Sumqayıtlı gənc istedadlar – ELVİN ƏLİZADƏ Featured

Sumqayıt şəhərinin 75 illiyi münasibətilə silsilə yazıların təqdimatı davam edir. Bu gün meydan “Sumqayıtın gənc istedadları” rubrikasınındır. Sizlərə gənc şair Elvin Əlizadənin şeirlərini təqdim edəcəyik.

 

 

 

Elvin Əlizadə 1993-cü ilin fevral ayında Zəngilan rayonunun Ağalı kəndində dünyaya gəlib.

 

Həmin ilin oktyabr ayından məlum hadisələrlə bağlı ailəsi Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşıb. O, Sumqayıt şəhərinin 25 saylı tam orta məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. 2014-15-ci illərdə Beyləqan rayonunda hərbi xidmətdə olub. 2016-cı ildən Sumqayıtda Əli Kərim adına Poeziya Evində çalışıb. Hazırda isə Yeni Azərbaycan Partiyası Sumqayıt şöbəsində çalışır.

 

Şeirləri məktəb illərindən bu günə kimi dövri mətbuatda çap olunur. 2022-ci ilə “-29” adlı ilk şeirlər kitabı nəşr olunub. Prezidentin illik  təqaüdünə və Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb.

 

Elvin Əlizadə Silk Way Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısı və diplomantıdır.

 

Ümid edirik ki, sumqayıtlı gənc şairin şeirlərini bəyənəcəksiniz.

 

 

 

 

 

İlahi, o kənddə nələr var idi...

 

 

 

Dünən Zəngilana getmişdim, ata..

 

Tikdiyin evlərdən əsər yox idi,

 

Vəhşilik adında əsər var idi..

 

Otların üstündə əsgər izləri,

 

Daşların dibində zəfər var idi.

 

İlahi, o kənddə nələr var idi...

 

 

 

Dünən Zəngilana getmişdim, ata!

 

Nə köhnə yerində şaftalı bağı,

 

Nə də üzümlükdə üzüm var idi.

 

Mən ordan çıxanda dil açmamışdım,

 

Qayıtdım, deməyə sözüm var idi.

 

Yerdə iməkləyən izim var idi.

 

 

 

Dünən Zəngilana getmişdim, ata!

 

Neçə güllələnmiş başdaşı gördüm.

 

Evlərin yerində çay daşı gördüm.

 

Çay nəyə deyirsiz? Enli dərəydi

 

İçində sevincdən göz yaşı gördüm.

 

 

 

Keçdim Babaylıdan, Məmmədbəylidən

 

Yollar Ağalıya burulur, ata.

 

Gözü yolda qalan Həkəri ki var

 

Bulanıq suları durulur, ata.

 

Deyəcəm bəlkə də inanmıyassan,

 

Oralar yenidən var olur, ata,

 

Oralar yenidən qurulur, ata!

 

 

 

Dünən kəndimizə getmişdim, ata!

 

Tikdiyin evlərdən əsər yox idi.

 

İlahi, o kənddə nələr yox idi. 

 

 

 

 

 

Bayraq

 

 

 

Dostların qürur yeri, düşmənlərin göz dağı,

 

Dalğalan göy üzündə, Azərbaycan bayrağı!

 

 

 

Sənə təzim etməkçün düzənliklər dağ olub,

 

Şəhid qanına batan bu parça bayraq olub!

 

Sən ən gözəl şeirsən, ən alovlu misrasan,  

 

Parça dediyim nədir?

 

- Canımızdan parçasan!

 

 

 

Dağımızdan ucasan, daşımızdan ucasan,

 

Əyilməyən, dik qalan başımızdan ucasan!

 

Başım üstə yerin var, gözüm üstə yerin var,

 

Namusunu qoruyan neçə igid, ərin var!

 

 

 

Səni Xudafərində görənlər fikirləşir-

 

Bir Bayrağın altında əbədiyyət birləşir!

 

Neçə adət-ənənə, mədəniyyət birləşir,

 

Güneydən quzeyəcən istiqamət birləşir!

 

Dalğalandığın hər yer Azərbaycan sayılır,

 

Göy rəngin Göytürklərdən bizə nişan sayılır!

 

Səndə Demokratiya, Cümhuriyyət birləşir.

 

Sənin yaşıl rəngindən Azan səsi yayılır.

 

 

 

Ay-ulduzlu gecədən doğan bir səhərin var,

 

Gəlişinə sevinən Şuşan, Kəlbəcərin var!

 

Sən bu Müqəddəs Günə əmanət qoruyurdun,

 

Bilirdik, Qarabağda Mübarək zəfərin var!

 

  

 

 

 

Sumqayıt

 

 

 

Hamının hər səfərdən geri döndüyü yer var.

 

Bizi də varlığıyla tamamlayan şəhər var.

 

Günəşini Xəzərdən salamlayan şəhər var.

 

Dərdini başqa yerdə ovuda bilmir adam,

 

Burda öz sevdiyini unuda bilmir adam.

 

Küçələri upuzun, ayrılıqları qısa,

 

Qarşılaşır hardasa...

 

 

 

Gözəlləşir günbəgün, çiçəklənir ilbəil,

 

Bu gün dünənki deyil, sabah bugünkü deyil.

 

Kiçik məhəllələrdən böyük şəhərə dönüb.

 

Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.

 

Dəqiq xatırlamıram mən o həmin illəri,

 

Uşaqlığımdan bəri

 

Bir ağ göyərçin qonub dənizin sahilinə.

 

Hamı tamaşa edir bu ağ donlu gəlinə

 

Onu hər an qoruyan, arxasında dayanan

 

Xəzər adlı qardaşın başının tacıdır o.

 

Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,

 

Dostluğun acıdır o.

 

Onu ucaldanların ağarmış saçıdır o.

 

 

 

Bu möhtəşəm şəhərin sülh olsa da nişanı

 

Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.

 

Böyüdü böyüməmiş, gör necə də böyüdü.

 

Özü də Göyərçinlə bir həyətdə böyüdü,

 

bir küçədə böyüdü.

 

Burda çox şəhidlərə canlı tarix yazıldı.

 

Şanlı şəhərimizə şanlı tarix yazıldı.

 

Üstündən əskilmədi böyüklərin nəzəri,

 

Doğrultdu öz adını:

 

“İstedadlı  gənc qızlar, gənc oğlanlar şəhəri”-

 

Qəhrəmanlar şəhəri.

 

 

 

Yenə qoruyur səni külüng vuran kişilər,

 

Həmin əllərdəsən sən.

 

Nigaran olmasınlar səni quran kişilər,

 

Əmin əllərdəsən sən,

 

Əmin əllərdəsən sən !!!

 

  

 

 

 

Payız qadın

 

 

 

Hava yaman soyuqdur, soyuq baxışlarıntək,

 

Payız yağışı yağır, sənin göz yaşlarıntək...

 

Sizin məhəllənizin

 

yem axtaran sərçəsi,

 

ac gəzən pişiyi var.

 

Nə mənim, nə onların isti ev-eşiyi var.

 

Sizin eyvanın altda üşüyür bir ağac tək,

 

Mən də təkəm halına yandığım bu ağactək.

 

Yarpaqlar da sıxılır, elə bil ki, təklikdən.

 

İntihar eləyirlər hansısa yüksəklikdən.

 

Yarpaq əgər bezibsə, payız bir bəhanədir...

 

Eşqi gözdən salmağa ucuz bir bəhanədir.

 

Hərənin öz sevgisi, inancı, dini olur.

 

Payız da yarpaqların qiyamət günü olur.

 

Mən payızı sevirəm, payız da gəlib çıxıb.

 

Sabah durub görərsən o qız da gəlib çıxıb...

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(15.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.