Vüsalə Vətənxan, AYB – “Ədəbiyyat və incəsənət” üçün
Təkamül nədir? Təkamül mənim fikrimcə yaradılışın daim inkişafda (sonsuz tərəqqidə, genişlənmədə və dinamikada) olduğu elm tərəfindən isbat edilmiş bir nəzəriyyədir.
Darvin öz nəzəriyyəsini 4 təbiət prinsipi əsasında qurmuşdur, nəzərimcə burada bəhs edəcəyim bizə yanlış təlqin edilən "arakeçid dövrü" əslində Darvinin açıqlamağa çalışdığı "Varislik" qanununa əsaslanır. İlk öncə başlıqları verim.
İnsanı müstəqil xilqət kimi danan Darvin nəzəriyyəsi - təkamül fəlsəfəsi nədir? Gəlin bu qavramdan bəhs edək.
Qədim dövrlərdə filosoflar bu əqidədə olmuşlar ki, üç növ varlıq, yəni minerallar, bitkilər və heyvanlar bir-birinə qarışmış və minerallar bitkilərdən, bitkilər də heyvanlardan öncə yaranmışdır. Və bu silsilə elə nizamlanıb ki, mineralların sonuncu qatı, məsələn, mərcanlar bitkilərin ilkin növü ilə çox oxşar və yaxındırlar. Eləcə də bitkilərin sonuncu növü, məsələn, süngər dəniz heyvanlarının ilk növü ilə oxşardır və həmçinin sonuncu heyvan nəsli, məsələn, meymun ilkin insanlarla yaxınlıq və oxşarlığa malikdir.
Sonralar bu fəlsəfi baxış başqa əski fəlsəfi dünyagörüşlərlə birgə qərb dünyasına da yol tapır və qərbin təbiət alimlərindən Çarliz Darvin bundan xəbər tutduqdan sonra deyir "Varlıqların hər növünün və ya hər yüksək qatının aşağı növ və ya qatdan ayrılmış bir varlıq olması mümkündür." Yəni, bitki mineraldan və ya heyvan bitkidən yaranmış ola bilər... Eyni qayda ilə heyvanlar silsiləsi də öz inkişaf mərhələsində elə yüksəliş nöqtəsinə çatmışdır ki, onların nəslindən insanabənzər meymunlar törəmiş və onlardan da insan yaranmışdır...
Nəzərə almaq lazımdır ki, "təkamül" baxışı Darvinin kəşfi deyildir. Ondan öncələr də bir çox alimlər bu fikirdə olmuşlar. Sadəcə və lakin Darvin bu baxış və fikirləri toplayıb nizama saldığından təkamül nəzəriyyəsi onun adı ilə bir ərsəyə gətirilir. Necə ki bir həkim hansısa bir xəstəliyi öz elm və bilik gücü əsasında tapıb onu təhlil edirsə, nəzərimcə bu qavram da eyniylədir...
Darvin də öz baxışlarını 4 təbiət prinsipi əsasında qurmuşdur.
1. Əbədilik üçün mübarizə qanunu.
Bu o deməkdir ki, yer kürəsindəki varlıqların hamısı öz həyatlarının davamı və qorunması üçün daima bir-birlərilə mübarizədə və çarpışmadadırlar. Belə ki bu səy və təlaş başqalarının həlakı ilə nəticələnir.
2. Təbii seçilmə qanunu.
Bu qanun xülasəsi belədir ki, canlı varlıqlar bir-birilə daimi mübarizə və çarpışma nəticəsi "seçilmə xəlbirindən" keçirlər. Yaşamaq üçün daha layiqli olanlar qalırlar, təbiət güclüləri qoruyub saxlayır, zəiflər isə yaşam sırasından çıxırlar, bu seçilmə nəticəsində təkamül və inkişaf ortaya çıxır.
3. Uyğunlaşma qanunu.(Və ya adaptasiya dövrü)
Qanunun mahiyyəti bundan ibarətdir ki, yemək növləri və onları ələ gətirmək yolları müxtəlif canlılar arasındakı ixtilafların üzə çıxması üçün əsas amillərdən biridir. Məsələn, ətyeyən və yırtıcı heyvanlardan olan aslanın iti dişləri və güclü pəncəsi olduğundan o istər istəməz bu üzvləri ilə öz ovunu parçalayıb dağıtmalıdır. Əgər aslan min illərlə ardı-arası kəsilmədən ov ovlamaq, heyvan parçalamaq imkanından məhrum bir mühitdə yaşamalı olsa və əlacsız qalıb bitki yeməli olsa mümkündür ki, onun iti dişə və nəhəng pəncəyə ehtiyacı olmasın və həmin müddət ərzində üzvlər işdən düşmüş və zəifləmiş, kiçilmiş olsun və mühitə uyğun formalaşsın, və yeni yeminə lazımlı olan yeni üzvləri meydana çıxsın və beləliklə tədricən təkamülün inqilabı baş versin...
4. Varislik qanunu.
Darvin nəzəriyyəsində varislik qanununun mahiyyəti bundan ibarətdir ki, həyatdakı ziddiyyətlər nəticəsində heyvanların orqanizmində tədricən əmələ gələn dəyişikliklər varislik yolu ilə övladlarına keçir və dəyişikliklər eyniylə davam edir.
BƏS BİLDİYİMİZ "ARAKEÇİD DÖVRÜ" NƏDİR?
Zənnimcə Darvin nəzəriyyəsində bu qanunlar arasında arakeçid dövrü yoxdur. Dediyimiz bu dövr yalnız bu qanunların fərdi başvermə prosesində cərəyan edir. Yəni ki, məsələn, bir canlının bildiyimiz "arakeçid dövrü" vasitəsi ilə uyğunlaşma qanununu atlayaraq varislik qanununa keçməsi deyil, əksinə bu qanunlarda fərdi qalaraq daim inkişafda olması, yəni hər 4 qanunların yalnız öz arasında bir keçid mərhələsi olduğu qənaətindəyəm. Əgər bildiyimiz arakeçid dövrü bu 4 qanunları birləşdirəcək rol oynayacaqdısa onda Darvin niyə təbiətin bir-birinə zidd bu 4 prinsimlərini ayırıb ortaya qoyurdu?? Mütləq ki bizə təlqin edilmiş bu anlayış gərçək anlayışdan fərqlidir.
Başqa təbirlə desəm, zənnimcə "arakeçid dövrü" sadəcə yaradılışın nizamında keçici dəyişiklik oynayan bir mərhələdir. Necə ki, dəniz öz dalğalarını sahilə vurduqdan sonra geri qayıdır və təkrar sahilə dalğalarını vurur və yenə geri qayıdır. Məhs bu qavram da eyniylədir.
Bəhsində olduğum bu mövzudan yola çıxaraq, Darvinin təkamül haqqında dediyi fikrini təkrarlamaq və bu qavramı açıqlamaq istəyirəm. Gəlin bir də nəzər yetirək,
"Varlıqların hər növünün və ya hər yüksək qatının aşağı növ və ya qatdan ayrılmış bir varlıq olması mümkündür." Çarliz Darvin.
Mümkündür ki, bir insan tüklü dünyaya gəlsin və görünüşcə meymuna bənzəsin, lakin sonralar yenə övladları tüksüz doğulsun və öz yaradılış nizamına qayıtsın və davam etsin. Yəni ki, insan insandır, meymun isə meymun... İnsan heç bir zaman heyvanların həyat və yaşamına uyğunlaşa, adaptasiya ola bilməz. Çünki, insan daim inkişafa, dinamikaya, yaratma qüvvəsinə, fiziki patensiala malikdir. Necə ki, Quran deyir "biz insana ağıl verməklə onu bəşərdən fərqləndirdik."
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)