PUTİNİN SƏFƏRİ - Fərqli baxış Featured

Əkbər Qoşalı - “Ədəbiyyat və incəsənət” üçün

 

Rusiya Federasiyası prezidentlərinin (Yeltsinin, Putinin özünün və Medvedevin) Azərbaycan Respublikasına bütün öncəki səfərləri bizim ərazi bütövlüyümüzün pozulduğu, suverenliyimizi respublika boyu təmin edə bilmədiyimiz dönəmlərdə olub. - Prezident Vladimir Putinin avqustun 19-da Azərbaycana rəsmi səfəri bax bu anlamda fərqli bir səfərdir. Nə qəribədir, indi Rusiya Federasiyasının özünün ərazi bütövlüyü pozulub və Putin belə bir durumda ilk xarici səfərini Azərbaycana gerçəkləşdirmiş oldu... 

 

Belə yüksək səviyyəli görüşlərdə biz həmişə ərazi bütövlüyündən danışmaq zorunda qalırdıq. Gün doğmadan nələr doğdu - Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, Dövlət-Xalq birliyi, şəhidlərimizin, qazilərimizin, bütövlükdə Silahlı Qüvvələrimizin qəhrəmanlığı xarüqələr yaratdı: yeni gerçəkliklər meydana çıxdı, mötəbər gündəliklər tamamən dəyişdi! - Azərbaycan Prezidentinin Rusiya Federasiyası Prezidenti ilə Birgə Mətbuat konfransında vurğuladığı kimi: “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib.

Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır”.

Prezident Putinin səfəri ilə bağlı ölkəiçi, ölkədışı çox fərqli yorumlar tirajlandı - bu da başa düşüləndir: söhbət Rusiya-Ukrayna müharibəsi, Kursk hadisələri və digər beynəlxalq hadisələr fonunda baş verən səfərdən gedir. Lakin sanıram bir çox iddia və yorumlara görə bəzi aydınlıqları bölüşməkdə yarar vardır:

 

1) Azərbaycan Rusiya ilə Ukrayna arasında müharibənin ədalətli şəkildə bitməsində maraqlı olan səmimi ölkədir; Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - bunu fərqli səviyyələrdə, fərqli platformalarda və dəfələrlə açıqlayıb;

 

2) Azərbaycan Ukraynaya irimiqyaslı humanitar yardımlar göndərən azsaylı səmimi ölkələrdəndir və bəlkə, Rusiya-Ukrayna yüksək səviyyəli görüşləri də məhz Bakıda keçirilə bilər. Bəlkə sabah-birisigün bu planda bir “Bakı Qrupu” yaradılar - nə bilmək olar?..

Yəni hər kəs fərqində olmalı, dəyərini, qədrini bilməlidir ki, burada, qarşıduran tərəflərlə uzunmüddətli iqtisadi, ictimai-siyasi və b. bağlara malik olan, dialoq içində ola bilən səmimi dövlət var. (Açığı, Azərbaycan və qardaş Türkiyə öndə olmaqla, belə dövlətlərin sayı, toplam, bir əlin beş barmağı qədər görünür)…

 

3) Kursk Azərbaycanın ərazisi deyil, Kurska görə qayğılanmalı tərəf də biz deyilik, təbii. 

Kreml Kurska görə necə qayğılanıb-qayğılanmır, hansı proqramları ertələyir-ertələmir - bu, bizim mövzu deyil;

 

4) Dövlətlərarası münasibətlər üçün müstəsna önəmə malik olan daşımaçılıq (nəqliyyat) dəhlizləri günümüzdə çox vacibdir. Hələ-hələ Dehli-Tehran-İrəvan xəttində “Orta dəhliz”ə alternativ arayışı kimi bir əsintinin olduğu dönəmdə bu mövzuda Bakıda yüksək səviyyəli ismarıcların verilməsini gözardı etmək olmaz. Quzey-Güney, Gündoğar-Günbatar daşımaları illa Azərbaycandan keçməlidir və keçəcəkdir. Qucaqdəyişdirən Ermənistan öz yanlış siyasəti, boyunu, büdcəsini aşan iddiaları ilə ya bir daha dalan olacaq ya da Zəngəzura yaşıl işıq yandıracaq. 

Bəli, Azərbaycanın torpaqlarında uyğun daşıma dəhlizləri üzrə həm dəmir yolu, həm avtomobil yolu bölmələri tam şəkildə gerçəkləşərək, uğurla çalışır. Örnəyi, söhbət, Quzey-Güney yönündə ildə 15 – 30 milyon ton (!) yükün daşınmasından gedir. Təsəvvür edin: əgər bizim infrastrukturu cırtdan Ermənistan ərazisinə şərti proyeksiyalayası olsaq, həmin sözügedən dəmir yolu çağdaşlaşdırılması üçün tələb olunan (təxminən) 120 milyon dollar (!) dəyərində vəsaiti Ermənistan hansı resurslar hesabına qarşılaya bilərdi? 120 milyon dollar bizim relyef üçün yetərlidirsə, Ermənistan üçün bu, bəlkə 50% daha artıq (180 milyon dollar) vəsaitlə zar-zor mümkün olardı. Amma əlbəttə, olmayacaq - Ermənistanda o qədər vəsait hardandır? Yaxud dalana kim və nə üçün yatırım etsin ki? Hələ-hələ Qafqazda Azərbaycan kimi güvənli -  sözü imzası qədər keçərli, imkanlı bir dövlət varsa!.. 

Yəni məsələlərə bir də bu yöndən baxmaq lazımdır. 

 

5) Rusiya qazının alınması, satılması məsələsinə gələk. Əgər satan varsa, illa alanlar bulunacaqdır - elə deyilmi? Qaz almaqçün öz hikkələrini boğmağa vadar ölkələr yoxdurmu guya? Guya rus qazı Ukrayna torpaqları üzərindən (daha doğrsu, altından) Avropaya ötürülmürmü? Bir belə alış-veriş mənzərəsi varsa, onda elə (el sözüylə desək), “qoy, mən olum alma dərən”…

 

6) Ekoloji qayğılar, iqlim dəyişiklikləri, təbii hadisələr sınır tanımır. Və biz dünyanın ən böyük əraziyə malik dövləti ilə sınır, o cümlədən (suyu azalan) Xəzər qonşusuyuq. “Ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”. - Üstəlik, Azərbaycan COP29-un evyiyəsidir. Bu il respublikamızda “Yaşıl Dünya naminə Həmrəylik İli”dir. Ona görə də, “Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə tədbirlərin görülməsi də nəzərdə tutulur”.

 

7) Azərbaycan fermerlərinin öz məhsullarını satmaqçün gələnəksəl iri bazarları Rusiya Federasiyası şəhərlərindədir. Əgər, ikitərəfli münasibətlər bu planda yeni perspektivlər açırsa, bundan uzaq durmalıyıq, yoxsa, imkanlardan maksimum yararlanmalıyıq? 

Aristotel məntiqi olsun, Lütfizadə məntiqi olsun - hansı məntiq öz xeyrindən uzaq dur deyir? Ağlın yolu birdir və avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlər də bunu sübut edir:

 

- “Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”;

- “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”;

 

-  “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” və s.

 

8.) Rusiya sanksiyalar altındadır, Rusiya beynəlxalq birliyin təzyiqi ilə üz-üzədir və s. - Biz bunları danmırıq amma bunların qayğısını bizmi çəkməliyik, buna sair faturalar bizəmu çıxmalıdır, bəyəm? Yaxşı, həmin Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, ən çox nüvə başlığına, ayrıca, ən böyük əraziyə malik olmaqda davam etmirmi? Rusiya Şanxay Əməkdaşlıq Təşkilatının, dünya əhalisinin az qala yarısını təşkil edən BRHÇS-in (BRICS; Brasil, Russia, India, China, South Africa) qurucu-üzvü deyilmi? 

Fransanın BMT Təhkükəsizlik Şurasının beş daimi üzvündən biri və nüvə dövləti olduğunu tez-tez qabardan opponentlər, Rusiyanın eyni statuslu olduğunu da görməzdən gəlməməlidir.

Bəli, biz Rusiya-Azərbaycan tarixinə bələdik, yaddaşımız da korşalmayıb, ən yaxın tarixdə Ermənistanın Rusiyanın forpostu olaraq necə şitəndiyini də yaxşı xatırlayırıq; ancaq o mövzular ki onu biz çözmürük, çözə bilmərik - bax, onlara görə ittiham olunmağımız ədalətli deyil. Siyasətin fəlsəfəsi üzrə irəliləmək - mümkün olanı əldə etmək ən uslu yoldur.

Biz öz dövlətimizin, öz xalqımızın çıxarlarından çıxış etməkdə haqlıyıq. Dövlətlərarası münasibətlər bəyəm yalnız sevgi ilə qurulurmu? Dövlət emosiyalarlamı idarə olunur? - Bu ritorik sualların cavabları aydındır, sanıram. 

Azərbaycan Prezidentinin düşünülmüş, uzaqgörən siyasəti öz uhulət-suhuləti ilə seçilir. Biz belə uhulət-suhulətli siyasətin parlaq sonuclarını görmüşük. 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.