Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün
Göz ürəyin aynasıdı. Gözəl deyimdi. Bulaq kimi saf, dumduru baxışlarda itib batırsansa, demək istədiyini gözlər deyirsə, o zaman yaşamağa dəyər.
Mən də gözlərindən tanıyıram insanları. Baxışlarından. Hiyləgər, sinsi baxışlardan uzaq olmağa çalışıram həmişə. Lap o baxışların yiyəsi dünyanın ən ali titullarını daşısa da. Axı alim olmaq olar, adam olmaqsa çox çətindi. İnsan baxışlarında gizlədir özünü. Gözlər insanın vizit kartıdı. Mənimçün. Adətən aldanmıram. Hərdən bu gözlər mənim əlimdən tutub işıqlığa da çıxarır. Ümidsizlikdən çəkib qaytarır məni özümə. Zülmətin içində mayak kimi parlayır və öz-özümə deyirəm ki, yaşamağa dəyər.
Bu gün məni qaranlıqdan tutub işığa çıxaran, gələcəyinə böyük ümid bəslədiyim gənclərdən biri - Pərvin Əliyevanı anlatmaq istədim sizə. Daha doğrusu bu qızın baxışları məni dilləndirdi. Baxdım ki, artıq yazıram. Özü də bu dünyanı, bütün pisliklərini və incikliklərini unudub yazıram. Yazanda kiminsə (Alimin, yazıçının, filosofun) fikirlərinə söykənməyi də sevmirəm. Öz fikirlərimə aydınlıq gətirməkçün elə öz düşündüklərimi və hiss etdiklərimi qələmə alıram, vəssalam. Mənim aləmimdə hər fərd özü özünün müəllimi, tənqidçisi olmalıdı. Düşündüklərini ifadə edə bilmirsənsə yazma. Təhlil edə bilmirsənsə, əsaslandırmağı bacarmırsansa, qələmi əlinə götürmə. Yoxsa Kant belə gəldi, Tusi belə yazdı, Dostoyevski belə dedi, Tolstoy belə düşündü və sair ifadələr öz -özünü aldatmaqdan başqa bir şey deyil.
Bax gör sən necə düşünürsən və hansı qənaətdəsən. Müşahidə gücün olsun. Dünyanı, insanları, təbiəti oxumağa çalış. Bacarmırsansa kənarda dayan.
Bu yazı da sırf mənim qənaətlərimdən doğan yazıdı. Bəs Pərvini necə tanıdım? Necə bu nəticəyə gəldim? Əvvəlcə sosial şəbəkədə dostluğa aldım. Sonra yazıları marağıma səbəb oldu. Elə ilk yazısından və ilk davranışından fərqli olduğu qənaətinə gəldim. Bildim ki, bu qız fərqlidi. Yaşıdlarından və şair olmağa çalışanlardan seçildiyini anladım. Daha doğrusu yazıları və davranışları anlatdı özünü.
Gördüm ki, Pərvin təkrarçılıqdan uzaq, özünə, sözünə söykənməyi sevən və bacaran yaradıcı gəncdi. Həm də sözünə güvənir. Kiminsə cığırına düşüb getməyi xoşlamır. İstəyir öz yolu olsun həyatda. Bu yol lap onu uçuruma aparsa da. Qorxaq deyil. Mübarizdi. Mənim aləmimdə nə olursa olsun, hər kəs özü olmalıdı. İnandım ki, bu qız özüdü. Sonra şəkli qarşıma çıxdı. Gözləri məni çəkdi. Tərtəmiz, dumduru. İçimdə bir ümid çiçəklədi. Yanılmadığıma sevindim. Gözləriylə anlatdı bu dəfə özünü Pərvin. Paklandım, duruldum baxışlarında. Bu baxışlarda gizlənən azadlığa tutundum. Özümü tapdım sanki. Baxışlarındakı işıqdan tutub çıxdım aydınlığa. Bu gözlərdən heç vaxt ziyan gəlməz - dedim. Nə dünyaya, nə insanlığa, nə ədəbiyyata. Təki həmişə bu qənaətdə qalım. Nə düşdüyü durum, nə çətinlik, nə uğur Pərvini dəyişməsin. Elə baxışlarındakı aydınlıqda qoruyub saxlasın təmizliyini. Elə bu misralarda olduğu kimi:
İlahi, mən necə də inanıram
Bəzən insanlıqdan da ucalmaq olur.
Bu səbur, bu səbat məni insan edəcək,
Göldə bir atəş səsi tək itəcək.
Pərvin səbrində cilalananlardandı. Bütün adların fövqündə dayanan insanlığın bir ucu da səbrdən başlayır axı. Elə Tanrıya gedən yolun başlanğıcı da səbrdi. Uğurlu tapıntındı. Təptəzə, hələ qatı açılmamış fikirlər adamı tamam ayrı dünyayla üz -üzə qoyur. Durulursan.
Axşam düşdükcə adamı tanış bir hiss--
İntəhasızlıq, tənhalıq hissi bürüyür.
Ayaqlarımız yox,
Bu yer üzündə əzablarımız yeriyər
Qayıtmaq ümidi ilə.
Qayıtmaq hansısa nağılın əvvəlinə,
Sehrli bir aləmə,
Qoşulub uşaq tək oxumaq, oxumaq.
Qaranlığın dibsiz tənhalığında, kimsəsizliyində batırır adamı bu sətirlər. Bu gündən dünənə qayıtmaq ümidiylə gecəni sabahlamaq əzabıyla üz -üzə qoyur adamı bu gənc qız. Yenə öz düşündükləri və yaşadıqları. Səmimiyyətinə tam arxayın edir oxucunu. Baxışlarıyla duyduqları eyni ovqatdadı.
Pərvin sözünün arxasında duran gəncdi. Nə olur olsun sözünün müdafiəçisidi. Fikirlərini müəyyən çərçivəyə salmağı da sevmir. Sərbəstə aşiqdi. Elə azadlığına da. İçinin təmizliyi gözlərinə hopub. Paxıl deyil, amma üsyankardı. Sözə ədalət tərəfdən baxır. Haqsızlıqdan qaçandı. Özü də haqqdan çıxış edəndi. İstedadlıdı. Qədərində. Yazdıqlarına ürək qoyur. Elə bizim yazdıqlarımıza da ürək qoyur(layk əvəzi). Ürəyinə arxayındı. Elə seçiminə də. Saxta deyil. Hər məqamda özüdü. Ona görə də üzünü görməsəm də etibar etdiyim gənclərdəndi. Ədəbiyyata bağlılığı da ürəkdəndi. Zənnimcə oxucuları da elə özü kimi safdı.
Bir nəhəng qələbəlikdə
Səhərlər,
Yollar,
küçələr
adamla dolu.
Qəribə hərarət,
Həsrət,
Həsəd,
Ağrı..
Yaşamaq ümidi ilə
Müdhiş çırpınışda
bir yığın adamın
eyni hekayəsi var.
Bu boyda şəhərdə, bu boyda küçələrdə həsrəti, ağrını, səmimiyyəti, ümidi eyni rəngdə görür Pərvin. Çünki hər kəs eyni ağrıdan, eyni tənhalıqdan, eyni oddan, eyni sevgidən, eyni nifrətdən keçir. Bunu duya bilmək və qələmə almaqsa bir ayrı xoşbəxtlikdi. Pərvin bunu bacarır. Böyük, pafoslu cümlələrdən uzaq dura-dura bacarır həm də. Əsas odu ki, hiss edir.
Köksüz, qolsuz, budaqsız ədəbiyyatın at oynatdığı vaxtda sözün üstə əsmək, onu dəyərində saxlamaq, keşiyində dayanmaqsa əsl hünər tələb edir. Pərvində bu hünəri görürəm. Bu çətin dönəmdə, söz bolluğunda özünü isbat etmək bacarığı da. Çoxluğun içində fərdiləşmək elə də asan deyil bu ağlı -qaralı dünyada. Vaxt olacaq, Pərvin sözdə bir az da bişəcək, bir az da formalaşacaq. Ədəbiyyatın yolu çox dərədən, təpədən keçir. Yoluna sədd qoyanlar, boğaq atanlar da çox olacaq. Amma bu qızdakı əzmə güvənərək deyirəm ki, o heç vaxt geri çəkilməyəcək. Hisslərini, duyğularını sözə çevirdikcə böyüyəcək, müdrikləşəcək, bərkiyəcək.
Gecəki yuxuları
Yozuruq xeyrimizə.
O ki səhər açılır,
Dəniz boş gəlir bizə
Səma boş gəlir bizə.
Bir Allah bilir necə!
Pərvin dünyanı dərk edir. Özünü də, cəmiyyəti də aldatmır. Yer üzündəki, Göz üzündəki təlatümləri gözəl görür, hiss edir. Yaşadıqlarını gizlətmir. Dedim axı azadlığını sevir. Hər ovqatda azaddı.
Bu yazı Pərvinin baxışlarında doğdu, barmaqlarında böyüdü, ürəyindən su içdi. Canlandı. Bir sözlə gözləriylə anlatdı özünü Pərvin, sözləriylə tanıtdı. Hələ çox gəncdi. Öyrəndikləri özünə bəsdi hələ. Öyrənmədiklərisə yolun o tayında onu gözləyir. Qoçaq qızdı. Addım -addım çatacaq o zirvəyə də. Bircə ömrünün baharında payıza düşməsin deyirəm. Hər fəslin öz vaxtı var. Mən inanıram bu qızın gözlərinin də, sözlərinin də işığında hələ çox qaranlıqlar işığa qovuşacaq.
Təki sağlıq olsun.
“Ədəbiyyat və incəsənət”
(23.08.2024)