Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” ( Şəki-Zaqatala bölməsi)
24-25 avqust 2024-cü il tarixlərində Şəkinin Bəxtiyar Vahabzadə adına mərkəzi parkında kitab yarmarkası keçirildi.
1 ildən artıqdır ki, davam edən və müxtəlif bölgələrdə həyata keçirilən “Kitab karvanı” adlı layihənin rəhbəri Rafil Əşrəflidir.
Yarmarkanın ikinci günü biz də kitab almağa yollandıq. Kitab masasına yaxınlaşmaq üçün yarım saatadək gözləməyimizdən heç də narazı qalmadıq. Şəkililərin kitab sevgisini, kitab almaq üçün növbəyə düzülməsini müşahidə etmək bizim də, elə kitab satanların da üzünə məmnun təbəssüm yaymışdı...
Masada Əzizə Cəfərzadənin “Anamın nağılları” da vardı, Jül Vernin “Kapitan Qrantın uşaqları” da... Şəki boyda nostalgiya, Xan yaylağı yüksəklikdə macəra duyğusu ilə “Kitab karvanı”nın təşkilatçısının ürək sözlərini “Ədəbiyyat və İncəsənət” portalının oxucularına çatdırmağa tələsdik.
Rafil Əşrəfli ilə söhbətimiz layihənin məqsədindən və gələcək planlardan başladı:
“Gənclərin kitaba marağının artırılması və kitabın əlçatan olması layihənin əsas məqsədidir. “Kitab karvanı”mızın yükü 3 mindən çox kitabdır. İstənilən mövzuda və istənilən janrda kitabla oxucuların görüşünə gəlirik. Bundan əvvəl Ağcabədidə, Goranboyda, Ağdamda, İsmayıllıda, Balakəndə, Oğuzda, Bərdədə kitab yarmarkaları keçirmişik. Ali təhsil müəssisələrində, məsələn, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında, Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şəki və Ağcabədi filiallarında, Bakı Dövlət Universitetinin Qazax filialında da olmuşuq. Növbəti səfərimizin ünvanı Xankəndi, Qarabağ Universitetidir”.
Şəkililərin daha çox dünya klassik ədəbi irsinə və şəxsi inkişaf, motivasiya kitablarına maraq göstərdiyini deyən Rafil Əşrəfli onu da qeyd edib ki, alıcılar arasında gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələrini də görmək sevindirici haldır:
“Şəkidə yaşlı nəslin nümayəndələri içərisində yerli yazarların, xüsusilə, yerli gənc yazarların yaradıcılığını diqqətlə izləyənlərlə tanış oldum. Təsəvvür edin, mənə deyirlər ki, “sentyabrda filan yazarın yeni kitabı çıxacaq, onu da Şəkiyə gətirin”. Bu maraq, bu kitabsevərlik bizə stimul verir ki, Şəkiyə tez-tez gələk. Artıq oktyabrda da Şəkiyə gəlmək barədə fikirləşirik”.
Ötən ilki Nar Festivalına dəvət alaraq Göyçaya getdiklərindən, orada detektiv janra daha çox maraq olduğundan da danışan Rafil Əşrəflinin söhbətini dinləyərək ölkəmizin “oxucu xəritəsi”ni də çıxarmaq mümkündür. Onun sözlərinə görə, Ağdamda yerli yazarların kitabları, İsmayıllıda tarixi-dram mövzulu kitablar, Zaqatala-Balakəndə müasir ədəbiyyat nümunələri, Oğuzda isə daha çox məhəbbət romanları maraq görüb.
“Kitab karvanı”nın sarvanından layihəsinə başlamağında nədən ilham aldığını da soruşduq. Nə də olsa, hər işin, hər addımın bir hekayəsi var axı... Rafil Əşrəfli öz hekayəsini də “Ədəbiyyat və İncəsənət”in oxucularından gizlətmədi:
“Məktəbdə sinif rəhbərim vardı. Mənə bir kitab verdi və oxumağımı tapşırdı. Sonra əlavə etdi: “Bilirsən, o vaxt Almas İldırıma müəllimi bir kitab verir, Almas İldırım həmin kitabı bir gecədə oxuyub bitirir”. Müəllimimin bu sözündən çox təsirləndim. Onun verdiyi kitabı bir gecədə oxudum... O kitab, bəlkə də, müəllimimin o kitabı mənə verərkən dediyi sözlər-hansı oldu, bilmədim, həyatımı dəyişdi. 8 ildir kitab işiylə məşğulam...”
Sonda qeyd edək ki, “Kitab karvanı”nda bütün kitablar 20% endirimlə satılır.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)