Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Hələ iki gözdən yaxın qardaşlar
İki ulduzdan da uzaq olubdur.
Ayrılan torpaqlar, ayrılan daşlar
Sinələrdə dağ-dağ fəraq olubdur.
Sanma döyüş marşı oxuyur Araz,
Gümüşlənən sazı sədəf-sədəfdir.
Yox! Hicran xalçası toxuyur Araz,
Yumrulaşan suyu kələf-kələfdir...
Bəlkə təlatümə gələn dalğalar
Həsrətdən ağarmış yumşaq tellərdir.
Tənha qayaları dələn dalğalar
Görüşə tələsən titrək əllərdir....
Sanki varaqlayır zamanı Araz,
Oxuyan dodaqdır, duyan ürəkdir!
Elə bölübdür ki, bir canı Araz,
Ah, o yan ürəkdir, bu yan ürəkdir!
Özüm bu sahildə dayansam əgər,
Kölgəm o sahilə düşər... Vətəndir!
Könlüm istəsə də hər axşam-səhər,
Yolum düşə bilməz, bəs bu nədəndir?
Araza qılınc da vursalar düzü
Suyu aralanmaz! Axar dərindən.
Bəs iki sahili nə üçün özü
Suyuyla ayırır biri-birindən?
Araz özü boyda gözüylə sezmir
Hər iki sahildə Vətən yerləşir?
Ayrılıq yaxşısa o niyə dözmür,
Sonuncu məcrada Kürlə birləşir....
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)