Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün dünyaya gəlmiş ədiblər sırasında bir ad da var, Seyfəddin Dağlı. Yaşlı nəsil vurğulayır ki, onun “Kəcil qapısı” adlı bir romanı olub ki, yüz minlərlə oxucusu olub.
Seyfəddin Əliağa oğlu Abbasov (Seyfəddin Dağlı) 1921-ci il avqust ayının 21-də (bəzi mənbələrdə 27-də) Abşeronun Xızı kəndində anadan olmuşdur. 1927-ci ildə Bakıda yeddiillik məktəbi bitirdikdən sonra N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində təhsil almışdır. Tələbə ikən “Kommunist” qəzeti redaksiyasında müxbir, ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində işləmişdir.
1941-1956-cı illərdə Sovet Ordusunda xidmət etmiş - avtomexanik, “Ordu” qəzetində ədəbi işci, “Diviziya” qəzetinin redaktoru olmuşdur. Sovet ordusunun tərkibində İrana getmiş, sonra Moskvada Hərbi Akademiyaya qəbul olunmuşdur. Təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra həm jurnalistlik, həm də yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, “Bakı” telestudiyasının direktoru və sədr müavini, “Kirpi” satirik jurnalının baş redaktoru olmuşdur.
1965-1973-cü illərdə Bakı zəhmətkeş deputatları Sovetinin X, XI, XII, XIII, XIV çağırışlarında deputat seçilmiş, 1976-cı ildə “Azərbaycanfilm” kinostudiyasında ssenari redkollegiyasının üzvü, 1980-ci ilin may ayından ömrünün sonuna qədər “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışmışdır.
Yaradıcılığa şeirlə başlasa da sonralar bunu ardıcıl şəkildə davam etdirməmişdir. Onun satirik şeirlərindən bəzilərinə hətta musiqi də yazılmışdır. Bunlardan bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu “Çayçı” mahnısı çox məşhurdur. Sonralar respublika dövri mətbuatında çap etdirdiyi felyetonlarla yaradıcılığa davam etmiş, İkinci Dünya müharibəsi dövründə felyetonları və satirik hekayələri “Vətən uğrunda” jurnalında, “Ədəbiyyat qəzeti”ndə və Təbrizdə “Vətən yolunda” adlı hərbi qəzetdə çap olunmuşdur.
1948-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı “Dəniz kəşfiyyatçısı” adlı ilk kitabını sonralar isə “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” kitablarını nəşr etdirmiş və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Əsərləri rus və digər xarici dillərə tərcümə olunmuşdur. Yazıçının dram əsərləri “Adı sənin, dadı mənim” (1963), “Aydınlığa doğru” (1965), “Mənziliniz mübarək” (1971), “Təzə gəlin” (1975), “Kölgələr pıçıldaşır” (1976) respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuşdur. “Bahar kimi solmaz” (1979) ədəbi ssenarisi əsasında film çəkilmişdir.
Seyfəddin Dağlı 1983-cü il yanvar ayının 18-də vəfat etmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)