Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər
16.Qələbə qanunu.
«Liderlər komandalarının qalib gəlməsi üçün yolu tapırlar».
Qalibiyyət qazanmış liderlə məğlubiyyətə uğramış lider arasındakı fərq barədə heç düşunmusünüz? Əlbəttə, bunun üçün konkret bir keyfiyyətin adını çəkmək olmaz. Liderlik ətrafındakı hər bir situasiya fərqlidir, spesifikdir. Ancaq Can Maksvell, hər halda, bütün qalib gəlmiş liderlərə xas bir xüsusiyyət göstərə bilib: «Onlar üçün qələbənin alternativi tam yolverilməz görünür, odur ki, onlar qələbənin yolunu ciddi səylə düşünürlər, sonra da seçdikləri yolla əllərində olan bütün resurslardan istifadə edərək irəliləyirlər».
İkinci dünya müharibəsində Hitler İngiltərəni bombalayanda İngiltərənin lideri Uinston Çörçil heç nədən çəkinmədən nasist Füreri ilə qarşı-qarşıya dayandı, onun separat danışıqlara getmək təklifinə rədd cavabı verdi. Çörçil səylə qələbə qazanma yollarını axtarmağa başladı. O deyirdi: «Bizim məqsədimiz nədir? Bircə sözlə cavab verim – qələbə. Hansı vəclə olursa olsun qələbə, bütün mövcud dəhşətlərə baxmayaraq qələbə, yolu nə qədər uzun və çətin olsa da qələbə. Çünki qələbəsiz bizə yaşamaq mümkünsüzdür». Qələbəyə aparan yol – Franklin Ruzveltin liderlik etdiyi Amerika ilə müttəfiqlik oldu, bu tandem Hitler ordusunun kapitulyasiyasını bayram edə bildi.
Təzyiqlər artanda böyük liderlər özlərini ən yaxşı cəhətdən göstərə bilirlər. Onların bütün yaxşı cəhətləri üzə çıxır.
Qələbə üç tərkib hissəsindən ibarətdir:
- Komanda o zaman qalib gəlir ki, üzvlərin hamısının baxışları eyni olsun;
- Üzvlərin müxtəlif cür bacarıq və qabiliyyətləri olsun;
- Lider qələbəyə tam köklənərək üzvləri elə tərbiyələndirsin ki, onlar öz potensiallarını aça bilsinlər.
Liderlər qələbə qanununa köklənəndə bir şeyə əmin olurlar: onların ehtiyat variantları yoxdur. Bu, onlarda qələbə əzmini qoruyub saxlayır.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)