Bu gün tanınmış yazıçı, qəzəlxan, dramaturq, ssenarist İlqar Fəhminin doğum günüdür. Əfşan Yusifqızı öz yazısında bu günü xüsusi çalarlarla vurğulayıb, “Ədəbiyyat və incəsənət” portalı həmin yazını təqdim edir.
“On qadını bədbəxt elyə bilən kişi lazım olanda bir qadını da xöşbəxt eliyə bilmir... Bəlkə bacarmır... Bəlkə də heç istəmir...
Amma baçarmasa da, heç olmasa istəsin..."
Bu gözəl kəlamın müəllifi 2012-ci ildən bu yana oxucusu, izləyicisi olduğum Yazıçı-qəzəlxan Ilqar Fəhmidir.
Bu gün şairin təvəllüd günüdür. O, bu dünyaya söz demək üçün gəlib, ona görə qarşı tərəfdən də söz umur, əsl söz:
"Bir söz de mənə, ey gözü yaşlım,
nəsə bir söz,
Qəlbimdən axan qanımı
bəlkə kəsə bir söz"
İlqar Fəhminin bütün beytlərini ayrılıqda ən mənalı aforizm kimi işlətmək olur və mən həmişə lazımlı yerlərdə müqəddəs deyim kimi istifadə edirəm misralarından:
"İnam uşaq kimiymiş - gözü yaşarsa,
Öpüb sığallamaqla - ovutmaq olmur…"
Sözün gözəlliyindən əlavə özünəməxsusluğu, xoş ahəngi də oxucunun ürəyini titrədir.
"Yanımda sən yox idin, ondan ötrü böylə dolub,
Kağız çiçəklər ilə laləzarı gəncliyimin."
Şairin hansı qəzəlini, şeirini oxusam orda ürək döyüntüsü hiss edirəm və bəzən özümün ürəyimdən keçən fikirləri oxuyuram:
"Mən sənin sevgini hara qoymuşam?
Heç cürə yadıma sala bilmirəm"...
Mən öz sosial şəbəkə hesablarımda həmişə İlqar Fəhminin beytlərini paylaşıram. Bəzilərini əzbər də bilirəm. Hərdən fb xatırladır həmin qəzəlləri...
Bu gün də hər il yazdığım təbrik şeirlərini xatırladıb, çox sevdiyim şeirləri ilə təbrik yazmışam. İndi həmin şeir, qəzəllərdən sevdiyim misranı, beytləri yığdım ki, söz məndən inciməsin). Şairin yaradıcılığı ahənrüba kimi çəkir oxucunu...
Hər yağış yağanda pıçıldadığım bu misraları necə sevməyəsən:
"Insan deyiləm, indi bunu
anlamışam mən,
Eşq adlı buluddan süzülən
bir yağışam mən,
şıltaq yağışam mən.
Yağdırsa da çirkabə məni
qarə buludlar,
Qəlbimdəki şəffaflığımı
saxlamışam mən,
çünki yağışam mən"
Və, bir də dilimdə məsələ dönən təngnəfəs kəlmələr:
"Qapını döyən qonaq yox, ölümsə,
Qonaq kimi qəbul et, gülümsə!
*
Bərbəzəkli sözləri, təmtəraqlı cümlələri sevmədiyimdən öz sadə dilimdə, ürəyimdən keçənlərlə sizi Təbrik edirəm, şair. Sağlam və bərəkətli ömür arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(19.08.2024)