Zəhra Allahverdiyeva, “Ədəbiyyat və imcəsənət”
Niyə insanlar fərqli -fərqli düşünür?
Biz fərqli düşüncə sahibi olmasaq nə olardı?
Düşünmək nədir?
Düşünmək lüğəti mənada bir şey haqqında düşünmək, əldə olan məlumatı gözdən keçirmək deməkdir. Düşünmək zehni güc tələb edir. Bu da insanlara məxsus xüsusiyyətdir. Düşünmək adətən problemlə başlayan və həlli ilə bitən zehni prosesdir.
İnsanlar niyə fərqli düşünür?
Hər simanın, ruhun, bədənin və izin fərqli olduğu kimi düşüncələr də fərqlidi. Bu fərqliliyin bir sıra səbəbi ola bilər: 1) irqi 2) cinsi 3) coğrafi 4) dövri
1) İrqi düşüncə fərqləri əsasən zahiri əsaslara aiddir. Ağ dərili və qara dərili insanlar irqi bərabərliyi nəzərə almadan bir birlərinə agressiya ilə yanaşırlar. Eyni mühitdəki fərqli dəri rənglərinə mənsub şəxslərdə qruplaşmalar olur. Sırf dəri rənginə görə bir şəxslə pis davranmaq heç də doğru hesab olunmur.
2) Cinsi düşüncə fərqləri əxlaqi, etik və tərbiyəvi əsaslara aiddir. Ölkəmizdə əksər ailələrdə oğlan və qız uşaqlarının zehni inkişafında ciddi fərqlər vardır. Oğlan uşağına bütün sərbəstliklər verildiyi üçün oğlan uşaqları hər etdiyi səhvi də doğru hesab edir. Axı ona uşaqkən “oğlum nə edir düz edir“ deyiblər. Qız övladlarına isə qapalı asosial mühitə öyrəşdirib tək bir fikrinə doğruluq payı vermirlər. Ona görə də oğlan uşaqları sonunu düşünmədən hər istədiyini edir, qız uşaqları isə nəticəyə uyğun düşünüb hərəkət edir. Bu, ailələrə görə əksinə də ola bilər, taraz da .
3) Coğrafi düşüncə fərqləri deyəndə çoxumuzun yadına “Coğrafiya sənin taleyindi” gəlir. Bəs bu cümlənin altındakı məna nədir? Həqiqətən bu belədir? Xeyr, coğrafiya tale deyil. Əslində heç nə tale deyil. Elm bu cür yanaşmaları qəbul etmir. Elm müşahidə və təcrübəyə əsaslanır. Amma xalqların düşüncə fərqi çox bariz hiss olunandır. Ölkəmizdə fərd 18 deyil 30 yaşında da olsa hələdə ailəsindən asılı bir uşaq kimi hesab olunur və təbii ki, istisnalar var. Lakin istisnalar qaydanı pozmur. Əcnəbi ölkələrdə isə gənclər ayaqları üstündə tək başına durmağa tez başlayır. Maddi və mənəvi dəstək bu fərqlərin ən böyük dəstəkçisidir.
4) Dövri düşüncə fərqləri x,y,z və alfa qurşağları kimi böldüyümüz dövrlər uşaqların düşüncə tərzi həmçinin valideynin dövri tərbiyə təlim düşüncəyə malik olması ilə əlaqədardır.
Bəs insanlar niyə eyni məsələyə fərqli yanaşır?
1. Hər bir insanın fərqli şəxsiyyət quruluşu var.
2. Onların təhsil səviyyələri bir-birindən fərqlidir. Üstəlik, eyni səviyyəli təhsilə malik olsalar da, müxtəlif mədəniyyətlərdə aldıqları təhsil təsirli olur.
3. Dünyaya baxış.
4. Böyüdüyünüz mühitin perspektivini nəzərən.
5. Yaşı. İnsanlar böyüdükcə düşüncə tərzi də dəyişir.
6. Təcrübə. Yaşadığı əvvəlki yaşlarında qazandığı təcrübələr.
Bəs insanlar niyə fərqli fərqli düşünür?
Bu çox qarışıq, mürəkkəb və şaxəli məsələdir. Birinci yerdə akademik göstəricilər, ailə strukturu əsas rol oynayır.
İkinci yerdə isə dini inanclar, fəlsəfi və ideoloji fikirlər böyük rol oynayır.
Daha sonra zəka səviyyəsi və genetik amillər də mühüm rola sahibdir. Məntiqi yanaşmalar səbəb nəticə bağları məqbul cavaba gətirir.
Nəticədə insanların hər zərrəsi fərqlidir. Barmaq izindən tut, beynindəki düşüncəyə qədər hər şey fərqlidir.
Bir statla bitirmək istəyirəm: “Problem yeni ideyaları necə ortaya çıxarmaqda deyil, köhnələri ağlınızdan necə çıxarmaqdadır” - DEC HOCK.
“Ədəbiyyat və incəsənət”
(15.08.2024)