Super User
LİDERLİYİN 21 QANUNU -16. Qələbə qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər
16.Qələbə qanunu.
«Liderlər komandalarının qalib gəlməsi üçün yolu tapırlar».
Qalibiyyət qazanmış liderlə məğlubiyyətə uğramış lider arasındakı fərq barədə heç düşunmusünüz? Əlbəttə, bunun üçün konkret bir keyfiyyətin adını çəkmək olmaz. Liderlik ətrafındakı hər bir situasiya fərqlidir, spesifikdir. Ancaq Can Maksvell, hər halda, bütün qalib gəlmiş liderlərə xas bir xüsusiyyət göstərə bilib: «Onlar üçün qələbənin alternativi tam yolverilməz görünür, odur ki, onlar qələbənin yolunu ciddi səylə düşünürlər, sonra da seçdikləri yolla əllərində olan bütün resurslardan istifadə edərək irəliləyirlər».
İkinci dünya müharibəsində Hitler İngiltərəni bombalayanda İngiltərənin lideri Uinston Çörçil heç nədən çəkinmədən nasist Füreri ilə qarşı-qarşıya dayandı, onun separat danışıqlara getmək təklifinə rədd cavabı verdi. Çörçil səylə qələbə qazanma yollarını axtarmağa başladı. O deyirdi: «Bizim məqsədimiz nədir? Bircə sözlə cavab verim – qələbə. Hansı vəclə olursa olsun qələbə, bütün mövcud dəhşətlərə baxmayaraq qələbə, yolu nə qədər uzun və çətin olsa da qələbə. Çünki qələbəsiz bizə yaşamaq mümkünsüzdür». Qələbəyə aparan yol – Franklin Ruzveltin liderlik etdiyi Amerika ilə müttəfiqlik oldu, bu tandem Hitler ordusunun kapitulyasiyasını bayram edə bildi.
Təzyiqlər artanda böyük liderlər özlərini ən yaxşı cəhətdən göstərə bilirlər. Onların bütün yaxşı cəhətləri üzə çıxır.
Qələbə üç tərkib hissəsindən ibarətdir:
- Komanda o zaman qalib gəlir ki, üzvlərin hamısının baxışları eyni olsun;
- Üzvlərin müxtəlif cür bacarıq və qabiliyyətləri olsun;
- Lider qələbəyə tam köklənərək üzvləri elə tərbiyələndirsin ki, onlar öz potensiallarını aça bilsinlər.
Liderlər qələbə qanununa köklənəndə bir şeyə əmin olurlar: onların ehtiyat variantları yoxdur. Bu, onlarda qələbə əzmini qoruyub saxlayır.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
“Bağrını yarasan edam kötüyünün...” - Cavid FƏRZƏLİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Cavid Fərzəlinin şeirləri təqdim edilir.
***
Bir başqa doğulsam –,
Anam dəniz olsa,
Yenə əllərim oxşayar
sənə,
məmləkətimə!
Bir başqacür yaşasam,
Bir ağac olsam
Bahar ayağında.
Yenə yollarım dayanar sənə,
çiçəklərə.
Bir başqacür ölsəm,
Çiyinlərim yetim qalsa,
Yenə ovuclarım ağlayar sənə,
ayrılıqlara!
***
Evimizə payız gələndə
Ayağı saralır divarların,
Adamlar evlərinə bənzəyir:
Alça boylu, çinar sifətli.
Evimizin qabağında
Alça ağacı ayrılıqdan quruyur.
Gözü tökülür çiçəklərinin,
Üzü qaralır yarpaqlarının.
Uşaqkən daş atdığımız
Pəncərələrin ürəyin sındırdığımız üçün
İndi yağışların ürəyi yanmır çətirimizə.
Getsəm bu evdən,
Addımları balacalaşar göy üzünün,
Əlləri düşər beşikdən buludların.
Əllərimiz bahar gətirəndə
Çiçəklər günəşdən doğma olar itaətkar küçələrə.
Ancaq günəş köhnəlməz ağacların dilində.
Çünki dünənin gülüşündə dodaqları xatirədir günəşin.
AZADLIĞIN ŞƏKİLİ
Yıxasan bu şəkilin hirs divarlarını,
Tökəsən bir məzlumun ayaqlarına,
Bağrın yarasan edam kötüyünün,
Küçələrin ürəyi üsyankar ola.
Zamanın üzündən
Yerə çırpasan saat əqrəblərini.
Tutasan əlindən ölüm dəqiqələrinin,
Hər saniyən yaşaya, özgür qalasan!
Taleyini yaza biləsən yetim küçələrin,
Barmaqların boyun əyməyə
Tanrının qələminə!
Bir intihar ipindən çəkəsən əlini,
Göylər ölməyə, yaşaya gərək.
Gözlərin döyüşə div yuxusuyla,
Üzündən savaş düşməyə kaş,
Gedib durasan başqa şəkildə,
Yanından Tanrı getməyə kaş.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
Sumqayıtlı gənc istedadlar – ELVİN ƏLİZADƏ
Sumqayıt şəhərinin 75 illiyi münasibətilə silsilə yazıların təqdimatı davam edir. Bu gün meydan “Sumqayıtın gənc istedadları” rubrikasınındır. Sizlərə gənc şair Elvin Əlizadənin şeirlərini təqdim edəcəyik.
Elvin Əlizadə 1993-cü ilin fevral ayında Zəngilan rayonunun Ağalı kəndində dünyaya gəlib.
Həmin ilin oktyabr ayından məlum hadisələrlə bağlı ailəsi Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşıb. O, Sumqayıt şəhərinin 25 saylı tam orta məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. 2014-15-ci illərdə Beyləqan rayonunda hərbi xidmətdə olub. 2016-cı ildən Sumqayıtda Əli Kərim adına Poeziya Evində çalışıb. Hazırda isə Yeni Azərbaycan Partiyası Sumqayıt şöbəsində çalışır.
Şeirləri məktəb illərindən bu günə kimi dövri mətbuatda çap olunur. 2022-ci ilə “-29” adlı ilk şeirlər kitabı nəşr olunub. Prezidentin illik təqaüdünə və Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb.
Elvin Əlizadə Silk Way Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısı və diplomantıdır.
Ümid edirik ki, sumqayıtlı gənc şairin şeirlərini bəyənəcəksiniz.
İlahi, o kənddə nələr var idi...
Dünən Zəngilana getmişdim, ata..
Tikdiyin evlərdən əsər yox idi,
Vəhşilik adında əsər var idi..
Otların üstündə əsgər izləri,
Daşların dibində zəfər var idi.
İlahi, o kənddə nələr var idi...
Dünən Zəngilana getmişdim, ata!
Nə köhnə yerində şaftalı bağı,
Nə də üzümlükdə üzüm var idi.
Mən ordan çıxanda dil açmamışdım,
Qayıtdım, deməyə sözüm var idi.
Yerdə iməkləyən izim var idi.
Dünən Zəngilana getmişdim, ata!
Neçə güllələnmiş başdaşı gördüm.
Evlərin yerində çay daşı gördüm.
Çay nəyə deyirsiz? Enli dərəydi
İçində sevincdən göz yaşı gördüm.
Keçdim Babaylıdan, Məmmədbəylidən
Yollar Ağalıya burulur, ata.
Gözü yolda qalan Həkəri ki var
Bulanıq suları durulur, ata.
Deyəcəm bəlkə də inanmıyassan,
Oralar yenidən var olur, ata,
Oralar yenidən qurulur, ata!
Dünən kəndimizə getmişdim, ata!
Tikdiyin evlərdən əsər yox idi.
İlahi, o kənddə nələr yox idi.
Bayraq
Dostların qürur yeri, düşmənlərin göz dağı,
Dalğalan göy üzündə, Azərbaycan bayrağı!
Sənə təzim etməkçün düzənliklər dağ olub,
Şəhid qanına batan bu parça bayraq olub!
Sən ən gözəl şeirsən, ən alovlu misrasan,
Parça dediyim nədir?
- Canımızdan parçasan!
Dağımızdan ucasan, daşımızdan ucasan,
Əyilməyən, dik qalan başımızdan ucasan!
Başım üstə yerin var, gözüm üstə yerin var,
Namusunu qoruyan neçə igid, ərin var!
Səni Xudafərində görənlər fikirləşir-
Bir Bayrağın altında əbədiyyət birləşir!
Neçə adət-ənənə, mədəniyyət birləşir,
Güneydən quzeyəcən istiqamət birləşir!
Dalğalandığın hər yer Azərbaycan sayılır,
Göy rəngin Göytürklərdən bizə nişan sayılır!
Səndə Demokratiya, Cümhuriyyət birləşir.
Sənin yaşıl rəngindən Azan səsi yayılır.
Ay-ulduzlu gecədən doğan bir səhərin var,
Gəlişinə sevinən Şuşan, Kəlbəcərin var!
Sən bu Müqəddəs Günə əmanət qoruyurdun,
Bilirdik, Qarabağda Mübarək zəfərin var!
Sumqayıt
Hamının hər səfərdən geri döndüyü yer var.
Bizi də varlığıyla tamamlayan şəhər var.
Günəşini Xəzərdən salamlayan şəhər var.
Dərdini başqa yerdə ovuda bilmir adam,
Burda öz sevdiyini unuda bilmir adam.
Küçələri upuzun, ayrılıqları qısa,
Qarşılaşır hardasa...
Gözəlləşir günbəgün, çiçəklənir ilbəil,
Bu gün dünənki deyil, sabah bugünkü deyil.
Kiçik məhəllələrdən böyük şəhərə dönüb.
Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.
Dəqiq xatırlamıram mən o həmin illəri,
Uşaqlığımdan bəri
Bir ağ göyərçin qonub dənizin sahilinə.
Hamı tamaşa edir bu ağ donlu gəlinə
Onu hər an qoruyan, arxasında dayanan
Xəzər adlı qardaşın başının tacıdır o.
Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,
Dostluğun acıdır o.
Onu ucaldanların ağarmış saçıdır o.
Bu möhtəşəm şəhərin sülh olsa da nişanı
Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.
Böyüdü böyüməmiş, gör necə də böyüdü.
Özü də Göyərçinlə bir həyətdə böyüdü,
bir küçədə böyüdü.
Burda çox şəhidlərə canlı tarix yazıldı.
Şanlı şəhərimizə şanlı tarix yazıldı.
Üstündən əskilmədi böyüklərin nəzəri,
Doğrultdu öz adını:
“İstedadlı gənc qızlar, gənc oğlanlar şəhəri”-
Qəhrəmanlar şəhəri.
Yenə qoruyur səni külüng vuran kişilər,
Həmin əllərdəsən sən.
Nigaran olmasınlar səni quran kişilər,
Əmin əllərdəsən sən,
Əmin əllərdəsən sən !!!
Payız qadın
Hava yaman soyuqdur, soyuq baxışlarıntək,
Payız yağışı yağır, sənin göz yaşlarıntək...
Sizin məhəllənizin
yem axtaran sərçəsi,
ac gəzən pişiyi var.
Nə mənim, nə onların isti ev-eşiyi var.
Sizin eyvanın altda üşüyür bir ağac tək,
Mən də təkəm halına yandığım bu ağactək.
Yarpaqlar da sıxılır, elə bil ki, təklikdən.
İntihar eləyirlər hansısa yüksəklikdən.
Yarpaq əgər bezibsə, payız bir bəhanədir...
Eşqi gözdən salmağa ucuz bir bəhanədir.
Hərənin öz sevgisi, inancı, dini olur.
Payız da yarpaqların qiyamət günü olur.
Mən payızı sevirəm, payız da gəlib çıxıb.
Sabah durub görərsən o qız da gəlib çıxıb...
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)
30-DAN ARTIQ MÖCÜZƏ - Kapadokya Moda və Mədəniyyət Həftəsində Gülnarə Xəlilovanın əsərləri təqdim edilib
Könül, “Ədəbiyyat və incəsənət”
Biz Gülnarə Xəlilovanı daha çox istedadlı modelyer kimi tanıyırıq, deyilmi? Onun “Qarabağ” qadın geyimi kolleksiyası bütün dünyanı dolaşıb və rəğbət qazanıb.
Amma Gülnarə Xəlilovanı yalnız geyim mütəxəssisi adlandırmaq yanlışlıq olar. O, Azərbaycan moda sənayesinin yeni fırtınası olmaqla yanaşı (son dəfə bu sahədə yalnız Fəxriyyə Xələfova parlamışdı), ümumən incəsənətin ən müxtəlif qatlarına siyarət edə bilən parlaq bir dizaynerdir.
Elə bu günlərdə qardaş Türkiyədə düzənlənən Kapadokya Moda və Mədəniyyət Həftəsi çərçivəsində - “AFWEU Fashion Week Cappadocia”da Gülnarə Xəlilova məhz bu “müxtəlif qatları” nümayiş etdirdi, mötəbər tədbirə qatılanlara qədim Azərbaycan mədəni irsini təqdim etdi.
Öncə onu deyək ki, təşkilatçısı Aydın Açık olan Kapadokya Moda və Mədəniyyət Həftəsi bir neçə ildir ki, keçirilir və Türkiyənin moda industriyasında ad eləməyi bacarıb.
O ki qaldı Gülnarə Xəlilovanın tədbirə qatqısından, həmyerlimiz qonaqlara 30-dan artıq beynəlxalq dizayn kolleksiyası təqdim etdi. Burada orta əsrlərin miniatür eskizlərindən, xalça naxışlarından, Qarabağın motivlərindən tutmuş, Azərbaycanın rəmzi olan nar, qurama, ipək işlərini əks etdirən "Miniatür" və "Cizgi" adlanan iki kolleksiyalara qədər nələrə rast gəlməzdin. Hamısı incə, zərif, rəng koloriti və mükəmməlliyin birgə sintezi idi!
Bu gözəlliyə heç kəsin biganə qalmaması, qazanılan bol ovasiyalar əlbəttə ki, qanunauyğun idi.
Mütləq qeyd edim ki, Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, "Cizgi" brendinin sahibidir. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.
Uğurlar, Azərbaycan mədəniyyətinə töhfələr verən əziz insan!
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi fəaliyyətə başlayıb
13-18 avqust 2024-cü il tarixində Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün ‘’Ənənə” yay düşərgəsi başlayıb. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təfəfdaşlığı, “Bakcell”in baş sponsorluğu ilə keçirilir.
“Ədəbiyyat və incəsənət” fonda istinadən xəbər verir ki, 50 nəfərədək şəhid övladının qatıldığı düşərgə hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda baş tutur.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və digər qonaqlar iştirak ediblər.
İştirakçılara düşərgənin məqsədi barədə məlumat verilib və uğurlar arzu edilib.
Beş gün davam edəcək düşərgədə iştirakçılar üçün oxatma, atçılıq, və digər qədim milli oyun növləri üzrə yarışlar keçiriləcək. Məqsəd vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi təşkil edilib.
Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
“Boz” - Aysel Fikrətin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin elə bu günlərdə yazıb tamamladığı “Boz” adlı hekayəsini təqdim edir.
Buludlar bu gün dünyanın üzünə pərdə kimi düşmüşdü. Yuxudan oyanmaq istəmirdi. Hər tərəf boz dünyaya bürünmüşdü. Yer- göy şəkil idi. Bu şəkillərdən birini götürən əllərini hiss etmirdi. Gecə çox içmişdi, bütün bədəni donmuş idi. Evin hər qarışından tənhalıq yağırdı, ruhu kimi evi də tör-töküntü içində idi.
Şəkillərdə uşaqlıq şəklinin ağlayan gözlərində keçmişə getdi. Hamıdan dala qalan, qaçanda yıxılan, yıxılıb yerindəcə yuvarlanan, tənbəl donuq baxışlarını gizlətməyə çalışan balaca vaxtına. Bəlkə də hər şey - elə butun gətirməzlik o günlərdən başladı. Atası onları atıb getdi, evdə tez -tez çırpılan qapılardan, ağlayan anasının səsindən qulaqlarını yastıqla tutub susduğu dövrlərdən...
Yadındadı ki, elə qəhrəman olmaq istəyirdi, kənddə babasının bir atı var idi, heç bir minvalla o atı minə bilmirdi, hər dəfə də yerə dəyirdi. Bu dəfə minib üstündə oturdu, əllərini qaldırıb sevincini dünyaya bəyan edən səslə bağırdi. Elə bu an at hürküb onu yerə çırpdı .
Şəkli kənara atdı. Yerlə bir şəkillər içində ailə şəkilləri də var idi, ata, ana, qardaşları - şəkillərdə olan heç kim sağ deyildi. Üşütməyə başladı. Evdə olarkən onu görməzdən gələn doğmalarını görmək, onlara toxunmaq istədi.
Şəkli üzünə tutub ağlamağa başladı. Hönkürtüsü göylərə əks olundu. Ağacların üzrərindən quşlar uçub yerlərini dəyişdi, həyətdə oynayan körpələr analarına tərəf qaçdılar.
Evin içində vargəl etdi. Balaca, divarları saralmış evində əşya əlindən tərpənmək olmurdu.
Anası öldükdə onu evdən qovdular, içkili olduğundan dərk etmirdi nə olur. Həm də aciz idi. Susub evdən çıxdı, amma səhər gəlib anasının əşyalarını bir-bir daşıdı. Onu evdən əşya daşımağa gələndə hec kim danışdırmırdı. Əmisinin balaca komasına köçdü, əşyaları üst-üstə yığdı. Köhnə ev əşyalarından bu komada yer olmadi, yarısı həyətdə qaldı.
Bir müddət sonra evlərinə yenə getdi. Kilidi dəyişmişdilər, evin içində yad adamlar var idi, əmi də evi satıb harasa toz olmuşdu.
Bomboz görmüşdü dünyanı. Onda kor-peşman evə dönüb yenə içməyə başlamışdı. Əvvəllər işə də gedirdi. Şəkillərin biri küləklə yerini dəyişdi.
Şəkildə bir qızla dənizə baxırdı. Onu sevmişdi ya yox, bilmirdi indi, amma həmin gün çox xoşbəxt idilər.
Birgə nahar edib gecəni də elə qızgildə qaldılar. Özünü tam xoşbəxt, həyatda hər şeyə qadir bir insan kimi saydığı an isə qıza zəng edən nişanlısının səsinə oyanmışdı. Qız onu o günün səhərisi olduqdan sonra heç axtarmadı. Onun üzündə olan kədəri, peşmanlığı da görmədi. Həmin gün evə yox, dəniz tərəfə getdi. Sevginin sorğu-sualını dənizlə çəkdi. Dəniz yəqin ki, ona bir doğru söz deyə bilmədi, çünki dəniz özü də sevginin nə olduğunu bilmirdi. Sevgi heç bir zaman onun qəlbini döymədi.
Ayağa durub yenə ora-bura gəzdi. İşləri yaxşı gedərdi bəlkə. İş həyatında layihələr qururdu. Özünü təsdiq etmək istəyirdi. Əlbəttə o vaxtlar evdə onu görmürdülər, amma işdə uğuru da az olmurdu. Yalnız axırda bütün uğurların bir qəhrəmanı olurdu, o da mudirin kürəkəni. Bir gün kürəkən içəri girib:- Gəl səninlə bir iş quraq- demisdi.
- Sən layihəni mənə ver, mən də sənin o biri işlərində kömək olum. Müdür qaynatamdı, sözümdən çıxmaz, - demişdi .
O da gözünün nurunu tökdüyü işini elə-belə bir quru sözə satmışdı.
Bir gün də ayılıb görmüşdü ki, illərlə kağız üzərində qalan layihə, budur, həyata kecir, amma yaradıcı kürəkəndi, o yox. Yavaş- yavaş kölgədə qalıb işdən də çıxarılanda da hec kimə bir söz demədi həmin gün, qəbir üstünə gedib anasını sorğuladı. Onu niyə dünyaya gətirdilər, bu dünyada haqq yoxdusa o burda ne edir? Bir sürü sentimental göz yaşıyla sözlər deyib hətta atasına nə qədər nifrət etdiyini də dilə getirmiş, ağlamışdı da həmin gün.
Sonra üç-beş manat pul qarşılığında tərcümələr etdi və bir müddət dolandı. İnsanlardan qaçar, telefon belə işlətməzdi. Bir gün bütun bunlardan bezib, özünü öldürmək qərarına gəldi. İçki alıb evə gəldi, yeyib, içdi. Sonra şəkilləri yerə töküb, bir daha həyatını incələdi. Gördü yox, bir işə yaramayıb ömrü də. Bu zibil həyata son qoymaqla, axır ki, həyatda bir müsbət is görəcəyinə tam ruhuyla qərar verdi. Qalıb mubarizə də apara bilərdi. Yalnız yaşından utandı. 49 yaşına qədər bu qədər aciz yaşamağından xəcalət çəkdi.
Körpünün üstündə xeyli adam var idi.
Evin açarlarını yavaşça əlində firlada -firlada körpudə gəzişməyə başladı.
Əvvəlcə əyilib hündürlüyü yoxladı. Çox yüksək idi, burdan düşən sağ çıxmaz. Yüksəkliyi və kimsənin görüb görmədiyini bilmək ucun açarları hündürlükdən yerə tulladı. Heç kim onu görmürdü.
Uzaqdan işartı görünməyə başladı. Bir çox adamın bir-birinə sığınıb gələn izdihamı onu çasdirdi .
Az keçmədi, üç-dörd üzü bağlı, qapqara geyimli insan oranı bürüdü. Hamıya yerə yatmağı əmr etdilər. Hər kəsdən birinci o yerə uzanıb taleyini qarğadi.
- Ay Allah - dedi, -bu nə zülmdür ki, mən çəkirəm.
Adamlar körpuyə partladıcı atdılar və var gücləri ilə uzaqlaşdılar. Qaçmağa çalışdı. Qışqırığın içində qulaq batıran partlayış oldu.
Səhər butun TV-lər, jurnalistlər hadisə yerində idi. Dağıntılardan yerə tökulmuş qırıntılar incilənirdi. Açarları tapan əməkdaş istintaq aparan nümayəndəyə yaxınlaşdı.
Orda olan insanların siyahısı tutuldu. Onu axtaran yox idi deye, adı heç yerdə qeyd olunmurdu.
Allah onun adını da bu dunyaya qıymamışdı. Bilmirəm indi o hardadı. Göyün üzü bomboz idi. Sanki göyə sovrulan insan külündən göyün üzü də tutqun idi. Onun səsi gəlmirdi. İlk dəfə olaraq daxilində danışan adam susmuşdu.
Çəkisiz, gücsüz olmuşdu. Küləklə sovrulan şəkillər kimi… aciz də olsa daha azad və xoşbəxt.
Bəzən bizi görmürlər. Yalnız biz bir yerdən hardansa özümüzdə rəng tapıb bir şəkildə bir-birimizə görünürük, bu yalan dünyanın sevgisinə, gərdişinə bir şans veririk. Biz bu, əslində heçdən yaranan dünyanın yalan atributları ola bilirik. O isə bunu bacarmadı. Allahın yaratdığı kimi də qaldı. Hər şeyindən imtina edib tək yaradanın sevgisini qazandı.
Boz, bomboz üzünü götürüb işığa doğru getdi..
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
POETİK QİRAƏTdə Rəbiqə Nazimqızının “Bir də baxırsan ki...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə Rəbiqə Nazimqızının dünənki debütü uğurlu alındı, bu gün yenə odur, o düşündürür və təəccübləndirir. Süjetli poeziya, bitkin kompozisiya.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Bir də baxırsan ki...
Bir də baxırsan ki, inad şığıyır,
Hikkə çiliklənir sevginin üstə.
Bir də baxırsan ki, qolların sınır,
Bir də baxırsan ki, qucağın xəstə.
Bir də görürsən ki, ürək yem olub
Canına daraşan ayrılıqlara.
Bir də baxırsan ki, qınaq cəm olub,
"Sən üstəgəl mənlə" düzəlmir ara.
Bir də baxırsan ki, sırğası ağır
Tənələr düzülüb qulaqlarından.
Bir də baxırsan ki, ürəyin axır:
Bir xoş söz çıxaydı dodaqlarından.
Bir də görürsən ki, sevinc qalmayıb,
Bir də görürsən ki, hər yer gileydi.
Bir də görürsən ki, səni qınayıb,
Sən də qınayırsan: "kaş ki biləydi".
Bir də görürsən ki, sel içindəsən,
Saman çöplərini sanamaq olmur.
Bir də baxırsan ki, sən yenə təksən,
Taleyi, qisməti yamamaq olmur.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
DİLİMİZ və DİNİMİZ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
Dil və din millətlərin (xalqların) tərəqqisində ən güçlü faktorlardan hesab olunur. Onlar həm də dəyərlər sisteminin əsasında duran başlıca amillərdəndir.
Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, “Allah-təalanın gözəl nemətlərindən birisidir”. O, qəlbin aynasıdır. Ruh aynasında görünənlər dildə aşkar olur. İnsanın intellektual və kommunikativ bacarıqlarından biri olaraq dil mədəni həyat üçün təməl zərurət olan sosiallaşmanın əsas şərti və vasitəsidir.
Dil bir toplumun millətə çevrilməsinə şərait yaradır, onun düşüncə sistemini və düşünmə qabiliyyətini göstərir. Həm bütöv millətin, həm də onun ayrı-ayrı fərdlərinin fəzilətlərini, dəyərlərini və mədəniyyətlərini əks etdirir. Antik dövrün filosofu Sokrat həmişə deyərmiş ki, “Ey insan, danış səni tanıyım”. Həzrət Əli isə buyururdu ki, hər kəs öz dilinin altında gizlənib, danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmaz.
Dil bir milləti (xalqı) təmsil edir. Onun simasını səciyyələndirən amillərdən biridir.“Dil etnosun əsas, çox parlaq və möhkəm göstəricisi hesab olunur”, - böyük dilçi N.İ.Tolstoy bu cür yazırdı.Millətin (xalqın) dili onun sözdə təcəssümünü tapan tarixi yaddaşı, milli varlığının qorunmasının təməl daşlarından biridir. F.Köçərli yazırdı: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir”. Başqa sözlə, dil hər bir xalqın milli kimliyidir.
M.Ə.Rəsulzadə isə “Milli dirilik” məqaləsində qeyd edirdi ki, “Milliyyətin ümdə rüxnünü (simasını) təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir … Çünki dil həmən millət deməkdir”. Böyük mütəfəkkir “Dil içtimai bir amil kimi” məqaləsində haqlı olaraq yazırdı: “Dil millətin canıdır...İştə bunun üçündür ki, bir dili öldürmək, bir milləti öldürmək deməkdir...Dil durduqca, millət də durar, öldümü, millət də canını bağışlar. Dillərini unutmağa başlayan millətlər axırı qəti bir ölüm olan fəlakətli bir yola girişmişlərdir”.
Yuxarıda qeyd edildiyi kimi, milli dəyərlər sisteminin əsasında duran vacib amillərdən biri də dindir. Dinlərin çoxu dildən fərqli olaraq müxtəlif millətləri (xalqları) əhatə edir. Din Allah-Təalanın insanları yaxşılığa yönəltmək və pisliklərdən çəkindirmək üçün peyğəmbərləri vasitəsilə bildirdiyi əmr və hökmlərdir. Dinin məqsədi insanı əxlaqi cəhətdən yetkinləşdirərək dünyada dinclik və xoşbəxtliyə, axirətdə əbədi səadətə, ülviyyǝtǝ qovuşdurmaqdır.Başqa sözlə, din insanları öz iradə və ixtiyarları ilə xeyrə sövq edən ilahi qanunlar məcmuəsidir. Bu gün dünya əhalisinin çox hissəsi dini ənənələrlə yaşayır. (Cəmi 10-12 faizi özlərini dini olmayanlar kimi təqdim edirlər.)
“Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir”, - söyləyən Ümummilli liderimiz H.Əliyev dini xalqın mənəviyyat hadisəsi kimi əsaslandırır və deyirdi: “İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz islam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və dünyada inkişafa, sülhün, əmin-amanlığın yaranmasına xidmət etmişdir”.
Dillər və dinlər arasında həmişə oxşarlıq və qarşılıqlı əlaqələr mövcud olub. Onların ikisi də insan mənliyinin ayrılmaz bir parçasıdır. Dil insan həyatına necə daxil olmuşsa, din də o cür daxil olmuşdur. Dilin inkişafı düşünməyi, dinin inkişafı həyatı rövqləndirir. Bu iki böyük amil insanların təfəkkür tərzinin formalaşmasına və dəyişməsinə eyni dərəcədə təsir edir.
Dillə dinin mədəniyyətə münasibətində də oxşar cəhətlər vardır. Dil mədəniyyətin əsasını təşkil edir. Mədəniyyətin ötürülməsi, qorunması və qavranılması məhz dilin sayəsində mümkün olur. Bunun kimi mədəniyyətin ötürülməsi və qorunması din vasitəsilə də həyata keçir. Ulu öndərimiz deyirdi ki, “...mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsi ilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır”.
Gündəlik həyatımızda dil və din arasında sıx əlaqə olduğunun şahidiyik. Məsələn, danışıq dilində içərisində Allah sözünün olduğu (Allah saxlasın, Allah xoşbəxt etsin, Allah səbr versin, Allah şəfa versin və s.) və digər (vallah, namaz, həcc, rəbbim, imam, surə, oruç, zəkat və s.) dini məzmunlu çoxsaylı söz və ifadələrin tez-tez işlədilməsini buna misal göstərmək olar. Həm də maraqlıdır ki, belə ifadələri dinə inamı olmayan kəslər də işlədir.
Aparılmış araşdırmalardan məlum olur ki, dillər dinlərin meydana çıxmasında ən vacib vasitədir və hazırda mövcud olan səmavi dinlər dillərin fromalaşmasından sonra meydana gəlmişdir. Çünki “dinin tərcivi (izahı) içün dilə ehtiyac vardır”. Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü N.Cəfərov “Dinlərin dilləri” adlı məqaləsində yazır: “İlk dinlər, tamamilə təbiidir ki, ilk inkişaf etmiş dillərin formalaşdığı məkan və zamanlarda meydana gəlmişdir. Bu isə o deməkdir ki, müqəddəs metafizik izhar üçün eyni səviyyədə mükəmməl dil materialı tələb olunur”. Ərəb dili də öz dövrünün mükəmməl dillərindən biri olduğuna görə “Quran” həmin dildə nazil olmuşdur. İmam Cəfər Sadiqdən “Quran”ın nə üçün ərəb dilində nazil olduğunu soruşanda o demişdi: ”Quran” başqa dilləri bəyan edə bilər, amma başqa dillər onu bəyan edə bilməz”.
Dillər dinlərin yaranmasında ən önəmli vasitə olmaqla qalmır, həm də onların nəzəri, praktiki, sosioloji və psixoloji məzmununun açıqlanmasında və izharında çox önəmli rol oynayır. Başqa sözlə, o, dinin anlaşılmasının da ən önəmli vasitəsidir. Müqəddəs “Quran” kəlmələrdən, ifadələrdən, cümlələrdən ibarət deyilmi !? Zikirlər, təkbirlər, təmidlər, tövbə, irşad, azan və s. hamısı dil vasitəsi ilə yerinə yetirilmirmi!? Toplu dini mərasimlərin təşkilində, gedişində və idarə olunmasında dilsiz keçinmək mümkündürmü?! Bu sualların hamısının bir tək cavabı var: xeyr! Deməli, belə demək mümkünsə, din dilə “möhtacdır”.
Dillər dinlərin yaranmasında müstəsna rol oynadığı kimi, dinlər də dillərin inkişafında əhəmiyyətli rola malik olmuşlar. M.Ə.Rəsulzadə yazırdı ki, “Dil bir millətin əsliyətini mühafizə edə bilər. Fəqət çox kərə də din bir millətin dilinin baqi qalmasına və bu münasibətilə milliyyət fikri və amalının inkişafına səbəb oluyor”.
O da bir gerçəkdir ki, dinlər yarandığı dilləri yüksək səviyyəyə ucaltmış, elm və poeziya dilinə çevirmişdir. Məsələn, İslam dininin əsas qaynağı olan “Quran”ın ərəb dilində nazil olması bu dilin Qureyş ləhcəsi əsasında ədəbi dil kimi formalaşmasına, lüğət tərkibinin zənginləşməsinə, elm və poeziya dilinə çevrilməsinə, dünyada sürətlə və geniş yayılmasına, müqəddəs dillər səviyyəsinə yüksəlməklə məhvolma təhlükəsindən birdəfəlik xilas olmasına səbəb olmuşdur.
Akademik N.Cəfərov yuxarıda adı çəkilən məqaləsində yazır: “…dini təfəkkürün təcrübəsindən, yaxud ifadə sınağından bu və ya digər dərəcədə çıxmış dillər, heç şübhə yoxdur ki, dünyanın ən mükəmməl dilləri olmuşdur. Qədim Şumer, hind, yunan, roman (latın), İran, Çin, yəhudi, ərəb, türk, slavyan… dilləri bəşər övladının Tanrı axtarışlarının doğurduğu təfəkkür enerjisinin təzahürləri olan elə ilahi ünsiyyət texnologiyaları (mətnlər) yaratmışdır ki, intellektual inkişafın bugünkü səviyyəsində belə, böyük heyrət doğurur”. Təsadüfi deyildir ki, söz nəhəngləri (şairlər, yazıcılar və digər mütəfəkkirlər) də məhz belə dilləri öyrənməyə, bu dillərdə yazıb-yaratmağa üstünlük vermişlər.
Onu da deyək ki, İslam dini yayıldığı ərazilərdə heç bir yerli dilin işlənməsini qadağan etməmiş, əksinə bu dilləri öyrənməyə təşviq etmişdir. Dinimiz İslamın digər insanlara çatdırılması üçün xarici dilləri öyrənməyi “kifayi fərz” hesab etmişdir.Şərqşünas-alim, AMEA-nın həqiqi üzvü, Azərbaycanın Əməkdar elm xadimi V.Məmmədəliyev “Quran”ın I,II və III nəşrlərinə ön sözdə yazırdı: “Peyğəmbər əleyhissəlam öz sağlığında Allahın hökmlərini, buyruqlarını təbliğ etmək üçün yaxın əshabələrinə əcnəbi dilləri öyrənməyi tovsiyə edirdi. O, Zeyd ibn Sabitə Qurani-Kərimi qeyri-ərəb sami xalqlara anlatmaq, onların arasında yaymaq məqsədilə ibrani və siryani dillərini öyrənməyi buyurmuşdu”. Tarixi faktlar göstərir ki, Allahın elçisi özü siryani dilini bilirmiş və bu dili 17 günə öyrənibmiş. O həmçinin səhabələrinə müraciət edərkən bəzən xarici dillərdə olan (məsələn, o zaman xristian olan həbəşlərin dilində) sözlərdən istifadə edirmiş.
Qaldı ki, ilkin dövrlərdə İslam dininin yayıldığı qeyri-ərəb ölkələrində yerli dillərin işlənmə dairəsinin daralmasına, zənnimizcə, burda İslam dininin birbaşa heç bir günahı yoxdur. Bunun birinci səbəbi “lingua franca”, yəni müxtəlif dillərdə danışan müsəlman xalqlarının bir-biri ilə iqtisadi, siyasi və mədəni əlaqələr yaratmasında ümumi dilin zəruruliyi (hazırkı ingilis dili kimi), ecazkar ərəb-fars dillərinin yüksək sürətlə öz dövrünün elm və poeziya dilinə çevrilməsi idi. İkincisi səbəbi isə ərəblə, ərəb dili ilə İslamı bərabərləşdirən, ərəb dilinin “Quran”la bağlı olduğunu iddia edib, “toxunulmaz” sayan, iştifadəsini “qanuniləşdirən”, ərəb və fars ədəbiyyatına, dillərinə əsir olub qalan, XIX əsrin ikinci yarısından başlanan və XX əsrin iyirminci illərinədək davam edən əlifba islahatı məsələlərində də eyni mövqeyi sərgiləyən riyakar ruhanilərin, “ərəbbaşların” və səbatsız dövlət başçılarınin movqeyi idi. Vaxtı ilə Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas M.Kazımbəy özünün“İndiki Hindistanda maarifin yayılmağa başlaması” adlı məqaləsində ərəb əlifbasının (dilinin-İ.V) dini mahiyyət daşıdığını, guya “Quran”la bağlı olduğunu və onun “müqəddəsliyini” əldə bəhanə edənlərə inandırıcı və tutarlı cavablar vermişdi.
Dinlərin mədəni danışığın və ya nitq mədəniyyətinin, dil əxlaqının və ya dil ədəbinin formalaşmasına ciddi təsiri olmuşdur. Buna İslam dininin timsalında bir nümunə təqdim etməklə kifayətlənəcəyik. “Quran”ın “Rəhman” (4), “Zümər” (16-17), “Bəqərə” (83), “əl-İsra” (53,63), “Həcc” (30), “Ənam” (108) və dıgər surələrində danışıq meyarları tanıdılır, danışıq ədəbi öyrədilir. Məsələn, “Bəqərə” surəsində deyilir: “İnsanlarla xoş dillərlə danışın”. “əl-İsra” surəsində oxuyuruq: “Bəndələrimə de ki, gözəl sözlər söyləsinlər! Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir”. Həcc surəsində isə buyrulur: “Əyri söz(lər)dən uzaq olun”. İmam Əli deyirdi ki, “Kişi öz dilini qorumalıdır. Dil sahibinə qarşı itaətsizdir. Allaha and olsun ki, dilini qorumayan pərhizkar bəndəyə pərhizkarlığının bir xeyir verməsini görmürəm”. Burda dindarlıq və möminliklə dilin əlaqəsindən söhbət gedir. Dindarlıqla dilin əlaqəsi o qədər sıxdır ki, dilini qorumadan mömin olmaq qeyri- mümkündür. Qeyd olunur ki, insan öz danışığında yalan, töhmət, təhqir, qeybət, iftira etməməlidir. Həmçinin dilini jarqon, arqo və vulqar sözlərdən qorumadan mömin dindar olmaq mümkün deyil. Sözün zahiri zərif, batini lətif olmalıdır. “Qabusnamədə” deyildiyi kimi, sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan. Peyğəmbər insanın dilini doğru istifadə etdiyi təqdirdə cənnətə gedəcəyini, əks-təqdirdə isə cəhənnəmə girəcəyini bildirirdi.
İslam dini söz sənəti sayılan ədəbiyyatın inkişafına da güçlü təsir göstərmişdir. Onlar hər ikisi də eyni mənbələrdən qaynaqlanır və eyni motivlərlə formalaşırlar. Belə ki, din və ədəbiyyat birbaşa insanın ruh və mənəvi aləmi ilə əlaqəlidir. Dini hadisə, rəvayət və əfsanələr, “Quran”ın özü və oradaki hekayələr (qasaslar) ədəbiyyata zəngin və geniş material verir. Aparılmış araşdırmalar göstərir ki, XX əsrədək ədəbiyyatımızda “dinə istiqmətlənmiş” bədii əsərlər özünə məxsus yer tutmuşdur. Məsələn, “Quran”dakı Yusif və Züleyxa qissəsi mövzusunda ilk dəfə Əli adlı şairin 1212-ci ildə “Qisseyi-Yusif”, 1367-ci ildə M.Zəririn və XV əsrdə Ə.Təbrizinin “Yusif və Züleyxa” poemaları, 1913-cü ildə Ə.Müznibin “Yusif və Züleyxa” pomanı meydana çıxmışdır. XVI əsrdə böyük M.Füzuli Kərbala vaqiəsinə, İmam Hüseyn müsibətinə həsr olunmuş “Hədiqətüs-süəda”, XX əsrdə H.Cavid Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Peyğəmbər” əsərlərini yazmışlar. Başqa çoxlu nümunələr də söyləmək olar. Ümumiyyətlə, şair və yazıçılarımız müntəzəm olaraq öz yaradıcılıqlarında İslam dininin izlərindən bəhs edib və fikirlərini “Quran”, dini hadisə, rəvayət və əfsanələr, Peyğəmbərin və İslamda müqəddəs olan digər şəxslərin həyat hekayələri və dini statlarla əsaslandırıblar.
O da məlumdur ki, VII-XII əsrlərdə əslən azərbaycanlı olan İsmayıl ibn Yasar, Musa Şəhəvat, Əbil-Abbas əl-Əma, X.Təbrizi, Eyn əl-Quzat və digər söz ustalarımız ərəb dilində gözəl sənət əsərləri yaratmışlar. Bu ənənə fars dilinin mövqeyi güclənən dövrlərdə də davam etmişdir. Bunu Ə.Xəqani, N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli və digərlərinin yaradıcılığında da görə görürük. Onu da görürük ki, ərəbcə yazmalarına baxmayaraq, onların İslam mədəniyyətinə töhfələri öz milli adət-ənənələrini ərəb (sami) adət-ənənələri ilə deyil, İslam dinində irəli sürülən müddəalarla səsləşdirməsi çərçivəsində olmuşdur.
Dinlər dillərin lüğət fondunun zənginləşməsinə də güçlü təsir göstərmişdir. Yenə İslamdan nümunə gətirək. İslam dininin yayılmasından və ərəb dilinin elm və poeziya dilinə çevrilməsindən sonra Şərq xalqlarının, o cümlədən türklərin, eləcə də azərbaycanlıların dilinə “Quran” dili olan ərəb dilindən külli miqdarda ərəb sözləri, dini, fəlsəfi, ədəbi və s. terminlər keçmiş, mükəmməl poeziya nümunələri və elmi əsərlər yaranmışdır. Onu da qeyd edək ki, İslama kimi türk tanrıçılığı türklər arasında məhz türkcə zühur etmişdi. Tanrıçılıq o dərəcədə mükəmməl terminologiya ilə təmsil olunmuşdu ki, İslamı qəbul eləyən türklər İslam dini anlayışlarını ərəbcə deyil, tamamilə türkcə ifadə etmək üçün heç bir çətinliklə qarşılaşmırdılar. (N.Cəfərov)
İslam dini qeyri-ərəb xalqlarında tərcüməçilik sənətinin və tərcümə mədəniyyətinin formalaşmasına da təsirsiz ötüşməmişdir. Bildiyiniz kimi tərcümə təkcə dillərarası ünsiyyət yox, həm də mədəniyyətlərarası ünsiyyətdir. Bu mənada İslam dininə aid ədəbiyyatın dilimizə çevrilməsi xüsusi önəm daşıyırdı. Bu işlərə çox əvvəldən başlansa da, XI əsrə kimi olan tərcümələr dövrümüzə gəlib çatmamışdır. Tarixdən məlumdur ki, XIV əsrdə Azərbaycan şairi M.Zərir İbn İsaqın Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Surətün-Nəbi” və ərəb tarixçisi Vəqidinin müsəlmanların Suriyanı işğal etməsindən bəhs edən “Fütuhüş-Şam” əsərlərini ərəb dilindən, Məqsudi islamda müqəddəs olan şəxslərin həyatında baş vermiş hadisələrdən bəhs edən “Möcüznamə” əsərini fars dilindən tərcümə etmişdir.
Akademik V.Məmmədəliyev qeyd edir ki, “Quran”nın başqa dillərə tərcüməsi işinə lslamın lap ilk dövrlərində təşəbbüs göstərilmişdi. Onun türk dilinə tərcüməsinin tarixi də çox əvvəllərdən başlanmışdır. Cığatay ləhcəsində olduğu ehtimal edilən ilk belə tərcümə XI əsrə aiddir. “Quran”ın Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən başlansa da, bunların heç biri əldə deyil. Əldə olan ilk tərcümə və ilk təfsir Bakı qazisi Mir Məhəmməd Kərim ağaya məxsus olan və 1904 və 1906-cı illərdə “Kaspi” qəzetinin Buxariyyə mətbəəsində çap olunmuş “Kəşf əl-həqaiqən nükət əl-ayati və-dəqaiq” əsəridir. Zaqafqaziya şeyxülislamı Mühəmməd Həsən Mövlazadənin 1908-ci ildə Tiflisin “Qeyrət” mətbbəsində çap olunmuş “Kitab əl-bəyan fi təfsir əl-Quran”, 1962-ci ildə M.Həşimzadənin yazdığı dörd cildlik “Təfsiri-Quranil-əzim” və digər tərcümə təfsirləri də diqqəti cəlb edir. “Quran”ın və İslam dininin kamil bilicisi Ə.Fəhminin də bu sahədə az əməyi olmamışdır. Hazırda Azərbaycanda “Quran”ın ən mükəmməl tərcüməsi hələlik akademiklər Z.Bünyadov və V.Məmmədəliyevə aiddir.
Şübhəsiz ki, heç bir əsərin tərcüməsi orjinalın yerini tuta bilməz, o ki qala müqəddəs “Quran”ın tərcüməsi. Amma müqəddəs “Quran”da deyilənlərin “mənalarını anlamaqla xalqda islamın ruhunu, fikrini anlamaq daha da irəlilər…Bu gün islam aləmində olan zahiri birlik o zaman ruhi və mənəvi birliyə mübəddəl (çevrilmiş) olar”. (M.Ə.Rəsulzadə) Bir də yazar P.Cəbrayılın dediyi kimi, insan Tanrıyla, əlbəttə, ruhunun diliylə danışır…Tanrı diliyox, mənanı, niyyəti qəbul edir.
Milli dəyərlər sistemində dillərin və dinlərin rolunu yüksək qiymətləndirən böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabi yazırdı ki, “Elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylərdən birisi dil və birisi də din və məzhəbdir. Elə ki, bunlardan birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə qeyri-tayfalara qarışar, mirar ilə yox olar”. Çünki “ümumi bir dil nə qədər dil əhlində ümumi bəzi xislətlər və ideallar tovlid edirsə, ümumi bir dinə malik olmaq dəxi o dərəcədə böyük bir təsir icra edə bilər”.
Dilimizi və dinimizi qorumaq ölkəmizin hər bir vətəndaşının borcudur. İnsanın öz ana dilinə, öz dininə bağlılığı və bu ülvi hisslər, müqəddəs duyğular elmi baxımdan vətəndaşlıq-mənəviyyat məsələsidir.
Ümummilli liderimiz H.Əliyev deyirdi: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır”.
Dilimizi, dinimizi və milli ənənələrimizi yaşatmaq isə mənsub olduğumuz millətin əbədi var olması deməkdir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
BİR SUAL, BİR CAVAB Habil Yaşar ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
F. Dostoyevski "Karamazov Qardaşları" əsərində: "Bəzən insanların "vəhşi kimi" qəddar olduğundan danışılır, ancaq bu, çox ədalətsizdir və heyvanları təhqir etməkdir."- söyləmişdir.
Habil bəy, bəzi insanların mərhəmətdən uzaq düşmələrinin səbəbi, sizcə, nədən qaynaqlanır?
CAVAB
İnsanların mərhəmətdən uzaq düşmələrinin bir çox səbəbləri vardır. Uşaqlıqdan bu hiss onlara gözəl tərbiyə, təhsil və ya elmlə mütləq aşılanmalıdır. Eyni zamanda ətraf mühitin də çox böyük təsiri olduğunu qeyd etməliyəm. Vaxtında müəyyən tədbirlər görülməsə, mərhəmət hissindən yoxsul insanların sayının xeyli artacağını düşünürəm və çox təəssüf ki, bu say getdikcə artmaqdadır da.
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)
Kitabaevərlər günü niyə belə təmtəraqsız keçdi?
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
9 avqust dünya kitabsevərlər günü idi. Çox təəssüf ki, adi bir gün oldu, əsla qeyd edilmədi. Axı niyə??!
Çalışacam cüzi də olsa birilərində kitab sevgisi oyadım.
Beləliklə…
Biz oxuyaq onlar desin: bizi oxu... bizi oxu!!!
Bəzən saatlarca ilişib qalmaqdı səhər saat doqquza, axşam saat on birə və hər gün yuxudan durarkən saralmış səhifələri oxuyub doymamaqdı kitab sevgisi. Sonra... sonra dərsdən əvvəl və sonra kitabxanalarda kitablarla söhbət etməkdir. Ümidlər daha çox kitab şəklində ortaya çıxır. Yazmaq kimi oxumaq da mənəvi aclığımızdır, gündəlik ehtiyaclarımız sırasındadır. İnsan daha çox öyrəndikcə narahatlığı və əzabları artır. Aləmdəki ən sakit və ən rahatladıcı canlılardır kitablar. Bir də bu kitabların saxlanc yeri olan kitabxanalar.
İlahi! Bu kitab rəfləri arasında nələr gizlənib nələr. Budur qulağıma səsi gəlir Sokratın, Zərdüştün, Nizaminin, Nəsiminin, Mövlana və Sədinin, haray salıb Arazın o tayında Şəhriyar, Nargində güllələnən Müşfiq. Sibirdə “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Cavidin. Oxunur Tövrat, Zəbur, İncil və Quran. Kimisi oxuduğu qəhrəmanla baş-başa qalır, kimisi tarixin bir küncündə qısılıb qalır, kimisi isə dünyamızı gözəlləşdirən kitablarla ömrünə su səpərək başqasının yolunda gül əkir bu kitablarla.
Kitab deyərkən, ilk növbədə, hər birimizin ağlına bədii ədəbiyyat gəlir. İnsanın insan kimi formalaşıb şəxsiyyət kimi yetişməsində və müstəqil fikrə sahib olmasında oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır. Əslində, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Yaxşı kitabın mütaliəsi iz buraxdığı hər bir əşyada paslanır. Şüurumuzda kəlmələrin yeri qalır. Bugünkü düşüncələrə sahiblənməyimizə, həmçinin gələcəkdə həyatımızda verəcəyimiz qərarlara, atacağımız addımlara səbəb oxuduğumuz kitablardır. Kitab həm də insanın içində gizli qalan dəyərləri üzə çıxarmaq, daha da cilalamaq, doğru yolu göstərmək xüsusiyyətinə malikdir.
Məşhur türk yazıçısı Orhan Pamukun “Yeni həyat” romanı bu cümlə ilə başlayır. “Bir gün bir kitab oxudum və həyatım dəyişdi”. Mənə elə gəlir ki, həyatımızı təkcə bir kitab yox, gözlənilməz bir dialoq, ani bir qarşılaşma da dəyişə bilər. Bəlkə, kitaba mistik dəyər qazandıran səbəblərdən biri də budur. Karlos Mariya Domingez “Kağız ev” povestində yazır ki, Hessenin “Demian” əsəri sayəsində minlərlə gənc hinduizmə tapındı, Heminquey onları idmançılara çevirdi. Düma minlərlə qadının həyatını alt-üst etdi və həmin qadınları kulinariya kitabları xilas etdi.
Əgər Viktor Hüqo adlı fransız yazıçısı olmasaydı, bir neçə il əvvəl yanıb kül olan Notr-Dam Kilsəsinin halına yananların çoxu nə vaxtsa Parisdə belə bir kilsənin tikildiyindən xəbərsiz olacaqdılar. Çünki Hüqo Kvazimodonun Esmeraldaya olan sevgisi ilə İsanın “itkin düşmüş” ruhunu yenidən kilsəyə qaytarmışdı.
Kitab oxumaq texnologiyanın yeniliklərinə qapalı olmaq yox, əksinə, ona bir az da yaxın olmaqdır. İctimai nəqliyyatda kitab oxumaq imkanından məhrum olduğumuz vaxt telefondan səsli kitab dinləməyin nəyi pisdir ki? Yaxud kitabxana və mağazalarda tapa bilmədiyimiz kitabları internetdən PDF variantda endirib oxumaqla nə qədər irəli düşdüyümüzü necə dana bilərik? Bununla belə insanın təbiətən sevdiyinə toxunmaq, yaxud toxunduğunu daha çox sevmək kimi bir cəhəti də var – vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca qoxusunu hiss etdiyimiz kitablar bizə daha əzizdir. Oxuyub kiməsə, yaxud kitabxanaya qaytarmalı olmadığımız kitablar isə özündə mütaliə zamanının enerjisini, ruhunun qırıq-tökük xatirələrini daşıyır. Onları müəyyən müddət sonra götürüb vərəqləyəndə sanki eyni hadisələri, hissləri təkrar-təkrar yaşamış oluruq. Evimizdəki əşyalar sıradan çıxır, köhnəlir və dəyərsizləşir, ancaq kitablar cırılmaz, yandırılmaz və toxunduğu hər yerdə iz buraxar.
Makedoniyalı İskəndər Əhəməni imperiyasına hücum edərkən minlərlə kitabın saxlanıldığı, arasında “Avesta”nın da olduğu kitabxananı yandırdı. Yuli Sezarın hücumu nəticəsində İsgəndəriyyə kitabxanası yandı, deyilənlərə görə, kitabxanada 700 min kitab var idi. Nasistlər Almaniyada hakimiyyətə gələrkən “Cinsi münasibətlərin araşdırılma institutu”nun kitabxanasını, arxivini yandırdı. Şri-Lankadakı Caffna xalq kitabxanasında 1981-ci ildə səbəbi bilinməyən yanğın nəticəsində 90 min kitab məhv oldu. 1984-cü ildə kitabxana yeniləndi, təmir olundu, ancaq xalq arasındakı silahlı toqquşmalar zamanı kitabxana döyüşçülərin iqamətgahına çevrildi və bir daha dağıldı, xarabalığa çevrildi. 2004-cü ildə hökumətin və xeyirxah adamların dəstəyi nəticəsində kitabxana yenidən istifadəyə verildi. Misirin “Bilgi məbədi”, “Ərəb baharı” zamanında atılan Molotov kokteyllərinə görə yandı. Tarixdə bir çox hökmdarların hücumları nəticəsində kitabxanalar yandırılıb, minlərlə kitab məhv edilib. Ancaq sonra kitabxanaları yandıran həmin hökmdarlar haqqında yüzlərlə, minlərlə kitablar yazılıb. Kitab yandıran adamlara kitablar həsr edilib.
Gəlin, ruhumuzun səssizliyini eşidib pıçıltılarımızı dualarımız ilə Allaha çatdıraraq “kitab adam” olaq. Gəlin, dəstə-dəstə gedək “Allah-allah deməyincə işlər olmaz” – deyən Dədəmiz Qorquddan xeyir-dua alaq, Sədinin “Gülüstan”ından əmin olaraq başqasının şübhəsindən narahat olmayaq, Ruminin “Məsnəvi”sindən ruhlanaq, qanadlanaq və göylərə uçaq. Nizaminin sirlərində öyüd, Nəsiminin hüruflarında söz, Aşıq Ələsgərə qoşulub xalq ədəbiyyatında dastan, Ordubadinin qılıncında – qələm, dumanında Təbriz, Şəhriyarın Araz həsrətli gözlərində qayıq olaq, Cavidin İblisinə Mələk, Müşfiqin xəyalındakı Xəzər olaq. Gəlin, bizim olana nəfəs olaq, can olaq. Ramiz Rövşənə hər gün yeni bir “nəfəs”, İlqar Fəhmiyə hər gecə “misra-misra” elegiya, Mir Şahinə “Heç nə haqqında hər şey” olaq. “Ovod”a – ümid, “Sevil”ə – azadlıq, “Dumanlı Təbriz”ə – Günəş olaq. Hər birimiz bir Qutenberq, hər birimiz bir kitab olaq. Biz oxuyaq onlar desin... bizi oxu... bizi oxu!!!
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)