Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
O, bir çoxumuzun yaddaşında bəlkə də ən çox bu replikası ilə qalıb.
Bu gün kino aktiyoru, rejissor, ssenari müəllifi, həmçinin film səsləndirən, mətn oxuyan xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərovun doğum günüdür.
Şahmar Zülfüqar oğlu Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub.
Doqquz yaşında ikən ailəsi Bakıya köçüb. Orta məktəbi bitirəndən sonra O, Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, burada Rza Təhmasibdən dərs almışdır.
Aktyor hələ III kursda oxuyarkən Akademik Milli Dram Teatrına işə götürülüb.
ilk dəfə səhnəyə Şekspirin “Lope de Veqa" tamaşasında çıxıb və bundan sonra müxtəlif tamaşalarda uğurlu rollar ifaçısı kimi tanınmağa başlayıb.
"Ustalar" tamaşasındakı uğuru Adil İsgəndərov diqqətindən qaçmayıb və onu “Azərbaycanfilm” kinostudiyası nəzdində yaratdığı "Kino aktyorluğu" studiyasına dəvət edib. Şahmar Ələkbərov studiyada həm də rejissor kimi fəaliyyət göstərib.
Ali təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılan Şahmar Ələkbərov gələcək həyat yoldaşı Kamilla xanımla da məhz burada tanış olub.
Şahmar Ələkbərovun kinoda ilk işi 1967-ci ildə kinorejissor Kamil Rüstəmbəyovun yazıçı-jurnalist Əhmədağa Qurbanovun “Tikanlı məftillər” povestinin motivləri əsasında ekranlaşdırdığı “Dağlarda döyüş” filmindəki Fərrux obrazı olmuşdur.
Sonuncu çəkildiyi "Qəzəlxan" filminə qədər o, Qəzənfər-Qəqəni ("Yeddi oğul istərəm"), İman ("Axırıncı aşırım"), Məzahir ("Mən ki, gözəl deyildim"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), İbrahim ("Atları yəhərləyin"), Qatır Məmməd kimi bir çox ölməz obrazlara həyat verib.
O, həmçinin radioda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.
Şahmar Ələkbərov 1976-cı ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Aktyor həyatının son ilərini çox ağrılı keçirib. Dişini çəkən stomatoloq onun dilini zədələdiyindən ağzında bəd xassəli şiş yaranıb. Almaniyanın Hamburq şəhərində müalicə olunsa da, nəticə uğursuz olub və 12 avqust 1992-ci ildə, 48 yaşında ikən dil xərçəngindən vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.08.2024)