RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Bu fikirlərlə gəlib ofisə çatdım. Hava əməlli - başlı işıqlaşmışdı. Kresloma oturub Layiqəni yığdım.

- Eşidirəm, şef.

- Orada vəziyyət necədir?

- Şükür, indicə baş həkimlə danışdıq. Uşağın orqanizminin möhkəm olması onu xilas edib. Lazım olan hər şey edib həkimlər. Vəziyyəti ümidvericidir.

- Bəs Fərman necədir?

- Onun da səhhəti yaxşıya doğru gedir.

- Lap yaxşı. Sən dincəlmək istəmirsən?

- Elə indicə Sənubər xanım da buna təkid edirdi.

- Onda bəs niyə evə getmirsən?

- Yorğun deyiləm, şef. Ofisə gəlirəm. Sizə yaxşı bir çay dəmləyəcəm.

- Nə deyirəm, əgər dəmi qaynatmayacaqsansa, gəl dəmlə.

Qəsdən Layiqəyə söz atdım. Belə işlərdə o qədər də səriştəsi olmayan bu qızı hərdən iynələməyi xoşlayırdım. Cavabında Layiqə telefonda anlaşılmaz bir səs çıxarıb xətti kəsdi. Hər halda təzədəm çay yerinə düşərdi. Evdə bir işim yox idi. O gələnə və çay hazır olana qədər təxminən yarım saat vaxtım vardı. Kresloya yayxanıb ayaqlarımı masanın üstünə uzatdım. Bir az mürgüləmək pis olmazdı. Vərdiş etmişdim deyə, bəzən azca yuxu ilə bir gecənin yuxusuzluğunu ala bilirdim.

Layiqənin gəlişindən xəbərim olmuşdu. Onun məni çağırmasını gözləmədim, təzədəm çayın ətri burnuma dəyən kimi özüm qalxıb yuyunmağa getdim. Bir azdan mətbəxdə qarşı - qarşıya oturub çay içirdik. Birinci stəkanı səssiz boşaltdıq. Nə o, bir kəlmə kəsdi, nə də mən. İkinci dəfə stəkanları doldurandan sonra köməkçim üzümə baxıb dedi:

- Başlayaq, şef?

Xasiyyətini bilirdim. Hər dəfə əməliyyatdan sonra ilk fürsətdə ona qaranlıq qalan məqamlarla bağlı yığılmış suallarını yağdırırdı Layiqə. Bunun onun öyrənmək istəyindən irəli gəldiyini bildiyimçün suallarının hamısını cavablandırırdım. İndi də yuxusuz keçən gecədən sonra evə getməməyimi fürsət bilən bu qız «başlayaq» deyəndə çoxlu suallarının olduğuna işarə edirdi. Xüsusilə, bu əməliyyatda gecəki tapşırığım istisna olmaqla iştirakı əsasən sorğularımı aparıb onların bağlı zərfdə verilmiş cavablarını gətirməkdən ibarət olduğundan nəyin harada başlayıb harada bitdiyi onun üçün çox maraqlı idi. Çaydan bir qurtum vurdum. Hələ qaynar idi. Stəkanı yerinə qoyub dedim:

- Başla.

Layiqə birinci sualını verdi:

- Şef, Sənubər xanım çox gözəl, müasir xanımdı. Xasiyyəti də olduqca mülayimdi. Övladını da necə sevir, bunun şahidi olduq. Amma mən bilirəm ki, ilk saatlardan siz ondan şübhələnmişdiniz. Bəs şübhələriniz nədən yaranmışdı? Axı söhbət bir anadan gedirdi. Kim öz övladını oğurladar ki?

Tam olmasa da, ara - sıra gedişat barədə Layiqəni məlumatlandırmışdım bu günlərdə. Ona görə də lap əvvəldən, bu sualdan başlaması təbii idi. Üzümü ona tutub dedim:

- Sənubərin gözəlliyinə sözüm yoxdur. Amma xasiyyəti barədə dediklərinlə qismən razıyam. Bəli, o, mülayim bir xanımdı. Ancaq həyatda ağır zərbələr alan insanların təbiətində bəzən çox sərt cəhətlər formalaşır. Bunlar adi halda hiss olunmur, yalnız ekstremal şəraitdə özünü büruzə verir. Sənubər bəlkə də çox qadının tab gətirə bilməyəcəyi çətinliklər yaşayıb. Yağ - bal içində yaşaması görünüşü səni aldatmasın, onun həyatı heç vaxt bal olmayıb. Daha doğrusu, on doqquz yaşından sonrakı həyatı.

Stəkanı qaldırsam da, içmədən qaytarıb yerinə qoydum. Bu qadından danışarkən qeyri - ixtiyari yenə də onun üçün bu gün səhər saatlarında keçirdiyim təəssüfü hiss etdim. Layiqənin mənə baxıb gözlədiyini görəndə davam etdim:

- İndi gələk şübhələndiyim məqamlara. Ancaq əvvəlcə sənə bir sual verəcəm. Oxuduğumuz orta məktəbin nömrəsini hamımız xatırlayırıq. Bununla işim yoxdur və cavabında bunu mənə demə. Sadəcə de görüm on il gedib - gəldiyin məktəbin ünvanını xatırlayırsanmı?

Layiqə fikrə getdi. Xeyli fikirləşəndən sonra dedi:

- Açığını deyim ki, yox. Küçə yadımdadır. Amma binanın nömrəsi ilə heç vaxt maraqlanmamışam. Sadəcə ehtiyac olmayıb.

- Buna şübhəm yoxdur. Çünki özüm də on il eyni məktəbdə oxumuşam, indi də tez - tez yanından keçirəm, ancaq binanın nömrəsi neçədir, bilmirəm. Bu tək səndə, ya da məndə belə deyil, Layiqə. İstəyirsən indicə beş tanışına zəng elə eyni sualı ver. Ən yaxşı halda sənə təkcə küçənin adını deyə biləcəklər. Müstəsna hallarda kimsə dəqiq ünvanı xatırlaya bilər.

- Bəs bu sualı verməkdə məqsəd nədir? Deyək ki, Sənubərə də bu sualı vermisiz, o da cavab verə bilməyib. Nə olsun ki? Axı özünüz dediniz ki, əksər adamlar bunu xatırlamır və bu normal haldır.

- Bəli, bu normal haldır. Sənubərin oxuduğu məktəb də mənə maraqlı deyildi. Mən elə bu müşahidələrimə əsaslanıb ona bu sualı başqa formada vermişdim. Buna hələ qayıdarıq. Ardına qulaq as. Boynuma götürdüyüm məsələ adam oğurluğu idi. Təbii ki, ilk saatlardan bunu edənlərin kimliyi barədə heç bir məlumatım ola bilməzdi. Belə olanda məlumlardan başlayıb məchullara gedirik. Səninlə də o vaxt bu barədə söhbətimiz olmuşdu. Onu da bilirsən ki, bu yeni üsul deyil. Çox vaxt cinayətlərin arxasında elə zərəçəkənin yaxınları, bəzən isə ailə üzvləri dayanır. Bir sıra cinayətlərdə onları araşdırmadan ötüb keçməyin sonda necə böyük səhv olduğu dəfələrlə sübut olunub. Hətta başqa şübhələrim olarsa belə, yenə də paralel olaraq bu yoxlamaları mütləq həyata keçirəcəyimi bilirdim. O ki qala, konkret heç nə məlum olmayan bir məsələdə. Elə belə də etdim. Ailədə üç nəfər var idi - ata, ana və oğul. Oğlan qaçırılmışdı. Fərman Gəraybəyli şantaj obyekti kimi bütün şübhələrdən kənar idi. Onun uşağını oğurlayıb iki yüz min manat pul tələb edirdilər. Restoranda görüşüb onu dinlədikdən sonra həyat yoldaşı ilə görüşüb danışmaq istədiyimi bildirdim. Hələ o vaxt Fərmanın bir anlıq tərəddüd keçirdiyi gözümdən qaçmadı. Təbii ki, yoldaşı ilə görüşməyə icazə verdi. Birlikdə onun evinə getdik. Qapını açan qadının yaşı mənə maraqlı gəldi. Altmış yaşı olan Fərmanın həyat yoldaşının yaşı otuz beşdən çox olmazdı. Bu ər-arvad arasında böyük fərq idi. Bunu o dəqiqə özümçün qeyd etdim. Hələ restoranda Fərman uşağın adının Ağamirzə olduğunu demişdi. Altmış yaşlı bir cütlüyün vaxtilə övladlarına vermiş olduqları normal, əsl kişiyə yaraşan bir addır. Amma Sənubərin yaşını və bayaq sən dediyin kimi müasirliyini görəndə adın uşağa kim tərəfindən verildiyini yoxlamaq qərarına gəldim. Adı uşağa Fərman vermiş olsaydı, bunun üstündə çox dayanmayacaqdım. Amma o bu adı uşağa Sənubərin verdiyini dedi. Rəhmətə getmiş çox sevdiyi dayısının adı imiş. Bunu da özümçün qeyd etdim. Sonra uşaq haqqında suallarımı verməyə başladım. Anası Ağanın bu yaxınlarda məktəbdən liseyə keçdiyini, altı yaşından kartinqlə məşğul olduğunu dedi. Kartinqdən danışanda sanki bir anlıq hər şeyi, hətta yeganə övladının oğurlandığını da unutdu bu qadın. Gözləri parıldamağa başladı, elə şövqlə danışırdı ki, sanki özü bu idman növündə bir neçə dəfə çempion olmuşdu. Onda fürsət tapıb onun vaxtilə kartinqə gedib-getmədiyini soruşdum. Heç vaxt məşğul olmadığını dedi. Yenə də ortaya sual çıxırdı - özü heç vaxt kartinqə getməyib, Ağanı bu idman növünə özü yazdırdığını deyir, bəs bu maraq haradan yaranıb onda? Axı kartinq də Bakıda elə populyar idman növü deyil? Bu bir vaxtlar çox dəbdə idi, o maşınlar şəhərə yeni gətiriləndə, illər əvvəl. Altı yaşlı Ağa da bəlkə elə kartinqin nə olduğunu ilk dəfə anası onu bu idmana yazdırmağa aparanda bilib. Başqa sözlə desək, təzadlı vəziyyət yaranırdı. Fikrimi tutursan?

- Tuturam, şef.


“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.