Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
İşıqlar səsləyir yolnan gedəni,
qaranlıq baxmağa Aya saxladır,
qışda İlham pərim dindirmir məni,
qəlbində olanı yaya saxladır.
Pərim də soyuqdan bezardı bəlkə,
mənimki “mövsümü azardı” bəlkə?
Dünyanın yarısı yazardı bəlkə –
yaxşı ki, çoxunu həya saxladır.
(Vahid Əziz)
Əziz Vahid bəy, əsl şair necə olmalıdır?
CAVAB:
Əsl Şair elə şair olmalıdır. İki cür şair var: Əvvəla, Şair vergili olmalıdır, şair elə şair doğulur, şair dünyaya gəlir.
Var şairlər və şeir yazanlar. Bu gün təbii ki, şeir yazanlar çoxdur, əsl şairlər isə azdır. Bir məsələ də var ki, bunu həmişə söyləmişəm
"Qurani- Kərim", " Tövrat", “İncil" də- bütün din kitablarının hamısı həm ərəb dilində, həm başqa dillərdə- yunan, yəhudi dilində Tanrı tərəfindən şeir formasında gəlib. Dünyanın, bəşəriyyətin, Kainatın ən böyük Şairi Allah özüdür. Deməli, şeir çox müqəddəsdir. Hətta " Qurani- Kərim"- də " Şairlər" surəsi var. Hər söz yığınına şeir demək olmaz, eyibdir. Tanrının göndərdiyi şeirə hörmət etmək lazımdır.
Yaxşı Şair olmaq üçün ilk növbədə yaxşı oxucu olmaq lazımdır, xalqın tarixini bilmək lazımdır, xalqın dilini bilmək lazımdır. Təəssüf ki, bəzi dilçi alimlərimiz Azərbaycan dilini bərbad ediblər, eşitdiyimə görə, dilimizdən bir çox sözləri çıxarıblar. Bu dili min illərlə Xalq yaşadıb- bu dili " atan yazmayıb"- adama deyərlər..
Deyirlər, şairlər dilə qarışmasın. Elə şairlər qarışmalıdır. Xalq yaratdığı dili, Şairlər yaşadır.
Dildə arxaik söz yoxdur, ümumiyyətlə, köhnə şey yoxdur.
Deyirlər, " Ən təzə şey çox yaxşı unudulmuş köhnəlikdir".
Eyni zamanda dildə yaddan çıxmış arxaik söz yoxdur. Sadəcə, sözə arxaik, primitiv münasibət ola bilər. Əsl Şairlərdə şəxsiyyət olmalıdır, şəxsiyyətini qoruya bilməyən şair ola bilməz. Bəzən deyirlər ki, Şair gərək yerişindən fərqlənə, danışığı gülüşü fərqli ola. Bu normal deyil.
Şeir yazmaq prosesi özü standartdan- normadan kənar bir şeydir. Əgər adam özünü. 24 saat Şair kimi aparırsa, o, normal adam deyil. Aktyoru səhnədə təhqir edə bilərlər, amma sən küçədə Valeh Kərimova "Moşu" desən, təpəni yara bilər.
Şair də şeir yazarkən özü elə özü ilə oynayır, aktyor da tamaşaçı da özü olur.
Şeir bağıra- bağıra oxunmaz, şeir intim bir şeydir, pıçıltı ilə oxunmalıdır. Şeir əslində sənin qələm və kağızla ürək söhbətindir. Sevdiyin bir qız kimi, sevdiyin oğlanla oturub pıçıldaşmaq kimi bir şeydir. Poeziya pıçıltıdır, bağırtı deyil.
Bu gün bəzi aktyorlarımız bağıra- bağıra şeir oxuyurlar, şeiri zorla musiqiyə pərçim edirlər, mahnılar yazırlar ki, bir də görürsən musiqiyə düz gəlmir və sözü ixtisar edirlər. Sənə kim izn verib ki, sözü " sünnətləyəsən".
“Ədəbiyyat və incəsənət”
(28.08.2024)