“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Şəhriyar İsmayılzadə
İsmayılzadə Şəhriyar Əkbər oğlu 7 iyul 1994 - cü ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində sadə zəhmətkeş bir ailədə dünyaya göz açıb.
Hacıqəhrəmanlı qəsəbəsi 12 saylı tam orta məktəbin 11 - ci sinfini bitirib. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. 27 sentyabr 2020 - ci il tarixində ll Qarabağ müharibəsi başladıqda torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Şəhriyar ailənin sonbeşik övladı idi. Çox cəsur, mərd, zəhmətkeş övlad olub. Zəngilan, Qubadlı, Füzuli, Şuşa şəhərlərinin alınmasında qəhrəmancasına vuruşub. 8 noyabr tarixində günorta saatlarında Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub. Şəhidimiz 10 noyabr 2020 - ci il tarixində Şirvan şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Əsgər Şəhriyar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Salam, “Cəsur döyüşçü”
Medalı alan şəhid.
Vətənə dönən şəhid,
Tarixdə qalan şəhid.
İndicə oxumuşam
Sənin əsgər yolunu.
Sənin döyüş yolunu,
Sənin zəfər yolunu.
Sən evin sonbeşiyi,
Zəhmətkeş, mərd olmusan.
Dosta ürəyi yanan,
Düşmənə sərt olmusan.
Olmusan döyüşlərdə,
Ön səngərin igidi,
Zəngilandan Şuşaya,
Haqq zəfərin igidi.
Eşq olsun sənin kimi,
Qəhrəman oğullara,
Zəfər tariximizə,
İmzasın atanlara.
Dırx dörd günə aldınız,
Tarixi yurdumuzu.
Göylərə yüksəltdiniz,
Qələbə ordumuzu.
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)