“Dedi ki, xərçəng ilə mübarizədəyəm…” - YAKUB ÖMƏROĞLUNUN VƏFATINA Featured

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

 

Elə bil ki, bir tufan əsdi və köklü-budaqlı, ən şirin meyvəli bir qocaman ağacı kökündən qoparıb harasa apardı...

 

Bu gün Avrasiya Yazarlar Birliyinin rəhbəri Yakub Öməroğlu hocamızı itirdik.

Ötən 10 gün ərzində xərçəng olduğunu bilmişdim.  Ondan “Sahaya” kitabımı nə zaman nəşr edəcəklərini soruşmuşdum. Bir neçə gün sonra yorğun və iniltili bir səslə mənə cavab verəndə demişdi ki, xərçəng ilə mübarizədədir. Sağalan kimi, kitabla məşğul olacaq...

Və həmin yorğun səsli bu dostumu narahat etməyim deyə telefon açmadım, sadəcə üzüntülü bir səslə heyrətimi və sıxıntılarımı  sözlə ifadə edib, ona səs göndərdim. Sonda göz yaşlarımı saxlaya bilmədim. 

Cavab səsi belə oldu: “Üzülmə. Hər şey iyi olacaq!...”.

Daha sonra mən ona səsli mesajlar göndərdim, fikirləşdim ki, qoy bilsin, onun üçün Azərbaycanda narahat olanlar var.

Çünki o, bütün türk dünyası üçün narahat idi. “Bengü yayınları” yayın evinin kitab seriyaları və “Kardeş kalemler” dərgisi ilə  bütün türk xalqlarının ədəbi və mədəni irsini yaşadan bir TÜRK İdi. Ömrünü bu davaya, bu sevgiyə, bu yola həsr etdi...

Bilmirəm ki, hansı medalların, ordenlərin, təltiflərin sahibidir... Təkcə onu bilirəm ki, hər bir söz adamının, özünü türkçülük yolunda mücadilədə bilən hər kəsin qəlbində yeri boş qalan Ömər Yakuboğludur o!

Bircə ondan rahatam ki, Türk dünyasının belə bilgələri, belə müdrikləri və söz sahibləri yaratdıqları işığın dalınca Tanrı dərgahına uçurlar. 

Görüşəcəyiniz ruhlara salamımızı çatdırın, əziz qardaşımız! Uçub getdiyiniz yeni mənziliniz, yeni məqamınız kutlu olsun.

Orada sizi gözləyənlər var...

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.