“Əllərimi qaranlıqlara gəzdirirəm…” - RZA BƏRAHANİ Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” (Güney Azərbaycan bölməsi)

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Rza Bərahaninin  “Əllərimi qaranlıqlara gəzdirirəm…” şeiri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

RZA BƏRAHANİ

Güney Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlmişdir. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təhsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan Türkcə yasaq edildiyindən təhsilini Farsca davam etdirmişdir. 1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxışlarına görə həbs olunmuşdur. 1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır. O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir. Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin ElginMills qəbiristanlığında dəfn olunmuşdur. 

Aşağıda paylaşılan şeir, Rza Bərahəninin Vankoverdə bir ədəbi məclisə qonaq olduğunda, oxuduğu şeirdir, lentə alınmışdır. 

 

 

YEMƏLİ GÖZLƏRİNİ AÇ

 

Yeməli gözlərini aç gözəlim, 

Aç o yeməli gözlərini. 

Bağrıma basım çiyinlərini, 

O ağ güldən ağraq çiyinlərini. 

Denən, denən, denən yenə, 

O deməli sözlərini!..

Sənə bələşim birdən-birə yar yavaş-yavaş, 

Ölüm səni, dirilim səni, 

Ölü dirilim səni. 

Huyuq qalım səni, 

Huyuq-huyuq, huyuqluğun dibinə qədər. 

Yeməli gözlərini aç gözəlim, 

Aç o gözlərini heeeeeey...

A balam heeeeeey...

A balam...

 

Ağ yumurta, boyalı dırnaqlar 

Sürməni Picasso çəkmiş,

Ayağı Rodin becərtmiş, 

Şaqal səni götürmüş 

Götürmüş heeeeeey...

O göylərə heeeeeey...

Nənəsi gözəl, 

Özü də gözəl, 

Balası da olsa 

Bala da bir gözəl heeeeeey...

 

Otur dizim üstündə, 

Qoy otursun gözəllik bu qara dünyaya. 

Bir od kimi yandır, yandır, yandır ürəyimi 

Qoy ölüm heeeeeey...

Heeeeeey...

Sonra açım gözümü görüm dünya təzələnib

Qaranlıq gedib, təzəlik gəlib, azadlıq gəlib

Səni alıb qucağına gedir. 

Gedir o biri yellərə, 

Yellənə-yellənə

O biri yerlərə... 

Bax indi yerdə o yellənən 

Tellərə-tellərə heeeeeey...

A balam heeeeeey...

A balam...

 

Qorxmalı bir gözəlsən, 

Ötürün məni deyəcəyəm, 

Deməliyəm,

                  Dəliyəm...

İti bir bıçaq kimi kəsir o gözəllik 

Yaxamı yırtacağam o gözəllikdən. 

Demişdilər “Qalmaz o gözəllik sənə!” – 

Qalıb, Qalacaq... 

Sındırma şanımı, 

Ayaq üstə durmuşam min ildir müntəzirəm.

Deməliyəm, 

                   Dəliyəm...

 

Baharla bala gəl otur danış, 

Aç o dili, aç heeeeeey...

A balam heeeeeey...

A balam...

Səni Dante mənim vərimdən yazmış, 

Mənim vərimdən də Şekspir səni bölmüş –  

Cülyetta ilə Ofeliyanın arasında. 

Paris Helenə vurulanda mən ordaydım, 

Helen də indi burdadır. 

Nizami sənin yeddi adını yeddi günbəzin sinəsinə qazmış, 

Məcnunu da mən gətirdim təzədən bir də bir sənə baxsın, 

Çin padişahıyla keçdim qırx gecə, qırx otaqdan, 

Sonra min bir il, min bir gecə tənha qaldım. 

Gördüm səni kor oldum, kor...

Amma göz qabağı ilə göz arasında sən ordaydın!

Sonra Şirin öpdü məni bir gecə çıxdım çuxurlardan dünya qarşısına. 

Xosrov Pərvizin tacı başımda!

Mən ayaq yalın heeeeeey...

Mən ayaq yalın heeeeeey...

Tac başımda, ayaq yalın heeeeeey...

A balam heeeeeey...

A balam... 

 

Əllərimi qaranlıqlara gəzdirirəm, 

Sənsiz dünya yox, 

Heç bir şey yox. 

Ötürün məni ya gətirin önü 

Gözlərini çıxartmışam, 

Öz-özümün gözlərimə ox atmışam... 

Kor İsfəndiyar, ya ağıllı dəli Oedipkimi bu səhnədən çıxmalıyam. 

Ya da ney əlimdə ürfə kimi getməliyəm cəhənnəmə, 

Səni tapıb gətirməliyəm.

Ötürün məni, ötürün, 

Mən ayaq yalın heeeeeey...

Tac başımda ayaq yalın heeeeeey...

A balam heeeeeey...

A balam... 

 

Qaralar Afrikada sənin eşqindən qaralmış, 

Çin səni görəndən sonra bir milyard adama parçalanmış, 

Aclar da sənin eşqindən acalmış, 

Xorasandan keçdin, Şiraza getdin, sonra çıxdın,

İsfahandan Təbrizə gəldin... 

Orda dedilər “Qal, qal, səni sevənlər burdadırlar, qal”. 

Amma sən qalmadın. 

Tələsik Xəzərdən Hacıtərxana,

Sonra Moskovaya getdin. 

Dünyanı gəzdin, məni yad eləmədin!.. 

Yadından atdın, 

Qol-budağımı sındırdın, 

O yeməli gözləri mənim üzümə bağladın. 

 

Amma mən durmuşam, burda durmuşam, 

Tac başımda, ayaq yalın. 

Huyuq-huyuq bu kor gözlərim ilə sənə 

Huyuqluğun dibinə qədər. 

İndi dön gəl, aç! 

Aç, yeməli gözlərini aç,

Aç o yeməli gözlərini heeeeeey...

A balam heeeeeey...

A balam... Ölüm səni, dirilim səni

Ölü dirilim səni heeeeeey...

A balam heeeeeey...

A balam...

Mənim dilimi aç! 

Aç! Aç a balam, 

O dilin gözlərini aç... 

A balam heeeeeey...

A balam heeeeeey...

A balam...

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.