Super User

Super User

Cümə axşamı, 15 Avqust 2024 15:05

Boşana biləcəyiniz insanlarla evlənin -AKTUAL

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hələ dövri-qədimdən dinlərdə və kitablarda, mömin və dərvişlərin dilində evlilik haqqında müxtəlif dəyərli fikirlər səsləndirilmiş, evliliyin sünnətdən sayıldığı, ailə qurmağın Allah qatında bəyənilən əməl olduğu vurğulanmışdır.

 

Hal-hazırda isə şərtlər xeyli dəyişmişdir, insanların çoxu maddi və ya mənəvi azadlıqlarını özləri idarə edə bildikləri şəraitdə evlənməyi köhnə fikirlilik kimi görür və necə deyərlər gününü gün etməyin daha əyləncəli olduğunu düşünürlər. İkinci bir situasiyada isə həyatının heç bir dönəmində tam azad olduğunu hiss etməyən insanlar, xüsusilə də xanımlar düşünürlər ki, onlar evlənib öz ailələrini qura bilsələr zəncirlərini qıra biləcəklər. Mənim fikrimcə isə ailə həyatı qurmaq dərin məsuliyyət tələb edən bir qərardır. İnsan doğulduğu andan etibarən tanımağa başlayır. İlk öncə anasını, daha sonra ailəsinin digər üzvlərini, dostlarını, düşmənlərini və sair. Əgər, doğulandan bu yana kimləri və nələrisə tanımağa başlamışıqsa tanımadığımız insanlarla vaxt keçirmək və əsl niyyətin tanımaq yox, əyləncə adı altında vaxt öldürmək olduğunu bilmək bəs bizə nəyi deyir, bu işin olduqca mənasız olmasını demirmi? 

Bəs yaxşı məsləhət bilinən evliliklər?Həqiqətən həyatınızı sırf böyükdürlər deyə, sırf onlar sizdən daha çox səhv edib və daha çox insan görüb deyə başqalarına buraxmaq, səhv etməyə və öyrənməyə belə qapalı olmaq qorxaqlıqdır, yoxsa sizin dilinizdən desək, abır-həyadır?

Mənim fikrim ilə razılaşmayanlar Google search-da son on ildə cinayətə qurban gedən qadınların siyahısını axtarsalar uzun bir siyahıda yoldaşı, nişanlısı, sevgilisi tərəfindən öldürülən yüzlərlə gənc qız görə bilərlər. Əgər mənim qədər hər şeyə biraz daha maraq göstərən birisinizsə cinayətlərin səbəbini araşdırmağınızı da, tövsiyyə edərdim. Qətiyyən ailə böyüklərinizi dinləməyin, onlardan razılıq almayın demirəm. Əksinə, dinləyin və anlamağa çalışın. Ancaq tanımadan qərar verməyin. Bir cümlədə deyilir ki, boşana biləcəyiniz insanlarla evlənin. Yəni, sevərkən gözünüz kor olmasın, zəncirlərinizdən qurtulmağı planlayarkən özünüzü bədbəxt evliliklərinizə zəncirləməyin. Valideynləriniz sizi yanılda bilər, ətrafınız sizi yanılda bilər, dünyaya çəhrayı buludlardan baxmağınızı vadar edən insanlar da, sizi aldada bilər. Ola bilsin ki, düşüncələrinizdə də yanılasınız, amma qarşınızdakı insan hər kim olursa olsun, onun sizə hiss etdirdikləri əsla sizi yanıltmaz. Duyğularınız sizi yanıltmaz, sevgi sizi yanıltsa belə sevgisizlik hissi sizi yanıltmaz.

Lütfən öldürülməmişdən öncə oturun və düşünün. Mən bu insanla boşana bilmə ehtimalımı nəzərə almışdımmı?

Mən onu tanımışdımmı? Sevgimiz şiddətli idi, yoxsa onun şiddətli davranışlarını “mən onu sağaldacam psixologiyası ilə düzəltməyə çalışan və ən sonda yaralar alan mən idim” sualını verin özünüzə.

Sevdiyiniz insanları sırf sevirsiniz deyə kor koranə qəbul etməyin, qarşınızdakının psixologiyası cılızdırsa nəzərə alın ki, piyadadan şah olmaz.

Siz onu maksimum vəzir edərsiniz, o isə sizi rəzil edər. Öncə tanıyın, sonra sevməyi sınayın və ən sonda bacarıb güvənə bilsəniz boşana biləcəyiniz insanlarla evlənin.

 

Qeyd: Yazı Ayşə Kazımovaya həsr olunub. Onun timsalında Allah bütün ailə cinayətinə qurban gedən qadınlara rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Cümə axşamı, 15 Avqust 2024 11:36

İntizar ədəbiyyatı - Əli Tudə, "Araz"

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Hələ iki gözdən yaxın qardaşlar 

İki ulduzdan da uzaq olubdur. 

Ayrılan torpaqlar, ayrılan daşlar 

Sinələrdə dağ-dağ fəraq olubdur. 

 

Sanma döyüş marşı oxuyur Araz, 

Gümüşlənən sazı sədəf-sədəfdir. 

Yox! Hicran xalçası toxuyur Araz, 

Yumrulaşan suyu kələf-kələfdir... 

 

Bəlkə təlatümə gələn dalğalar 

Həsrətdən ağarmış yumşaq tellərdir. 

Tənha qayaları dələn dalğalar 

Görüşə tələsən titrək əllərdir.... 

 

Sanki varaqlayır zamanı Araz, 

Oxuyan dodaqdır, duyan ürəkdir! 

Elə bölübdür ki, bir canı Araz, 

Ah, o yan ürəkdir, bu yan ürəkdir! 

 

Özüm bu sahildə dayansam əgər, 

Kölgəm o sahilə düşər... Vətəndir! 

Könlüm istəsə də hər axşam-səhər, 

Yolum düşə bilməz, bəs bu nədəndir? 

 

Araza qılınc da vursalar düzü 

Suyu aralanmaz! Axar dərindən. 

Bəs iki sahili nə üçün özü 

Suyuyla ayırır biri-birindən? 

 

Araz özü boyda gözüylə sezmir 

Hər iki sahildə Vətən yerləşir? 

Ayrılıq yaxşısa o niyə dözmür, 

Sonuncu məcrada Kürlə birləşir....

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Türkiyədəki səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qardaş ölkənin turizm bölgələrində keçirilən ənənəvi “Elvedasız şarkılar” adlı növbəti xeyriyyə konserti Azərbaycana həsr olunacaq.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə avqustun 28-də Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər.

 

Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədilə təşkil olunacaq konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı səhnəyə çıxacaq.

 

Konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və başqaları çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Bu gün - avqustun 15-dən 20-dək Füzuli şəhərinin məktəbliləri üçün yay düşərgəsi təşkil olunacaq. Yay düşərgəsi Mədıniyyəy Nazirliyinin  təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Qazaxıstan Respublikası tərəfindən tikilib istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək düşərgənin məqsədi yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.

 

“Füzulidə yay məktəbi” adlı layihədə Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edəcək. Yay məktəbi çərçivəsində 200-dək şagird maraqlı proqramla vaxtlarını səmərəli keçirə biləcək. Aksiya müddətində tanınmış təhsil, sənət, idman xadimləri müxtəlif təqdimatlarla çıxışlar edəcək, əyləncəli məzmunlu proqram təşkil olunacaq.

Yay məktəbinin ikinci günündə Qarabağ bölgəsi musiqi məktəblərinin şagirdləri Əməkdar artist, xanəndə Təyyar Bayramovun müşayiəti ilə “Qarabağ bülbülləri" Füzulidə” adlı konsert proqramı ilə çıxış edəcəklər.

 

Digər günlərdə Xalq artistləri - opera müğənnisi Samir Cəfərov və aktyor Vidadi Həsənov, yazar, ədəbiyyatşünas Ramil Əhmədin müvafiq sahələr üzrə ustad dərsləri təşkil olunacaq. 

Yay məktəbi müddətində şagirdlərin valideynləri ilə müxtəlif məkanlarda görüşlərin keçirilməsi, məsləhət saatlarının təşkili, eləcə də açıq məkanda əyləncəli yarışmaların keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

Təbii ki, kriminal mövzular daha çox oxunur. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşları ən çox hallanan kriminal hadisəsi barədə sizləri bilgiləndirmək istədilər. Burada söhbət bir arxiv işindən - ölüm gətirmiş sevgidən gedəcək. 6 il əvvəl baş vermiş bu qətl hadisəsi günümüz üçün də ibrətamizdir.                                                                                                                                                                                                                 

2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olur.  Dərhal hadisə yerinə çıxan polis əməkdaşları orada 1992-ci il təvəllüdlü Elşad Əsədovun meyitini aşkar edirlər. Araşdırma zamanı, onun qisas niyyəti ilə qətlə yetirilməsi məlum olur. Belə ki, hadisədən 3 gün əvvəl qarşılıqlı razılaşma əsasında Elşad Əsədov yaxın qohumunun arvadı Aynur Əsədovanı qaçırıbmış. Hadisə yerinə toplaşan kənd sakinləri bildiriblər ki, Elşad Əsədov öz əmisi gəlinini qaçırdığı üçün öldürülüb. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elə həmin gün cinayəti törətməkdə şübhəli bilinən Sadıq Dadaşov, Şahmar Əsədov, Pərviz Əsədov, oktyabrın 25-də Mətləb Muradov və Zabit Yolçuyev, noyabrın 1-də isə Nazim Mikayılov tutularaq istintaqa cəlb ediliblər.

Media məlum cinayət işinin istintaq materiallarını əldə edib.

 

Mərhumun atası istintaqa bildirib ki, 25 yaşlı Elşad qonşuluqda yaşayan Aynuru, qızın öz təkidi ilə qaçırıb: “Bir-birini sevirdilər. Onların ulu babaları əmioğlu olublar.Oğlumun öldürüldüyünü səhər bildim.Oğlum evli olmayıb.Bununla bağlı deyilənlər yalandır. O, subay olub. Dəfnində kənd sakinlərindən heç kim iştirak etməyib”.

İstintaqla müəyyən edilib ki, Aynur Əsədova 2009-cu ildən rəsmi nikahda olmasına baxmayaraq, əri Şahmar Əsədovun qohumu Elşad Əsədovla aralarında yaranmış sevgi münasibətlərinə görə, qarşılıqlı razılaşma əsasında, gələcəkdə ailə qurmaq məqsədilə heç kimə məlumat vermədən 2018-ci il oktyabrın 19-da evdən çıxıb, gediblər.

Qızının qaçmasını eşidən Sadıq Dadaşov qohum və tanışlarının köməkliyi ilə gizlənə biləcəklərini ehtimal etdiyi ünvanlarda onları axtarmağa başlayıb. Bakı şəhərinə getmiş kürəkəni Şahmar Əsədovun qohumları Elman Muradov, Qabil Mikayılov, Mətləb Muradov, Pərviz Muradov, Şahid Əsədov və David Mikayılovdan ayın 21-də Aynurla Elşadın paytaxtda, müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən etmələri barədə məlumat alıb və onları kəndə gətirmələrini tapşırıb. Həmin şəxslər heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad Əsədovu və Aynur Əsədovanı Quba şəhərinə gətiriblər.Qabil Mikayılov Aynur Əsədovanı öz evinə aparıb.Elman Muradovla Şahid Əsədov isə oktyabrın 22-si gecə saat 1 radələrində Elşad Əsədovu Quba şəhərindən Tülər kəndinə gətiriblər.Bundan sonra Şahmar Əsədov, qardaşı Pərviz Əsədov, qohumu Nazim Mikayılov kəndin mərkəzində, «Pir» adlanan ərazidə avtomobilin qarşısını kəsiblər.Elşad Əsədovun kəndə gətirilməsini biləndən sonra Sadıq Dadaşov qeyd olunan yerə gedib.Elşad Əsədovun hərəkətlərini namusunu ləkələməsi kimi qəbul edərək, şalvarının arxa cibindən açılıb-qatlanan məişət təyinatlı bıçağı çıxarıb və onun döş qəfəsinə 2 dəfə zərbə vurub.Sonra qisas almaq niyyəti ilə Şahmar Əsədov və qeyriləri, ölümünü tezləşdirməkdən ötrü, rəhm göstərmədən, əlləri və ayaqları ilə Elşad Əsədovun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı, güclü zərbələr vurublar.Bu hərəkətləri ilə, təqsirləndirilən şəxslər qrup halında zərərçəkmişi qəsdən həyatdan məhrum ediblər.

İş üzrə dindirilmiş Şahmar Əsədov bildirib ki, Aynur Əsədova ilə 2009-cu ildə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. 2018-ci il oktyabrın 19-da axşam arvadı uşaqlarını qayınatasıgildə qoyub, evdən çıxıb və geri qayıtmayıb. Aynurun və evdə olan qızılların yoxa çıxdığını görüb, bu barədə polisə məlumat verib.Kənd sakinləri ilə birlikdə qadını axtarsalar da, tapa bilməyib.Ayın 21-də Elşad Əsədovun guya, Bakıda, Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ceyhun adlı əmisi oğlunun yanına getməsini eşidəndə, ondan şübhələnib.Bibisinin əri Elmana zəng vurub, Elşadın kənddən çıxıb Qubaya getməsini və onu izləməsini tapşırıb.Elşad Quba avtovağzalından taksi ilə Bakıya yollandıqda, Elman, dayıları Qabil və David, dostu Mətləb başqa avtomobilə əyləşərək, onun arxasınca gediblər.

Həmin gün saat 16 radələrində tanımadığı mobil nömrədən zəng edən Aynur, xarici ölkə vətəndaşı ilə qaçdığını, xoşbəxt olduğunu, onu axtarmamalarını, qızılları Quba şəhərində satdığını və pulları ona göndərəcəyini deyib. Yaxşı etməsini, amma qızı Yağmuru niyə qoyub, qaçdığını söylədikdə, Aynur telefonu söndürüb. O, dərhal Quba Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Ramin Qasımova zəng vurub və 1-2 saatdan sonra onunla görüşəndə, arvadının zəng etdiyi nömrəni ona göstərib. Əməliyyatçı yoxlayaraq, həmin nömrənin Bakıda, «Qara Qarayev» metrosu yaxınlığında olan taksofona məxsus olmasını müəyyən edib.Ramin Qasımova qohumlarının Elşadın arxasınca Bakıya getmələrini deməyib.Əmisi oğlu Şahid və yeznəsi Pərviz də paytaxta gediblər.Dayısı Qabil Mikayılov ona məlumat verib ki, hər birini tanıdığından, onlar Qubadan Bakıya gəldikləri Vüsal adlı taksi sürücüsündən Elşadın hara getməsini izləməsini xahiş ediblər.Taksi sürücüsü 5-10 dəqiqədən bir onlara zəng edib.Növbəti dəfə əlaqə saxlayanda, Elşadın metroya mindiyini, stansiyaların birindən qadın ayaqqabısı aldığını xəbər verib.Elşadın qadın ayaqqabısı alması onlarda şübhəni daha da artırıb.Taksi sürücüsü Elşadı axıra kimi izləyib, zəng edib, onun Bakıxanov qəsəbəsində, doğum evinin qarşısında yerləşən 5 mərtəbəli yataqxanaya girdiyini deyib.Buna görə həmin binanın qarşısına gəliblər.Şahid, Pərviz, Mətləb, Elman, Qabil və David 2-ci mərtəbəyə qalxıb, Elşadın girdiyi mənzilin qapısını döyüblər.Elşad qapını açan kimi içəri daxil olublar.Dayılarından biri ona zəng edərək, Elşadla Aynuru tapdıqlarını, onların bir yerdə olduqlarını xəbər verəndə, o hər ikisini kəndə gətirməsini tapşırıb.Qabil Mikayılov Aynura camaatın narahat olduğunu, ona görə də mütləq rayona getməli olduğunu deyəndə o, öldürüləcəyindən qorxduğundan, əvvəl getmək istəməyib. Amma Qabil söz verəndə ki, heç kim ona əl vurmayacaq, razılaşıb. Qubadan Bakıya gətirdiyinə, həm də izləyərək onlara Elşadın tapılmasında köməklik etdiyinə görə dayısı taksi sürücüsünə 100 manat pul verib.Bakıxanov qəsəbəsindən «Şamaxinka» adlanan əraziyə gəliblər və ayrı-ayrı avtomobillərlə Qubaya qayıdıblar.

Aynur yolda Elşadı sevdiyini, öz istəyi ilə onunla Bakıya gəldiyini söyləyib.Quba şəhərinə çatandan sonra dayısı Aynuru Heydər Əliyev prospektində yerləşən evinə aparıb.Saat 22 radələrində Sadıq Dadaşov zəng edib, harada olmasını soruşub.Evdə olduğunu söyləyəndə qayınatası ona qeyrətsiz olmasını, Elşadın kəndə gətirilməsini və evdən çölə çıxmasını bildirib. Atası Nəbi, qardaşı Pərviz, əmisi Rövşən, dayısı Nazim və daha 6 nəfərlə birlikdə 4 avtomobillə kəndin mərkəzinə yollanıblar. 100 nəfərə yaxın kənd sakininin pirin qarşısına, etdiyi namussuz hərəkətə görə Elşadı döymək üçün yığışdıqlarını görüblər. 5 dəqiqə sonra boz rəngli «Mercedes», arxasınca həmkəndlisi Zabitin sürdüyü «VAZ 21015» və Mətləbin sürdüyü «VAZ 2107» markalı avtomobillə pirin qarşısından keçəndə, kənd sakinlərindən kimsə Elşadın «Mercedes»də olduğunu deyib. Elman camaata yolu açmalarını, Elşadı aparıb atasına təhvil vermək istədiyini bildirib.Amma sakinlər avtomobili mühasirəyə alıblar.Qayınatası Sadıq maşının sol arxa qapısını açaraq, yumruqla Elşadı vurub.Düşüb qaçmaq istəyəndə, kənd sakinləri Elşadı tutub, döyməyə başlayıblar.Özü də onun başına, üzünə və bədəninin digər nahiyələrinə təpiklə çoxlu sayda zərbələr vurub.Onu nalayiq ifadələrlə təhqir ediblər.Qayınatası və qardaşı da ona zərbələr endiriblər.Bıçağın kimdə olmasını görməyib.Elşadı vurmaqda məqsədi ondan qisas almaq olub, öldürmək istəsə də, təpik zərbələrindən onun öləcəyini düşünməyib.Elşad müqavimət göstərməyib, əli ilə başını tutaraq, yalnız zərbələrdən özünü qorumağa çalışıb.Kənd sakinləri 10-15 dəqiqə ərzində onu təpikləyəndən sonra, xırıldadığını görüb, öldüyünü fikirləşiblər və kənara çəkiliblər.Zabit Yolçiyev hadisədən sonra uca səslə orda olan kütləyə müraciət edərək, bu məsələnin tək qayınatası Sadıqa deyil, bütün kənd sakinlərinə aid olduğunu deyib.

Şahmar Əsədov qeyd edib ki, arvadını qaçırmaqla, namusuna toxunduğu üçün, Elşad Əsədovun ölməsinə peşman  deyil. Düşünür ki, o cür əqidədə olan adamın yaşamağa haqqı yoxdur.

İş üzrə dindirilmiş qızın atası Sadıq Dadaşov qeyd edib ki, hadisədən yarım il əvvəl qızı ilə əri arasında narazılıq yaranıb. Özünü pis hiss edən Aynur ağrıkəsici dərmanlar qəbul edib və zəhərləndiyinə görə xəstəxanaya yerləşdirilib. Bundan sonra qızını öz evinə gətirib və Şahmar Əsədovla boşanmasını istəyib.Dəfələrlə qudası gəlib, Aynuru evə aparmaq istəsə də, razılıq verməyib.Təxminən 20 gündən sonra qızı uşaqları üçün darıxdığını deyib, öz evinə qayıdıb. 2018-ci il oktyabrın 19-da Mürvətə zəng edib, harada olduğunu soruşduqda, kiçik oğlu Şahmargildə olduğunu və bacısının yoxa çıxdığını deyib. “102” xidmətinə zəng edib, məlumat verdikdən yarım saat sonra polis şöbəsinin əməkdaşları kəndə gəliblər.Kənd sakinləri ilə birlikdə səhərə qədər Aynuru axtarsalar da, tapa bilməyiblər. Bu xəbəri bilən kürəkənin dayısı Qabil Mikayılov oktyabrın 20-də yaşadığı Rusiyanın Nijni Tagil şəhərindən təyyarə ilə Bakıya, oradan da Qubaya gəlib.Aynurun yoxa çıxmasında Elşad Əsədovdan şübhələndikləri üçün, onu izləməyi qərarlaşdırıblar.Bundan sonra Şahmarın dayıları Elşadın Bakıda olduğu yeri müəyyən ediblər.Saat 19 radələrində Qabil zəng vurub Aynurla Elşadı tapdığını xəbər verəndə, ona orada gözləməsini, gəlib, ikisini də öldürəcəyini və basdıracağını bildirib.Amma Qabil etiraz edərək, hər ikisini rayona gətirəcəyini söyləyib.3 saatdan sonra Qabil, David, Elman və İntiqam onun yanına gəliblər.Qızının harada olduğunu soruşduqda, Qabil Aynuru polis şöbəsinə təhvil verdiklərini deyib.Atası qızını öldürməyə imkan vermədiklərinə görə Qabilgilə kəskin narazılığını bildirib.Elşadı cəzalandırmaq üçün öz maşını ilə kəndə gedib. Yolda olarkən əməliyyat müvəkkili Ramil Qasımov zəng vurub, kəndin mərkəzində xeyli adam yığışdığını, xoşagəlməz hadisə baş verə biləcəyini və ona görə də onu gözləməsini söyləyib. Təxminən 10 dəqiqədən sonra görüşüblər.Ramil iki nəfər yoldaşı ilə qabaqda, o isə arxada kənddə yollanıblar.Bir qədər yol getdikdən sonra polis əməkdaşı maşını döndərib, geri qayıdıb.Səbəbini soruşduqda, Ramil şöbədən zəng vurub onu geri çağırdıqlarını deyib.Kəndin mərkəzinə çatanda, təxminən 100-ə yaxın insanın toplaşdığını görüb.Maşını saxlayıb Elşadı soruşanda, sakinlər sonuncunun «Mercedes» markalı avtomobildə olduğunu və düşmək istəmədiyini bildiriblər. Qapını açıb arxa oturacaqda əyləşən Elşada: «bu nə alçaqlıqdır elədin?» deyərək, maşından düşməyini tələb etdikdə, o, saymazyana şəkildə: «yaxşı eləmişəm. Mən bu barədə Şahmara demişdim» deyə cavab qaytarıb.Elşadın onu qeyrətsiz hesab etdiyini və nalayiq ifadələrlə danışdığını eşidib, özündən çıxıb.Özünə tərəf dartıb, sol əli ilə üzünə 2 dəfə zərbə vurub.Avtomobildən düşmək istəmədiyini görüb, şalvarının arxa sol cibindən açılıb-qatlanan bıçağı çıxardıb. Sağ əli ilə saçından tutub, sol əlindəki bıçaqla boğazına zərbə vurmaq istəyəndə, Elşad müqavimət göstərib. Buna görə bıçaq onun qulağını və üzünü cızıb.Elman Muradov onu arxadan tutub dartdığı üçün, yerə yıxılıb və bıçaq əlindən yerə düşüb.Bundan sonra Elşadı maşından düşürdüblər və orda olan şəxslər təpikləməyə başlayıblar.Hava qaranlıq olduğundan Elşada kimlərin zərbələr vurduğunu görməyib. Pərviz Əsədovun kiməsə: «vur bıçağı ürəyindən» deməsini eşidib. 5-10 dəqiqə Elşada zərbələr vurandan sonra onun, tam hərəkətsiz vəziyyətdə qaldığını görüblər. Yoldan maşınlar hərəkət etdiyinə görə meyitini bir az kənara çəkiblər. Yerə düşən bıçağı tapıb, maşınının baqaj hissəsinə qoyub.Bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları gəliblər.

Sadıq Dadaşov əlavə edib ki, maşının salonunda bıçaqla Elşadın ürək nahiyəsinə zərbə vurmayıb. Onun ölümünə səbəb olmuş xəsarətlərin kim və ya kimlər tərəfindən yetirildiyini bilmir. Maşından düşürüləndən sonra Elşadın döyülməsində iştirak etməyib.Baş verənlərə görə təəssüflənir və əməlindən peşmandır.

Zərərçəkmiş şəxsin hüquqi varisi Yaqut Əsədov ifadəsində göstərib ki, Elşad Əsədov onun oğlu, Aynur Əsədova isə əmisi nəvəsi Nəbi Əsədovun gəlini olub.Oktyabrın 19-u saat 20 radələrində Elşad evdən çıxarkən kənddə bir nəfərlə görüşəcəyini deyib.Növbəti gün arvadı Aygün gəlib, Şahmarın arvadının axşam yoxa çıxmasını eşitdiyini deyəndə, onlar Elşadın Aynurla birlikdə qaçmasından şübhələniblər.Aygün Elşada zəng edib, harada olduğunu soruşduqda, o şəhərdə, «Asan Xidmət»in yanında olduğunu deyib.Anası ona Aynurun bir gün əvvəl gecə yoxa çıxdığının bildirəndə, Elşad təəccüblənib. Ayın 20-də evə qayıdan oğlu ötən gün Gültəpə kəndində olmasını və sabah Bakıya gedəcəyini deyib. Bunu eşidən anası həbsdə olan qardaşı oğlu Ceyhuna sovqat aparıb, verməsini xahiş edib.Oktyabrın 21-də Elşad evdən çıxıb və bir daha qayıtmayıb.Həmin axşam bacısı Rəfiqə ona oğlunun Aynuru qaçırdığını və arxalarınca Bakıya 6 nəfərin getdiyini barədə məlumat verib. Gecə sakinlərin kəndin mərkəzinə yığışıb,  Elşadı gözlədiklərini bilib. Bir müddətdən sonra «Pir» adlanan ərazidən səs-küy səsləri eşidib, dözməyib və həmin istiqamətdə gedib.Amma yolun yarısında qabağına çıxan bacısının əri onu qaytararaq, ora getməyin mənasının olmadığını deyib.

Şahid Aynur Əsədova bildirib ki, 16 yaşında Şahmar Əsədovla ailə həyatı qurub, babası onu məcburi ərə verib.Şahmarı heç vaxt sevməyib.Əri onunla çox kobud davranıb, bu səbəbdən də atası onların boşanmasını istəyib.Şahmarın qohumu Elşad Əsədov Ukraynada yaşayıb, təhsil alıb.İlk dəfə onu 2014-cü ilin yayında kənddə görüb və ondan xoşu gəlib.Evli olduğundan bunu heç kimə deyə bilməyib.Hadisədən 1 ay əvvəl Elşada qarşı olan hisslərini bildirmək qərarına gəlib, bu məqsədlə onu sevməsi barədə məktub yazıb.Axşam Elşad həyətlərinə gəlsə də, utandığı üçün çıxıb, onunla görüşməyib.Amma növbəti gün həyətdəki bağın aşağısında görüşüb, söhbət ediblər.Bundan sonra həftədə 3 dəfə görüşüblər, lakin aralarında hər hansı yaxınlıq olmayıb. 2018-ci il oktyabrın 15-də Elşad ondan borca bir həftəyə qaytarmaq şərti ilə 500 manat pul istəyib. Pulu olmadığını deyərək, əvəzinə ona 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, qızıl qolbaq və 4 ədəd qızıl üzük verib. Səhəri gün Elşad qızılları Quba şəhərində 2400 manata satdığını deyib.Ayın 18-də Elşada zəng edib, Şahmarın qızılların evdə olmadığını biləcəyini və problem yaranacağını deyib.Oktyabrın 19-da telefonla danışanda evdən getmək barədə fikrinin ciddi olduğunu bildirib. Saat 19:30-da Elşad ona zəng edərək, kəndin aşağı yolunda taksidə onu gözlədiyini bildirib. Uşaqları qayınanasına verərək, saçını yuyub 15-20 dəqiqəyə qayıdacağını söyləyib və Elşadın dediyi yerə gedib.Qubada «Köhnə avtovağzal»da başqa taksiyə minib, Bakıya gəliblər.Oktyabrın 21-də axşam Bakıxanov qəsəbəsində qaldıqları evə yoldaşının dayıları və digər qohumları gələrək, onları rayona qayıtmağa məcbur ediblər.Həmin gecə onu Quba Rayon Polis Şöbəsinə aparıblar, Elşadı isə Tülər kəndində öldürüblər.

Şahid qismində dindirilmiş Quba Rayo Polis Şöbəsinin əməliyyat müvəkkili Ramin Qasımov ifadəsində göstərib ki, oktyabrın 21-də Tülər kəndinə çatanda, mərkəzdə təxminən 50-60 nəfər kənd sakininin toplaşdığını və Elşad Əsədovun meyitinin yolun qırağında olduğunu görüb. Toplaşanlardan hadisənin kim tərəfindən törədildiyini soruşanda, kənd sakini Zabit Yolçiyev qabağa çıxaraq Elşadı öldürdüyünü, kəndin namusunu təmizlədiklərini, ona görə də heç nədən qorxmamalarını deyərək, mərhumun barəsində nalayiq ifadələr işlədib. Zabitin danışığından və camaatın da onun dediklərinə əməl etməsindən, onun hər şeyi idarə etməsini hiss edib.Hadisə yeri müayinə olunduqdan sonra, orda olan 30-40 nəfər şöbəyə aparılaraq, ifadələri alınıb.Araşdırma nəticəsində Sadıq Dadaşovun Elşad Əsədovu bıçaqla, digərlərinin isə təpiklə vurmaları müəyyən edilib.

Məhkəmə iclasında Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılov özlərini təqsirli bilməyiblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar Əsədov və Sadıq Dadaşov 18, Pərviz Əsədov və Mətləb Muradov 17, Zabit Yolçiyev və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum olunublar.

 

Bəli, biz sizə müdhiş bir cinayət işi barədə danışdıq. Elə sevmək lazımdır ki, əqil başdan çıxmasın. Soyuq başla sevmək lazımdır. Əks təqdirdə, sevgi ölüm gətirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

 

Cümə axşamı, 15 Avqust 2024 11:01

“Kainatla Günəşin nağılı” - ESSE

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Amma unutma, daş divarlar arasındakı qaranlığımın səndən başqa pəncərəsi yoxdur."
Sabahattin Ali

Bir varmış, bir yoxmuş, qədim bir rəvayətə görə bir zamanlar içinə hər şeyi sığdırmış qocaman bir Kainat varmış. Bu Kainatın bir tərəfi gündüz kimi işıqlı, bir tərəfi isə gecə kimi qaranlıqmış.
Kainatın aydınlıq tərəfində dünya adlı çox gözəl, rəngarəng bir planet və həmçinin varlığı, möhtəşəm parıltısı və hərarəti ilə Yer kürəsinə yaşam qaynağı olan bir Günəş varmış. Günəş o qədər gözəl və parlaq idi ki, Yer kürəsi və daha başqa planetlər pərvanə misalı onun ətrafında fırlanarmış. Amma Kainatın digər tərəfi isə hər zaman zülmət qaranlıq və soyuq imiş. Onun bu tərəfi bəlkə dünyadan da gözəl idi və qaranlıqlarının lap dərinliyində qəlb kimi döyünən kiçik bir işartı vardı, fəqət onu örtən zülmət qaranlıq o qədər qatı idi ki, o işartı qaranlıqlar altında qalıb görünmürdü.
Günəş bir gün kainatın qaranlıq tərəfinə doğru çevrilib, orada kiçik bir parıltı, özündən bir parça görmüş, ona yaxınlaşmağa başlamışdı. Günəş həmin parıltıya doğru getdikcə onun işığı bir fənər kimi qaranlığı aydınlatmış və Günəş gözlərinə inanmamışdı, demə, kainatın bu tərəfi nə qədər gözəlmiş. Amma bura həm də çox dərin və ucsuz-bucaqsızmış.
O zaman Günəş Kainatın bu qaranlıq amma bir o qədər dərin olan tərəfinə məftun olmuş, onu sevmiş və onu öz nuruna qərq etmək arzusuna düşmüşdü.
Günəş bir müddət Kainatın qaranlığını öz nuru ilə aydınlatmağa çalışmış, sanki Kainata yenə bir həyat bəxş etmiş, isitmişdi Kainatı. Kainatın soyuqluğu onu bələyən qaranlıqdanmış məgər, yoxsa o çox sıcaqmış əslində. Qaranlıq onu boğrmuş.
Kainatın bu tərəfi ilə yaxınıaşdıqca və ona olan sevgisi artdıqca Günəş özü də bu günədək heç vaxt olmadığı qədər çox parlayır, hərarəti günü-gündən artırdı.
Amma Kainat Günəşin də onun zülmət qaranlığına qarışıb, onun içində sıxılıb, parıltısının yox olacağından qorxmuş və Günəşdən üz çevirib getməsini yenidən dünyanı işıqlandırmasını istəmişdi. Günəşsə bu Kainatı sevdiyini, israrla onu aydınlatmaq istədiyini və onun parıltısının Kainatın tərəfindən bəxş edildiyini söyləmişdi.
Kainatla Günəşin sevgisi və bir-birinə olan bağlılığı hər ikisinə çox yaxşı gəlmişdi.
Amma bir müddət Kainatın qaranlığını öz şəfəqləri ilə nura qərq edən Günəş bir zaman sonra Kainatın zülmət qaranlığından və soyuqluğundan sıxılmışdı, bir gün Kainatın qaranlığından üz çevirib yenidən başına dolanan rəngarəng dünyasına çevirmişdi üzünü.

O gündən sonra Kainat yenə zülmətlərə qərq olur.  Amma bu dəfə Kainatın qərq olduğu zülmət daha qatı və daha dözülməz olur. Çünki Kainat Günəşi və eyni zamanda Günəşin onu aydınladan sevgi dolu şəfəqlərini çox sevmiş, çox bağlanmışdı ona. Günəş Kainatın qaranlığını tərk edib getdiyi gündən sonra Kainat Günəşin onu nurlandırdığı günləri düşündükcə içində ulduzlar parıldamağa başladı. Parlayan hər ulduz Günəşdən geriyə qalan bir parça, bir xatirə oldu. Kainat Günəşi xatırladıqca kiçik parıltıları ilə Günəşi anımsatan milyonlarca ulduz Kainatın dərin qaranlığında yanıb sönməyə başladı.
Günəşin başına dolanan Yer kürəsinin Ay adlı bir peyki vardı, Günəş kainatın qaranlığından çox uzaqlaşdığı zamanlarda onun parıltısı Ayın üzünə düşər, Ayı parıldadardı. Bu zaman Kainatın həsrəti böyüyər və yanıb sönən ulduzlar Ayın ətrafına dolaraq par-par parıldayardılar.
Bəlkə də elə buna görə idi ki, Yer kürəsində yaşayan insanlar gecələr darıxdıqları zaman Ayı seyr edər və Ayın üzündə öz qəlb evlərini aydınladan Günəşlərinin simasını görərdilər və bu zaman Ayın ətrafında milyonlarca ulduz yanıb sönməyə başlayardı. Və bəzən Kainat Günəş üçün hədsiz darıxdığı zamanlarda Günəşin geri qayıtmasını diləyər və bu zaman gözdən yaş düşən kimi, bir ulduz düşərdi səmadan. Kainatın həsrətindən doğan bir göz yaşı olan o balaca ulduz yerdəki insanlar üçün ümid işartısı olardı. Ulduz düşərkən insanlar da qəlblərindəki arzunun gerçəkləşməsini diləyərdi.
Kainatın həsrət göz yaşları insanlara ümid işartısı olardı.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)



 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Behruz Sədiqin şeirlərini təqdim edir.

 

 

 

 

Behruz Sədiq

Muğan

 

 

YENƏ

 

Yenə “Prapanol”, yenə “kodein”,

Yenə təqvimləri çeynəyir siçan.

Sinəmdə səyriyir sözün sərgisi,

Yalın əllərimdə göynəyir güman.

 

Ona bənzər əli qoynunda, dalğın –

Ötür küçəmizin payızlığından.

Yaxılmış yarası, baxış da yayğın,

Mən onu tanıram Arazlığından.

 

Yenə “Prapanol”, yenə “kodein”,

Dalğalar qoynunda qırmızı saat.

Çılpaq ayağımda tikan küçüklər

Və həyat kişnəyən dəlisov bir at.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın təqdimatında bu dəfə sizlər istedadlı yeniyetmə Nuray Rəhimova ilə tanış olacaqsınız. Uşaqlar və yeniyetmələr də gözəlliklər yaradırlar, özü də bu gözəlliklər daha diqqətçəkən olur.

 

Nuray 24 may 2009-cu ildə Rusiyanın Tümen vilayətinin Xantı-Mansiyik şəhərində dunyaya gəlib. Məktəbəqədər və ilk təhsilini doğulub böyüdüyü şəhərdə alıb.

Nuray kiçik vaxtlarından ağıllı və dərrakəli qız kimi tay-tuşlarından seçilib, baxçada diqqət mərkəzində olub. İlk uğuru - nitq qabiliyyəti səlist və axarlı oldugu üçün baxçadan yönləndirdikləri səs müsabiqəsində qalibiyyətlə başlayıb. Daha sonra məktəbdə əlaçı uşaqlar sırasında qərarlaşıb, bütün məktəb müəllimlərinin sevimlisinə çevrilib. Çoxlu tərifnamələri, fəxri fərmanları və diplomları var.

Nurayin həvəsi dəqiq fənlərdən çox humanitar fənlərədir. Arzusu oxuyub hakim olmaqdır.

Yazı-pozuya da xüsusi həvəsi var. Bu həvəs onda ədəbiyyat fənnindən verilən ev tapşırığını yazmaqla başlayıb. Nağıl yazıb və müəlliməsinin hədsiz xoşuna gəlib, ona görə də məktəbdə nağılını müsabiqəyə göndərmək qərarına gəlinib və göndərilərək bəyənilib. Özünə zəng vuraraq onu ЛитСтудия «Почерк»ə (“Dəst-xətt” Ədəbi Studiyasına) dəvət eləyiblər. Antologiya kitabına onun da nağılını salıblar, ən çox bəyənilən yazılardan biri məhz Nurayın nağılı olub.

Təqdimat mərasimdə Nuraya həmin kitabdan hədiyyə ediblər. O da müəllifliyin ilk sevincini bu qədər erkən - yeniyetməlik yaşında daşımaq xoşbəxtliyinə nail olub.

İndi Nuray 8-ci sinifə keçir və gələcək üçün çoxlu planları hələ var. Hətta müxtəlif müsabiqələr üçün inşalar, esselər yazaraq özünü hər sahədə sınamağı sevir. Hakimliyə isə daha səylə hazırlaşır.

Ona uğurlu yol arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

 

Cümə axşamı, 15 Avqust 2024 16:00

RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

- Onda gələk indi məktəbin ünvanı barədəki sualıma. Ağanın bu yaxınlarda məktəbi liseyə dəyişdiyini demişdi. Dediyim kimi, bu qadını öyrəndikcə maraqlı ola biləcək məqamlar tapmışdım. Ona görə də sənə verdiyim sualı başqa formada ona da verdim. Əslində bu mənim əməliyyat - axtarış işində özüm üçün hazırladığım nəzəriyyəmdəki test suallarından biridir. Yeri gələndə istifadə edirəm. İndi də yeri gəlmişdi və qəribə burasıdır ki, Sənubər liseyin ünvanını dəqiqliklə əzbərdən dedi. İnsanlar illərlə oxuduqları məktəbin dəqiq ünvanını bilmədikləri halda Sənubər oğlunun yenicə keçdiyi liseyin dəqiq ünvanını fikirləşmədən səsləndirdi. Əzbərdən deməsi bu yaxınlarda liseylə bağlı hansısa dəqiqləşdirmə aparıldığına işarə ola bilərdi. Bunu da özümçün qeyd etdim. Bu dedkilərim heç biri hələ onu nədəsə ittiham etməyə əsas vermirdi. Amma tutduğum bu incə təzadlar Sənubərin daha dərindən yoxlanılması üçün kifayət qədər əsas vermiş olurdu. Belə də etdim. Qısa zamanda öyrəndim ki, Sənubəri Fərman ikinci ailəsi kimi saxlayır. O bunu məndən gizlətməsini Fərmandan xahiş edib. Fərman mənə müraciət edənə qədər isə uşağın oğurlanmasını polisə xəbər verməməsində ərinə uzun - uzadı təkid edib. Bundan sonra sən görüşdüyün, əlil arabasında olan adamın sorğularıma verdiyi cavabları gətirdin. O cavablardan məlum oldu ki, Sənubərin Ağamirzə adında dayısı olmayıb. Fərman onun əqrəbası ilə heç bir əlaqə saxlamadığı üçün bunu bilə bilməzdi. Ancaq bu ortaya çıxan sualın mahiyyətini dəyişmirdi - bəs onda Sənubər övladına bu adı kimin şərəfinə, ya da əziz xatirəsinə görə vermişdi? Bu sirli Ağamirzə kim idi? Məlumatların içində Sənubərin çox tanınmış bir ailədən olduğu yer almışdı. Bunu söhbətində özü də mənə dedi. Onda özümü bundan xəbərsiz kimi göstərdim. Atası iri bir dövlət qurumunun rəhbəri, olduqca nüfuzlu bir kişidir. Müəyyən dairələrdə böyük hörmətə malikdir. Nəsilləri bəy nəslindən gəlir. Anası ali təhsil ocaqlarından birində kafedra müdiridir. Bacısı həmin universitetdə çalışır. Kübar bir ailədirlər. Sənin də simpatiyana səbəb olan cəhətləri ona qanla keçib.

- Həqiqətən çox maraqlı xanımdır, - Layiqə bu yerdə dayana bilməyib dilləndi.

- Razıyam, - dedim. Davam edək. Onun Ağamirzə adında dayısının olmaması belə hələ ondan tam şübhələnməyə əsas vermirdi. Bu bir qızın məktəb vaxtı sevdiyi, amma qovuşa bilmədiyi birinin adını övladına verməsi üçün deyilmiş bir yalan ola bilərdi. Əgər Fərmanı bu adla aldatmışdısa, bunu mənə, ilk dəfə gördüyü birinə etiraf etməyəcəkdi ki? Özü də həyat yoldaşının yanında. Məsələ bundadır ki, müşahidələrim bununla da bitmirdi. Zəng edən adam polisə məlumat verməməyi tələb etmişdi. Əks təqdirdə uşağı sağ görməyəcəklərini demişdi. Bu da Sənubərin Fərmanı dilə tutmasının izahı ola bilərdi. Mən də bunu normala yoza bilərdim. Təkcə bir məqam olmasaydı. Polisdən əli üzülən valideynlər bu halda mənə təhlükədə olan uşaqlarını onlara qaytaracaq son ümid yeri kimi baxmalıydılar. Fərman elə belə də baxırdı. Amma Sənubər haqqında bunu deyə bilmərəm. Gəraybəyli ilə gizli görüşmüşdük. Deməli detektiv və keçmiş polis işçisi kimi qarşı tərəf üçün gizli qalmışdım. Bu konteksdən uşaq üçün heç bir təhlükə yaranmırdı. Ayrıca, əminəm ki, ümumi dostumuz Ənvər Seyidbəylinin söhbətlərindən məni yadına salıb səhər tezdən zəng edərək görüşməyi xahiş edən Fərman, haqqımda qısa da olsa həyat yoldaşına məlumat verib. Neçə-neçə ağır cinayətin üstünü açan birinin bu işi boynuna götürməsi Fərman kimi onun həyat yoldaşını da sevindirməli deyildimi? Amma bunun əksini hiss etdim orada olarkən. Sanki bu işə qarışmağım onun ürəyincə deyildi. Bunu nə qədər çalışsa da, tam gizlədə bilmədi onlarda olanda. Əksinə elə bil gəlişimdən narahat olmuşdu. Uşağı qaçırılmış bir ana belə davranmalı deyildi, Layiqə.

Bu yerdə fasilə verib stəkana işarə etdim. Layiqə cəld qalxıb qaynar saxladığı çaydan süzüb qarşıma qoydu. Çayımı yarıya qədər içib davam etdim:

 - Bu danışdıqlarım ilkin, hələ əlimdə heç nə olmayarkən etdiyim müşahidələr idi. Bilirsən ki, belə incə məqamları tuta - tuta daha böyüklərinə gedib çıxıram. Yoxlamalarım davam edirdi. Sonra Nadirdən cavablar gəldi. O, Sənubərin cib telefonunun yoxlanılmasının heç nə vermədiyini, ancaq Gəraybəylilərin evinə uşaq qaçırılmazdan üç gün və bir gün əvvəl avtomat telefonlardan zənglər gəldiyini dedi. Uşaq qaçırılan gün də bir zəng gəlib, pul tələb etmək üçün. Ancaq mənim diqqətimi çəkən dediym bu iki zəng idi. İndi deyim niyə, sən də qulaq as. Sənubərin bu zənglərdən sonra harasa gedib - getməməsini yoxlamalıydım. Bunu sadəcə əməliyyat işinin qaydaları tələb edirdi. Fərman yoldaşının nadir hallarda evdən çıxdığını demişdi. Onun bu zənglərdən sonra evdən çıxıb harasa getməsi kiminləsə gizli görüşməsi anlamına gəlirdi. Beləcə ikinci cəhddə binanın mühafizəçisi onun ayın on birində həyəcanlı şəkildə çıxıb harasa getdiyini, təxminən iki saatdan sonra qayıtdığını etiraf etdi. Az qala kəlbətinlə ondan başqa şeylər də çəkə bildim. Həm on biri, həm də on üçü tarixlərində Sənubərin «qonaqları» olmuşdu. Birincisi tez getsə də, ikinci qonaq bir saata qədər onunla evdə təklikdə qalmış, sonra çıxıb getmişdi. Beləcə Sənubər tək olarkən evə iki dəfə yad adamların gəlməsi, onun bu barədə nə Fərmana, nə də mənə heç nə deməməsi onu birbaşa şübhəliyə çevirirdi.  Bilirik ki, balaca Ağa ayın on dördü qaçırılıb. Bundan üç və bir gün əvvəl olanlar onun qaçırılması ilə birbaşa bağlı idi. Məntiqim və təcrübəm daha çox Sənubərin nə iləsə şantaj edildiyini, buna görə susmağa məcbur olduğunu deyirdi. Ancaq hələ ki, bunu nə sübut, nə də təkzib edən heç nə yox idi. Ona görə də tələsmirdim. Qorunan binanın müşahidə kameraları keyfiyyətsiz olsa da, görüntülərdə bir məqam diqqətimi çəkdi. Hər iki tarixdə gələnlər ayrı-ayrı adamlar idilər. Ayın on üçündə gələn adamın yerişi diqqətimi çəkdi. Kiməsə o, axsaq adam təsiri bağışlaya bilərdi. İlk baxışdan elə belə də görünürdü görüntülərdə. Amma mənimçün yox. Bilirsən ki, polis sıralarında işləyərkən uzun müddət cibgirliyə qarşı mübarizə aparmışam. Ticarət mərkəzlərində, bazarlarda cibgirləri izləyərkən ilk növbədə onların ayaqqabılarının rəngini, formasını yadda saxlayırdıq. Belə yerlərdə cibgirlər qurbanlarını seçənə qədər xeyli gəzirlər. Sıx kütlə içərisində onları izləmək elə də asan deyil. Şübhə oyatmamaq üçün arada azı iki metr məsafə saxlamalısan. Yalnız cibgir «işləməyə» başlayanda hər şeyi görə bilmək üçün bu məsafəni bir metrə qədər azaldırsan. Gəzərkən saxladığın məsafəyə cüssəli, yaxud ucaboy adamlar daxil olarsa, izlədiyin adam gözdən itir. Üzünü görmədən, arxadan izlədiyn adam qəfildən harasa dönərsə, fürsət tapıb baş geyimini, yaxud gödəkçəsini çıxararsa sonra onu tapmaq çətin olur. Duyuq düşüb - düşməməsindən asılı olmayaraq, hər ehtimala qarşı cibgirlər elə - belə də edirdilər tez-tez. Başqa üsullara da əl atırlar onlar. Bu üsulları çox sadalamayım, bizə lazım olanı deyim-sadəcə cibgirlərin edə bilmədikləri bir şey var ki, o da qəfildən ayaqqabılarını dəyişməkdi. Sıxlıq olan yerdə yarım metrdən irəlini görə bilmədiyin halda qırx beş dərəcə bucaq altında yerə baxıb iki metr irəlidə gedənlərin ayaqlarını görə bilərsən. Qayıdaq söhbətimizə. Bu dediklərim məndə istər - istəməz insanların yerişlərinə də fikir vermək vərdişləri formalaşdırdı zamanla. Qısası, kamera görüntülərindəki adam axsaq deyildi. Bu ayağını ayaqqabısı sıxan adamın yerişi idi. Onda ağlıma bir fikir gəldi. Fərmanın evində olarkən dəhlizdə dəmir ayaqqabıgeyinən olduğunu görmüşdüm. Ayaqqabısı ayağına dar olan adam o evdən gedərkən ayaqqabısını geyinmək üçün mütləq ondan istifadə etməli idi. Onun qoyduğu əl - barmaq izləri bizə nəsə verə bilərdi. Fərmana zəng vurub Sənubər görmədən evdən mənə həmin ayaqqabıgeyinəni, bir təmiz bardaq, bir də balaca Ağanın bir qələmini gətirməsini tapşırdım. Onları yoxlanması üçün sən aparıb Nadirə verdin.

Bu yerdə Layiqə soruşdu:

- Bəs bardaqla qələm nə üçün idi?

- Gözlə izah edim. Əgər bir evli kişi ikinci arvad saxlayırsa, bunu maksimum gizli tutmağa çalışır. Deməli o evə yalnız ən məhrəm bildiyi adamlar gələ bilər. Tutaq ki, belə adamlar üç nəfərdir. Üç nəfər də ailənin üzvləri, elədi altı nəfər. İki nəfər məlum tarixlərdə gəlib - gediblər. Birinci gələn adamın da ayaqqabıgeyinəndən istifadə etdiyi istisna olunmur. Bu oldu səkkiz. Daha doğrusu ən azı səkkiz nəfər. Bardaqla qələm Nadirin işini minimuma endirmək üçün idi. Vaxtımız onsuz da az idi. Bardağı yuyan ev sahibəsi onu sildikdən sonra yerinə qoyanda, Fərman isə mənə gətirəndə əl izləri bardaqda qalmalı idi. Eynilə balaca Ağanın əl izləri də istifadə etdiyi qələmində olacaqdı. Nadirə onları identifikasiya etdikdən sonra bir kənara qoyması, uzun - uzadı bazada tutuşdurub vaxt itirməməsi üçün vermişdim. Səkkiz təxmini çıxardığım rəqəm idi. Başqa sözlə, yerdə qalan izlərdən biri bazada aşkar olundu. Bu on beş il əvvəl ölüm işinə görə məhkum olunmuş Ağamirzə Cəfərova məxsus barmaq izləri idi. O, Sənubərin Fərmana «ölmüş dayısı» kimi qələmə verdiyi, əslində oğluna adını qoyduğu Ağamirzə adının sahibi idi. Buna şübhəm yox idi. Belə təsadüflər olmur. Nadir həmin Ağamirzənin bu şəhərdə evinin olmadığını xəbər vermişdi. Başqa sözlə əlimizdə onun ola biləcəyi konkret bir ünvan yox idi. Vaxt isə daralırdı. Hələ ilk gündən verilmiş iki günün çox az vaxt olduğunu, bir əlavə günə ehtiyac olacağını bilirdim. Ancaq hadisələr elə gətirdi ki, bununçün nəsə fikirləşməyimə lüzum qalmadı. Fərman infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Sənubərə evdə olmasını, axşam gələcək zəng zamanı vəziyyəti izah edib bir gün, alınarsa iki gün möhlət istəməsini tapşırdım. Az əvvəl sənə danışdıqlarımdan onun Ağamirzə ilə yaxın münasibətinin olduğu məlum olmuşdu. Etiraf edim ki, qısa müddətə də olsa, həmin vaxt yenə də ona qarşı şübhələrim baş qaldırdı: fikirlərim onun cinayətkar qrupla əlbir olması ilə şantaj olunması arasında əlli - əlliyə bölündü. İstənilən halda Sənubərin bu möhləti ala biləcəyinə şübhəm yox idi. Elə Sənubər də çox arxayıncasına «çalışaram» dedi və bunu etdi. Daha qarşıda bir günüm var idi və Sənubəri açıq söhbətə çəkməyin vaxtı idi. Faktlar qarşısında onu danışmağa məcbur edəcəyimi bilirdim. Nadirin verdiyi məlumatların içərisində ən xoşagəlməyən məqam «Molla» ləqəbli residivist Cahandar Mollayevin bu işin içində ola bilməsi ehtimalı idi. Onun heç bir cinayətində şahid saxlamadığını xəbər verirdi Nadir. Belə cinayətkarlar qaydalarını heç vaxt dəyişmirlər. Bu onun sonda uşağı aradan götürəcəyi anlamına gəlirdi. «Molla»nın yeri bilinirdi. Həmin ev sənin getdiyin, Novxanı bağlarındakı ev idi. Ağamirzə Cahandarla eyni həbsxanada yatıblar, orada «qardaşlıq» ediblər. Demək olar ki, bir ay fərqlə azadlığa çıxıblar. Nadirlə gəldiyimiz qənaətlə uşaq orada gizlədilə bilərdi ki, bu hal da dediyim kimi heç yaxşı sonluqdan xəbər vermirdi. Vəziyyəti nəzarətdə saxlaya bilmək üçün səni əvvəlcədən oraya göndərdim, özüm isə Sənubərlə söhbətə getdim. Etiraf edim ki, çətin söhbət oldu. Ancaq sonunda onu inandıra bildim. Orada olarkən Cahandarın həyətdə dərin bir çala qazması barədə sənin verdiyin məlumat çox dəyərli məlumat idi. Hər halda adam gecənin yarısı həyətində neft axtarmaq üçün quyu qazmırdı. Bu həm Cahandardan gələ biləcək təhlükə barədə bütün ehtimallarımı tam təsdiqləmiş oldu, həm də Ağamirzəni inandırmaq üçün kifayət etdi. Əlbəttə, məlum səbəblərdən «qazılan qəbir» barədə Sənubərə nəsə deməyi lazım bilmədim.


“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

 

Cümə axşamı, 15 Avqust 2024 10:44

Şəhidlər barədə şeirlər - Kamil Məmmədov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Kamil Məmmədov

 

Kamal Məmmədov Şamil oğlu 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub.

2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.

Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

İgidkimigetmişdin,

İgidkimiqayıtdın.

Sən özbəy otağına

Şəhidkimiqayıtdın.



Qayıtdın savaşlardan,

Evinə-eşiyinə.

Qoy anan lay-lay desin

O tabut-beşiyinə.



Şəhidin yeri bəlli,

Şəhidin taxtı bəlli.

Bəzənib bəy otağın,

Toyunun vaxtı bəlli.



Elə bil ki, toyundu,

Hamı yığışıb gəlib,

Gözlər bulağa dönüb,

Qəlblər alışıb gəlib.



Bir gecədə qar yağıb

Ananın saçlarına.

Nişanlın qara geyib,

Gəlibdir otağına.



Sən də bəylik yerinə

Bayrağı geyinmisən,

Vətənə bürünmüsən,

Torpağı geyinmisən,



Geyinmisən əyninə

Qəhrəmanlıq libası.

Bayraq, vətən boydadır

Şəhidliyin mənası.



Şəhidlər ölməzdilər,

Hamının bir sözü var.

Şuşa qayalarında

Ayağının izi var.



Sənin kimi oğullar,

Vətənə can dedilər,

Qarabağda tökülən,

Qanlara qan dedilər.



Başımızın tacısız

Nə qədər ki varıq biz.

And olsun o Bayrağa!

Sizi unutmarıq biz!

 

 “Ədəbiyyat və incəsənət”

(15.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.