MÜHACİR AZƏRBAYCANLILAR – Məhəmməd Ağaoğlu Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Elə şəxsiyyətlər olub ki, həqiqətən də tariximizə işıq salıblar. Çox təəssüf ki, onlar barədə demək olar ki, heç nə bilmirik. Mən sizə Məhəmməd Ağaoğlu barədə danışacağam. Ötən əsrdə xalqımızın Sovet istibdadından qaçaraq mühacir həyatı sürən ən işıqlı şəxslərindən biri olub Məhəmməd Ağaoğlu. Gəlin onun bioqrafiyasını birlikdə vərəqləyək.

 

Məhəmməd Ağaoğlu 1896-cı il avqust ayının 24-də İrəvan quberniyasının İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmişdir. Həmin il Moskva unuversitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanışlıq onda tədqiqatçılığa maraq oyatmışdır. 1916- 1919-cu illərdə bu məqsədlə Türküstan, İran, İraq, Türkiyə və Suriyaya səyahəti faydalı olmuşdur. Filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. AXC yaranandan dərhal sonra mədəni quruculuq işlərində fəal çalışmışdır: İstiqlal muzeyi, Qədim abidələrin müdafiəsi Cəmiyyəti onun təşəbbüsü və köməyi ilə yaradılmışdır. Amma 1920-ci ildəki bolşevik işğalı onun dogma vətəndəki fəaliyyətinə son qoymuşdur.

O, 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. İstanbul muzeylərinin direktoru Xəlil Ədhəmin məsləhət və köməyi ilə 1923-1927-ci illərdə şərqşünas alimlərin kurslarında Şərq dilləri və mədəniyyəti sahəsində biliyini təkmilləşdirmiş, yüksək ixtisas qazanmışdır. 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. 1927-1928-ci illərdə İstanbulda Milli muzeyin “çinli köşk” islam incəsənəti bölməsinə müdirlik etmiş, İstanbul Universitetinin İncəsənət kafedrasında professor assistenti vəzifəsində çalışmışdır. Elə həmin ildə “Türk və İslam əsərləri” muzeyinin əvəzedici direktoru vəzifəsinə təyin edilmişdir. Amerikaya dəvət olunmuş, burada Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil etmiş, müsəlman Şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət böyük sərgi açmış, çoxlu kolleksiya toplamışdır. Onun sayəsində Detroyt “İslam incəsənəti qalereyası” zənginliyi ilə seçilmişdir. Miçiqan Universitetində (ABŞ) müəllim, professor olmuş, Şərq xalqlarının incəsənəti tarixindən oxuduğu mühazirələri maraqla qarşılanmışdır. 1933-1938-ci illərdə burada İslam incəsənəti tarixi kafedrasını yaratmışdır. 1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini təmsil etmişdir. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir. Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət etmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırmışdır. “Art islamika” (“İslam incəsənəti”) adlı jurnalın naşiri və redaktoru olmuşdur. Onun “Səfəvi xalçaları və parçaları”, “İslam incəsənəti haqqında qeydlər” və s. kitabları, eləcə də Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türküstan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrıayrı problemlərinə dair külli miqdarda elmi məqalələri Amerika və Avropada dərc edilmiş, rəğbətlə qarşılanmışdır. Bu məqalələrdən İstanbul Topqapı sarayı muzeyinin kitabxanasında saxlanan bəzi naməlum əlyazmaları və bir neçə illüstrasiyalı əlyazmaları haqqında ilkin qeydlər, “Frir incəsənət qalereyasında saxlanan “Xosrov və Şirin” əlyazması” orta əsr Azərbaycan incəsənətindən bəhs edir.

Məhəmməd Ağaoğlu 1949-cu il iyun ayının 4-də Amerikanın Detroyt şəhərində vətən həsrətiylə qovrularaq vəfat etmişdir. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.