Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Demək olar ki, bu gün evlərimizin əksəriyyətinin damı təhlükə saçan, xərçəng xəstəliyi yaradan asbest şiferlə örtülüb. Tikinti bazarından qismən yığılsa da, insanlar arasında onun satışı hələ də davam edir. Biri digərinə satır, digəri sökür, bir digərinə satır və nəticə etibarilə, dövriyyəsi hələ də davam edir.
Hasilatına XIX əsrin sonlarında başlanan asbestin xəstəliklərə, xüsusən də xərçəng xəstəliyinə səbəb olması 1890-cı ildən bəlli olub. Türkiyə Cümhuriyyətində bu məhsulun istehsalına qadağa qoyulsa da, Kanada, Rusiya, Çin kimi ölkələrdə bu materialın istehsalı yenə də davam edir. Avropada asbestin istifadəsi 1950-1980-ci illərdə sürətlə artsa da, 1999-cu il Beynəlxalq Əmək Təşkilatının 162 saylı Qərarına əsasən asbest şifer tipli məhsulların Avropada istifadəsinə qadağa qoyuldu.
Məlumat axınının bu qədər sürətlə inteqrasiya etdiyi bu dövrdə hələ də bir çox insanlar asbest şiferlərin təhlükəli olması barədə məlumatsızdır. Asbest şiferlər Günəş altında azot tərkibli kanserogen, zərərli maddələr buraxır. Bu maddələr xərçəng xəstəliklərini stimullaşdırır. İnkişaf etmiş ölkələrə bu məhdudiyyət tətbiq edildikdən sonra Azərbaycanda da asbest şiferlərin yaratdığı real təhlükə gündəm oldu. 2012-ci ildə Nazirlər Kabineti damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıyaalma işlərinin görülməsi və bu mexanizmin hazırlanması barədə yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verdi. Bu məhsulun zərərli olması Beynəlxalq Əmək Təşkilatı tərəfindən sübut olunsa da, tamamilə imtinasına hələ də qərar verilməyib.
Asbest şiferlər hazırlananda tərkibinə liflər qatılır. Həmin liflər istifadə olunduqda asbestin daxilində kimyəvi təsirini itirir və külək vasitəsilə yayılmağa başlayır. Bu liflərin diametri o qədər kiçikdir ki, nəfəs yolu ilə insanların ciyərlərinə asanlıqla daxil olur. Bu isə kanserogen xəstəliklərinin yaranmasına səbəb olur. 1970-ci ildə asbestin ölüm tozu olduğu sübut edildi.
Buna baxmayaraq, yenə də çoxmənzilli evlərin dam örtüklərində asbest məhsulundan istifadənin şahidi oluruq. Bu məhsullar nəinki istifadə olunmalıdır, əksinə, təhlükəli tullantılar poliqonunda zərərsizləşdirilməli və yaxud basdırılmalıdır. “Rotterdam Konvensiyası” həmin asbest şiferlərin zərərsizləşdirilməsini nəzərdə tutur. Xərçəngə səbəb olması nəzərə alınaraq hazırda Rusiyada, Ukraynada və digər ölkələrdə bu şiferlərdən istifadəyə qadağa qoyulub.
Asbest şiferlərin insan həyatı üçün təhlükəsi ilə bağlı ilk açıqlama Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutununozamankı direktoru Adil Qəribov tərəfindən verilib. O bildirirdi ki, dam örtükləri üçün istifadə edilən şifer materiallarının hazırlanması zamanı xezantil asbestlərindən istifadə edilir. Onların amfibol asbestlərinə nisbətən tozları az olur. Amma hər iki maddə insan orqanizminə daxil olur, ən azı 3 həftə orada qalır. Antiqnol isə 400-500 günə qədər insan orqanizmində qala bilir. Son nəticədə isə onlar eyni xəstəlik – ağciyər xərçəngi və digər xəstəliklər yaradır. Adil Qəribov müsahibədə tövsiyə edirdi ki, həmin asbest şiferləri almayın.
Amfibol asbestindən tamamilə imtina edən avropalıların qorxusu da məhz bu asbestin yüksək konsentrasiyalı nazik, uzun, itiuclu lifləri turşuyadavamlı olub, tənəffüs orqanları vasitəsilə ağciyərlərə düşməsi idi. Təhlükə, əsasən, asbest sahəsində çalışanları yaxalayırdı. Hər il on minlərlə adamın həlakına səbəb olan Avropada asbest şaxtaları çoxsaylı mütəxəssis rəyləri və çağırışlardan sonra ləğv edildi və bağlandı.
Cenevrəli toksikoloq, professor Devid Bernşteyn öz araşdırması ilə sübut edib ki, xrizotil lifləri orqanizmdən tez təmizlənir. Avropada xrizotilin əvəzləyicisi kimi həm süni lifli materiallardan (PVA, şüşə lifli, keramik lifli), həm də təbii lifli materiallardan (sellüloza və bazalt lifləri) istifadə edilir. Professor bu materialların insan orqanizmi üçün daha təhlükəli ola biləcəyini qeyd edir. Məsələn, əgər xrizotil lifləri orqanizmdən 14 gün ərzində təmizlənirsə, keramika lifləri 60 günə, aramid lifləri 90 günə, sellüloza lifləri isə 1000 günə təmizlənir. Nəticədə, professor qeyd edirdi ki, bu asbest əvəzləyicilərinin tamamilə təhlükəsiz olduğunu deməyə əsas vermir.
Gəlin bu məqaləni oxumayanlara da çatdıraq. Onları da bilmədikləri real təhlükədən xilas edək. Paylaşaraq bir-birimizi qoruyaq. Və söküntü materialı kimi ucuz qiymətə təqdim olunan asbest şiferlərdən uzaq duraq. Məntiqlə düşünək, əgər məsləhət olsa idi tikini materiallarının satışı ilə məşğul olan dükanlarda bu məhsula rast gələrdik. Unutmayaq ki, həyatımız və sağlamlığımız hər şeyin üstündədir. Allahın bizə əmanət etdiyi cana sahib çıxaq. Tərkibi kimyəvi cəhətdən insanlar üçün zərərli olmayan, beynəlxalq sertifikatları olan, sağlamlığa zərəri olmadığına dair akkreditasiyadan keçmiş hər bir tikinti materialından istifadə edək.
Şəkildə: Azərbaycanda isə hələ də asbest şiferlərin şıdırğı alveri gedir.
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)