Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Bir neçə gün öncə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin İctimai TV-yə müsahibəsi böyük səs-küyə səbəb oldu. Mark Libbi ABŞ-ın Ermənistanı silahlandırması faktını cəfəngiyyat adlandırdı. Səfir müsahibəsində bildirdi ki, Caliber.az-ın təqdim etdiyi bütün məlumatları təkzib edir. Səfir müsahibəsində onu da vurğuladı ki, Ermənistana hərbi yükün göndərilməsi hərbi təlimlə əlaqəlidir.
Nə gözləyə bilərik ki, Mark Libbi 30 il ərzində heç bir işə yaramayan ATƏT-in Minsk qrupu adlı qurumun həmsədrlərindən biri olan dövlətin səfiridir. “Mənə tamamilə aydındır ki, hazırda Azərbaycan və Ermənistan arasında ən böyük problem etimadsızlıqdır”, - deyən Səfir hələ də anlamaq istəmir ki, hər iki ölkənin rəhbəri sülhə çox yaxın olduqlarını bəyan edib və bu münaqişəyə birdəfəlik son qoymaq istəyir.
Səfir Mark Libbi Azərbaycan mətbuatını təhqir edərək araqarışdıran qüvvə adlandırır. Onun Şuşaya səfəri ilə bağlı sonuncu açıqlamasına nəzər salsaq görərik ki, onun mediaya verdiyi cavabı şouda iştirak etmək istəyi deyildi. Yəni, Şuşaya səfər etmək şoudur və o, buna qatılmır. Qarabağa sonrakı səfəri zamanı isə bildirmişdi ki, iki aya yaxındır, həmin səfərə hazırlaşır. Yəqin ki, bu açıqlamadan yaxşı görsənir kimin şou göstərdiyi, kimin ara qarışdırdığı. Əgər hegemon dövlətin diplomatı etik davranış qaydalarına uyğun olmayan fikirlər səsləndirirsə, o zaman onlardan hər şey gözləmək olar. Belə ziddiyyətli açıqlamaların yaratdığı fikir onu deməyə əsas verir ki, ABŞ-ın Ermənistanı silahlandırması ilə bağlı konkret dəlil və faktlara, sübutlara bu şəkildə cavab verməsi yalanın ört-basdır edilməsinə xidmət edir. İnformasiya əsrində yaşadığımız bir zamanda medianın paylaşdığı bu məlumatların dolğunluğu, təbii ki, ABŞ-a gün kimi aydındır, amma burada məsələ deyəsən “qatıq qaradır” məsələsidir.
Bu sirr deyil ki, Ermənistan öz havadarları tərəfindən kütləvi silahlanma prosesindən narazı deyil. Həmçinin ABŞ da bu məsələdə üzünü yana çevirməyib. 2020-ci ildə Azərbaycanın haqq savaşında haqsız zəbt etdiyi torpaqlardan qovalanmış Ermənistan ötən il ABŞ ilə “Qartal tərəfdaşlığı” ilə təlimlər keçirdi. Hiss olunan odur ki, ABŞ Ermənistanda öz silahlı qüvvələrini saxlayır və əsas məqsədi Cənubi Qafqazda əldə edilmiş sülhü pozmaqdır. Bu isə ABŞ-nin danışıqlara və sülh prosesinə səmimi yanaşmaması, Ermənistanı addım-addım müharibəyə sürükləməsi deməkdir.
Artıq görünən odur ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi, yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnikaların Ermənistana gətirilməsi həm Cənubi Qafqazda sönən odu körükləmək, həm də Ermənistan ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparmaqdır.
Təbii ki, Azərbaycan bu gün böyük inkişaf yolu keçir və sürətlə hədəflərinə doğru irəliləyir. Dünyada sülhün, təhlükəsizliyin qarantına çevrilmiş Azərbaycanda səfir Mark Libbinin səsləndirdiyi bu fikirlər hər bir halda xalqımızın və dövlətimizin yürütdüyü siyasətə ziddir. Fikrimi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı dediyi fikirlərlə bitirirəm:
“İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də, o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)