Səma Muğannanın sevdiyi şeir Bəxtiyar Vahabzadədəndir Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı unudulmaz, qəlblərdə, yaddaşlarda öz silinməz izini salan Xalq yazıçısı İsa Muğannanın nəvəsi- davamçısı yaşının az olmasına baxmayaraq imzası ilə oxucularının qəlbində yer alan Səma Muğannadır.

 

-Xoş gördük, əziz Səma xanım. Nəsrə olan sevginiz göz qabağındadır.

"Qeyb olan uşaqlıq" adlı kitabınız da oxucularınız tərəfindən çox bəyənildi, uğurlarınız bol olsun.

Poeziya qəlbin sözlərə söykənərək danışmasıdır. Bəs Səma xanıma elə bu an üçün desək ki: " Sevdiyin şeiri gəl mənə söylə”, Səma xanım bizə hansı şeiri söyləyər?

 

-Xoş gördük, Ülviyyə xanım. Həqiqətən, gözəl rubrikadır, çox şad oldum. Poeziya Ədəbiyyatın bir qoludur, amma Səmanın dünyasında isə işıqdır. "Qeyb olan uşaqlıq" romanımda da keçidlərdən istifadə edərək qələmə almışam, düşünürəm ki, yazılan şeirlərin də keçidi elə misralardır. Şeirin misraları şifrə kimidir, açılması isə çox çətin. Ruhumun səsini dinləyərək ilk  söyləyəcəyim şeir Bəxtiyar Vahabzadənin "Yaman darıxmışam" şeiri olar. "Darıxmışam" sözünün mənasını insanlar yalnızca hüznlü, kədərli, yarım qalmış bir gənc oğlanın, yaxud qızın sevgisi adlandıra bilərlər, amma darıxmaq özü də bir gözəllikdir. Bu şeiri seçməyimdə səbəbkar dəyərli biologiya müəlliməm, sirdaşım, müəllimdən ötə rəfiqəm Elnarə Nərimanovadır. 9-cu sinifi bitirməyimə az qalmışdı, müəllimim məndən bu şeiri səsləndirməmi istədi. O vaxtdan qiraətlə də məşğul oluram, amma o sadəcə hobbimdir, bəlkə də, gələcəkdə qələmim kimi onu da inkişaf etdirərəm. Şeir söyləmək mənim üçün ikinci Səma ilə danışmaqdır. O şeiri ona səsləndirib göndərdiyim an etibarilə qərar verdim ki, qabiliyyət imtahanım üçün də bu şeiri seçəcəyəm. 11-ci sinifdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə qabiliyyətə hazırlaşdığım zaman da "Yaman darıxmışam" şeirini seçdim və müəllimim, ustadım Rəşad Səfərov imtahana məni hazırladı. Mənə qabiliyyət imtahanımda da uğur gətirən məhz o şeirin olduğunu düşünürəm və bunun üçün Elnarə xanıma təşəkkür edirəm. Onun ruhu, qəlbi də sənətdir, sevginin bütövləşmiş halıdır. "Ruhu şeir qadın" adlandırıram, çünki şeir bir işıqdır və onun gözlərinə baxanda bu işığı görmək mümkündür. Bəxtiyar Vahabzadəni Mikayıl Müşfiq kimi sevgi şairi adlandırırlar, amma düşünürəm ki, "pıçıldayan ulduzlar" adlansa, daha gözəl olar, çünki onun şeirləri mənim üçün işıqdır, ulduzdur. Eynilə bu şeir də. 

 

Yaman darıxmışam…

(Bəxtiyar Vahabzadə)

 

Yaman darıxmışam səninçün, yaman!

Mən əsir düşmüşəm öz istəyimə.

Nifrəti gizlətmək asandan asan

Sevgini gizlətmək mahalmış, demə!

 

Haraylar yüksəlir könüldən yenə,

Bu necə haraydı, bu necə haydı?

Öhdəmdən gələrdim… gözüm üzünə,

Qulağım səsinə darıxmasaydı…

 

Yaman darıxmışam… Bu nədir yenə

Ağlım sağa baxır, ürəyim sola.

Ürəyim dönübdür göy göyərçinə

Qonub sən gedəli sən gələn yola.

 

Yaman darıxmışam… Hər axşamçağı

Arzumu günəşin telinə sardım.

Mənimlə olsaydı, mən darıxmağı

Zamana en uzun ölçü sanardım…

 

Yuxuma gəlmişdin… Qısıldıq küncə

Danışdıq… Yel əsdi… Dağıldı dərd-qəm.

Kölgəyə dönmüşdüm, səni görüncə

Sənin işıgında yox oldu kölgəm…

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.