“Sənə bir məktub yazdım...” - Aynur Qafarlının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, Aynur Qafarlının şeirləri ilə tanışlıqdır.

 

 

 

QUMARDI DÜNYA

 

Elə mənim kimi sərxoşdu, süstdü,

Elə mənim kimi xumardı dünya.

Bir gün başımıza dəyən qapazdı,

Bir gün saçımızda tumardı dünya.

 

Dinsə, nələr deyər bu dağ, bu dərə,

Şükür səmadakı min-min ülkərə.

Üstündə olsaydı başı bir kərə,

Fikir dəryasına cumardı dünya.

 

Bəxti pas atıbdır, çərxi dolanmır,

İstəyir, amma ki xoşbəxt olammır,

Loğmanlar dərdinə çarə bulammır,

Sağala bilmir ki, bimardı dünya.

 

Baxma şirin dilə, uyma toyuna,

Sən ağıllı qızsan, qurban boyuna,

Aldanıb yalandan girmə oyuna,

Aynur, bilirsən ki, qumardı dünya!

 

 

İNSAN ÖZ QƏLBİNDƏN ASILMALIDIR

 

Əlim nə ulduza, nə aya çatır,

Kaş çata, bir iplə asam özümü.

Məlhəm də deyiləm, mən əvvəl-axır

Qanlı yaralara basam özümü.

 

Barmaq yarasını sağaltmaq asan,

Ürək yarasının əlacı hanı?

Onu sağaltmağa, zavallı insan,

Hətta mələklərin çatmır imkanı.

 

İnsanın surəti, əksi üzündə,

Əsli ürəkdədir – bir sifəti var.

Min sifət görərsən əksin özündə,

Ürəyin bir üzlük həqiqəti var.

 

Şeytan ağlımızı kəsdirə bilər,

Ürəyi yıxmağa yetməz hiyləsi.

Tale kimi desən, küsdürə bilər,

Ürəkdən inciməz ürək yiyəsi.

 

Son yarpaq düşərkən ömür bağından,

Hər kəs əməlinə qısılmalıdır.

Hər şey asılsa da öz ayağından,

İnsan öz qəlbindən asılmalıdır.

  

 

BİZ RƏHMƏTİ BU DÜNYADA QAZANAQ

 

Bəd əməllər ömrümüzdən silinmir,

O dünyada nə olacaq, bilinmir,

Həyatımız yaxşılığa bələnmir,

Mümkün qədər "kor şeytan"ı az anaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

İnsan niyə insanlığı itirir?

Bilinmir ki, kim harda bənd götürür...

Son mənzilə bizi rəhmət ötürür,

Yatmışıqsa, bu yuxudan oyanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

Bacardıqca adımızı ad edək,

Unutmayaq, doğmaları yad edək,

Ürəkləri bu dünyada şad edək,

Mərhəmətin keşiyində dayanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

Dostlar ilə tikəmizi bölək tən,

Mayamızda olsun halal toxum, dən,

Düşünməyək, vaxt var ikən indidən

Saf niyyətə, düz əmələ boyanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

 

Gözümüzdən qanlı-qanlı yaş gedər,

Bir qaydadır, boş gələnlər boş gedər,

Aynur, uca Tanrıya da xoş gedər,

Yaxşı olaq, yaxşılığı dost sanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

 

DOSTLUQ 

 

Təcnis

 

Bir qızıl almadır həqiqi dostluq,

Dostun bir yarıdır, sən bir yarısan.

Canına can qatan dostun yoxdursa,

Özünü tam deyil, sən bir yarı san.

 

Ucal, ucalanda dostsuz ucalma,

Dostun sınağından beş al, üç alma.

İkisi dostundur – tapsan üç alma,

Qoy dost beş yarısın, sən bir yarısan.

 

Heç vədə dostundan kəsməz dost ara,

Köməyə dost yetər, düşsə dost dara.

Əzəl Rəbbə dost de, sonra dost ara,

Desinlər, Allahın sən bir yarısan.

 

 

SƏNƏ BİR MƏKTUB YAZDIM

 

Sənə bir məktub yazdım, 

Bir sual və bir nida.

Bir də ölümdən betər

Param-parça “əl-vi-da”…

 

Heç peşman da deyiləm,

Yoxdur bir umu-küsüm.

Bir şəkil də qoymuşam –

Göz yaşında təbəssüm.

 

Qapanıb otağına

Qapını bağlayarsan.

Sənə bir məktub yazdım,

Oxuyub ağlayarsan.

 

Buz kimi yatağından

Mənə də pay bölərsən.

Şərab qədəhlərində

Qurtum-qurtum ölərsən.

 

Sənə bir məktub yazdım,

Son gücümü toplayıb.

Ünvanını bilmirəm,

Çatmayacaqdır, hayıf... 

 

 

OLAR, BİR SUAL VERİM?

 

Olar, bir sual verim?

Qəlbim səni görəndə       

Niyə belə döyünür?!

Baxışlarım dən kimi

Yollarında üyünür.

 

Olar, bir sual verim?

Dilim yanar, deməsəm,

Gəl tutulma sözümdən:

Niyə mənim hər gecə

Yuxum qaçır gözümdən?

 

Olar, bir sual verim?

Baxışımdan qəlbinə

Sevgi səpsəm, olarmı?

Gecə ay işığında

Səni öpsəm, olarmı?

 

Olar, bir sual verim?

“Eşq bir meydir”, – deyiblər,

Mən bu meydən içimmi?

Gəlib sizin hər səhər

Küçənizdən keçimmi?

                                 

Olar, bir sual verim?

Nəyinə bənd olmuşam,

Bu sevginin nəyinə?!

Nədən hakim olmusan

Aynurun ürəyinə?!

 

 

DESİNLƏR Kİ, BU QIZ DƏLİ OLUBDUR

 

İstəyirəm ilk baxışdan vurulum,

Desinlər ki, bu qız dəli olubdur.

Bu sevgiyə saat kimi qurulum,

Desinlər ki, bu qız dəli olubdur.

 

Qönçə olum, budağından dərilim,

Kaman olum, oxu üçün gərilim,

Axşam-sabah yollarına sərilim,

Desinlər ki, bu qız dəli olubdur.

 

Diyar-diyar dolaşmağa qalınca,

Bal tapmazlar şirinlikdə balımca,

Lağa qoyub gülüşsünlər dalımca,

Desinlər ki, bu qız dəli olubdur.

 

Məhəbbətdə çoxu zəlil olurdu,

Dəliliyə sübut-dəlil olurdu,

Bundan qabaq oğlan dəli olurdu,

Desinlər ki, bu qız dəli olubdur.

 

Soruşmayın taleyimi, yaşımı,

Atın mənim uzaqlara daşımı,

Dəli kimi alım gedim başımı,

Desinlər ki, bu qız dəli olubdur.

 

Taleyimə yazılıbdır bu yazı,

Mən Aynuram –  torpağımın şən qızı,

Başdan-başa geyinim al-qırmızı,

Desinlər ki, bu qız dəli olubdur.

 

 

DURARAM SƏN GƏLƏN YOLLARIN ÜSTDƏ

 

Bəzənib geyərəm al üstdən alı,

Tökərsən qanını alların üstə.

Görsən Aynur adlı bir qızılgülü,

Qonarsan bülbültək kolların üstə.

 

Gələrəm, duraram gərdanı mina,

Sənə dərman bulmaz heç İbn Sina,

Eşqindən güc alıb gedərəm, inan,

Bütün “olmaz”ların, “ol”ların üstə.

 

Sevgi yarasıdır ən dərin yara,

Anında gələrəm, çağırsan hara.

Baxmaram borana, şaxtaya, qara,

Duraram sən gələn yolların üstdə.

 

Elə çağlayır ki, sinəmdə ürək,

Aynuru sən başa düşəsən gərək,

Onu bu dünyanın o başınadək

Alıb aparasan qolların üstdə.

 

 

O DƏLİNİN BİRİ SƏNSƏN, BİRİ MƏN

 

İki dəli xatırlansa hardasa,

O dəlinin biri sənsən, biri mən.

İki dəli bir-birinə yardırsa,

O dəlinin biri sənsən, biri mən.

 

Su vermişik gözümüzdən güllərə,

Qular kimi qanad açdıq göllərə,

İki dəli eşqdən düşsə çöllərə,

O dəlinin biri sənsən, biri mən.

 

Daş da dönüb çiçək açar, diləsən,

Deyirəm ki, eşidəsən, biləsən,

Mən bir dəli, sən bir dəli iləsən,

O dəlinin biri sənsən, biri mən.

 

Ruhum sənin ruhun üçün acıbdır,

Ürəyimin qapısını açıbdır,

Deyirlər ki, iki dəli qaçıbdır,

O dəlinin biri sənsən, biri mən.

 

İki dəli eşq meyindən dəmdir ki,

İki dəli iki kövrək simdir ki,

Ən ağıllı iki dəli kimdir ki? –

O dəlinin biri sənsən, biri mən.

 

Aynur, salma ötən günü çox yada,

Aramızda dava-dalaş, qan-qada,

İki dənə zır dəli var dünyada,

O dəlinin biri sənsən, biri mən.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

 

     

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.