Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
9 avqust dünya kitabsevərlər günü idi. Çox təəssüf ki, adi bir gün oldu, əsla qeyd edilmədi. Axı niyə??!
Çalışacam cüzi də olsa birilərində kitab sevgisi oyadım.
Beləliklə…
Biz oxuyaq onlar desin: bizi oxu... bizi oxu!!!
Bəzən saatlarca ilişib qalmaqdı səhər saat doqquza, axşam saat on birə və hər gün yuxudan durarkən saralmış səhifələri oxuyub doymamaqdı kitab sevgisi. Sonra... sonra dərsdən əvvəl və sonra kitabxanalarda kitablarla söhbət etməkdir. Ümidlər daha çox kitab şəklində ortaya çıxır. Yazmaq kimi oxumaq da mənəvi aclığımızdır, gündəlik ehtiyaclarımız sırasındadır. İnsan daha çox öyrəndikcə narahatlığı və əzabları artır. Aləmdəki ən sakit və ən rahatladıcı canlılardır kitablar. Bir də bu kitabların saxlanc yeri olan kitabxanalar.
İlahi! Bu kitab rəfləri arasında nələr gizlənib nələr. Budur qulağıma səsi gəlir Sokratın, Zərdüştün, Nizaminin, Nəsiminin, Mövlana və Sədinin, haray salıb Arazın o tayında Şəhriyar, Nargində güllələnən Müşfiq. Sibirdə “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Cavidin. Oxunur Tövrat, Zəbur, İncil və Quran. Kimisi oxuduğu qəhrəmanla baş-başa qalır, kimisi tarixin bir küncündə qısılıb qalır, kimisi isə dünyamızı gözəlləşdirən kitablarla ömrünə su səpərək başqasının yolunda gül əkir bu kitablarla.
Kitab deyərkən, ilk növbədə, hər birimizin ağlına bədii ədəbiyyat gəlir. İnsanın insan kimi formalaşıb şəxsiyyət kimi yetişməsində və müstəqil fikrə sahib olmasında oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır. Əslində, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Yaxşı kitabın mütaliəsi iz buraxdığı hər bir əşyada paslanır. Şüurumuzda kəlmələrin yeri qalır. Bugünkü düşüncələrə sahiblənməyimizə, həmçinin gələcəkdə həyatımızda verəcəyimiz qərarlara, atacağımız addımlara səbəb oxuduğumuz kitablardır. Kitab həm də insanın içində gizli qalan dəyərləri üzə çıxarmaq, daha da cilalamaq, doğru yolu göstərmək xüsusiyyətinə malikdir.
Məşhur türk yazıçısı Orhan Pamukun “Yeni həyat” romanı bu cümlə ilə başlayır. “Bir gün bir kitab oxudum və həyatım dəyişdi”. Mənə elə gəlir ki, həyatımızı təkcə bir kitab yox, gözlənilməz bir dialoq, ani bir qarşılaşma da dəyişə bilər. Bəlkə, kitaba mistik dəyər qazandıran səbəblərdən biri də budur. Karlos Mariya Domingez “Kağız ev” povestində yazır ki, Hessenin “Demian” əsəri sayəsində minlərlə gənc hinduizmə tapındı, Heminquey onları idmançılara çevirdi. Düma minlərlə qadının həyatını alt-üst etdi və həmin qadınları kulinariya kitabları xilas etdi.
Əgər Viktor Hüqo adlı fransız yazıçısı olmasaydı, bir neçə il əvvəl yanıb kül olan Notr-Dam Kilsəsinin halına yananların çoxu nə vaxtsa Parisdə belə bir kilsənin tikildiyindən xəbərsiz olacaqdılar. Çünki Hüqo Kvazimodonun Esmeraldaya olan sevgisi ilə İsanın “itkin düşmüş” ruhunu yenidən kilsəyə qaytarmışdı.
Kitab oxumaq texnologiyanın yeniliklərinə qapalı olmaq yox, əksinə, ona bir az da yaxın olmaqdır. İctimai nəqliyyatda kitab oxumaq imkanından məhrum olduğumuz vaxt telefondan səsli kitab dinləməyin nəyi pisdir ki? Yaxud kitabxana və mağazalarda tapa bilmədiyimiz kitabları internetdən PDF variantda endirib oxumaqla nə qədər irəli düşdüyümüzü necə dana bilərik? Bununla belə insanın təbiətən sevdiyinə toxunmaq, yaxud toxunduğunu daha çox sevmək kimi bir cəhəti də var – vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca qoxusunu hiss etdiyimiz kitablar bizə daha əzizdir. Oxuyub kiməsə, yaxud kitabxanaya qaytarmalı olmadığımız kitablar isə özündə mütaliə zamanının enerjisini, ruhunun qırıq-tökük xatirələrini daşıyır. Onları müəyyən müddət sonra götürüb vərəqləyəndə sanki eyni hadisələri, hissləri təkrar-təkrar yaşamış oluruq. Evimizdəki əşyalar sıradan çıxır, köhnəlir və dəyərsizləşir, ancaq kitablar cırılmaz, yandırılmaz və toxunduğu hər yerdə iz buraxar.
Makedoniyalı İskəndər Əhəməni imperiyasına hücum edərkən minlərlə kitabın saxlanıldığı, arasında “Avesta”nın da olduğu kitabxananı yandırdı. Yuli Sezarın hücumu nəticəsində İsgəndəriyyə kitabxanası yandı, deyilənlərə görə, kitabxanada 700 min kitab var idi. Nasistlər Almaniyada hakimiyyətə gələrkən “Cinsi münasibətlərin araşdırılma institutu”nun kitabxanasını, arxivini yandırdı. Şri-Lankadakı Caffna xalq kitabxanasında 1981-ci ildə səbəbi bilinməyən yanğın nəticəsində 90 min kitab məhv oldu. 1984-cü ildə kitabxana yeniləndi, təmir olundu, ancaq xalq arasındakı silahlı toqquşmalar zamanı kitabxana döyüşçülərin iqamətgahına çevrildi və bir daha dağıldı, xarabalığa çevrildi. 2004-cü ildə hökumətin və xeyirxah adamların dəstəyi nəticəsində kitabxana yenidən istifadəyə verildi. Misirin “Bilgi məbədi”, “Ərəb baharı” zamanında atılan Molotov kokteyllərinə görə yandı. Tarixdə bir çox hökmdarların hücumları nəticəsində kitabxanalar yandırılıb, minlərlə kitab məhv edilib. Ancaq sonra kitabxanaları yandıran həmin hökmdarlar haqqında yüzlərlə, minlərlə kitablar yazılıb. Kitab yandıran adamlara kitablar həsr edilib.
Gəlin, ruhumuzun səssizliyini eşidib pıçıltılarımızı dualarımız ilə Allaha çatdıraraq “kitab adam” olaq. Gəlin, dəstə-dəstə gedək “Allah-allah deməyincə işlər olmaz” – deyən Dədəmiz Qorquddan xeyir-dua alaq, Sədinin “Gülüstan”ından əmin olaraq başqasının şübhəsindən narahat olmayaq, Ruminin “Məsnəvi”sindən ruhlanaq, qanadlanaq və göylərə uçaq. Nizaminin sirlərində öyüd, Nəsiminin hüruflarında söz, Aşıq Ələsgərə qoşulub xalq ədəbiyyatında dastan, Ordubadinin qılıncında – qələm, dumanında Təbriz, Şəhriyarın Araz həsrətli gözlərində qayıq olaq, Cavidin İblisinə Mələk, Müşfiqin xəyalındakı Xəzər olaq. Gəlin, bizim olana nəfəs olaq, can olaq. Ramiz Rövşənə hər gün yeni bir “nəfəs”, İlqar Fəhmiyə hər gecə “misra-misra” elegiya, Mir Şahinə “Heç nə haqqında hər şey” olaq. “Ovod”a – ümid, “Sevil”ə – azadlıq, “Dumanlı Təbriz”ə – Günəş olaq. Hər birimiz bir Qutenberq, hər birimiz bir kitab olaq. Biz oxuyaq onlar desin... bizi oxu... bizi oxu!!!
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)