“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Cavid Fərzəlinin şeirləri təqdim edilir.
***
Bir başqa doğulsam –,
Anam dəniz olsa,
Yenə əllərim oxşayar
sənə,
məmləkətimə!
Bir başqacür yaşasam,
Bir ağac olsam
Bahar ayağında.
Yenə yollarım dayanar sənə,
çiçəklərə.
Bir başqacür ölsəm,
Çiyinlərim yetim qalsa,
Yenə ovuclarım ağlayar sənə,
ayrılıqlara!
***
Evimizə payız gələndə
Ayağı saralır divarların,
Adamlar evlərinə bənzəyir:
Alça boylu, çinar sifətli.
Evimizin qabağında
Alça ağacı ayrılıqdan quruyur.
Gözü tökülür çiçəklərinin,
Üzü qaralır yarpaqlarının.
Uşaqkən daş atdığımız
Pəncərələrin ürəyin sındırdığımız üçün
İndi yağışların ürəyi yanmır çətirimizə.
Getsəm bu evdən,
Addımları balacalaşar göy üzünün,
Əlləri düşər beşikdən buludların.
Əllərimiz bahar gətirəndə
Çiçəklər günəşdən doğma olar itaətkar küçələrə.
Ancaq günəş köhnəlməz ağacların dilində.
Çünki dünənin gülüşündə dodaqları xatirədir günəşin.
AZADLIĞIN ŞƏKİLİ
Yıxasan bu şəkilin hirs divarlarını,
Tökəsən bir məzlumun ayaqlarına,
Bağrın yarasan edam kötüyünün,
Küçələrin ürəyi üsyankar ola.
Zamanın üzündən
Yerə çırpasan saat əqrəblərini.
Tutasan əlindən ölüm dəqiqələrinin,
Hər saniyən yaşaya, özgür qalasan!
Taleyini yaza biləsən yetim küçələrin,
Barmaqların boyun əyməyə
Tanrının qələminə!
Bir intihar ipindən çəkəsən əlini,
Göylər ölməyə, yaşaya gərək.
Gözlərin döyüşə div yuxusuyla,
Üzündən savaş düşməyə kaş,
Gedib durasan başqa şəkildə,
Yanından Tanrı getməyə kaş.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)