RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

- Onda gələk indi məktəbin ünvanı barədəki sualıma. Ağanın bu yaxınlarda məktəbi liseyə dəyişdiyini demişdi. Dediyim kimi, bu qadını öyrəndikcə maraqlı ola biləcək məqamlar tapmışdım. Ona görə də sənə verdiyim sualı başqa formada ona da verdim. Əslində bu mənim əməliyyat - axtarış işində özüm üçün hazırladığım nəzəriyyəmdəki test suallarından biridir. Yeri gələndə istifadə edirəm. İndi də yeri gəlmişdi və qəribə burasıdır ki, Sənubər liseyin ünvanını dəqiqliklə əzbərdən dedi. İnsanlar illərlə oxuduqları məktəbin dəqiq ünvanını bilmədikləri halda Sənubər oğlunun yenicə keçdiyi liseyin dəqiq ünvanını fikirləşmədən səsləndirdi. Əzbərdən deməsi bu yaxınlarda liseylə bağlı hansısa dəqiqləşdirmə aparıldığına işarə ola bilərdi. Bunu da özümçün qeyd etdim. Bu dedkilərim heç biri hələ onu nədəsə ittiham etməyə əsas vermirdi. Amma tutduğum bu incə təzadlar Sənubərin daha dərindən yoxlanılması üçün kifayət qədər əsas vermiş olurdu. Belə də etdim. Qısa zamanda öyrəndim ki, Sənubəri Fərman ikinci ailəsi kimi saxlayır. O bunu məndən gizlətməsini Fərmandan xahiş edib. Fərman mənə müraciət edənə qədər isə uşağın oğurlanmasını polisə xəbər verməməsində ərinə uzun - uzadı təkid edib. Bundan sonra sən görüşdüyün, əlil arabasında olan adamın sorğularıma verdiyi cavabları gətirdin. O cavablardan məlum oldu ki, Sənubərin Ağamirzə adında dayısı olmayıb. Fərman onun əqrəbası ilə heç bir əlaqə saxlamadığı üçün bunu bilə bilməzdi. Ancaq bu ortaya çıxan sualın mahiyyətini dəyişmirdi - bəs onda Sənubər övladına bu adı kimin şərəfinə, ya da əziz xatirəsinə görə vermişdi? Bu sirli Ağamirzə kim idi? Məlumatların içində Sənubərin çox tanınmış bir ailədən olduğu yer almışdı. Bunu söhbətində özü də mənə dedi. Onda özümü bundan xəbərsiz kimi göstərdim. Atası iri bir dövlət qurumunun rəhbəri, olduqca nüfuzlu bir kişidir. Müəyyən dairələrdə böyük hörmətə malikdir. Nəsilləri bəy nəslindən gəlir. Anası ali təhsil ocaqlarından birində kafedra müdiridir. Bacısı həmin universitetdə çalışır. Kübar bir ailədirlər. Sənin də simpatiyana səbəb olan cəhətləri ona qanla keçib.

- Həqiqətən çox maraqlı xanımdır, - Layiqə bu yerdə dayana bilməyib dilləndi.

- Razıyam, - dedim. Davam edək. Onun Ağamirzə adında dayısının olmaması belə hələ ondan tam şübhələnməyə əsas vermirdi. Bu bir qızın məktəb vaxtı sevdiyi, amma qovuşa bilmədiyi birinin adını övladına verməsi üçün deyilmiş bir yalan ola bilərdi. Əgər Fərmanı bu adla aldatmışdısa, bunu mənə, ilk dəfə gördüyü birinə etiraf etməyəcəkdi ki? Özü də həyat yoldaşının yanında. Məsələ bundadır ki, müşahidələrim bununla da bitmirdi. Zəng edən adam polisə məlumat verməməyi tələb etmişdi. Əks təqdirdə uşağı sağ görməyəcəklərini demişdi. Bu da Sənubərin Fərmanı dilə tutmasının izahı ola bilərdi. Mən də bunu normala yoza bilərdim. Təkcə bir məqam olmasaydı. Polisdən əli üzülən valideynlər bu halda mənə təhlükədə olan uşaqlarını onlara qaytaracaq son ümid yeri kimi baxmalıydılar. Fərman elə belə də baxırdı. Amma Sənubər haqqında bunu deyə bilmərəm. Gəraybəyli ilə gizli görüşmüşdük. Deməli detektiv və keçmiş polis işçisi kimi qarşı tərəf üçün gizli qalmışdım. Bu konteksdən uşaq üçün heç bir təhlükə yaranmırdı. Ayrıca, əminəm ki, ümumi dostumuz Ənvər Seyidbəylinin söhbətlərindən məni yadına salıb səhər tezdən zəng edərək görüşməyi xahiş edən Fərman, haqqımda qısa da olsa həyat yoldaşına məlumat verib. Neçə-neçə ağır cinayətin üstünü açan birinin bu işi boynuna götürməsi Fərman kimi onun həyat yoldaşını da sevindirməli deyildimi? Amma bunun əksini hiss etdim orada olarkən. Sanki bu işə qarışmağım onun ürəyincə deyildi. Bunu nə qədər çalışsa da, tam gizlədə bilmədi onlarda olanda. Əksinə elə bil gəlişimdən narahat olmuşdu. Uşağı qaçırılmış bir ana belə davranmalı deyildi, Layiqə.

Bu yerdə fasilə verib stəkana işarə etdim. Layiqə cəld qalxıb qaynar saxladığı çaydan süzüb qarşıma qoydu. Çayımı yarıya qədər içib davam etdim:

 - Bu danışdıqlarım ilkin, hələ əlimdə heç nə olmayarkən etdiyim müşahidələr idi. Bilirsən ki, belə incə məqamları tuta - tuta daha böyüklərinə gedib çıxıram. Yoxlamalarım davam edirdi. Sonra Nadirdən cavablar gəldi. O, Sənubərin cib telefonunun yoxlanılmasının heç nə vermədiyini, ancaq Gəraybəylilərin evinə uşaq qaçırılmazdan üç gün və bir gün əvvəl avtomat telefonlardan zənglər gəldiyini dedi. Uşaq qaçırılan gün də bir zəng gəlib, pul tələb etmək üçün. Ancaq mənim diqqətimi çəkən dediym bu iki zəng idi. İndi deyim niyə, sən də qulaq as. Sənubərin bu zənglərdən sonra harasa gedib - getməməsini yoxlamalıydım. Bunu sadəcə əməliyyat işinin qaydaları tələb edirdi. Fərman yoldaşının nadir hallarda evdən çıxdığını demişdi. Onun bu zənglərdən sonra evdən çıxıb harasa getməsi kiminləsə gizli görüşməsi anlamına gəlirdi. Beləcə ikinci cəhddə binanın mühafizəçisi onun ayın on birində həyəcanlı şəkildə çıxıb harasa getdiyini, təxminən iki saatdan sonra qayıtdığını etiraf etdi. Az qala kəlbətinlə ondan başqa şeylər də çəkə bildim. Həm on biri, həm də on üçü tarixlərində Sənubərin «qonaqları» olmuşdu. Birincisi tez getsə də, ikinci qonaq bir saata qədər onunla evdə təklikdə qalmış, sonra çıxıb getmişdi. Beləcə Sənubər tək olarkən evə iki dəfə yad adamların gəlməsi, onun bu barədə nə Fərmana, nə də mənə heç nə deməməsi onu birbaşa şübhəliyə çevirirdi.  Bilirik ki, balaca Ağa ayın on dördü qaçırılıb. Bundan üç və bir gün əvvəl olanlar onun qaçırılması ilə birbaşa bağlı idi. Məntiqim və təcrübəm daha çox Sənubərin nə iləsə şantaj edildiyini, buna görə susmağa məcbur olduğunu deyirdi. Ancaq hələ ki, bunu nə sübut, nə də təkzib edən heç nə yox idi. Ona görə də tələsmirdim. Qorunan binanın müşahidə kameraları keyfiyyətsiz olsa da, görüntülərdə bir məqam diqqətimi çəkdi. Hər iki tarixdə gələnlər ayrı-ayrı adamlar idilər. Ayın on üçündə gələn adamın yerişi diqqətimi çəkdi. Kiməsə o, axsaq adam təsiri bağışlaya bilərdi. İlk baxışdan elə belə də görünürdü görüntülərdə. Amma mənimçün yox. Bilirsən ki, polis sıralarında işləyərkən uzun müddət cibgirliyə qarşı mübarizə aparmışam. Ticarət mərkəzlərində, bazarlarda cibgirləri izləyərkən ilk növbədə onların ayaqqabılarının rəngini, formasını yadda saxlayırdıq. Belə yerlərdə cibgirlər qurbanlarını seçənə qədər xeyli gəzirlər. Sıx kütlə içərisində onları izləmək elə də asan deyil. Şübhə oyatmamaq üçün arada azı iki metr məsafə saxlamalısan. Yalnız cibgir «işləməyə» başlayanda hər şeyi görə bilmək üçün bu məsafəni bir metrə qədər azaldırsan. Gəzərkən saxladığın məsafəyə cüssəli, yaxud ucaboy adamlar daxil olarsa, izlədiyin adam gözdən itir. Üzünü görmədən, arxadan izlədiyn adam qəfildən harasa dönərsə, fürsət tapıb baş geyimini, yaxud gödəkçəsini çıxararsa sonra onu tapmaq çətin olur. Duyuq düşüb - düşməməsindən asılı olmayaraq, hər ehtimala qarşı cibgirlər elə - belə də edirdilər tez-tez. Başqa üsullara da əl atırlar onlar. Bu üsulları çox sadalamayım, bizə lazım olanı deyim-sadəcə cibgirlərin edə bilmədikləri bir şey var ki, o da qəfildən ayaqqabılarını dəyişməkdi. Sıxlıq olan yerdə yarım metrdən irəlini görə bilmədiyin halda qırx beş dərəcə bucaq altında yerə baxıb iki metr irəlidə gedənlərin ayaqlarını görə bilərsən. Qayıdaq söhbətimizə. Bu dediklərim məndə istər - istəməz insanların yerişlərinə də fikir vermək vərdişləri formalaşdırdı zamanla. Qısası, kamera görüntülərindəki adam axsaq deyildi. Bu ayağını ayaqqabısı sıxan adamın yerişi idi. Onda ağlıma bir fikir gəldi. Fərmanın evində olarkən dəhlizdə dəmir ayaqqabıgeyinən olduğunu görmüşdüm. Ayaqqabısı ayağına dar olan adam o evdən gedərkən ayaqqabısını geyinmək üçün mütləq ondan istifadə etməli idi. Onun qoyduğu əl - barmaq izləri bizə nəsə verə bilərdi. Fərmana zəng vurub Sənubər görmədən evdən mənə həmin ayaqqabıgeyinəni, bir təmiz bardaq, bir də balaca Ağanın bir qələmini gətirməsini tapşırdım. Onları yoxlanması üçün sən aparıb Nadirə verdin.

Bu yerdə Layiqə soruşdu:

- Bəs bardaqla qələm nə üçün idi?

- Gözlə izah edim. Əgər bir evli kişi ikinci arvad saxlayırsa, bunu maksimum gizli tutmağa çalışır. Deməli o evə yalnız ən məhrəm bildiyi adamlar gələ bilər. Tutaq ki, belə adamlar üç nəfərdir. Üç nəfər də ailənin üzvləri, elədi altı nəfər. İki nəfər məlum tarixlərdə gəlib - gediblər. Birinci gələn adamın da ayaqqabıgeyinəndən istifadə etdiyi istisna olunmur. Bu oldu səkkiz. Daha doğrusu ən azı səkkiz nəfər. Bardaqla qələm Nadirin işini minimuma endirmək üçün idi. Vaxtımız onsuz da az idi. Bardağı yuyan ev sahibəsi onu sildikdən sonra yerinə qoyanda, Fərman isə mənə gətirəndə əl izləri bardaqda qalmalı idi. Eynilə balaca Ağanın əl izləri də istifadə etdiyi qələmində olacaqdı. Nadirə onları identifikasiya etdikdən sonra bir kənara qoyması, uzun - uzadı bazada tutuşdurub vaxt itirməməsi üçün vermişdim. Səkkiz təxmini çıxardığım rəqəm idi. Başqa sözlə, yerdə qalan izlərdən biri bazada aşkar olundu. Bu on beş il əvvəl ölüm işinə görə məhkum olunmuş Ağamirzə Cəfərova məxsus barmaq izləri idi. O, Sənubərin Fərmana «ölmüş dayısı» kimi qələmə verdiyi, əslində oğluna adını qoyduğu Ağamirzə adının sahibi idi. Buna şübhəm yox idi. Belə təsadüflər olmur. Nadir həmin Ağamirzənin bu şəhərdə evinin olmadığını xəbər vermişdi. Başqa sözlə əlimizdə onun ola biləcəyi konkret bir ünvan yox idi. Vaxt isə daralırdı. Hələ ilk gündən verilmiş iki günün çox az vaxt olduğunu, bir əlavə günə ehtiyac olacağını bilirdim. Ancaq hadisələr elə gətirdi ki, bununçün nəsə fikirləşməyimə lüzum qalmadı. Fərman infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Sənubərə evdə olmasını, axşam gələcək zəng zamanı vəziyyəti izah edib bir gün, alınarsa iki gün möhlət istəməsini tapşırdım. Az əvvəl sənə danışdıqlarımdan onun Ağamirzə ilə yaxın münasibətinin olduğu məlum olmuşdu. Etiraf edim ki, qısa müddətə də olsa, həmin vaxt yenə də ona qarşı şübhələrim baş qaldırdı: fikirlərim onun cinayətkar qrupla əlbir olması ilə şantaj olunması arasında əlli - əlliyə bölündü. İstənilən halda Sənubərin bu möhləti ala biləcəyinə şübhəm yox idi. Elə Sənubər də çox arxayıncasına «çalışaram» dedi və bunu etdi. Daha qarşıda bir günüm var idi və Sənubəri açıq söhbətə çəkməyin vaxtı idi. Faktlar qarşısında onu danışmağa məcbur edəcəyimi bilirdim. Nadirin verdiyi məlumatların içərisində ən xoşagəlməyən məqam «Molla» ləqəbli residivist Cahandar Mollayevin bu işin içində ola bilməsi ehtimalı idi. Onun heç bir cinayətində şahid saxlamadığını xəbər verirdi Nadir. Belə cinayətkarlar qaydalarını heç vaxt dəyişmirlər. Bu onun sonda uşağı aradan götürəcəyi anlamına gəlirdi. «Molla»nın yeri bilinirdi. Həmin ev sənin getdiyin, Novxanı bağlarındakı ev idi. Ağamirzə Cahandarla eyni həbsxanada yatıblar, orada «qardaşlıq» ediblər. Demək olar ki, bir ay fərqlə azadlığa çıxıblar. Nadirlə gəldiyimiz qənaətlə uşaq orada gizlədilə bilərdi ki, bu hal da dediyim kimi heç yaxşı sonluqdan xəbər vermirdi. Vəziyyəti nəzarətdə saxlaya bilmək üçün səni əvvəlcədən oraya göndərdim, özüm isə Sənubərlə söhbətə getdim. Etiraf edim ki, çətin söhbət oldu. Ancaq sonunda onu inandıra bildim. Orada olarkən Cahandarın həyətdə dərin bir çala qazması barədə sənin verdiyin məlumat çox dəyərli məlumat idi. Hər halda adam gecənin yarısı həyətində neft axtarmaq üçün quyu qazmırdı. Bu həm Cahandardan gələ biləcək təhlükə barədə bütün ehtimallarımı tam təsdiqləmiş oldu, həm də Ağamirzəni inandırmaq üçün kifayət etdi. Əlbəttə, məlum səbəblərdən «qazılan qəbir» barədə Sənubərə nəsə deməyi lazım bilmədim.


“Ədəbiyyat və incəsənət”

(15.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.