“Ədəbiyyat və incəsənət” portalı Asif Rüstəmlinin Şahin Fazilin vəfatı ilə bağlı yazısını təqdim edir.
Can cəzaya dözəcək,
Qəlb bəlaya dözəcək,
Ruh cəfaya dözəcək
Bəlkə bədən dözmədi!
Çox təəssüf ki, Şahin Fazilin “Bəlkə”si doğru çıxdı. Ötən gün səhər sosial şəbəkələrdə yayılan acı ruzigardan bəlli oldu ki, şairin bədəni cəfalara, bəlalara dözməyib. İnsanda ən dözümlü olanı ruhdur. Ruhu şad olsun!
Şahin Fazil tarixlə ədəbiyyatın qovşağında yaşayıb, yazıb-yaradırdı. Tarixi əsərlərində poeziyanın şirinliyi, rəvanlığı, cazibədarlığı yurd-yuva salmış, şeirlərinə isə tarixin dərin qatlarından gələn sirli-sehirli səslər hopmuşdur.
Şairlə hər görüşəndə onu bir bənd şeiri ilə salamlayırdım:
Bağışlasın oxucu,
Sındı qələm, yox ucu.
“Çaldıran”ı yazmağa,
Mənə gərək ox ucu...
Fikrimcə bu bənddə şair qələmin kövrəkliyindən (keyfiyyətsizliyindən) daha çox mövzunun ağırlığından, bəlanın, cəfanın dözülməzliyindən şikayətlənirdi. O, “ox ucu” ilə elə bir əsər yazmaq istəyirdi ki, bir də eyni soydan, kökdən, əqrəbadan olan iki dövlət bir-biri ilə “Çaldıran” rəzalətini yaşamasın.
Onunla 1999-cu ildə İraqın Bəsrə şəhərində Mərbud poeziya festivalında bərabər olmuşduq. Səmimiyyəti, səliqəsi, poetik duyumu, təmkini, fəzilətləri ilə həmişə diqqət mərkəzində olurdu. Maraqlı müşahidələri, bənzərsiz qənaətləri ilə həmkarını heyrətə salardı. Bu ilin mayında sürət qatarı ilə Gəncəyə getmişdik. Mehmanxanada otaqlarımız üz-üzə idi. Mərbud sərgüzəştləri ilə bağlı xatirələr, ərəb şairlərinin bədahətən söylədiyi şeirlər, rastlaşdığımız hadisələr yada düşdükcə xəyalın qanadlarında 25 il əvvəlin Bəsrəsinə səyahət etdik...
Gəncədə yeni yaradılmış müasir, modern Dünya məktəbi ilə tanış olduq. Qəzənfər Paşayev kitablarını məktəbə hədiyyə etdi. ...Şahin müəllim də “Dördüncü Divan”ını mənə bağışladı. Onunla tezliklə görüşməyi vədələşmişdik. Təəssüf ki, qismət olmadı...
“Ədəbiyyat və incəsənət”
(20.08.2024)