“Bağışla, mən Vətəni seçdim” - Əli Rzazadənin “Cənab leytenant” romanı Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Heç düşündünüzmü indiyədək, “ədəbiyyat nəyə lazımdır?” deyə? Hə, nəyimizə lazımdır? Yaşadıqlarımız bizə bəs etmirmi ki, bir də onun bədii əksi girib həyatımıza?  “Kitabsevər” sözü elə-belə yaranmayıb, kitabı sevənlə sevməyənin fərqini anlamağımız üçündür. Kitabı sevməyənlər... Onlar belə, ədəbiyyatsız yaşamır. Baxdıqları filmlərin içində mütləq ki, hansısa əsər əsasında çəkiləni var, dinlədikləri mahnıların sözlərini bir şair yazır... Başqa sözlə, ədəbiyyat qapısından qovulduğu insan ömrünə bacadan girir. Özü də, hünərlə! Niyə?

Çünki yaşadıqlarımız kitaba sığır da, dünyanın bütün kitabları həyatımıza sığmır. “Dünyanın bütün kitabları” deyərkən hələ yazılmamış olanları da nəzərdə tuturam. Və də yazılanları, hələ çap olunmayanları...

Əli Rzazadə “Cənab leytenant” romanına  şəhid Teymur Abbasovun həyatını sığdırmağa çalışıb. Amma bu roman Teymurun yarımçıq qalan həyatına sığmır...Kitabda müəllifin öz hisslərindən, xatirələrindən başqa, illərlə qisas yanğısı ilə yanan bir xalqın əzmi, Vətən sevdası var. Yarımömürə sığarmı bu boyda dəyər?!

Yarımömür yaşadı Teymur Abbasov...  Və qalxdı fövqəlliyə. Əli Rzazadə kitabının əvvəlində Teymur Abbasovun timsalında bütün şəhidlərimizə olan ehtiramını aşağıdakı cümlələrdə dilə gətirir:

 

“...Onlar... Fövqəlinsanlar... Adları dilə gəlincə bizi ehtiramla ayağa qaldıran, damarımızda kədərli bir qüruru coşduran, xatirələrinə sarılaraq kədərimizə təsəlli tapmağımıza səbəb olan ŞƏHİDLƏR!”

 

Şəhidlərdən bizə qalan əmanətin bir Vətən, bir də xatirələr olduğunu qeyd edən yazıçımız “Cənab leytenant”ı yazmaq səbəbini də səmimiyyətlə açıqlayır: “Sadəcə, Teymuru anlatmaq, ondan danışmaq istəyirəm, vəssalam...”

“Vətən müharibəsi”nin ilk günlərində sosial şəbəkədə yayılan bir video yadınızdadır yəqin. Dəmir barmaqlıqlardan ibarət hasarın arxasından əllərini uzadıb balalarının başını sığallayan, onların üzündən öpən hərbiçinin gülərüz çöhrəsi o videonu izləyənlərin ürəyində ziddiyyətli duyğular oyatmışdı. Kimisi bu ata sevgisi qarşısında heyrətə düşmüş, kimisi də atalarına sarı balaca əllərini uzadan oğlanlara baxıb qürrələnmiş, gələcəyə olan ümidləri qanadlanmışdı: “Qurddan olan qurd olar!” Və hamı o hərbiçinin cəbhəyə sağ gedib-salamat qayıtmasını diləmişdi. Deyirlər, kainata eyni anda bir neçə adam tərəfindən göndərilən diləklər gül açır. İnanıram. Hələ də arxeologiya qədim insanların mərasim yerlərini, qədim məbədlərini aşkar etməkdədir... Deməli, insan lap əvvəldən kainatla yaşam arasındakı körpünün siluetini görmüşdü düşüncə/inanc dumanının arxasında...

“Bəs niyə  o sevgi dolu ata-Teymur Abbasov  ilə bağlı “sağ gedib-salamat qayıtsın” alqışı kainata çatmadı?”-deyə sual verənlər olar. O diləklər də kainata çatdı, bəli.  Amma o diləklər Teymurun ürəyindəki “Vətən naminə ölərəm!” arzusunun kölgəsində qaldı. Teymurun özünü Vətənə qurban deməsi ona can sağlığı arzulayanların səmimiyyətindən daha qudsal idi!

Bu qənaətə gəlməyimin, əminliyimin səbəbi Əli Rzazadənin Teymuru  hamımıza tanıtmasıdır-yazıçı ustalığıdır. Təxəyyül məhsulu olan obrazı işləmək daha asandır, onu oxucuya necə istəsən, o cür də təqdim  edə bilərsən.  Yaxud obrazı elə sirlərin ahəngində təqdim edərsən ki, onun kimliyi haqqında oxucu özü qərar vermək məcburiyyətində qalar. Əli Rzazadə dost itkisinin ağrısını-acısını büküb, ruhunun bir küncünə qoyub, ədəbi ustalığına sığınaraq Teymuru  necə varsa elə-olduğu kimi anladıb.  Real obrazı ədəbi qəhrəmana çevirməyin bir çətinliyi də ondan ibarətdir ki, təxəyyülünün hücumunun qarşısına məntiqin aydınlığı ilə  sədd çəkməlisən. Əbədiyyət, insan-düşüncə tənliyinin həlli, cəmiyyət və kitab məsələlərində yazıçı ustalığını incəliklərinədək gördüyümüz “Cənab leytenant” romanında Teymurun iştirak etdiyi epizodlarda qalib Əli Rzazadənin məntiqidir: “...Vətən eşqiylə qəlbi tutuşan oğul idi Teymur”. Başqa sözə, heç bir bədii təsvirə, mübaliğəyə gərək yoxdur-oxucu artıq Teymurun kim olduğunu bilir!

Romanda ən diqqətçəkən məqamlardan biri də Xocalının səsini eşidən dostların keçirtdiyi hisslərdir. O səs ki, Böyük Zəfərimiz belə, o səsi unutdura bilmədi; təsəlli oldu... O səs ki, Böyük Zəfərdən bəhs edən bütün mahnıların sədası altında hər bir azərbaycanlının zehninin içində mövcudluğunu bir daha hayqırır...  Bu gün Xocalı çiçəklənir. Amma hamımız bilirik ki,  o çiçəklərin bitdiyi torpaq qana doyub.  Məncə, heç bir azərbaycanlı Xocalıda gül dərməyə qıymaz... Əli müəllimin təbirincə, “ağrı da xatirədir, həm də, ən qudsalından!”

“Dağ dağa rast gəlməz, insan insana rast gələr” deyib ulularımız. Rast gəldiklərimizin hamısı yadımızda qalmır, ömrümüzdə iz qoymur, ya da biz qoyulan izin fərqində olmuruq.  O adamlara “Tanrı bizi rast saldı” deyirik ki, ömrümüzdəki izləri tarixin ta əvvəlindən mövcud olub. Hə, tale yazılanda kimin harada kimin ömrünə gərək olduğu da qeyd olunur. Və biz yalnız yaşayaraq gəlib çatırıq bu hikmətin özəyinə. Əli Rzazadə romanın bir yerində Teymuru “yaradılışın ta əvvəlindən tanıdığını” deyir. Əlavə edir: “Yaradan onu ömürlərə toxunmaq, hamının əlçatanı, ünyetəni olmaq üçün yaratmışdı”.

İki gəncin köhnə kitablar satılan yerdə rastlaşması,  bir-birinin fikir dənizində qəvvasa çevrilməsi də tale işidir. O tale ki, lap əzəldən Teymurun şəhid olacağı, Əli Rzazadənin də  şəhid dostu haqqında  roman yazacağı həkk olunmuşdu alnına... Və şəhadət şərəfinin nəsib olduğu insana kainatın bunu müxtəlif işarətlərlə anlatmaq forması var romanda. Məsələn; bir qadının  Teymura etdiyi alqış: “Allah səni şərəfləndirsin, oğlum!”

Kitabdan oxuyuruq ki, Teymur ömür-gün yoldaşına, Cəfər Cabbarlının təbirincə, Sonasına mesaj yazır ki:“Bağışla, mən Vətəni seçdim”.  Oxuyuruq... Əvvəl bir təbəssüm qonur dodaqlarımızın ucuna, sonra düşmən gülləsinə qurban gedən dağ vüqarlı bir oğulun göynəyi baş qaldırır sinəmizdə, lap sonda da Sona Abbasovanın gülümsər çöhrəsi gəlir gözümüzün önünə... Təbəssümümüz göynəyimizə, göynəyimiz təbəssümümüzə təsəlli verir: “Sona xanım Teymuru ilk gördüyü, könlünü verdiyi gün bağışlamışdı Vətənə...”

“Cənab leytenant” romanının redaktə prosesini heç zaman unutmayacağam...  Əli müəllimin bütün əsərlərində -janrından asılı olmayaraq,-mənəvi arınma var. Hərdən bir romanın, yaxud bir essenin redaktəsi üçün zehnimdəki “qırx qapıdan birinin açılmasını” gözləyəndə kainata üz tutur, deyirəm: “Nolaydı, Əli müəllim bir hekayə göndərəydi redaktəyə,  işə onunla başlayaydım, mənən arınaydım, sonra keçəydim növbəti iş mərhələsinə...”  Hə, Əli müəllimin  redaktoru olduğum bütün əsərlərinin ruhumda izi var. “Cənab leytenant”ın izində isə  aliliklə yanaşı, dünyanın, hətta kainatın belə, Vətəndən kiçik olması nüansı var ki, unudulmaz!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)

         

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.