Samir Mirhüseynzadə, “Ədəbiyyat və incəsənət”
Bu aralar nə edəcəyimi bilmirdim. Nə ilə də məşğul olmaq istəsəm, bir yorğunluq gəlib başımın üstünü alırdı. Bu yorğunluğumu bir film izləyib üzərimdən atmaq istədim. Nə də olsa, uzun zamandır film izləmirdim. Dostlarımdan “Hansı maraqlı filmə baxa bilərəm?” deyə souşduqda mənə çox seçim haqqı tanımadılar və bir ağızdan “Moby Dick (Beyaz Balina)- Herman Melville” kitabından əsaslanaraq çəkilən “Dənizin ortasında” filmini məsləhət gördülər. Filmdə adlarını bilmədiyim neçə-neçə məşhur xarici aktyorlar yer alırmış. Mən də dostlarımdan eşidib təəccübləndim, amma nə üçün təəccübləndiyimi bilmədim. Zatən heç birini tanımırdım. Bəlkə də, mühit böyük amil idi. Ətrafım o duyğuları yaşadıqca mənə də yansıyır və mən də təəccüblənirdim. Heç bir aktyoru tanımasam da, özümü tanımış kimi aparmağa çalışdım. Məncə, uğurlu da oldum.
Keçək film haqqındakı fikirlərimə. Film qrafiklər və sujet xətti olaraq çox möhtəşəm işlənilib. Amma filmdə qısa bir dialoq var ki, həmən dialoq mənə film qədər, bəlkə də filmdən də daha çox təsir etdi..
Hər hansı bir insan:
- Bilirsiniz, bu yaxınlarda eşitdim ki, Pensilvanyada biri torpağı deşib yerdən yağ(neft) çıxarıb. Bu imkansızdı.
- Bunu mən də eşitmişəm.
- Torpaqdan yağ(neft) çıxarırlar.... Qəribə hadisədi.
- ....... Sağolun
Bu dialoq sizlər üçün bir məna kəsb edə bilmir. Doğrudur, amma bir az sizin üçün film haqqında danışım. Dialoq nə üçün mənə təsir etdi, anlayacaqsınız. Filmdə balinaları öldürüb, içlərində olan bir yağ var ki, bunu götürürlər. Bu yağ neftlə eyni vəzifəni görür. Yəni neftlə eynidir desək, doğru olar. Hər il balinaları ovlamaq üçün gəmi ilə dənizə açılıb bu yağdan limitli miqdarda yığırdılar. Ta ki, torpaqdan yağ(neft) çıxana qədər. İnsanlar bu kəşfə sevinirdilərmi? Torpağı deşib yağ çıxarılanda nə də olsa, balinalar qətlə yetirilməyəcəkdi daha. Amma neftin icadı sanki balinaları qorudu, insanları isə yox... Balinalar ölmür. Amma insanlar ölür... Bəlkə də “yeri deşən oğlan” yeri deşməsə idi və balina yağlarını hələ də istifadə etsəydik, yağ yalnız limitli olardı və bu qədər qırğınlar da olmazdı. Amma sonra fikirləşdim ki, insanlıq hər zaman özlərinə nəsə tapıb bir-birilərinə qarşı kütləvi qırğınlar ediblər. Neft tapılmasa idi də “yeri deşən oğlan”kimi kimsə nəsə tapıb, yenə də bir-birilərini qıracaqdılar.
Onun üçün heç nəyə baş qoşmayıb, səhər işə tez getmək üçün bu dəfə də gec yatdım...
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)