Tələbə adını qazanmamısınızsa… Featured

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Bu gün hər kəs nə isə qazanmaq üçün sanki bir-biri ilə yarışa girib. Biri yaxşı bir işə, biri kollecə, digər biri isə ali məktəbə girmək üçün yarışıb durur. Bir-birindən xəbərsiz yarışa girən bu insanların mücadiləsi olduqca çətin, həssas və önyarğılı olur bəzən. 

 

Bu günlərdə çoxluğun xüsusi diqqət göstərərək yarışdığı sahələrdən biri də təhsildir. Təhsil bizim mənəvi qazancımız, əqli mülkiyyət potensialımızdır. Bəzən düşünürük ki, tələbə adını qazana bilmiriksə bizdən heç nə çıxmaz və yaxud heç bir işdə nailiyyət əldə edə bilmərik. “Dell Computer Corporation” şirkətinin qurucusu Maykl Dell, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zükerberq və Rusiyanın ən böyük hava limanı olan Domodedovonun sahibi Valeri Koqanın ali təhsili olmasa da, öz bacarıqları sayəsində nüfuz sahibiidilər. Bu məşhurların arasında elələri də vardır ki,orta məktəbə belə getməyiblər. İlk elektrik lampasının ixtiraçısı Tomas Edison, “Böyük ümidlər”, “İki şəhərin hekayəsi” kimi dünyaca oxunaqlı kitabın müəllifi Çarlz Dikkens, uşaqlıqda “Tom Soyerin macəraları” ilə könlümüzü fəth edən yazıçı Mark Tven, “Həyat eşqi”ni bizə aşılayan Cek London və ABŞ prezidentləri Qrover Klivlend, Avraam Linkoln, Corc Vaşinqton məktəbə getməyənlər və yaxud bitirməyənlər sırasında yer alıblar. 

 

Belə olan halda nə etməliyik?

Respondentlərin 87 faizi təcrübəyə üstünlük versə də, işə qəbul zamanı diplomun olub-olmamasına nəzər yetirilir, operativ yaddaşa, zəngin biliyə və təcrübəyə əsaslanan diplomlu əməkdaş bu vəziyyətdə “qazanılmış immunitet” rolunu oynayır. Bu cəhətdən də diplom tək bilik göstəricisi yox, onu qazanan şəxsin məqsədyönlülüyünün, stabilliyinin reputasiyasına çevrilir.

 Ali təhsil insanlara bilik və bacarıq verməklə yanaşı, sistemli düşünməyə və məsuliyyətli olmağa təşviq edir. Bu o demək deyil ki, ali təhsili olmayan şəxs məsuliyyətsiz və bacarıqsızdır. Bunun üçün o, müstəqil şəkildə mütaliə etməli, özü üçün zəngin kitabxana formalaşdırmalı və dünyagörüşünü artırmalıdır. Bilik və təcrübə hər zaman insanın karyerasında həlledici amildir. Orta məktəbi aşağı qiymətlə bitirib, dəfələrlə cəhd edib sonda uğurlu nəticə əldə edərək ali təhsil alan insanlarla yanaşı, 2 ali təhsil alıb özünü heç zaman sübut edə bilməyən insanlar da var. Ekspertlərin fikrincə, ali məktəblərdə əldə edilmiş biliklərlə iş yerlərində qazanılan bacarıqlar birləşdirilə bilsə, tələb olunan mütəxəssislərin hazırlamasına böyük stimul yaranar.Artıq dünyanın əmək bazarında “frilanser” dövrünün dominantlığı başlayır. Frilanser ştatdankənar işçi və yaxud sərbəst işçidir. Adətən, tövsiyə olunur ki, kim özünü hansı ixtisas və yaxud peşədə görürsə, işləyə-işləyə oxusun və yaxud da oxuya-oxuya işləyib təcrübə qazansın. 

 Bu gün əksəriyyət gəncin ali təhsil almaq məqsədi yüksək eşalonlarda iş yeri əldə etmək arzusudur. “Oxu ki, yaxşı işin olsun!” devizi hər bir ailənin prioritet göstəricisidir. Lakin giqonomika(qısamüddətli müqavilələr iqtisadiyyatı) şəraitində bu deviz özünü doğrultmur. Artıq həm şirkət əməkdaşları, həm də işlək əhali qısamüddətli müqaviləli işlərə yönəlir ki, bu da daha az zaman sərf etməklə daha çox məvacib qazanmağa səbəb olur.

 

Bilik, yoxsa təcrübə?

Bilik və təcrübə harmonik şəkildə bir-birinitamamlasa da, bəzi hallarda mütənasiblik pozulur,gah bu, gah da digər tərəfə meyil edir. Düşünək ki, ali məktəbi yenicə bitirmiş bir tələbənin savadlılığı maksimum, təcrübəsi və praktikası isə sıfır səviyyədədir. Digər tərəfdə isə təcrübəsi kifayət qədər zəngin uğurlu əməkdaş dayanıb, lakin onun da diplomu yoxdur. Bu vəziyyətdə təcrübə tərəfdarları olan ekspertlər hesab edir ki, iş arsenalında 75 faiz təcrübə, 25 faiz savad hədəf götürülür. Kadr nə qədər savadlı olsa da, təyinat aldığı sektorda bu biliklərə yenidən nəzər salınır, modernləşdirilir və yeni təcrübə tətbiq edilir ki, fərqli məsələlərin öhdəsindən gələ bilsin. “Headhunter”in hesablamalarına görə, bir çox hallarda təcrübə amili savadı üstələyir. Çünki savadı təsdiqləyən sənədin əhəmiyyəti bir çox hallarda süni surətdə şişirdilir. Və çox zaman şahidi oluruq ki, diplom evlərdə istifadəsiz kağız parçası kimi heç bir işə yaramır və yaxud diplomda ixtisası Hüquqşünaslıq olsa da, özü marketinqlə məşğul olur. 

 

Bu vəziyyətdə nə təklif olunur?

Sadaladığımız bütün bu nailiyyətlərin başında oxumaq durur. Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsərində sivilizasiya yolu ilə ziyalıların xalqı oyandırmasından, bugünkü fin mədəniyyətinin, təhsilinin inkişafından, bütün sahələrdə uğur qazanmağın yollarından bəhs edir. Böyük türk lideri Mustafa Kamal Atatürk bu kitabı oxuduqdan sonra həddən ziyadə bəyənir və göstəriş verir ki, bütün hərbi məktəblərdə bu kitab tədris olunsun və stolüstü kitaba çevrilsin. İllər əvvəl oxuduğum “Sol ayağım” adlı kitabda müəllif Kristi Braunun bütün bədəni iflic olmuş, lakin anasının inam və əzminin verdiyi cəsarətlə bir tək sol ayağının barmaqlarını tərpədə bilmiş və sol ayaq barmaqları ilə dünyaya meydan oxuyacaq əzmkarlıq nümayiş etdirmişdir. O, zehnini doyurmağı qarnını doyurmaqdan üstün tutmuşdur. Avstraliyalı motivator, yazıçı, vaiz Nik Vuyçiç də Kristi Braundan fərqli həyat yaşamayıb. Anadangəlmə əl və ayağa sahib olmayan Nik bu gün dünyanın 100-dən çox ölkəsində təlim keçir, insanları mütaliəyə və həyatı sevməyə, özünü daim həyatda sınamağa cəhd etməyi təbliğ edir. O, təlimlərin birində deyirdi: “Heç vaxt inamını və inanclarını əməllərinlə sübut etmək fürsətini əldən verməməlisən. Çünki sən kiməsə təsir göstərə biləcək son insan ola bilərsən”. 

Zaman ötdükcə nəsillər dəyişir yeni cəmiyyət özü ilə yeni istəklər gətirir. Hər nəsil özü ilə birlikdə yeni anlayışlar, yeni ehtiyaclar və yeni arzular gətirir. Texnologiyalar bir-birini göz qırpımında əvəzləsə də, mütaliəyə olan tələb bütün zamanlarda aktual qalır. Elə müqəddəs kitabımız olan “Qurani-Kərim” də bizə olan ilk “Oxu!” əmri ilə başlayır. Vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca sanki rayihəsini duyduğumuz kitablar bizim gələcək təminatçımız, bilik mənbəyimiz deyilmi? Kitab oxumaq da bir bacarıqdır. Bu bacarıqlarımızı inkişaf etdirsək, bütün qapılar üzümüzə açılacaq, yolumuz daim aydınlanacaq. Qarşımızdakı insana nəyi necə çatdıra biləcəyimizi bizə oxumaq vərdişləri aşılayır. Məşhur alim Albert Eynşteyn deyirdi ki, əgər sənə restoranda xidmət göstərən ofisianta “nisbilik” nəzəriyyəsini izah edə bilmirsənsə, demək problem səndədir.

 

Övladlarımızla dost olmağı bacaraq

İlk növbədə, valideyn olaraq öz övladlarımızı qınamamağa çalışaq. Qəbahəti onlarda yox, özümüzdə axtaraq. Biz onları necə tərbiyə ediriksə, onlar da elə yetişir. Övladlarımızla dost olmağı bacaraq, nəinki valideyn. Onların ruhdan düşməsinə imkan verməyək. Əzmini artıraq və onlara əminliklə deyək: “Biz sizə inanırıq, siz bacararsınız”. Yunan mütəfəkkiri Sokrat ömrünün sonuna kimi meydanlarda həyatın gözəllik və gerçəkliklərini gənclərə aşıladı. Niyə hərəmiz bir Sokrat olub onlara səmərəli məsləhətlər verməyək. Məhz elə ilk məsləhətimizdə bu olsun: Tələbə adını qazanmamısınızsa bacarıqlarınızı inkişaf etdirin və heç zaman ruhdan düşməyin!

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.