Könül, “Ədəbiyyat və incəsənət”
Biz Gülnarə Xəlilovanı daha çox istedadlı modelyer kimi tanıyırıq, deyilmi? Onun “Qarabağ” qadın geyimi kolleksiyası bütün dünyanı dolaşıb və rəğbət qazanıb.
Amma Gülnarə Xəlilovanı yalnız geyim mütəxəssisi adlandırmaq yanlışlıq olar. O, Azərbaycan moda sənayesinin yeni fırtınası olmaqla yanaşı (son dəfə bu sahədə yalnız Fəxriyyə Xələfova parlamışdı), ümumən incəsənətin ən müxtəlif qatlarına siyarət edə bilən parlaq bir dizaynerdir.
Elə bu günlərdə qardaş Türkiyədə düzənlənən Kapadokya Moda və Mədəniyyət Həftəsi çərçivəsində - “AFWEU Fashion Week Cappadocia”da Gülnarə Xəlilova məhz bu “müxtəlif qatları” nümayiş etdirdi, mötəbər tədbirə qatılanlara qədim Azərbaycan mədəni irsini təqdim etdi.
Öncə onu deyək ki, təşkilatçısı Aydın Açık olan Kapadokya Moda və Mədəniyyət Həftəsi bir neçə ildir ki, keçirilir və Türkiyənin moda industriyasında ad eləməyi bacarıb.
O ki qaldı Gülnarə Xəlilovanın tədbirə qatqısından, həmyerlimiz qonaqlara 30-dan artıq beynəlxalq dizayn kolleksiyası təqdim etdi. Burada orta əsrlərin miniatür eskizlərindən, xalça naxışlarından, Qarabağın motivlərindən tutmuş, Azərbaycanın rəmzi olan nar, qurama, ipək işlərini əks etdirən "Miniatür" və "Cizgi" adlanan iki kolleksiyalara qədər nələrə rast gəlməzdin. Hamısı incə, zərif, rəng koloriti və mükəmməlliyin birgə sintezi idi!
Bu gözəlliyə heç kəsin biganə qalmaması, qazanılan bol ovasiyalar əlbəttə ki, qanunauyğun idi.
Mütləq qeyd edim ki, Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, "Cizgi" brendinin sahibidir. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.
Uğurlar, Azərbaycan mədəniyyətinə töhfələr verən əziz insan!
“Ədəbiyyat və incəsənət”
(14.08.2024)