insanabənzər meymunlar törəmiş və onlardan da insan yaranmışdır...

    Nəzərə almaq lazımdır ki, "təkamül" baxışı Darvinin kəşfi deyildir. Ondan öncələr də bir çox alimlər bu fikirdə olmuşlar. Sadəcə və lakin Darvin bu baxış və fikirləri toplayıb nizama saldığından təkamül nəzəriyyəsi onun adı ilə bir ərsəyə gətirilir. Necə ki bir həkim hansısa bir xəstəliyi öz elm və bilik gücü əsasında tapıb onu təhlil edirsə, nəzərimcə bu qavram da eyniylədir...

 

Darvin də öz baxışlarını 4 təbiət prinsipi əsasında qurmuşdur.

1. Əbədilik üçün mübarizə qanunu.

Bu o deməkdir ki, yer kürəsindəki varlıqların hamısı öz həyatlarının davamı və qorunması üçün daima bir-birlərilə mübarizədə və çarpışmadadırlar. Belə ki bu səy və təlaş başqalarının həlakı ilə nəticələnir.

2. Təbii seçilmə qanunu.

Bu qanun xülasəsi belədir ki, canlı varlıqlar bir-birilə daimi mübarizə və çarpışma nəticəsi "seçilmə xəlbirindən" keçirlər. Yaşamaq üçün daha layiqli olanlar qalırlar, təbiət güclüləri qoruyub saxlayır, zəiflər isə yaşam sırasından çıxırlar, bu seçilmə nəticəsində təkamül və inkişaf ortaya çıxır.

3. Uyğunlaşma qanunu.(Və ya adaptasiya dövrü)

Qanunun mahiyyəti bundan ibarətdir ki, yemək növləri və onları ələ gətirmək yolları  müxtəlif canlılar arasındakı ixtilafların üzə çıxması üçün əsas amillərdən biridir. Məsələn, ətyeyən və yırtıcı heyvanlardan olan aslanın iti dişləri və güclü pəncəsi olduğundan o istər istəməz bu üzvləri ilə öz ovunu parçalayıb dağıtmalıdır. Əgər aslan min illərlə ardı-arası kəsilmədən ov ovlamaq, heyvan parçalamaq imkanından məhrum bir mühitdə yaşamalı olsa və əlacsız qalıb bitki yeməli olsa mümkündür ki, onun iti dişə və nəhəng pəncəyə ehtiyacı olmasın və həmin müddət ərzində üzvlər işdən düşmüş və zəifləmiş, kiçilmiş olsun və mühitə uyğun formalaşsın, və yeni yeminə lazımlı olan yeni üzvləri meydana çıxsın və beləliklə tədricən təkamülün inqilabı baş versin...

4. Varislik qanunu.

Darvin nəzəriyyəsində varislik qanununun mahiyyəti bundan ibarətdir ki, həyatdakı ziddiyyətlər nəticəsində heyvanların orqanizmində tədricən əmələ gələn dəyişikliklər varislik yolu ilə övladlarına keçir və dəyişikliklər eyniylə davam edir.

 

BƏS BİLDİYİMİZ "ARAKEÇİD DÖVRÜ" NƏDİR?

 

Zənnimcə Darvin nəzəriyyəsində bu qanunlar arasında arakeçid dövrü yoxdur. Dediyimiz bu dövr yalnız bu qanunların fərdi başvermə prosesində cərəyan edir. Yəni ki, məsələn, bir canlının bildiyimiz "arakeçid dövrü" vasitəsi ilə uyğunlaşma qanununu atlayaraq varislik qanununa keçməsi deyil, əksinə bu qanunlarda fərdi qalaraq daim inkişafda olması, yəni hər 4 qanunların yalnız öz arasında bir keçid mərhələsi olduğu qənaətindəyəm. Əgər bildiyimiz arakeçid dövrü bu 4 qanunları birləşdirəcək rol oynayacaqdısa onda Darvin niyə təbiətin bir-birinə zidd bu 4 prinsimlərini ayırıb ortaya qoyurdu?? Mütləq ki bizə təlqin edilmiş bu anlayış gərçək anlayışdan fərqlidir.

Başqa təbirlə desəm, zənnimcə "arakeçid dövrü" sadəcə yaradılışın nizamında keçici dəyişiklik oynayan bir mərhələdir. Necə ki, dəniz öz dalğalarını sahilə vurduqdan sonra geri qayıdır və təkrar sahilə dalğalarını vurur və yenə geri qayıdır. Məhs bu qavram da eyniylədir.

Bəhsində olduğum bu mövzudan yola çıxaraq, Darvinin təkamül haqqında dediyi fikrini təkrarlamaq və bu qavramı açıqlamaq istəyirəm. Gəlin bir də nəzər yetirək,

 "Varlıqların hər növünün və ya hər yüksək qatının aşağı növ və ya qatdan ayrılmış bir varlıq olması mümkündür." Çarliz Darvin.

 

Mümkündür ki, bir insan tüklü dünyaya gəlsin və görünüşcə meymuna bənzəsin, lakin sonralar yenə övladları tüksüz doğulsun və öz yaradılış nizamına qayıtsın və davam etsin. Yəni ki, insan insandır, meymun isə meymun... İnsan heç bir zaman heyvanların həyat və yaşamına uyğunlaşa, adaptasiya ola bilməz. Çünki, insan daim inkişafa, dinamikaya, yaratma qüvvəsinə, fiziki patensiala malikdir. Necə ki, Quran deyir "biz insana ağıl verməklə onu bəşərdən fərqləndirdik."

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

 

 

 

 

 

Çərşənbə, 14 Avqust 2024 16:00

RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Bu fikirlərlə gəlib ofisə çatdım. Hava əməlli - başlı işıqlaşmışdı. Kresloma oturub Layiqəni yığdım.

- Eşidirəm, şef.

- Orada vəziyyət necədir?

- Şükür, indicə baş həkimlə danışdıq. Uşağın orqanizminin möhkəm olması onu xilas edib. Lazım olan hər şey edib həkimlər. Vəziyyəti ümidvericidir.

- Bəs Fərman necədir?

- Onun da səhhəti yaxşıya doğru gedir.

- Lap yaxşı. Sən dincəlmək istəmirsən?

- Elə indicə Sənubər xanım da buna təkid edirdi.

- Onda bəs niyə evə getmirsən?

- Yorğun deyiləm, şef. Ofisə gəlirəm. Sizə yaxşı bir çay dəmləyəcəm.

- Nə deyirəm, əgər dəmi qaynatmayacaqsansa, gəl dəmlə.

Qəsdən Layiqəyə söz atdım. Belə işlərdə o qədər də səriştəsi olmayan bu qızı hərdən iynələməyi xoşlayırdım. Cavabında Layiqə telefonda anlaşılmaz bir səs çıxarıb xətti kəsdi. Hər halda təzədəm çay yerinə düşərdi. Evdə bir işim yox idi. O gələnə və çay hazır olana qədər təxminən yarım saat vaxtım vardı. Kresloya yayxanıb ayaqlarımı masanın üstünə uzatdım. Bir az mürgüləmək pis olmazdı. Vərdiş etmişdim deyə, bəzən azca yuxu ilə bir gecənin yuxusuzluğunu ala bilirdim.

Layiqənin gəlişindən xəbərim olmuşdu. Onun məni çağırmasını gözləmədim, təzədəm çayın ətri burnuma dəyən kimi özüm qalxıb yuyunmağa getdim. Bir azdan mətbəxdə qarşı - qarşıya oturub çay içirdik. Birinci stəkanı səssiz boşaltdıq. Nə o, bir kəlmə kəsdi, nə də mən. İkinci dəfə stəkanları doldurandan sonra köməkçim üzümə baxıb dedi:

- Başlayaq, şef?

Xasiyyətini bilirdim. Hər dəfə əməliyyatdan sonra ilk fürsətdə ona qaranlıq qalan məqamlarla bağlı yığılmış suallarını yağdırırdı Layiqə. Bunun onun öyrənmək istəyindən irəli gəldiyini bildiyimçün suallarının hamısını cavablandırırdım. İndi də yuxusuz keçən gecədən sonra evə getməməyimi fürsət bilən bu qız «başlayaq» deyəndə çoxlu suallarının olduğuna işarə edirdi. Xüsusilə, bu əməliyyatda gecəki tapşırığım istisna olmaqla iştirakı əsasən sorğularımı aparıb onların bağlı zərfdə verilmiş cavablarını gətirməkdən ibarət olduğundan nəyin harada başlayıb harada bitdiyi onun üçün çox maraqlı idi. Çaydan bir qurtum vurdum. Hələ qaynar idi. Stəkanı yerinə qoyub dedim:

- Başla.

Layiqə birinci sualını verdi:

- Şef, Sənubər xanım çox gözəl, müasir xanımdı. Xasiyyəti də olduqca mülayimdi. Övladını da necə sevir, bunun şahidi olduq. Amma mən bilirəm ki, ilk saatlardan siz ondan şübhələnmişdiniz. Bəs şübhələriniz nədən yaranmışdı? Axı söhbət bir anadan gedirdi. Kim öz övladını oğurladar ki?

Tam olmasa da, ara - sıra gedişat barədə Layiqəni məlumatlandırmışdım bu günlərdə. Ona görə də lap əvvəldən, bu sualdan başlaması təbii idi. Üzümü ona tutub dedim:

- Sənubərin gözəlliyinə sözüm yoxdur. Amma xasiyyəti barədə dediklərinlə qismən razıyam. Bəli, o, mülayim bir xanımdı. Ancaq həyatda ağır zərbələr alan insanların təbiətində bəzən çox sərt cəhətlər formalaşır. Bunlar adi halda hiss olunmur, yalnız ekstremal şəraitdə özünü büruzə verir. Sənubər bəlkə də çox qadının tab gətirə bilməyəcəyi çətinliklər yaşayıb. Yağ - bal içində yaşaması görünüşü səni aldatmasın, onun həyatı heç vaxt bal olmayıb. Daha doğrusu, on doqquz yaşından sonrakı həyatı.

Stəkanı qaldırsam da, içmədən qaytarıb yerinə qoydum. Bu qadından danışarkən qeyri - ixtiyari yenə də onun üçün bu gün səhər saatlarında keçirdiyim təəssüfü hiss etdim. Layiqənin mənə baxıb gözlədiyini görəndə davam etdim:

- İndi gələk şübhələndiyim məqamlara. Ancaq əvvəlcə sənə bir sual verəcəm. Oxuduğumuz orta məktəbin nömrəsini hamımız xatırlayırıq. Bununla işim yoxdur və cavabında bunu mənə demə. Sadəcə de görüm on il gedib - gəldiyin məktəbin ünvanını xatırlayırsanmı?

Layiqə fikrə getdi. Xeyli fikirləşəndən sonra dedi:

- Açığını deyim ki, yox. Küçə yadımdadır. Amma binanın nömrəsi ilə heç vaxt maraqlanmamışam. Sadəcə ehtiyac olmayıb.

- Buna şübhəm yoxdur. Çünki özüm də on il eyni məktəbdə oxumuşam, indi də tez - tez yanından keçirəm, ancaq binanın nömrəsi neçədir, bilmirəm. Bu tək səndə, ya da məndə belə deyil, Layiqə. İstəyirsən indicə beş tanışına zəng elə eyni sualı ver. Ən yaxşı halda sənə təkcə küçənin adını deyə biləcəklər. Müstəsna hallarda kimsə dəqiq ünvanı xatırlaya bilər.

- Bəs bu sualı verməkdə məqsəd nədir? Deyək ki, Sənubərə də bu sualı vermisiz, o da cavab verə bilməyib. Nə olsun ki? Axı özünüz dediniz ki, əksər adamlar bunu xatırlamır və bu normal haldır.

- Bəli, bu normal haldır. Sənubərin oxuduğu məktəb də mənə maraqlı deyildi. Mən elə bu müşahidələrimə əsaslanıb ona bu sualı başqa formada vermişdim. Buna hələ qayıdarıq. Ardına qulaq as. Boynuma götürdüyüm məsələ adam oğurluğu idi. Təbii ki, ilk saatlardan bunu edənlərin kimliyi barədə heç bir məlumatım ola bilməzdi. Belə olanda məlumlardan başlayıb məchullara gedirik. Səninlə də o vaxt bu barədə söhbətimiz olmuşdu. Onu da bilirsən ki, bu yeni üsul deyil. Çox vaxt cinayətlərin arxasında elə zərəçəkənin yaxınları, bəzən isə ailə üzvləri dayanır. Bir sıra cinayətlərdə onları araşdırmadan ötüb keçməyin sonda necə böyük səhv olduğu dəfələrlə sübut olunub. Hətta başqa şübhələrim olarsa belə, yenə də paralel olaraq bu yoxlamaları mütləq həyata keçirəcəyimi bilirdim. O ki qala, konkret heç nə məlum olmayan bir məsələdə. Elə belə də etdim. Ailədə üç nəfər var idi - ata, ana və oğul. Oğlan qaçırılmışdı. Fərman Gəraybəyli şantaj obyekti kimi bütün şübhələrdən kənar idi. Onun uşağını oğurlayıb iki yüz min manat pul tələb edirdilər. Restoranda görüşüb onu dinlədikdən sonra həyat yoldaşı ilə görüşüb danışmaq istədiyimi bildirdim. Hələ o vaxt Fərmanın bir anlıq tərəddüd keçirdiyi gözümdən qaçmadı. Təbii ki, yoldaşı ilə görüşməyə icazə verdi. Birlikdə onun evinə getdik. Qapını açan qadının yaşı mənə maraqlı gəldi. Altmış yaşı olan Fərmanın həyat yoldaşının yaşı otuz beşdən çox olmazdı. Bu ər-arvad arasında böyük fərq idi. Bunu o dəqiqə özümçün qeyd etdim. Hələ restoranda Fərman uşağın adının Ağamirzə olduğunu demişdi. Altmış yaşlı bir cütlüyün vaxtilə övladlarına vermiş olduqları normal, əsl kişiyə yaraşan bir addır. Amma Sənubərin yaşını və bayaq sən dediyin kimi müasirliyini görəndə adın uşağa kim tərəfindən verildiyini yoxlamaq qərarına gəldim. Adı uşağa Fərman vermiş olsaydı, bunun üstündə çox dayanmayacaqdım. Amma o bu adı uşağa Sənubərin verdiyini dedi. Rəhmətə getmiş çox sevdiyi dayısının adı imiş. Bunu da özümçün qeyd etdim. Sonra uşaq haqqında suallarımı verməyə başladım. Anası Ağanın bu yaxınlarda məktəbdən liseyə keçdiyini, altı yaşından kartinqlə məşğul olduğunu dedi. Kartinqdən danışanda sanki bir anlıq hər şeyi, hətta yeganə övladının oğurlandığını da unutdu bu qadın. Gözləri parıldamağa başladı, elə şövqlə danışırdı ki, sanki özü bu idman növündə bir neçə dəfə çempion olmuşdu. Onda fürsət tapıb onun vaxtilə kartinqə gedib-getmədiyini soruşdum. Heç vaxt məşğul olmadığını dedi. Yenə də ortaya sual çıxırdı - özü heç vaxt kartinqə getməyib, Ağanı bu idman növünə özü yazdırdığını deyir, bəs bu maraq haradan yaranıb onda? Axı kartinq də Bakıda elə populyar idman növü deyil? Bu bir vaxtlar çox dəbdə idi, o maşınlar şəhərə yeni gətiriləndə, illər əvvəl. Altı yaşlı Ağa da bəlkə elə kartinqin nə olduğunu ilk dəfə anası onu bu idmana yazdırmağa aparanda bilib. Başqa sözlə desək, təzadlı vəziyyət yaranırdı. Fikrimi tutursan?

- Tuturam, şef.


“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

Çərşənbə, 14 Avqust 2024 14:38

LİDERLİYİN 21 QANUNU -15.Tam etibar qanunu.

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”  

 

Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər

 

15.Tam etibar qanunu.

«İnsanları öncə liderin özü, sonra isə onun böyük ideyası cəlb edir»

 

Lider böyük arzusunu tapır, sonra insanları tapır. İnsanlar öncə lideri tapırlar, sonra onun arzusunu.

Çox insanlar liderlik məsələsində hər şeyi baş-ayaq qoyurlar. Onlara elə gəlir ki, qoyduqları ideya cəzbedici olsa, insanlar mütləq bunun ardınca gedəcək, onları lider kimi qəbul edəcəklər. Halbuki liderlik tam əksinə işləyir. İnsanlar layiq bildikləri liderlərin ardınca gedirlər. Liderin ideyası isə sonra gəlir. İnsanlar «Nike» firmasının krossovkalarını ona görə almırlar ki, çox keyfiyyətlidir, ona görə alırlar ki, bu krossovkaları məşhur basketbolçu Maykl Cordan reklam edir. İnsanlar məşhur aktyor Çarlton Xestonun Milli Odlu Silah Assosiasiyasının dəstəyinə yönəli mövqeyini ona görə maraqla dinləmirlər ki, Xeston bu mövzunun gözəl bilicisidir, ona görə dinləyirlər ki, ona böyük inam bəsləyirlər. Əgər insanlar bir dəfə bir insana inanıblarsa, onun rəyinə, nöqteyi nəzərinə həmişə şans verməyə hazırdırlar.

İnsanlar, hətta ideyanı bəyənsələr belə bəyənmədikləri liderin ardınca getməyəcəklər. Bu aksiomdur. Onlar başqa lider axtarışında olacaqlar. Amma lideri bəyənib ideyanı bəyənməyəndə, yenə də liderin ardınca gedəcəklər, amma ideyasına narazılıq bildirəcək, dəyişdirilməsinə can atacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.

 

 

 

BİLİRSİNİZMİ?

 

          19. Müqəddəs Nina İrəvan qız gimnaziyasında 1875-ci ildən 1900-cü ilədək təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qızı olmuşdur. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi.

          20. İrəvan şəhərinin adı orta əsr mənbələrində Rəvan, İrivan, İrəvan kimi qeyd edilmişdir. 1827-ci il çar Rusiyasının işğalından sonra şəhərin adı Erivan kimi yazılmış, yalnız 1936-cı ildə Yerevan adlanmışdır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin ərazisi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, Çar Rusiyası dövlətlərinin ərazisinə daxil olmuşdur. Çar Rusiyası süqut etdikdən sonra Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri paytaxt kimi Ermənilərə güzəşt edilmişdir.

          21. 1 yanvar 1850-ci ildə İrəvan quberniyasında Müqəddəs Ripsimi İrəvan qadın təhsil məktəbi fəaliyyətə başlamışdır. İrəvan şəhərində fəaliyyət göstərən bu qadın təhsil müəssisəsi Qafqaz Qubernatoru Mixail Vorontsovun həyat yoldaşı Yelizaveta Vorontsovanın təşəbbüsü ilə Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə açılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Behruz Sədiqin şeirlərini təqdim edir.

 

 

 

 

Behruz Sədiq

Muğan

 

OLUBMU?

 

Arazladarmı iki qonşu bulaqlarınızı?

Çatladarmı, yoxsulluq saran gövdənizi?

Yoxa varmış yuxa ürəkli nazlı varlıq yoxluğu?

Uzun-uzadı bir gecənin gecəliyinə aslanıb

Dalğa kimi enib qalxan,

Qıp-qırmızı ət parçanızı pasladıb,

Solğunluq şeirini çatlaq vurmuş

Dodaqlarınızla oxuduğunuz olubmu?

“Qaranlıq yuxularla keçibmi ağlama saatlarınız?

 

Qovuşmaqçün torpağın qoynuna köçmək duyğusunu yaşayıbsınızmı?

Asıbmı hər gün dəli həsrət qan boyalı iplərindən

Alov sarmış boğazınızı?

Siz sevda söyüdlüyündə yaz mövsümü ikən

Solmaq üşəntisini sezibsinizmi?

Yoxkən var olanlara bitməyən qaranlıq gecələrdə,

Ağ kağız üzərində yana-yana sonduğunuz sətirlər olubmu?

Olubsa və sizin dərdinizi soyubsa

Yaşatmaq yanğısı yaralarınızda

Baharın addım səslərindən xəbər verəcək.

Yaralarınız yardan paydır deyə

Yolların boyuna boyanacaqsız,

Quşlarla,

Çiçəklərlə hamaş olub

Ağrı, acılara yubanacaqsız.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

Çərşənbə, 14 Avqust 2024 10:44

Şəhidlər barədə şeirlər - Gəray Soltanov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Gəray Soltanov

 

Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı.

Azərbaycan Ordusunun əsgəri olan Gəray Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gəray Soltanov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Sən ey döyüş meydanında

Tufan qoparan şəhid.

Füzulidən Beyləqana

Zəfər aparan şəhid.

 

Öpüb ziyarət elədik,

O əsgər tabutunu.

Qəlbimizdə gəzdiririk

Sənin zəfər tabutunu.

 

Əbədi qəlbimizdəsən

Vətənin mənası kimi.

Bu millətin tarixisən

Ölməzlik qalası kimi.

 

Sən zəhmətkeş oğul idin

Anan üçün, atan üçün,

İndi ocaq, pir yerisən

Bütün Azərbaycan üçün.

 

***

 

Bilirəm ki, indi sən,

Hamımızı görürsən,

Hamımızı duyursan.

Bir qızın da doğuldu,

Adını nə qoyursan?

 

Qəti narahat olma,

Tanrı da sənə yardır.

Adın tək qızların da,

Vətənə yadigardır.

 

 “Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Heç düşündünüzmü indiyədək, “ədəbiyyat nəyə lazımdır?” deyə? Hə, nəyimizə lazımdır? Yaşadıqlarımız bizə bəs etmirmi ki, bir də onun bədii əksi girib həyatımıza?  “Kitabsevər” sözü elə-belə yaranmayıb, kitabı sevənlə sevməyənin fərqini anlamağımız üçündür. Kitabı sevməyənlər... Onlar belə, ədəbiyyatsız yaşamır. Baxdıqları filmlərin içində mütləq ki, hansısa əsər əsasında çəkiləni var, dinlədikləri mahnıların sözlərini bir şair yazır... Başqa sözlə, ədəbiyyat qapısından qovulduğu insan ömrünə bacadan girir. Özü də, hünərlə! Niyə?

Çünki yaşadıqlarımız kitaba sığır da, dünyanın bütün kitabları həyatımıza sığmır. “Dünyanın bütün kitabları” deyərkən hələ yazılmamış olanları da nəzərdə tuturam. Və də yazılanları, hələ çap olunmayanları...

Əli Rzazadə “Cənab leytenant” romanına  şəhid Teymur Abbasovun həyatını sığdırmağa çalışıb. Amma bu roman Teymurun yarımçıq qalan həyatına sığmır...Kitabda müəllifin öz hisslərindən, xatirələrindən başqa, illərlə qisas yanğısı ilə yanan bir xalqın əzmi, Vətən sevdası var. Yarımömürə sığarmı bu boyda dəyər?!

Yarımömür yaşadı Teymur Abbasov...  Və qalxdı fövqəlliyə. Əli Rzazadə kitabının əvvəlində Teymur Abbasovun timsalında bütün şəhidlərimizə olan ehtiramını aşağıdakı cümlələrdə dilə gətirir:

 

“...Onlar... Fövqəlinsanlar... Adları dilə gəlincə bizi ehtiramla ayağa qaldıran, damarımızda kədərli bir qüruru coşduran, xatirələrinə sarılaraq kədərimizə təsəlli tapmağımıza səbəb olan ŞƏHİDLƏR!”

 

Şəhidlərdən bizə qalan əmanətin bir Vətən, bir də xatirələr olduğunu qeyd edən yazıçımız “Cənab leytenant”ı yazmaq səbəbini də səmimiyyətlə açıqlayır: “Sadəcə, Teymuru anlatmaq, ondan danışmaq istəyirəm, vəssalam...”

“Vətən müharibəsi”nin ilk günlərində sosial şəbəkədə yayılan bir video yadınızdadır yəqin. Dəmir barmaqlıqlardan ibarət hasarın arxasından əllərini uzadıb balalarının başını sığallayan, onların üzündən öpən hərbiçinin gülərüz çöhrəsi o videonu izləyənlərin ürəyində ziddiyyətli duyğular oyatmışdı. Kimisi bu ata sevgisi qarşısında heyrətə düşmüş, kimisi də atalarına sarı balaca əllərini uzadan oğlanlara baxıb qürrələnmiş, gələcəyə olan ümidləri qanadlanmışdı: “Qurddan olan qurd olar!” Və hamı o hərbiçinin cəbhəyə sağ gedib-salamat qayıtmasını diləmişdi. Deyirlər, kainata eyni anda bir neçə adam tərəfindən göndərilən diləklər gül açır. İnanıram. Hələ də arxeologiya qədim insanların mərasim yerlərini, qədim məbədlərini aşkar etməkdədir... Deməli, insan lap əvvəldən kainatla yaşam arasındakı körpünün siluetini görmüşdü düşüncə/inanc dumanının arxasında...

“Bəs niyə  o sevgi dolu ata-Teymur Abbasov  ilə bağlı “sağ gedib-salamat qayıtsın” alqışı kainata çatmadı?”-deyə sual verənlər olar. O diləklər də kainata çatdı, bəli.  Amma o diləklər Teymurun ürəyindəki “Vətən naminə ölərəm!” arzusunun kölgəsində qaldı. Teymurun özünü Vətənə qurban deməsi ona can sağlığı arzulayanların səmimiyyətindən daha qudsal idi!

Bu qənaətə gəlməyimin, əminliyimin səbəbi Əli Rzazadənin Teymuru  hamımıza tanıtmasıdır-yazıçı ustalığıdır. Təxəyyül məhsulu olan obrazı işləmək daha asandır, onu oxucuya necə istəsən, o cür də təqdim  edə bilərsən.  Yaxud obrazı elə sirlərin ahəngində təqdim edərsən ki, onun kimliyi haqqında oxucu özü qərar vermək məcburiyyətində qalar. Əli Rzazadə dost itkisinin ağrısını-acısını büküb, ruhunun bir küncünə qoyub, ədəbi ustalığına sığınaraq Teymuru  necə varsa elə-olduğu kimi anladıb.  Real obrazı ədəbi qəhrəmana çevirməyin bir çətinliyi də ondan ibarətdir ki, təxəyyülünün hücumunun qarşısına məntiqin aydınlığı ilə  sədd çəkməlisən. Əbədiyyət, insan-düşüncə tənliyinin həlli, cəmiyyət və kitab məsələlərində yazıçı ustalığını incəliklərinədək gördüyümüz “Cənab leytenant” romanında Teymurun iştirak etdiyi epizodlarda qalib Əli Rzazadənin məntiqidir: “...Vətən eşqiylə qəlbi tutuşan oğul idi Teymur”. Başqa sözə, heç bir bədii təsvirə, mübaliğəyə gərək yoxdur-oxucu artıq Teymurun kim olduğunu bilir!

Romanda ən diqqətçəkən məqamlardan biri də Xocalının səsini eşidən dostların keçirtdiyi hisslərdir. O səs ki, Böyük Zəfərimiz belə, o səsi unutdura bilmədi; təsəlli oldu... O səs ki, Böyük Zəfərdən bəhs edən bütün mahnıların sədası altında hər bir azərbaycanlının zehninin içində mövcudluğunu bir daha hayqırır...  Bu gün Xocalı çiçəklənir. Amma hamımız bilirik ki,  o çiçəklərin bitdiyi torpaq qana doyub.  Məncə, heç bir azərbaycanlı Xocalıda gül dərməyə qıymaz... Əli müəllimin təbirincə, “ağrı da xatirədir, həm də, ən qudsalından!”

“Dağ dağa rast gəlməz, insan insana rast gələr” deyib ulularımız. Rast gəldiklərimizin hamısı yadımızda qalmır, ömrümüzdə iz qoymur, ya da biz qoyulan izin fərqində olmuruq.  O adamlara “Tanrı bizi rast saldı” deyirik ki, ömrümüzdəki izləri tarixin ta əvvəlindən mövcud olub. Hə, tale yazılanda kimin harada kimin ömrünə gərək olduğu da qeyd olunur. Və biz yalnız yaşayaraq gəlib çatırıq bu hikmətin özəyinə. Əli Rzazadə romanın bir yerində Teymuru “yaradılışın ta əvvəlindən tanıdığını” deyir. Əlavə edir: “Yaradan onu ömürlərə toxunmaq, hamının əlçatanı, ünyetəni olmaq üçün yaratmışdı”.

İki gəncin köhnə kitablar satılan yerdə rastlaşması,  bir-birinin fikir dənizində qəvvasa çevrilməsi də tale işidir. O tale ki, lap əzəldən Teymurun şəhid olacağı, Əli Rzazadənin də  şəhid dostu haqqında  roman yazacağı həkk olunmuşdu alnına... Və şəhadət şərəfinin nəsib olduğu insana kainatın bunu müxtəlif işarətlərlə anlatmaq forması var romanda. Məsələn; bir qadının  Teymura etdiyi alqış: “Allah səni şərəfləndirsin, oğlum!”

Kitabdan oxuyuruq ki, Teymur ömür-gün yoldaşına, Cəfər Cabbarlının təbirincə, Sonasına mesaj yazır ki:“Bağışla, mən Vətəni seçdim”.  Oxuyuruq... Əvvəl bir təbəssüm qonur dodaqlarımızın ucuna, sonra düşmən gülləsinə qurban gedən dağ vüqarlı bir oğulun göynəyi baş qaldırır sinəmizdə, lap sonda da Sona Abbasovanın gülümsər çöhrəsi gəlir gözümüzün önünə... Təbəssümümüz göynəyimizə, göynəyimiz təbəssümümüzə təsəlli verir: “Sona xanım Teymuru ilk gördüyü, könlünü verdiyi gün bağışlamışdı Vətənə...”

“Cənab leytenant” romanının redaktə prosesini heç zaman unutmayacağam...  Əli müəllimin bütün əsərlərində -janrından asılı olmayaraq,-mənəvi arınma var. Hərdən bir romanın, yaxud bir essenin redaktəsi üçün zehnimdəki “qırx qapıdan birinin açılmasını” gözləyəndə kainata üz tutur, deyirəm: “Nolaydı, Əli müəllim bir hekayə göndərəydi redaktəyə,  işə onunla başlayaydım, mənən arınaydım, sonra keçəydim növbəti iş mərhələsinə...”  Hə, Əli müəllimin  redaktoru olduğum bütün əsərlərinin ruhumda izi var. “Cənab leytenant”ın izində isə  aliliklə yanaşı, dünyanın, hətta kainatın belə, Vətəndən kiçik olması nüansı var ki, unudulmaz!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

         

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, Aynur Qafarlının şeirləri ilə tanışlıqdır.

 

 

 

QUMARDI DÜNYA

 

Elə mənim kimi sərxoşdu, süstdü,

Elə mənim kimi xumardı dünya.

Bir gün başımıza dəyən qapazdı,

Bir gün saçımızda tumardı dünya.

 

Dinsə, nələr deyər bu dağ, bu dərə,

Şükür səmadakı min-min ülkərə.

Üstündə olsaydı başı bir kərə,

Fikir dəryasına cumardı dünya.

 

Bəxti pas atıbdır, çərxi dolanmır,

İstəyir, amma ki xoşbəxt olammır,

Loğmanlar dərdinə çarə bulammır,

Sağala bilmir ki, bimardı dünya.

 

Baxma şirin dilə, uyma toyuna,

Sən ağıllı qızsan, qurban boyuna,

Aldanıb yalandan girmə oyuna,

Aynur, bilirsən ki, qumardı dünya!

 

 

İNSAN ÖZ QƏLBİNDƏN ASILMALIDIR

 

Əlim nə ulduza, nə aya çatır,

Kaş çata, bir iplə asam özümü.

Məlhəm də deyiləm, mən əvvəl-axır

Qanlı yaralara basam özümü.

 

Barmaq yarasını sağaltmaq asan,

Ürək yarasının əlacı hanı?

Onu sağaltmağa, zavallı insan,

Hətta mələklərin çatmır imkanı.

 

İnsanın surəti, əksi üzündə,

Əsli ürəkdədir – bir sifəti var.

Min sifət görərsən əksin özündə,

Ürəyin bir üzlük həqiqəti var.

 

Şeytan ağlımızı kəsdirə bilər,

Ürəyi yıxmağa yetməz hiyləsi.

Tale kimi desən, küsdürə bilər,

Ürəkdən inciməz ürək yiyəsi.

 

Son yarpaq düşərkən ömür bağından,

Hər kəs əməlinə qısılmalıdır.

Hər şey asılsa da öz ayağından,

İnsan öz qəlbindən asılmalıdır.

  

 

BİZ RƏHMƏTİ BU DÜNYADA QAZANAQ

 

Bəd əməllər ömrümüzdən silinmir,

O dünyada nə olacaq, bilinmir,

Həyatımız yaxşılığa bələnmir,

Mümkün qədər "kor şeytan"ı az anaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

İnsan niyə insanlığı itirir?

Bilinmir ki, kim harda bənd götürür...

Son mənzilə bizi rəhmət ötürür,

Yatmışıqsa, bu yuxudan oyanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

Bacardıqca adımızı ad edək,

Unutmayaq, doğmaları yad edək,

Ürəkləri bu dünyada şad edək,

Mərhəmətin keşiyində dayanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

Dostlar ilə tikəmizi bölək tən,

Mayamızda olsun halal toxum, dən,

Düşünməyək, vaxt var ikən indidən

Saf niyyətə, düz əmələ boyanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

 

Gözümüzdən qanlı-qanlı yaş gedər,

Bir qaydadır, boş gələnlər boş gedər,

Aynur, uca Tanrıya da xoş gedər,

Yaxşı olaq, yaxşılığı dost sanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

 

DOSTLUQ 

 

Təcnis

 

Bir qızıl almadır həqiqi dostluq,

Dostun bir yarıdır, sən bir yarısan.

Canına can qatan dostun yoxdursa,

Özünü tam deyil, sən bir yarı san.

 

Ucal, ucalanda dostsuz ucalma,

Dostun sınağından beş al, üç alma.

İkisi dostundur – tapsan üç alma,

Qoy dost beş yarısın, sən bir yarısan.

 

Heç vədə dostundan kəsməz dost ara,

Köməyə dost yetər, düşsə dost dara.

Əzəl Rəbbə dost de, sonra dost ara,

Desinlər, Allahın sən bir yarısan.

 

 

SƏNƏ BİR MƏKTUB YAZDIM

 

Sənə bir məktub yazdım, 

Bir sual və bir nida.

Bir də ölümdən betər

Param-parça “əl-vi-da”…

 

Heç peşman da deyiləm,

Yoxdur bir umu-küsüm.

Bir şəkil də qoymuşam –

Göz yaşında təbəssüm.

 

Qapanıb otağına

Qapını bağlayarsan.

Sənə bir məktub yazdım,

Oxuyub ağlayarsan.

 

Buz kimi yatağından

Mənə də pay bölərsən.

Şərab qədəhlərində

Qurtum-qurtum ölərsən.

 

Sənə bir məktub yazdım,

Son gücümü toplayıb.

Ünvanını bilmirəm,

Çatmayacaqdır, hayıf... 

 

 

OLAR, BİR SUAL VERİM?

 

Olar, bir sual verim?

Qəlbim səni görəndə       

Niyə belə döyünür?!

Baxışlarım dən kimi

Yollarında üyünür.

 

Olar, bir sual verim?

Dilim yanar, deməsəm,

Gəl tutulma sözümdən:

Niyə mənim hər gecə

Yuxum qaçır gözümdən?

 

Olar, bir sual verim?

Baxışımdan qəlbinə

Sevgi səpsəm, olarmı?

Gecə ay işığında

Səni öpsəm, olarmı?

 

Olar, bir sual verim?

“Eşq bir meydir”, – deyiblər,

Mən bu meydən içimmi?

Gəlib sizin hər səhər

Küçənizdən keçimmi?

                                 

Olar, bir sual verim?

Nəyinə bənd olmuşam,

Bu sevginin nəyinə?!

Nədən hakim olmusan

Aynurun ürəyinə?!

 

 

DESİNLƏR Kİ, BU QIZ DƏLİ OLUBDUR

 

İstəyirəm ilk baxışdan vurulum,

Desinlər ki, bu qız dəli olubdur.

Bu sevgiyə saat kimi qurulum,

Desinlər ki, bu qız dəli olubdur.

 

Qönçə olum, budağından dərilim,

Kaman olum, oxu üçün gərilim,

Axşam-sabah yollarına sərilim,

Desinlər ki, bu qız dəli olubdur.

 

Diyar-diyar dolaşmağa qalınca,

Bal tapmazlar şirinlikdə balımca,

Lağa qoyub gülüşsünlər dalımca,

Desinlər ki, bu qız dəli olubdur.

 

Məhəbbətdə çoxu zəlil olurdu,

Dəliliyə sübut-dəlil olurdu,

Bundan qabaq oğlan dəli olurdu,

Desinlər ki, bu qız dəli olubdur.

 

Soruşmayın taleyimi, yaşımı,

Atın mənim uzaqlara daşımı,

Dəli kimi alım gedim başımı,

Desinlər ki, bu qız dəli olubdur.

 

Taleyimə yazılıbdır bu yazı,

Mən Aynuram –  torpağımın şən qızı,

Başdan-başa geyinim al-qırmızı,

Desinlər ki, bu qız dəli olubdur.

 

 

DURARAM SƏN GƏLƏN YOLLARIN ÜSTDƏ

 

Bəzənib geyərəm al üstdən alı,

Tökərsən qanını alların üstə.

Görsən Aynur adlı bir qızılgülü,

Qonarsan bülbültək kolların üstə.

 

Gələrəm, duraram gərdanı mina,

Sənə dərman bulmaz heç İbn Sina,

Eşqindən güc alıb gedərəm, inan,

Bütün “olmaz”ların, “ol”ların üstə.

 

Sevgi yarasıdır ən dərin yara,

Anında gələrəm, çağırsan hara.

Baxmaram borana, şaxtaya, qara,

Duraram sən gələn yolların üstdə.

 

Elə çağlayır ki, sinəmdə ürək,

Aynuru sən başa düşəsən gərək,

Onu bu dünyanın o başınadək

Alıb aparasan qolların üstdə.

 

 

O DƏLİNİN BİRİ SƏNSƏN, BİRİ MƏN

 

İki dəli xatırlansa hardasa,

O dəlinin biri sənsən, biri mən.

İki dəli bir-birinə yardırsa,

O dəlinin biri sənsən, biri mən.

 

Su vermişik gözümüzdən güllərə,

Qular kimi qanad açdıq göllərə,

İki dəli eşqdən düşsə çöllərə,

O dəlinin biri sənsən, biri mən.

 

Daş da dönüb çiçək açar, diləsən,

Deyirəm ki, eşidəsən, biləsən,

Mən bir dəli, sən bir dəli iləsən,

O dəlinin biri sənsən, biri mən.

 

Ruhum sənin ruhun üçün acıbdır,

Ürəyimin qapısını açıbdır,

Deyirlər ki, iki dəli qaçıbdır,

O dəlinin biri sənsən, biri mən.

 

İki dəli eşq meyindən dəmdir ki,

İki dəli iki kövrək simdir ki,

Ən ağıllı iki dəli kimdir ki? –

O dəlinin biri sənsən, biri mən.

 

Aynur, salma ötən günü çox yada,

Aramızda dava-dalaş, qan-qada,

İki dənə zır dəli var dünyada,

O dəlinin biri sənsən, biri mən.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

     

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.