Xatirələrdə yaşayır…- OSMAN SARIVƏLLİNİN OĞLU BABƏK BARƏDƏ Featured

Qəzetimizin poçtuna Sənətşünaslıq elmləri doktoru, professor, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, Türk Xalq Musiqisinə Xidmət mükafatçısı İlqar Cəmiloğlu İmamverdiyevin görkəmli Azərbaycan ədibi, Xalq şairi Osman Sarıvəllinin oğlu Babək Osmanoğluya ithaf etdiyi yazısı daxil olub, yazını təqdim edirik.

 

 

“Qoydu məhəbbətin qəlbimdə təməl...” - Bu misranı xatırlayanda xəyalım bir anlıq keçən əsrin 63-cü illərinə güzar etdi, atam Cəmil Əkbərin Kəlbəcəri ziyarət etdiyi zaman bir xoş təsadüf nəticəsində Dədə Şəmşirlə İstisuda tanış olması ağlıma gəldi. Bir həftəlik bu mübarək gündə ata-oğul səviyyəsində bərq vuran səmimi münasibətləri və bir həftədən sonra ayrılıq anlarında Cəmil Əkbərə “Gedirsən” rədifli xiffət ruhlu şeirini təqdim etmişdi.

 

Qoydu məhəbbətin qəlbimdə təməl,

Fərhad olub külüng çalıb, dağı dəl!

Hərdən də Şəmşiri yadına sal gəl,

Doluxdurub sənətkarı gedirsən.

 

Bu misra 60 ildir ki, ömrümə həkk olmuşdur. Dostluğun, səmimiyyətin ekstaz anıdır ki, bu gün də Babək müəllimin anım məqaləsinə başlıq seçdim. Heç unuda bilmirəm bu ayrılığı. Sən demə görüşüb ayrılmaq bir daha görüşmək üçün bir növbəti ümiddir. Fəqət əbədi ayrılıq daha birdə görüşməmək demək imiş əziz oxucularım. Xudahafiz deyəndə bir daha görüşə bilmək ehtimalıya o ola bilir bəzən, ya da bu niyyət gerçəkləşmir heç zaman. Türkiyədə Allaha əmanət ol təbiri isə ya qismət təkrar görüşüb görüşməmək bir də nəsib olarmı görəsən, anlamını ifadə etməkdədir. Həyatda sağ ikən iki dostun cismani olaraq ayrılması səbəbi ilə inş Allah görüşməyi nəsib etsin də deyirlər bəzi məqamlarda. Anadoluda isə qısaca “görüşərik” deyə ayrılırlar. (Son dönəmlərdə isə çağdaş günümüzdə leksikonumuzda yer alan səmimiyyətsiz kəlmə təəssüf ki, daha çox məni əsbləşdirir “Bay-bay” deyildiyi zaman.) Bu ayrılıq təkrar görüşmə ümidini yansıdır.Ən səmimi dostluğun iflasa uğraması isə mənəvi cəhətdən əbədi ayrılığın, haqq dünyasına rəvan olmasının təbil zəngidir mənim nəzərimdə. Bir daha görüşə bilməməkdir, qovuşa bilməməkdir sən demə.Bax beləcə iyun ayının doqquzu gələndə xatirələri birər-birər yadıma düşər, xəyallara dalaram. Bu tanınmış alimimiz haqda daha nə deyə bilərəm deyə dərdlə-qəmlə çuğlaşmış qarışıq fikirlərə qapılaram, dəyərli oxucularım. Çünki Babək Qurbanov fenomeni onu yaxından tanıyanlar üçün, nisgil oldu 2019 ilin martın 28-dən bəri. Anadan olduğu gün isə təəssüf ki, hələ də 26 iyul kimi Vikipediada yer almaqdadır, hətta yanlış olaraq Türkiyədə haqqın rəhmətinə qovuşduğu qeyd edilmişdir.(Əslində isə Bakı şəhərində haqqa qovuşub.İ.İ.)

Bir neçə dəfə yetkililərə bu yanlışlığı düzəldə bilməsində imkanlarını səfərbər etmələrini xahiş etsəm də, hələ ki, düzəldilməsinə müvəffəq ola bilməmişəm, nə yazıq ki. Elm cameəsində öz sahəsinin qüdrətli alimi idi, tədqiqatçı idi, gecə-gündüz, usanmadan, bezmədən araşdırma ilə məşğul idi.Yaradırdı, qururdu təzə əldə etdiyi elmi fikirləri ilə.Tələbələrinə əhatəli, dolğun məlumatlar veridi, elmi cəhətdən zənginləşdirməyə çalışırdı vəfalı tələbələrini.

Çünki bir ziya nurunun mənbəsi - günəşi idi Babək Osmanoğlu. İşıq salırdı səxavətlə, təmənnasız, öz atəşində elm yolunda alışırdı daima, yanıb qovrulurdu bilgilərini etibarlı tələbələrinə, məsləkdaşlarına, əhatəsində fəaliyyət göstərdiyi müəllim dostlarına təqdim etmək üçün. Təcrübəsinə dayanaraq doğru yönləndirirdi müdrikanə fikirləri ilə, yol göstəriridi hər kəsə. Hatəm səxalı bir insan idi Babək müəllim.Səmimi sözləri ilə, bilgisi ilə, düşüncələri ilə, elmi ilə.Əsla doymazdı bu məramı ilə.Tələsirdi ki, daha neçə aktual fikirlərini təqdim etmək, ərmağan etmək üçün.Yetişdirdiyi tələbələrdən ilham alırdı, fəxr edirdi, qürurlanırdı. Çünki tayı bərabəri çox az idi Babək müəllimin mən tanıdığım şəxslər pedaqoqlar, sənət aləmində xidmət göstərənlər arasında. Çünki bir gəldi pir getdi, xoş gəldi naxoş getdi, xəstəliyi səbəbi ilə aramızdan ayrıldı, sıramızdan perik düşdü heyif. Sədd heyif deməklə özümü ovutmağa çalışıram. Ovuda bilmirəm təəssüf ki, xatirələr gözümün önündə bir daha cəryan etməkdə, sanki film kimi görüntülü səsləndirilməkdədir minor tonallığında.Səmimi olduğu üçün səmimiyyətini şəxsi münasibətlərdə hər zaman qoruyub saxlamaqda idi.Sözünün dəyərini, qiymətini, kəlməsinin yerini-yatağını bilən idi Babək müəllim.Mənasız sözlərdən çox uzaq idi Babək müəllim.Hər fikrində bir məna bərq vurardı təsirli, ətgiləyici mübarək sözləri ilə yoğrulmuş cümlələri ilə.Çünki məhz yaranışdan belə dünyaya qədəm qoymuşdu, tərbiyəsi, alicənablığı, etikası, səmimiyyəti ilə. Əxlaqın canlı örnəyi idi bizim üçün.Yanında olduğun zaman özümü rahat hiss etməklə yanaşı böyük məsuliyyət daşıyırdım, sözümdə, hərəkətlərimdə. Rəftarıma diqqət etməyə çalışırdım ki, birdən inciyə bilər.Könül aynasını toxunub sındıra bilərəm deyə.Çox həssas olduğu üçün ehtiyatla yanaşırdım, hər kəlməmdə, hər cümləmdə.Qəlbini qıra bilərəm deyə çox ehtiyatla hərlənirdim bir pərvanə kimi zəklı başına, ağıllı başına, zəngin bilgilər xəzinəsinə.Yeri ürəyimizdə boş.Xəyallarım çaşbaş qaldı, fikir və düşüncələrim isə perik düşdü Babək müəllimsiz.

Əsl dost, qardaş həyatda sağ olduğu zaman dəyər verən insanların qəlbində istər-istəməz xatirələrə dönüşür zamanla. Çünki könül xanimanı adlı daxılına damla-damla ülvi anlar yığılıb səf-səf düzülərək hekayəyə dönüşür illərlə.Bu hekayəni səsləndirdikcə bir anlıq gözlərimiz önündə yenidən canlanır olub keçmiş ülvi anlar.Öz-özünə əmin olursan ki, bu dünyada dəyərli insanların əhatəsində yaşamağa dəyərmiş.Çünki mənalı anlar yaşamısan deyə əmin olursan.Peşiman olmursan keçən ömrünə heyfslənmirsən.Babək Qurbanov belə nadir insan idi mənim üçün. Mənim könül dünyamda  unudulmaz izlər buraxıb Babək Qurbanov adında bəni insan övladı. Abırı, həyası, nuru ilə ömrümü naxışladı, türk təbiri ilə desək süslədi, zənginləşdirdi mənəviyyat dünyamı.İndi isə xəyallar ağuşunda yaşamımı sürdürməkdəyəm.Peşiman da deyiləm.Çünki Dədə Şəmşir, Cəmil Əkbər, Babək Qurbanov adında ziyalılıq timsalı, nurlu ağsaqqallarım, böyük ustadlarım, yol göstərənlərim olub. Təməlim Dədə Qorqudsayağı bu müdrik insanların şəxsində  qurulub, mayam onların xeyir duası ilə yoğrulub. Məcazi anlamda onların mübarək əllərindən zəmzəm suyu içib ərsəyə gəlmişəm.Mayam pak, ruhum safdır onların ruhu qarşısında.Ruhları şad olsun Babək müəllim kimi, Cəmil Əkbər kimi, Dədə Şəmşir kimi insanların şəxsində.İnsanlıq təlqin etdilər, xeyirxahlıq aşıladılar qəlbimə.Ruhum onların timsalında zənginləşdi.Pərvəriş tapdı, qanadlandı insanlıq dünyasının asimanında havalandı.

 

***

Prof.Dr.Şəhrabanı Allahverdiyeva

Adıyaman Üniversiterti

Fən Ədəbiyyat Fakultəsi

Türk Dili və Ədəbiyyatı Bölümü

 

«Hörmətli alimimiz professor Babək xoca ilə 2009-cu ildə Osmaniyənin Düziçi rayonunda “Qaracaoğlan Saz Yarışması” günlərində görüşüb tanış olmuşduq.  O vaxtdan ünsiyyətimiz ömrünün sonuna kimi davam etdi. Mən Babək xocaya və İlqar xocaya Gazax şivəsi ilə “qağa” deyirdim. Babək xoca böyük qağam, İlqar xoca isə kiçik qağam idi. Bu söz bizim zonaya aid olduğu üçün çox xoşlarına gəlirdi “qağa”  kəlməsi.  Konfranslarda və  xüsusi günlərdə telefonla mütəmadi olaraq əlaqə saxlayıb hal-əhval tuturduq. Babək xocanın səliqəli, ütülənmiş qəşəng  libasını, qara qaşlarının altında gülər üzünü, mənalı baxan qara gözlərini heç vaxt unutmuram. Onları (professor İlqar Cəmiloğlu ilə  birlikdə) bir neçə dəfə çalışdığım Adıyaman Universitetinə də seminar vermək üçün dəvət etmişdim. Hər gəldiklərində ürəyimdə unudulmaz xatirələrlə iz salırdılar. 2 mart2017-ci il tarixində Universitetimizdə Xocalı Soyqırımı ilə bağlı konfrans təşkil etmişdim. Hazırlıq işləri tamam olduqdan sonra məruzəçilər səhnəyə çıxdılar. Tədbir 14.00-da başladı. Sözün giriş qisminə başlamışdılar ki, 14.07-də  qəfildən 5,5 bal gücündə zəlzələ hadisəsi baş verdi. (Adıyaman zəlzələ bölgəsi olduğu üçün ara-sıra 4-5 bal gücündə zəlzələlər olur.) Zəlzələnin təsiri ilə bütün zal bir anda boşaldı. Hamı canını xilas etmək üçün “yarışa girib” özlərini həyətə atırdılar.  Bu minvalla zalda bir neçə azərbaycanlı müəllim qaldı. Buna rəğmən Babək xoca səhnədə oturub Xocalı ilə bağlı soyqırımı anlatmaqda davam edirdi. Bu zaman rektorluqdanəmr gəldi ki, “səhnəni təcili boşaldın!”  Amma Babək xoca ilk çıxışcı olaraq Xocalı qətliamını anlatmaqda davam edirdi.  Az  sonra işıqlar söndürüldü və Gaziantep Konservatoriyasından dəvətli məruzəçilər çıxışlarını yarımçıq bitirmək məcburiyyətində qaldılar. Babək müəllim və İlqar müəllim rektorluqdan gələn əmrə əsasənseminarını tamamlamadan çarəsiz qalıb universitetin kampüsünə çıxdılar. Babək xoca bu səbəblə də belə dedi: “Elə bir nitq söylədik ki, yer, göy titrədi, zəlzələ baş verdi” deyərək zarafatla bu olayı dəyərləndirdi.Babək xoca ilə hər dəfə görüşəndə ??onun yumoristik, zarafatyana söhbətləri ilə qəlbimiz sevinir, könlümüz şad olurdu.Babək müəllimlə bağlı xatirələrim bitib tükənməzdir. Onunla tanış olduğumu ömrümün əlamətdar günü kimi dəyərləndirirəm. Babək müəllimlə  eyni gündə, 9 iyunda anadan olduğum üçün istər-istəməz hər zaman nurlu üzü, səmimiliyi, təbiiliyi ilə xəyalımda canlanaraq qəlbimdə yaşayır. Allah rəhmət eləsin, məkanı cənnət olsun qohumum, böyük qağam Babək Osmanoğluna.»

 

***

Prof. Dr. Cengiz Alyılmaz

Bursa Uludağ Universiteti Fən -Ədəbiyyat Fakültəsinin müəllimi,

Türk Dil Qurumu Elmi Komitəsinin üzvü

 

 «Fanatik çalışması ilə Türk dünyasının birliyi vəbütövlüyü yolunda fövqəladə qeyrət sərf edən, bütün çətinliklərə rəğmən qələm fəaliyyətinibir an dayandırmayan, Prof.Dr. Babək Osmanoğlu Qurbanov, Azərbaycanın yetişdirdiyi məşhur estetikçi, filosof, musiqişünas, sənətkar təbiətli, şair ruhlu alimlərdən biridir. Əsl Azərbaycan Türkü olan professor Babək Osmanoğlu xalqımıza ərməğan etdiyi orijinal, tədqiqatları və fundamental elmi əsərləri ilə Türk dünyasının nadir şəxsiyyətlərindən biri olmaqla, öz ölkəsində eləcə də qardaş Türk Cümhuriyyətlərində böyük hörmət qazanmışdır.»

 

***

Dosent Səhər Atmaca (Zəngilanlı)

Sənətşünaslıq namizədi,

Qəhramanmaraş Sütçü İmam Universiteti,

Gözəl sənətlər fakultəsi musiqi bölümü,

dekan yardımcısı

 

«Sənət dahisi, elm fanatiki: Babək Qurbanov.

Dövlətlərin mədəniyyəti, incəsənəti, ədəbiyyatı onların yetişdirdiyi sənətkarların fantaziyası, ürəyi, biliyi alıntəri ilə ərsəyə gələn möhtəşəm əsərlərini ağır maliyə vəsaiti ilə ucaldılmış abidələr kimi dəyərləndirirəm.Bu sənətkarlar yaşadıqları müddətdə lazımi dəyəri görməsələr də, dünyalarını dəyişdikdən sonra vətəni, xalqı üçün etdikləri savab əməlləri, xidmətlər ilə meydana çıxmağa başladı. Babək Qurbanov istər Azərbaycanda, istərsə də Türkiyədə Ərzurum Atatürk Universitetində və Qaziantep Universitetində musiqi və estetika mövzusunda oxuduğu mühazirələrlə minlərlə tələbə, onlarla magistr və doktorant yetişdirmiş xalqımızın iftixar etdiyi əsl elm xadimi idi. 2017 ilində 25-29 aprel tarixində  Niydə Ömər Xalisdəmir Universitetində keçirilən beynəlxalq simpoziumda Babək müəllimlə daha yaxından tanış olmaq fürsəti əldə etdiyim üçün özümü bəxtəvər hiss edirəm. Çox yardımsevər, gülərüz və sevgi dolu ruha, qəlbə  sahib əsl pedaqoq olduğunu deyə bilərəm. Dəyərli müəllimim professor Babək Qurbanovun yoxluğunu hər zaman qəlbimdə hiss etməkdəyəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun.»

 

***

Rəssam Məhəmməd Əliyev

Sənətşünaslıq namizədi,

Qaziantep Universitetiinin

Gözəl Sənətlər Fakultəsi

 

«Prof. Dr. Babək Qurbanovla  2011-ci ildə Qaziantep Universitetində tanış olmuşuq. O, təvazökar xasiyyəti ilə ilk baxışdan tanış olduğu insanlarda xoş təəssüratlar buraxıb. Deyə bilərəm ki, bu ziyalılıq nümunəsi, indiyə qədər gördüyüm ən keyfiyyətli intellektual biliyə sahib zəkalı bir insan idi. O, əllidən artıq kitab və yüzlərlə elmi məqalələr yazıb. Yazı dili aydın, səlist olduğu qədər, zəngin və peşəkar idi ki, oxuyarkən heyrətlənməmək mümkün deyildi. Bu gün təəssüf ki, aramızda yoxdu. Hərdən yadıma düşəndə ??darıxıram, kədərlənirəm, qəmlənirəm. Məkanın cənnət olsun möhtərəm insan.   Allah rəhmət eləsin qiymətli Babək müəllim. Hər zaman nurlu xatirən ürəyimizdə daima yaşayacaq ey nəcib, əziz insan.»

 

Eda Özdemir Kürümlüoğlu Gaziantep

Konservatoriyasının III kurs tələbəsi

 

«Gaziantep konservatoriyasının müəlimlərinin iftixar etdiyi professor, doktor Babək Qurbanovla görüşmək, bu məşhur pedaqoqun tələbəsi olmaq mənə nəsib olmasa da, onu tanıyan müəllimimizin dilindən xoş xatirələrlə zəngin fikirlərini öyrəndikcə çox heyfslənirəm. Tələbə olduğum üçün Babək xocanın bilik və təcrübələrindən faydalanmağı çox  istərdim. Elmə, fəlsəfəyə, sənətə bu qədər önəm verən bu qədər dərin savadlı müəllimi itirdiyimiz üçün çox kədərlənirəm. Kaş onun həyat və bilik fəlsəfəsindən bəhrələnəydik. Allah rəhmət eləsin»

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.