Şəhidlər barədə şeirlər - Vüsal Kazımov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Vüsal Kazımov 

 

Vüsal Kazımov 1990-cı il dekabrın 17-si Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb. Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirib.

23.06.2016-cı ildən 16.08.2017-ci ilədək Lənkəran şəhər Uşaq Poliklinikasının Psixi Sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib, 2017-ci ildən Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavriat səviyyədə təhsil alıb. Təhsili ilə bərabər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb.

Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatındaCəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşanın azad edilməsində şəhid olub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilib.

Ailəli idi, iki övladı var.

05 iyul 2011-ci ildə Lənkəran Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

06.07 2011-ci il tarixdən 10.08.2011-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində ştatdan kənar müddətli həqiqi hərbi xidmət, 10.08.2011-ci ildən 14.10.2011-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kursant, 14.10.2011-ci ildən 14.04.2013-cü ilədək Silahlı Qüvvələrin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində həqiqi hərbi xidmət keçib. 14.04.2013-cü ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata təxris olunub.

03.09.2014-cü ildən 16.04.2016-cı ilədək Silahlı Qüvvələrin Hərbi Polis idarəsinin N saylı hərbi hissəsində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçib. 16.04.2016-cı ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata təxris olunub  və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Lənkəran Rayon Şöbəsinin qeydiyyatına alınıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən baş leytenant Kazımov Vüsal Kamran oğlu ölümündən sonra "Vətən uğrunda" medalıXocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalıFüzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalıAzərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

 

Yadındamı doğulanda
Atan sənə nə demişdi?
"Düşmənə çəpər oğul,
Vətənə sipər oğul".

Həqiqətən, sən böyüyüb,
Düşmənə çəpər oldun,
Qəhrəman zabit oldun,
Yenilməz əsgər oldun.

Azad etdin bu vətənin
Müqəddəs torpağını.
Qaldırdın zirvələrə,
Üçrəngli bayrağını.

Otuz ildir, gözləyirdi,
Şuşamızın dağları,
Gözləyirdisənin kimi,
Qəhrəman oğulları.

İndi sənin yerin cənnət,
İndi sənin yerin haqqdır.
Bütün şəhidlərin yeri,
Ürəklərdə qızıl taxtdır.

Yerin mübarəkdi, şəhid,
Adın mübarəkdi, şəhid.
Tanrı səni öz yanına,
Öz əliylə çəkdi, şəhid.

Mən də iki qız atası,
Sən də iki qız atası,
Mən sıradan bir şairəm.
Sən müqəddəs ata, şəhid.

Bilirəm ki, dözmək çətin,
Ata, oğul həsrətinə,
Əmanətdir iki balan,
Vətəninə, millətinə.

Rahat uyu, əziz qardaş,
Yaşatmaq indi bizdədir.
Adın başımız üstündə,
Yerin ürəyimizdədir.

 

 “Ədəbiyyat və incəsənət”

(16.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.