Marmaris və Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü” keçiriləcək Featured

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, Azərbaycan dilinin təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsi məqsədi ilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr reallaşdırılmaqdadır. 

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə cari il 29 - 31 avqust tarixlərində Türkiyənin tarixi və turizm bölgələri olan Marmaris və Antalya şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin keçirilməsi nəzərdə tutulub. 

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 29 avqust tarixində ənənəvi olaraq Marmaris şəhərində açıq havada altı min nəfərlik qədim amfiteatr səhnəsində keçiriləcək “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı ilə başlayacaqdır. 

Konsert proqramında Azərbaycan və Türkiyə sənətçiləri birgə iştirak edəcək, hər iki ölkənin musiqiləri, rəqsləri təqdim ediləcəkdir. 

Cari ilin 31 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin davamı olaraq Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqre Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgi reallaşdırılacaqdır. 

Sərgidə Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətiriləcək qadın baş geyimi - tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunacaq, habelə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi tədbir iştirakçılarına təqdim olunacaqdır. 

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində Antalyada Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunacaqdır. 

Konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdarartistləri Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc azərbaycanlı müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova milli misiqilərimizi, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi ifa edəcəklər. 

Azərbaycan nümayəndə heyəti - incəsənət ustalarının Antaliya televiziya kanalının qonağı olacaq, Azərbaycan-Türkiyə qardaşlığına dair musiqili veriliş təşkil olunacaqdır. 

Tədbirlər çərçivəsində Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalyadakı Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin təşkili məsələləri müzakirə olunacaq, Universitet kitabxanası, habelə Marmaris və Antalyanın aparıcı kitabxanalarına Azərbaycana dair nəşrlər hədiyyə olunacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.