Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Doğrudan, insana xoşbəxt olmaqdan ötrü çox şey lazım deyilmiş: Bircə anlıq səadətin səhər yeli kimi ilıq təmasından başqa, görəsən insana nə lazımdır? Heç bir şey."
Bu gün daha çox "Qətl günü" romanı ilə tanıdığımız əməkdar incəsənət xadimi, kinossenarist, şöhrət ordenli xalq yazıçısı Yusif Səmədoğlunun anım günüdür.
Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur.
1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuş, daha sonra həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir. 1960–1965-ci illərdə "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, 1965–1969-ci illərdə , C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, 1969-1976-cı illərdə kinostudiyanın baş redaktoru, direktor müavini , 1976-1987-ci illərdə "Ulduz jurnalının baş redaktoru, 1987-ci ildən "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində çalışmış, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə nəsr üzrə katib seçilmişdir.
O, 1970-ci ildə Komsomol mükafatına, 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, 1995-ci ildə şöhrət ordeni ilə təltif olunmuş və 1998-ci ildə xalq yazıçısı fəxri adına layiq görülmüşdür.
Yazıçının "Qətl günü", "220 №-li otaq", "Qalaktika" əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanmış, "Qətl günü" romanı xüsusi sevilmişdir.
Yusif Səmədoğlu 1998-ci il avqust ayının 16-da vəfat etmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)