GƏLİN UNUTMAYAQ! - Tanınmış teatr xadimi, müğənni və şair Əli Əliyev Featured

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” , Oğuz bölməsi

 

 

Əli Əliyev 1940-cı ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini Yaqublu kənd natamam orta məktəbdə almışdır. Orta təhsilini isə Oğuz şəhərindəki orta məktəbdə başa vurmuşdur.  Hərbi xidmətini başa vurduqdan sonra xanəndiliyə başlamışdır. Xeyli toy məclisləri keçirmiş, onlarla toya “ağalıq” etmişdir. Dəfələrlə müxtəlif müsabiqə və festivallarda iştirak etmişdir.

 

Sonralar Oğuz şəhərinə köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır.

1968 – 1973-cü illərdə o vaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır. Sonra Moskvada Beynəlxalq Teatr İnstitutunda təhsilini davam etdirmişdi.

1968-ci ildə muğam festivalının qalibi olmuş, diplomla təltif edilmiş, həmin ildən milli televiziyanın “Gənclik” ansamblının üzvü olmuşdur.

Oğuz Rayon Mədəniyyət evində həm direktor, həm də rejissor vəzifələrində çalışmışdır. Burada işlədiyi müddətdə İ. Əfəndiyevin “Bahar suları”, Ü. Hacəbəyovun “Arşın mal alan”, A. Məmmədovun “Həmyerlilər”, S. Qədirzadənin “Şirinbala bal yığır”, G. Xuqayevin “Elbrus evlənir” və s. əsərləri tamaşaya qoymuş və baş rolların ifaçısı olmuşdur. 1971-ci ildə teatra “Xalq teatrı” statusunun verilməsində onun da böyük əməyi olmuşdur.

1975 – 1980-cı illərdə Şəki Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləmişdir. Burada tanınmış aktyorlarla (V.  Abbasov, N.Bilalov, C. Novruzov, H. Atakişiyev və b.) birlikdə işləməsi ona zəngin iş təcrübəsi qazandırmışdır. 1984-cü ildə teatrın Moskva qastrolunda iştirak etmişdir.

1985-ci ildən başlayaraq Oğuz rayon Xalq Teatrında rejissor vəzifəsində yaradıcılığını davam etdirmişdir.

Müntəzəm olaraq şeir yaradıcılığı ilə məşğul olmuşdur. Şeirləri “Azərbaycan gəncləri” və “Oğuz yurdu” qəzetlərində çap olunmuşdur.

2012-ci ildə vəfat etmişdir. Ruhu şad olsun. 

 Ə.Əliyevin bir neçə şeirini oxucularımızın diqqətinə təqdim edirik.

 

Bir oğul  itirmişəm

(Şəhid  T.Oğuza həsr olunmuşdur)

 

Bir oğul itirmişəm,
Dəyanət mücəssəməsi.
Bir oğul itirmişəm,
Qəlbi Nuhun gəmisi!
Bir oğul itirmişəm,
Koroğlu timsalıdır.
Bir oğul itirmişəm,
Azadlıq amalıdır!
Bir oğul itirmişəm,
Yüz oğula bərabər,
Keçərdi şirin candan,
Vətən əmr etsə əgər!
Bir oğul itirmişəm,
Qarabağ torpağında.
Bir oğul itimişəm,
Azadlıq sorağında!
Verən varmı ilahi,
Bu igiddən bir soraq,
Gecə-gündüz gəzəcəm
Əlimdi hisli çıraq!

 

                                                                                                                                                                                                                                                                                 Hara tələsirik, görəsən, belə !?

Bu dünyanın əzabı çox, dərdi çox,

Xeyir azdır, saysan, əgər şərdi çox.

Ömür adlı bir karvanım olub yox,

Hara tələsirik, görəsən, belə?

 

Qanad açıb səmalarda uçuruq,

Çox sirləri çalışırıq açırıq.

Çiyində cənazə yenə qaçırıq,

Hara tələsirik, görəsən, belə?

 

Ha yığırıq doymayır heç gözümüz,

Ölməmişdən hazır olur bezimiz.

Qəbri də qazırıq bəzən özümüz,

Hara tələsirik görəsən belə?

 

Hamı gedir bu dünyadan, bilirik,

Bəs nə üçün bu cahana gəlirik ?

Şah da olsaq, axırda ki, ölürük,

Hara tələsirik görəsən belə?

                                              

                                               A dərdin alım

                   Bilirəm yanında günahkaram mən,

                   Keç bu günahımdan, a dərdin alım.

                   Axı mən bəxtsizin ən əzizisən,

                   Keç bu günahımdan, a dərdin alım.

 

                   Həyat yaman çətin, mürəkkəb olub,

                   Ömür bağçamdakı güllərim solub.

                        Ümidim, gümanım bir sənə qalıb,

                   Keç bu günahımdan, a dərdin alım.

 

                   Vüsal deyib ömrün boyu ağladım,

                   Aşıb-daşıb sular kimi çağladım.

                   Layiqmidir ürəyimi dağladım?

                   Keç bu günahımdan, a dərdin alım.

 

                   İnciyərəm üzə vurma olanı,

                   Görüm zəlil olsun ara vuranı.

                   And yeriçün qoy gətirim Quranı,

                   Keç günahımdan, a dərdin alım.

 

                   Əliyəm, bu sirrə qalmışam naçar,

                   Bir yandan bağlayan, bir yandan açar.

                   Səndən özgə kimə harayım çatar?

                   Keç bu günahımdan, a dərdin alim.

 

                    Bilmirəm

 

                   Səndən ayrılanı dərd məni üzür,

                   Bu nə sirdir ki, bilə bilmirəm.

                   Xəyalın qəlbimdə, fikrin beynimdə,

                   İstərəm ki, silim, silə bilmirəm.

 

                   Göydə ulduz olub hey sayrışırsan,

                   Xəyalən gah küsüb, gah barışırsan.

                   Yuxumda da sən mənlə danışırsan,

                   Amma nə faydası dinə bilmirəm.

 

                   Sevincimi alıb qəsd eyləmisən,

                   Kədəri sən mənə dost eyləmisən.

                   Vəd verib vüsala, məct eyləmisən,

                   Bu məstlik hardandır, yenə bilmirəm.

 

                   Nə qədər kədərə düçar olmuşam,

                   Bunu qana-qana naçar qalmışam.

                   Sənin alovundan qaçar olmuşam,

                   Amma qaçammıram, dana bilmirəm.

 

                      Ağlaya bilmirəm

                      (Qarabağ hadisələrinə həsr olunmuşdu)

 

                   Bulud tək Xəzərdən mən yüklənmişəm,

                   Ağlaya bilmirəm, donub qalmışam.

                   Axı niyə, qardaş, mən təklənmişəm.

                   Mən ki, talamayıb, hey talanmışam.

 

                   Ağlaya bilmirəm axı nədəndir,

                   Elə bil quruyub gözümün yaşı.

                   Mənim qoruduğum təkcə Vətəndir,

                   Nəyimə gərəkdir özgənin daşı.

 

                   Hər dərdə dözməyə gücüm çatardı,

                   Vətən qızlarımız əsr olmasa.

                   Koroğlu məzarda rahat yatardı,

                   Qarabağ bağları vaxtsız solmasa.

 

                   Ağlaya bilməmək yəqin qeyrətdən,

                   Babalardan bizə bir yadigardır.

                   Ayılın, igidlər, durun qəflətdən,

                   Bizə örnək olan Xətai vardır.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.