Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Hinduşka lüləsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Hinduşka lüləsinin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Hinduşka – 250 qr
§ Soğan – 17 qr
§ Quyruq – 50 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ soğan – 20 qr, göyərti – 8 qr, sumaq – 5 qr,
dənələnmiş nar – 15 qr, lavaş – 15 qr
HAZIRLANMASI:
Hinduşka sümükdən təmizlənir, piyi, bəzi dəri hissələri çıxarılır. Təmizlənmiş ət hissəsinə quyruq, soğan, duz, istiot, vurulur, ət maşınında çəkilir. Hazır qiymə kündələnir, döyülür, sərin yerdə saxlanılır. Hər paya 200 qr olmaq şərtilə şişlərə taxı- lır. Hər şişdə qiymə 4 və ya 2 yerə bö- lünür, qızardılır, süfrəyə verilir
Lüləkababın şişə keçirilmə üsulu:
I üsul: 200 qramlıq kündə lülə şi- şinə taxılır, yayılır, 2 və ya 4 yerə bölünür, qızardılır.
II üsul: 2 ədəd 100 qramlıq kün- də şəklində şişə taxılır, şişə yayılır, bişirilir.
III üsul: 4 ədəd 50 qramlıq kündə şəklində şişə yayılır, qızardılır. Hər bir şiş çəkisindən asılı olaraq, 1 pay sayılır. Hər paya 200 qr nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Bu gün “Sarayevo Film Festival” (SFF) açılır - AZƏRBAYCAN DA TƏMSİL OLUNUR
Bu gün Sarayevoda “Sarajevo Film Festival” (SFF) kinofestivalı açılır. Avqustun 23-dək davam edəcək mötəbər tədbirdə Azərbaycan da təmsil olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkəmiz rejissor Azər Quliyevin “Sanki Yoxsan” filmi ilə təmsil olunacaq.
Kİfayət qədər tanınan və təqdir edilən filmdir, bundan əvvəl 77-ci Kann beynəlxalq qısametrajlı filmlər kinofestivalının müsabiqə proqramına daxil edilib.
Rejissorun həm də Nicat Muxtarovla birgə ssenari müəllifi olduğu 16 dəqiqəlik film festivalın qısametrajlı filmlər proqramına daxil edilib.
Filmdə baş rollarda Milana Həsənova, Oqtay Mehdiyev və Elşən Məmmədov çəkilib.
“Sanki Yoxsan” filmi avqustun 21-də və 23-də nümayiş olunacaq.
30-cu festivalda laureatlar populyar filmlərinin nümayişində iştirak edəcək, ən son quruluşlarını təqdim edəcək və ustad dərsləri keçəcəklər.
Meq Rayan açıq havada yerləşən 2 min nəfərlik kinoteatrda 1998-ci ildə çəkilmiş “Sizə məktub var” romantik komediyasının xüsusi nümayişini, həmçinin özünün də baş rolda oynadığı, ən son rejissorluq işi olan “Daha sonra nə baş verdi” filmini təqdim edəcək.
Təşkilatçılar əlavə ediblər ki, “Sarayevonun ürəyi” fəxri mükafatı fələstinli rejissor Eliya Süleymana da təqdim olunacaq.
SFF direktoru Yovan Maryanoviç deyib ki, belə kino sənayesi xadimlərini Sarayevoya gətirmək və onları region gəncləri ilə tanış etmək “böyük üstünlükdür”: “Bu, uzun müddət davam edən əlaqələrdir və biz insanların festivalın böyüməsinə və daha da inkişaf etməsinə imkan verərək, geri qayıtmasını görürük”.
Festival bosniyalı rejissor, “Oskar” mükafatı laureatı Danis Tanoviçin “Mənim gecikmiş yayım” filminin dünya premyerası ilə açılacaq.
SFF 1992-ci ildən 1995-ci ilə kimi Bosniya müharibəsinin sonunda bir qrup kino həvəskarı tərəfindən yaradılıb və o vaxtdan bəri dünyanın hər yerindən kino sənayesi xadimlərinin dəstəyini qazanıb. Bu il festivalda 240 film nümayiş olunacaq. Cənub-Şərqi Avropa, Ukrayna və Cənubi Qafqazdan 54 film, o cümlədən 19 dünya premyerası dörd – bədii, qısametrajlı, sənədli və tələbə filmləri kateqoriyalarında “Sarayevonun ürəyi” mükafatı uğrunda mübarizə aparacaq
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Bu gün Ankarada Azərbaycanın Əməkdar artisti Cahangir Novruzovun 70 illik yubileyi qeyd ediləcək
Bu gün Türkiyə paytaxtında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar artisti Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri olacaq.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, yubiley tədbirinin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış edirlər.
TÜRKSOY-un baş katibliyinin binasında keçiriləcək yubiley tədbirində iki qardaş ölkənin mədəniyyət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.
Professor Cahangir Novruzov hazırda Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyir.
Xatırladaq ki, Cahangir Novruzova Azərbaycanın korifey sənətkarı Nəsibə Zeynalovanın oğludur.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Balinaların kütləvi qırğını, yoxsa neft müharibələri? - AKTUAL
Samir Mirhüseynzadə, “Ədəbiyyat və incəsənət”
Bu aralar nə edəcəyimi bilmirdim. Nə ilə də məşğul olmaq istəsəm, bir yorğunluq gəlib başımın üstünü alırdı. Bu yorğunluğumu bir film izləyib üzərimdən atmaq istədim. Nə də olsa, uzun zamandır film izləmirdim. Dostlarımdan “Hansı maraqlı filmə baxa bilərəm?” deyə souşduqda mənə çox seçim haqqı tanımadılar və bir ağızdan “Moby Dick (Beyaz Balina)- Herman Melville” kitabından əsaslanaraq çəkilən “Dənizin ortasında” filmini məsləhət gördülər. Filmdə adlarını bilmədiyim neçə-neçə məşhur xarici aktyorlar yer alırmış. Mən də dostlarımdan eşidib təəccübləndim, amma nə üçün təəccübləndiyimi bilmədim. Zatən heç birini tanımırdım. Bəlkə də, mühit böyük amil idi. Ətrafım o duyğuları yaşadıqca mənə də yansıyır və mən də təəccüblənirdim. Heç bir aktyoru tanımasam da, özümü tanımış kimi aparmağa çalışdım. Məncə, uğurlu da oldum.
Keçək film haqqındakı fikirlərimə. Film qrafiklər və sujet xətti olaraq çox möhtəşəm işlənilib. Amma filmdə qısa bir dialoq var ki, həmən dialoq mənə film qədər, bəlkə də filmdən də daha çox təsir etdi..
Hər hansı bir insan:
- Bilirsiniz, bu yaxınlarda eşitdim ki, Pensilvanyada biri torpağı deşib yerdən yağ(neft) çıxarıb. Bu imkansızdı.
- Bunu mən də eşitmişəm.
- Torpaqdan yağ(neft) çıxarırlar.... Qəribə hadisədi.
- ....... Sağolun
Bu dialoq sizlər üçün bir məna kəsb edə bilmir. Doğrudur, amma bir az sizin üçün film haqqında danışım. Dialoq nə üçün mənə təsir etdi, anlayacaqsınız. Filmdə balinaları öldürüb, içlərində olan bir yağ var ki, bunu götürürlər. Bu yağ neftlə eyni vəzifəni görür. Yəni neftlə eynidir desək, doğru olar. Hər il balinaları ovlamaq üçün gəmi ilə dənizə açılıb bu yağdan limitli miqdarda yığırdılar. Ta ki, torpaqdan yağ(neft) çıxana qədər. İnsanlar bu kəşfə sevinirdilərmi? Torpağı deşib yağ çıxarılanda nə də olsa, balinalar qətlə yetirilməyəcəkdi daha. Amma neftin icadı sanki balinaları qorudu, insanları isə yox... Balinalar ölmür. Amma insanlar ölür... Bəlkə də “yeri deşən oğlan” yeri deşməsə idi və balina yağlarını hələ də istifadə etsəydik, yağ yalnız limitli olardı və bu qədər qırğınlar da olmazdı. Amma sonra fikirləşdim ki, insanlıq hər zaman özlərinə nəsə tapıb bir-birilərinə qarşı kütləvi qırğınlar ediblər. Neft tapılmasa idi də “yeri deşən oğlan”kimi kimsə nəsə tapıb, yenə də bir-birilərini qıracaqdılar.
Onun üçün heç nəyə baş qoşmayıb, səhər işə tez getmək üçün bu dəfə də gec yatdım...
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
LİDERLİYİN 21 QANUNU - 17. Güclü həmlə qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər
17.Güclü həmlə qanunu
«Həmlə – liderin ən yaxşı dostudur».
Hər bir lider bəzən öz təşkilatının fəaliyyətinə dəyişiklik etmək lüzumu ilə rastlaşır. Bu zaman açar – irəliyə hərəkətçün impuls hesab olunur, həmin nəsnə də «güclü həmlə» adlanır. Hər bir dənizçiyə məlumdur ki, hərəkətsiz gəmini idarə etmək mümkünsüzdür. Hər bir güclü lider də başa düşür ki, istiqaməti dəyişmək üçün öncə hərəkət etmək lazımdır, güclü həmlə qanununun mahiyyəti də bax elə budur.
Güclü lider həmişə lazımi işlərin baş tutması üçün vasitə tapa bilir. Güclü həmlə yaratmağa elə adam lazımdır ki, başqalarını motivasiya etməyi bacarsın. Ancaq eləsi lazım deyil ki, özünün motivasiyaya ehtiyacı olsun.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Bunları deyib fasilə verdim.
Layiqə növbəti sualını verdi:
- Uşağın necə qaçırıldığını Sənubər bilir?
- Yox, baş verənləri maşında gələrkən Ağamirzədən öyrəndim. Onun qumarda iyirmi beş min manat uduzub bu pulu Sənubərdən tələb etdiyini, Sənubərin isə cəmi əlində olan altı mini ona təklif etdiyini bilirsən. Əli iyirmi beş mini almaqdan üzüləndə guya Sənubərin təklif etdiyi altı min manatı almağa razılaşıb. Bəlkə də, uşağı qaçırmaq fikrinə elə onda düşüb. Ya da, lap əvvəldən belə bir şeyi istisna etmirmiş, kim bilir. Hər halda ayın on biri Sənubərlə görüşəndə uşağın oxuduğu liseyin ünvanını soruşub. Deməli ehtiyat variant kimi bu planı hələ o vaxt gözdən keçirə bilərdi. Ağamirzə qaçacaq bir yerinin olmadığını, ödəyə bilməyəcəyi borca görə isə onu nələrin gözlədiyini gözəl başa düşürdü. Ona görə də məcbur olub uşağı qaçırmağa qərar verir. Sənubərə deyir ki, pulu uşaqla göndər. Guya həm də oğlunu görmək istəyirmiş. Uşağın nəsə bilməsi vacib deyil. Sadəcə paketi verib qayıdacaq. Sənubər tərəddüd etsə də, məcbur olub göndərir. Oğluna deyir ki, bu tanışıdır, borc istəyir, tezliklə qaytaracaq, amma atan bilməsin. Bu səbəbdən uşaq deyilən yerə gəlir və pulu vermək üçün arxayınlıqla maşına oturur. İşi quran Ağamirzə özü ora getmir, Cahandarı göndərir. Xəlvət həyətdə isə Cahandar maşınına oturmuş uşağı xüsusi məhlulla yatızdırıb bağına gətirir. Həmin həyətə gedib baxmaq imkanım olmadı. Amma təxmin edirəm ki, təsadüfi seçilməyib, çıxışları kameraların müşahidə dairəsinə düşməyən xəlvət bir həyət olmalıdır. Yəqin ki, sakit yaşayış massivlərindən birindədir. O ki qaldı Ağamirzəyə, daha məcburiyyətdən bu boyda riskə gedirsə, iyirmi beş yox, iki yüz min manat tələb etməyi qərara alır. Onsuz da, tutularsa hansı məbləği tələb etməsi heç nəyi dəyişməyəcəkdi. Adam oğurluğu adam oğurluğu kimi tövsif olunur.
Layiqə növbəti sualını verdi:
- Fikrimcə Ağamirzənin gecəki gözlənilməyən gəlişində Cahandar onu evə buraxıb əvvəlcə vəziyyətdən çıxış yolu axtarmalı idi. Onu öldürmək istəyirsə, istədiyi vaxt öldürə bilərdi. Bəs niyə dərhal silaha əl atdı? Bu tələskənliyini nə ilə izah edirsiz?
- Bunun cavabını sizi xəstəxanaya yola salandan sonra onun cib telefonunda tapdım. Belə məlum olur ki, heç də hər şeyi nəzərə ala bilməmişəm. Cahandarın telefonunda Ağamirzənin əli qandallı evdən çıxarıldığı barədə gəlmiş mesaj aşkar etdim. Görünür ev nəzarətdə imiş. Bunu təxmin etməliydim.
- Bəs indi necə olacaq, ortada iki meyit var. Biz də orada olmuşuq?
- Bununçün narahat olma. Mən orda elə-belə qalmadım ki. Məlumun olsun ki, hazırda orada vəziyyət belədir: Əvvəllər tanış olan iki keçmiş məhbus aralarında pul üstündə düşmüş mübahisə zamanı özlərində olan odlu silahlarla bir - birini güllələyiblər.
- Pul üstündə? - Layiqə təəccübünü gizlədə bilmədi. Hansı pul, niyə kimsə bu qənaətə gəlməlidir ki? Axı ortada heç bir pul - zad yox idi.
- Əlbəttə yox idi. Amma sonradan ortaya çıxdı. Hər ehtimala qarşı hansısa iz qalmaması üçün Cahandarın evinə baxış keçirəndə orada kağıza bukulmuş beş min səkkiz yüz manat pul tapdım. Bu Sənubərin oğlu ilə göndərdiyi altı min manat olmalı idi. Üstündən iki yüzlük götürülmüşdü. Çıxmamışdın qabaq o pulları meyitlərin yanına atdım. Bir hissəsini külək göyə sovurdu, amma çox hissəsini həyətə səpələdi. Bilirsən Layiqə, hər şeyi gecə ilə həll etmək qərarı verəndə ilk növbədə gözlənilməzlik faktorunu əsas götürmüşdüm. Bizə bir gün də vaxt verən cinayətkarlar qarşıdakı günün axşamını gözləyib arxayınlaşacaqdılar. Çünki yüz faiz Fərmanın həqiqətən də xəstəxanada olduğunu yoxlayıb öyrənmişdilər. Bu onları nisbətən arxayınlaşdırmışdı. Onlar belə bir riskə külli miqdarda pula görə getmişdilər. O pulu isə reanimasiyada yatan Fərmanın onlara gətirməsi mümkünsüz idi. Bunu başa düşürdülər. Yaranmış vəziyyəti izah edən Sənubər, bir gün vaxt verərlərsə, hər şeyi özünün həll edəcəyinə söz verib onlara. Elə Ağamirzənin həmin gecə araq içib şirin - şirin yatması da dediyim arxayınlığın sübutudur. Qapını qırıb onu «götürəndə» ağzından kəskin spirt iyi gəlirdi. Gözlənilməzlik faktoru ilə yanaşı, gecənin qaranlığı işimizi asanlaşdırırdı. Verilən bir gün vaxt bu gün axşam bitəcəkdi. Hər şeyi gecənin qaranlığında həll etmək üçün ikinci belə fürsətimiz olmayacaqdı. Həm də, uşağı Cahandarın gizlətdiyi fikrimdə möhkəmlənəndə sabahı gözləməməyi qərara aldım. Sonradan bunun da doğru qərar olduğu təsdiqləndi. Balaca Ağa axşama qədər orada qalsa idi, vəziyyəti nəzər alınarsa yəqin ki, onu itirəcəkdik. Əsas da bu üçüncü dediyim səbəbə görə tələsməliydim. Sənubərin Ağamirzənin əmisinin adına bağının olmasını xatırlaması hadisələri sürətləndirmiş oldu. Yeri gəlmişkən deyim ki, Ağamirzənin valideynlərinin evini satıb pulunun dalına keçən əmisi vaxtilə adına rəsmiləşdirilməsindən istifadə edib bağı da satdığa qoyubmuş. Satılması barədə orada vurulmuş dəmir lövhə pas atıb. Güman edirəm ki, lövhə ora çoxdan vurulub. Sadəcə ev bərbad halda olduğundan münasib müştəri tapa bilməyib. Ümumiyyətlə Bakı ətrafında illərlə satışda olan belə bağlar çoxdur. Bir əhvalat yadıma düşdü. Onu sənə danışım, sonra davam edək. Fatmayıda bağ evi olan bir tanışımla vaxtaşırı oraya dincəlməyə gedirdik. Valideynləri il boyu o bağda qalırdılar. Çox da mehriban adamlardı. Hələ ilk gəlişimdə darvazanın üstündə «25 sot satılır» yazılmış lövhə olduğunu görmüşdüm. Beləcə iyirmi ildən çox vaxt keçdi. Lövhə yerində, maraqlanan isə yox idi. Gəlişlərimin birində maşını həyətə salıb hamı ilə görüşdükdən sonra lövhəyə tərəf işarə edib dedim: O lövhəni dəyişin. Atası təəccüblə, - dəyişib nə yazaq, ay Bəxtiyar? - deyə soruşdu. Dedim yazın ki, - «25 ildir satılır».
Layiqənin dodağı qaçdı. Onun güldüyünü görüb dedim:
- Elə biz də o vaxt xeyli gülmüşdük. İndisə, qayıdaq söhbətimizə. Beləcə ora gedib Ağanı «götürdüm». Bu elə də çətin olmadı. Onu dinləyəndən sonra elə orada növbəti hərəkət planımı cızdım. Vəziyyət elə idi ki, həmin vaxt başqa nəsə qərar vermək mümkün deyildi. Ağanı «götürmüşdümsə», daha heç nəyi sonraya saxlamaq olmazdı. Cahandar bundan xəbər tutacaqdı. Onun yoxa çıxdığını görən «Molla» uşağı aradan götürüb, qaçıb gizlənə bilərdi. Ona görə də bu avantüralı plana getməli oldum. Əlbəttə, orada olanda mən belə fikirləşirdim. Həmin vaxt kiminsə evi güdüb hər şeyi gördüyünü və Cahandara onun əli qandallı aparıldığı barədə mesaj göndərdiyini bilmirdim. Cahandar belə işlərdə bişmiş bir canavar idi. Mesajı alandan sonra gedişatı izləməyi qərara alır. Ağamirzənin telefonda birtəhər qaçmışam deməsi ona azca ümid verir. Qazıdığı qəbir onsuz da hazır idi. Əminəm ki, o, Ağamirzənin həqiqətən də qaçdığını, arxasınca heç kimi gətirmədiyini yoxlayıb sonra onu öldürmək üçün həyətə çıxmışdı. Hər şey fikirləşdiyi kimi olarsa, bundan sonra evə qayıdıb uşağı da öldürəcək, hər ikisini basdırıb izləri itirməyə çalışacaqdı. Bunu yoxlamamış uşağı öldürmək təbii ki, ona heç nə verməyəcək, ifşa olunubsa, işini daha da ağırlaşdırmış olacaqdı. Onsuz da daha pulun əldən çıxdığını başa düşmüşdü. Həmin vaxt onunçün vacib olan şahid qoymamaq idi. Onun Ağamirzəyə qapını açacağına ümidim açıq deyim ki, əlli-əlliyə idi. Bu hal üçün də ehtiyat variantım var idi. Amma bildiyin kimi buna ehtiyac olmadı. Düzünü desəm, həmin vaxt belə asanlıqla qapını açması mənə qəribə gəlsə də, sonradan mesajı görəndə indi dediklərimin onun qapını açmasına səbəb olduğunu başa düşdüm və burada da hər şey yerini aldı. Əsas məqam isə Ağamirzənin «birtəhər qaçıb canımı qurtarmışam» deməsi oldu. Belə deməsini ona mən tapşırmışdım. Bir də ki, mesaj barədə məlumatım olmadığı üçün qandalları Ağamirzənin qollarından açmışdım. Bəlkə də o, əli qandallı olsa, sən deyən kimi evə keçib əvvəlcə söhbət edərdilər. Cahandar ağılsız adam deyildi, qaçdığını deyən şərikini əlləri açıq görəndə hər şeyi başa düşdü: Ağamirzə nə yollasa qaça, məsələn, özünü qəfildən maşından yerə atıb qaranlıqda gizlənə bilərdi. Amma qandalları köməksiz heç cürə aça bilməzdi. Cahandarın qapını açıb üç addım geri çəkilməsindən hər şeyi başa düşdüm. Təcrübəmdən bilirdim ki, belə edən adam qarşısındakını rahat vura bilməsi üçün mövqe seçir. Həm də o, qapının o biri tayında daha kimlərin dayandığını bilmirdi deyə ona müşahidə dairəsini genişlətmək üçün lazım idi bu. Bir sözlə, hələ silahını qaldırmamış onun nə edəcəyini bilirdim.
- Başa düşdüm, bəs orada qalan əl izlərimiz?
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Şəhidlər barədə şeirlər - Vüsal Kazımov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Vüsal Kazımov
Vüsal Kazımov 1990-cı il dekabrın 17-si Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb. Lənkəran Dövlət Universitetinin “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” ixtisasını fərqlənmə ilə bitirib.
23.06.2016-cı ildən 16.08.2017-ci ilədək Lənkəran şəhər Uşaq Poliklinikasının Psixi Sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib, 2017-ci ildən Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavriat səviyyədə təhsil alıb. Təhsili ilə bərabər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb.
Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşanın azad edilməsində şəhid olub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilib.
Ailəli idi, iki övladı var.
05 iyul 2011-ci ildə Lənkəran Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
06.07 2011-ci il tarixdən 10.08.2011-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində ştatdan kənar müddətli həqiqi hərbi xidmət, 10.08.2011-ci ildən 14.10.2011-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kursant, 14.10.2011-ci ildən 14.04.2013-cü ilədək Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində həqiqi hərbi xidmət keçib. 14.04.2013-cü ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata təxris olunub.
03.09.2014-cü ildən 16.04.2016-cı ilədək Silahlı Qüvvələrin Hərbi Polis idarəsinin “N” saylı hərbi hissəsində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçib. 16.04.2016-cı ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata təxris olunub və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Lənkəran Rayon Şöbəsinin qeydiyyatına alınıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən baş leytenant Kazımov Vüsal Kamran oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Yadındamı doğulanda
Atan sənə nə demişdi?
"Düşmənə çəpər oğul,
Vətənə sipər oğul".
Həqiqətən, sən böyüyüb,
Düşmənə çəpər oldun,
Qəhrəman zabit oldun,
Yenilməz əsgər oldun.
Azad etdin bu vətənin
Müqəddəs torpağını.
Qaldırdın zirvələrə,
Üçrəngli bayrağını.
Otuz ildir, gözləyirdi,
Şuşamızın dağları,
Gözləyirdisənin kimi,
Qəhrəman oğulları.
İndi sənin yerin cənnət,
İndi sənin yerin haqqdır.
Bütün şəhidlərin yeri,
Ürəklərdə qızıl taxtdır.
Yerin mübarəkdi, şəhid,
Adın mübarəkdi, şəhid.
Tanrı səni öz yanına,
Öz əliylə çəkdi, şəhid.
Mən də iki qız atası,
Sən də iki qız atası,
Mən sıradan bir şairəm.
Sən müqəddəs ata, şəhid.
Bilirəm ki, dözmək çətin,
Ata, oğul həsrətinə,
Əmanətdir iki balan,
Vətəninə, millətinə.
Rahat uyu, əziz qardaş,
Yaşatmaq indi bizdədir.
Adın başımız üstündə,
Yerin ürəyimizdədir.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
“Çoxlu ürək...” - Təranə Vahidin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə yazıçı Təranə Vahidin hekayəsi təqdim edilir.
Həvva öləndə Adəm tarlada darı əkirdi...
Qaş qaralanda Mirzə oğurluğa gedən adam kimi dəvikə-dəvikə Firudinin qapısını iki dəfə astadan döydü. Əvvəlcə içəridən Firudinin hıqqıltısı eşidildi:
- Gəlirəəəm ə, gəlirəm...
Gəldi də. Əlində çay dəsmalı, qapını Mirzənin üzünə açıb onu uşaq kimi danladı:
- Ə, gəl çıx da, zalımın balası, elə bil dağ dalına getmisən...
Mirzə burnunu çəkdi, əlinin dabanında gətirdiyi payı Firudinə ötürdü, yanpörtü qapıdan içəri keçib çaxmaq gözləriylə bir anda evə göz gəzdirdi. Allahüçünə ev səliqə-səhmanlıydı. Heç demzədin, bu evdə on üç ildir qadın yaşamır.
Gözü açıq süfrəyə sataşanda: "Rəhmətlik qaynanam məni çox istəyirdi, hələ də istəyir..." - deyib ürəkdən güldü.
Firudin çay süzə-süzə "İndi istəməsin", - dedi.
Mirzə oturmağına oturdu, bu dəfə də gözü qırağı güllü nimçədəki ürək formalı şirniyyata ilişdi, eyni açıldı, kefi duruldu, qımışa-qımışa:
- Yenə ürəkləri isti-isti bişirib yığmısan haaa...
- Yaxşıdı, eləmi?
Mirzə gözünün birini yumub, birini açdı, müştəri gözüylə qırmızı ürəkləri gözdən keçirib:
- Yaxşıdı nədi, bu dəfə quşu gözündən vurmusan, Mirzə canı, bazara çıxarsan, göydə gedər. Sən də ürəksatan Firudin kimi qəsəbədə ad-san qazanarsan. Hələ bəlkə qarşına halal südəmmişin biri də çıxar.
Firudin utandı.
- Kiri ə, gic-gic danışma, dadına bax, - deyib çayı süfrəyə qoydu.
- Qıymaram! Adam ürəyə toxunar?! Bunlar yemək üçün deyil, sənətkar, baxmaq üçündür, necə ki, sənət əsərləri olur ha, adamlar uzaqdan baxır, baxır, baxır, ürəyi titrəyir, elə bir şeydir.
Mirzə sözünü qurtaranda dodağı qaçdı, qızıl dişlərinin işığı qəfil çaxan şimşək kimi üz-gözündə dolaşdı.
- Onda ürəyin istədiyi qədər bax, - dedi Firudin.
Araya sükut çökdü. Yaqut rəngli ürəklər hərəsinin ağlını alıb bir yana apardı. Elə bir yerə ki, o yerə getməyə indi ürəkləri gəlməzdi...
Mirzəylə Firudin kiçik qəsəbədə yaşayırdılar. Qohum deyildilər, heç qonşu da sayılmazdılar, özləri də ayrı-ayrı işin-gücün qulpundan yapışırdılar, yatanda da biri Yaxın Şərqə, biri Uzaq Şərqə baxırdı. Onları bir-birinə yaxınlaşdıran dərdləriydi. İkisi də ahıl çağında arvaddan yetim qalmışdı. Bu yaşdan sonra evlənməyə hamı pis baxır axı, o da ola oğul, uşaq, nəvə ola... Amma bir gün oğul-uşaq hərəsi öz yuvasına çəkiləndə Mirzəylə Firudin damın altında tək-tənha qaldılar, balaca qəsəbənin gözü də canlı kamera kimi üstlərində...
Bilənlər bilirdi, Mirzənin günü pis keçmirdi. Dərd Firudinin dərdiydi. Qadın görəndə özünü itirir, əl-ayağı bir-birinə dolaşır, yaxınlaşmağa da ürək eləmirdi. Arvadı Gülsənəmlə bir dastanlıq ömür yaşamışdı, gül kimi sevgisinin üstünə toz qondurmağa ürəyi gəlmirdi. Dünyada belə kişilərin olduğunu düşünəndə qəsəbə arvadları doluxsunur, "Firudinin qadasını alaq, başına dolanaq, kül bizimkilərin kişi başına" - deyirdilər. Allı-güllü sözlər Firudinin qulağına çatar-çatmaz, başındakı qarışıq sevda küləkləri pırr eləyib Qaf dağınacan uçur, bir müddətdən sonra daşlara sinə-sinə geri qayıdırdı. Düzdü, Firudin sədaqətli kişiydi, amma ölü deyildi, nəfəs alırdı, nəfəs verirdi, yeyirdi, içirdi. Yaşayırdı? Bax, bu yalan olardı. Yaşamırdı! Yaşamaq başqa şeydi. Səksən yaşlı nənəsi öləndə babası Savalan kişi demişdi ki, sevgi bağı qırılanda adam ölür. Arvadının qırxı çıxmamış çəliyini əsdirə-əsdirə kəndin ən kifir qarısına elçi düşmüşdü. Pis eləmədi ki, səkkiz il bir-birinə söykənib yaşadılar. Firudin də ölmək istəmirdi, sevmək istəyidi. Amma onun sevgi limitinin üstünə "abır" etiketi yapışdırıb qəsəbənin gözəgəlimli yerindən asmışdılar. O da yaşamaq üçün özündən sevgi oyunları uydurur, ürək formalı peçenyelər, şirniyyatlar bişirib özünü ovudur, hərdən bişirdiyi ürəkləri sevib əzizləyir, hərdən də ağzına atıb yeyirdi.
Amma Mirzə özünü başqa cür ovudurdu. Yolunu tez-tez qadın alt paltarları satan Səmayənin dükanından salır, guya ondan nəsə soruşur, imkan tapan kimi gözünü yarıçılpaq, incəbelli manikenlərə dikib bir anlıq dünyadan zövq alırdı.
Səmayə də ütük arvadıydı, Mirzənin qarnının azarını bildiyindən:
- Ə, bunlardan birini al, dayna, - deyib onunla məzələnirdi.
Mirzə də söz altında qalmırdı:
- Onu niyə, ay Səmayə, gəl elə səni alım, - deyirdi.
Firudingildə, ürəkli süfrənin arxasında Mirzə ürəklərə baxa-baxa ürəkləndi:
- Hə, Firudin kişi, deyirəm, Səmayə yaxşı kadındı, - dedi.
Firudinin eyni açıldı:
- Hə, yaxşıdı, çox yaxşıdı, indi elə kadını gün işığında çıraqla da axtarsan, tapa bilməzsən, - dedi.
Mirzə diksindi, çəpəki Firudinə baxdı. Mirzənin qarnının dərdindən xəbərsiz olan Firudin başındakı sevda quşlarını uçurdub, yenə ürəklərdən söz saldı.
- Xavarın var, yeni ürək qəlibləri hazırlamışam: incə, kök, butavari, ürəklər... Gələn dəfə gələndə hayıl-mayıl qalacaqsan.
Mirzə qəfil yerindən qalxıb "day gedim, işim var", - deyəndə Firudin əl-ayağa düşdü.
- Ə, hara gedirsən, kefin istəyən kəllə-paça bişirmişəm, kənddən başıxamurlu da göndəriblər, getmə, - dedi.
Başqa vaxt olsaydı, Mirzə əlüstü razılaşar, sevindiyindən sümükləri oynayardı. Amma bu dəfə belə olmadı.
Mirzə gedəndə Firudin ürəklərdən üç-dördünü kağıza büküb dərd ortağının cibinə qoydu. Mirzə də havalı-havalı çıxıb getdi.
Səhərin gözü açılar-açılmaz xəbər gəldi ki, bəs, bu gecə Mirzəylə Səmayə kəbin kəsdiriblər. Firudin xəbəri eşidəndə həyətdəki kötüyün üstünə çökdü, çiyinləri büküldü, səsi titrəyə-titrəyə: neyləsin, hamıya ikinci ürək lazımdır, - deyib köks ötürdü.
O gün Firudin ürək bişirmədi...
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Ciddi təhlükə mənbəyi! - AKTUAL
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Demək olar ki, bu gün evlərimizin əksəriyyətinin damı təhlükə saçan, xərçəng xəstəliyi yaradan asbest şiferlə örtülüb. Tikinti bazarından qismən yığılsa da, insanlar arasında onun satışı hələ də davam edir. Biri digərinə satır, digəri sökür, bir digərinə satır və nəticə etibarilə, dövriyyəsi hələ də davam edir.
Hasilatına XIX əsrin sonlarında başlanan asbestin xəstəliklərə, xüsusən də xərçəng xəstəliyinə səbəb olması 1890-cı ildən bəlli olub. Türkiyə Cümhuriyyətində bu məhsulun istehsalına qadağa qoyulsa da, Kanada, Rusiya, Çin kimi ölkələrdə bu materialın istehsalı yenə də davam edir. Avropada asbestin istifadəsi 1950-1980-ci illərdə sürətlə artsa da, 1999-cu il Beynəlxalq Əmək Təşkilatının 162 saylı Qərarına əsasən asbest şifer tipli məhsulların Avropada istifadəsinə qadağa qoyuldu.
Məlumat axınının bu qədər sürətlə inteqrasiya etdiyi bu dövrdə hələ də bir çox insanlar asbest şiferlərin təhlükəli olması barədə məlumatsızdır. Asbest şiferlər Günəş altında azot tərkibli kanserogen, zərərli maddələr buraxır. Bu maddələr xərçəng xəstəliklərini stimullaşdırır. İnkişaf etmiş ölkələrə bu məhdudiyyət tətbiq edildikdən sonra Azərbaycanda da asbest şiferlərin yaratdığı real təhlükə gündəm oldu. 2012-ci ildə Nazirlər Kabineti damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıyaalma işlərinin görülməsi və bu mexanizmin hazırlanması barədə yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verdi. Bu məhsulun zərərli olması Beynəlxalq Əmək Təşkilatı tərəfindən sübut olunsa da, tamamilə imtinasına hələ də qərar verilməyib.
Asbest şiferlər hazırlananda tərkibinə liflər qatılır. Həmin liflər istifadə olunduqda asbestin daxilində kimyəvi təsirini itirir və külək vasitəsilə yayılmağa başlayır. Bu liflərin diametri o qədər kiçikdir ki, nəfəs yolu ilə insanların ciyərlərinə asanlıqla daxil olur. Bu isə kanserogen xəstəliklərinin yaranmasına səbəb olur. 1970-ci ildə asbestin ölüm tozu olduğu sübut edildi.
Buna baxmayaraq, yenə də çoxmənzilli evlərin dam örtüklərində asbest məhsulundan istifadənin şahidi oluruq. Bu məhsullar nəinki istifadə olunmalıdır, əksinə, təhlükəli tullantılar poliqonunda zərərsizləşdirilməli və yaxud basdırılmalıdır. “Rotterdam Konvensiyası” həmin asbest şiferlərin zərərsizləşdirilməsini nəzərdə tutur. Xərçəngə səbəb olması nəzərə alınaraq hazırda Rusiyada, Ukraynada və digər ölkələrdə bu şiferlərdən istifadəyə qadağa qoyulub.
Asbest şiferlərin insan həyatı üçün təhlükəsi ilə bağlı ilk açıqlama Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutununozamankı direktoru Adil Qəribov tərəfindən verilib. O bildirirdi ki, dam örtükləri üçün istifadə edilən şifer materiallarının hazırlanması zamanı xezantil asbestlərindən istifadə edilir. Onların amfibol asbestlərinə nisbətən tozları az olur. Amma hər iki maddə insan orqanizminə daxil olur, ən azı 3 həftə orada qalır. Antiqnol isə 400-500 günə qədər insan orqanizmində qala bilir. Son nəticədə isə onlar eyni xəstəlik – ağciyər xərçəngi və digər xəstəliklər yaradır. Adil Qəribov müsahibədə tövsiyə edirdi ki, həmin asbest şiferləri almayın.
Amfibol asbestindən tamamilə imtina edən avropalıların qorxusu da məhz bu asbestin yüksək konsentrasiyalı nazik, uzun, itiuclu lifləri turşuyadavamlı olub, tənəffüs orqanları vasitəsilə ağciyərlərə düşməsi idi. Təhlükə, əsasən, asbest sahəsində çalışanları yaxalayırdı. Hər il on minlərlə adamın həlakına səbəb olan Avropada asbest şaxtaları çoxsaylı mütəxəssis rəyləri və çağırışlardan sonra ləğv edildi və bağlandı.
Cenevrəli toksikoloq, professor Devid Bernşteyn öz araşdırması ilə sübut edib ki, xrizotil lifləri orqanizmdən tez təmizlənir. Avropada xrizotilin əvəzləyicisi kimi həm süni lifli materiallardan (PVA, şüşə lifli, keramik lifli), həm də təbii lifli materiallardan (sellüloza və bazalt lifləri) istifadə edilir. Professor bu materialların insan orqanizmi üçün daha təhlükəli ola biləcəyini qeyd edir. Məsələn, əgər xrizotil lifləri orqanizmdən 14 gün ərzində təmizlənirsə, keramika lifləri 60 günə, aramid lifləri 90 günə, sellüloza lifləri isə 1000 günə təmizlənir. Nəticədə, professor qeyd edirdi ki, bu asbest əvəzləyicilərinin tamamilə təhlükəsiz olduğunu deməyə əsas vermir.
Gəlin bu məqaləni oxumayanlara da çatdıraq. Onları da bilmədikləri real təhlükədən xilas edək. Paylaşaraq bir-birimizi qoruyaq. Və söküntü materialı kimi ucuz qiymətə təqdim olunan asbest şiferlərdən uzaq duraq. Məntiqlə düşünək, əgər məsləhət olsa idi tikini materiallarının satışı ilə məşğul olan dükanlarda bu məhsula rast gələrdik. Unutmayaq ki, həyatımız və sağlamlığımız hər şeyin üstündədir. Allahın bizə əmanət etdiyi cana sahib çıxaq. Tərkibi kimyəvi cəhətdən insanlar üçün zərərli olmayan, beynəlxalq sertifikatları olan, sağlamlığa zərəri olmadığına dair akkreditasiyadan keçmiş hər bir tikinti materialından istifadə edək.
Şəkildə: Azərbaycanda isə hələ də asbest şiferlərin şıdırğı alveri gedir.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Behruz Sədiqin “Günahsız əllər” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Behruz Sədiqin şeirlərini təqdim edir.
Behruz Sədiq
Muğan
GÜNAHSIZ ƏLLƏR
Gülürdün
Uçurdu yuvasından
Göyərçin
Yaşamırdım Ölüm üçün.
Göy üzünü quşlar bəzəyirdi
Ürəyimi sən
İndi;
Yarpaqların
Ağnadığı vağamında
Kalavamın kandarında kəhildəyib
Səni payızlanıram
Səni,
Uzaqlaşdığım vətəni.
Bir gün
Bir gün
Bir gün
Torpaq utanacaq bulaqlığımdan
Ağaclar ağlağan payızlığımdan
Və saçın oxşayar “Gilavar”, yağış
Gilənar giləndə göyərən yağış
Mənim yoxluğumu qışqıracaqlar:
Onun əllərinin günahı yoxdur.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)