Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı şair, tərcüməçi, esseist Rəbiqə Nazimqızıdır.
-Xoş gördük, əziz Rəbiqə xanım, yazılarınızdakı fərqli üslub oxucularınız tərəfindən çox sevilir. "10 sualımız" da cavablarını almaq üçün çox tələsir. Elə isə birinci sualımızı görüşünüzə səsləyirəm.
1) Nə gəlirsə, əlimdən qapıb alır misralar,
Nə deyirəm qurtarmır, sözlərim yenə qalır.
Mənə qalır ağrını çəkib üstümə salmaq,
Məni qəmdən qurtarmaq yenə də sənə qalır. (Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, dərdləri misralarla bölmək qəlb ağrılarını ovudurmu?
- Əlbəttə. Yaradıcılıq istedad, intellekt, ruh hadisəsi olmaqla yanaşı həm də sublimasiya hadisəsidir. Sənətkar çox zaman neqativ hadisə və ya hisslərdən doğan mətni gözəlliyə çevirir. Ağrı sözə çevrilir və maddiləşərək içindən kənara yol tapır. Oxucu o ağrını duyur, anlayır, amma iliklərində hiss eləmir. Çünki sözə bürünüb, çılpaq deyil, həm də gözəl, mütənasib biçim alır. Bəzi mətnlər var ki, ən ağır anlarda yazılıb, bəlkə, onlar mətnə çevrilməsəydi, adamın ürəyi partlaya bilərdi. Bütün insanlarda belədi, məsələn, ağrıyanda qışqırırsan, ağlayırsansa, prosesi daha rahat keçirirsən, nəinki susanda. Ümumiyyətlə, mən sükutu sevmirəm. Təbii, əgər o sükut rahatlıqdan xəbər vermirsə...
2)Qollarımı açıb skamyaya sərmişdim. İri, mavi damarları sayırdım. Dodaqlarım açılıb-yumulurdu: "Bu gün, məhz bu gün, sabah olmaz”. Heç nə fikirləşmirdim. Heç nə fikirləşmək istəmirdim. Qorxurdum.
-Sabah olmaz.
-Nə? – qeyri-iradi sual verdim.
-Sabah gecdir. Sabaha saxlasan, eləməyəcəksən...
Dəyərli Rəbiqə xanım, bu maraqlı yazınızda həyat və mübarizə ön plana çəkilir, intihar, təbii ki, çıxış yolu deyil. Həyatın ən çıxılmaz yollarından üzüağ çıxmaq üçün nəyi bacarmaq əsas şərtdir?
-Özünlə qürur duymağı. Özü ilə qürur duymaq hissi dünyada ən gözəl hissdir. Söhbət təkəbbürdən getmir. Söhbət ondan gedir ki, ötənlərə və eləcə də indiki vəziyyətə baxanda düşünə biləsən ki, insan kimi yaşamısan, əksər situasiyalarda məhz normal insanın davrandığı kimi davranmısan, bağışlaya bilmisən, nəyinsə üstündən keçmisən və ya əksinə, bağışlanmaz bir şeyi bağışlamamısan, söz deməli olduğun yerdə susmamısan. Və sair və ilaxır. Özünlə qürur duymaq - mən bacardım, mən bacarıram, mən bacaracağam deməkdir. Ən yaxşı stimuldur. İnsan hər situasiyada güclü ola bilmir, bəzən kontrolu itirir. Amma bu kontrol itəndə də gərək heç kəsə zərər vurmaya. Uşaqlıqdan gələn tərbiyədən asılıdı, sonra da vərdişi avtomatikləşdirirsən. İntihar etmək istəyi, yəqin, hər insanın həyatında, azı, bir dəfə olur. Heç onu həyata keçirməsə də. Özünü və başqalarını sevən, özündə başqalarını, başqalarında özünü sevən adam üçün asandı, rahatlıqla həmin çətin anı ötürmək üçün uyğun nəyisə, bəlkə, kimisə tapacaq. Pozitiv düşünən insana kainat özü kömək eləyir. Necə deyərlər, neqativdən Allah da bezardı.
3)Dünyanın ən gözəl dərdidi,
Yaddaşı itirmək сəhdidi səni sevmək…
Bir az həyəcan… bir az sakitləşmək istəyidi,
Bir də gözləməyə öyrəşməkdi səni sevmək…( Rəbiqə Nazimqızı)
Əziz Rəbiqə xanım, sevgi fədakarlıqdırmı? Sevgi zamanla dəyişirmi?
-Bəli, sevgi məhz elə fədakarlıqdı. Qarşı tərəf üçün çox şeydən keçə bilmək, özün üçün ən əziz şeyləri onun üçün də istəmək, dənizin dibindən mirvari, göydən ulduz dərmək. Və ya özünün ən ağrılı anında onu gülümsəməsi üçün bir lətifə uydurmaq. Əsas şərt qarşındakının da eyni şeyi hiss etməsi, o dəyəri anlaması və o dəyərin qarşılığını verə bilməsidir. Sevgi təmənnalı fədakarlıqdı. Elə belə, yalnız sevdiyin üçün eləmirsən axı. Sevdiyinin sevincinə sən də sevinirsən, onun sevincindən xoşbəxt olursan. Ümumiyyətlə, sevmək gözəl hissdi. "İkisindən birini seç - sevmək, ya sevilmək" desələr, düşünmədən sevməyi seçərəm. Yalnız sevdiyin adam tərəfindən sevilmək insanı xoşbəxt edə bilər. Qalanı boş şeydi, eqoya çəkilən soyuq sığal kimi...
4) Əziz Şairimiz, dardüşüncəlilər təvazökarlıqdan qaçıb təkəbbürə sarılanda onlara nə söyləmək istəyərdiniz?
-Heç nə. Dardüşüncəliyə nəsə söyləmək faydasızdı, nə desən, anlamayacaq. Bu situasiyada susmağın tərəfdarıyam. Düşünürəm, elələrinə ən böyük cəza onları diqqətsiz qoymaqdı. Çünki təkəbbürlünün ən böyük istəyi kənardan diqqət çəkməkdi. Yoxmuş kimi davranırsan, mənən ölür.
5)Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.( Rəbiqə Nazimqızı)
Rəbiqə xanım özünün özünə verdiyi hansı suala hələ də cavab tapa bilmir?
-Adətən bu suallar ritorik olur. Mən cavab tapa bilmədiyim suallar üzərində düşünməyi sevmirəm. Tapmacalar əyləncə üçündü. Oyun elementidi. Ciddi şəkildə məni narahat edən sual yoxdu. Belə suallara vaxtım olmur, həmin vaxtı tapmaca oyunu oynayaram, nəinki ciddi-ciddi hansısa cavabsız sual üzərində düşünmək. Adətən cavabları bilirəm. Özümü kifayət qədər yaxşı tanıyıram və duyuram. Özümə suallarım yoxdu. Belə suallar yalnız darıxdığım anda ola bilər ki, onda da məzəli nəsə fikirləşirəm. Suallar Yaradana ola bilər. Ona da sual vermirəm. İnanıram ki, hamısının mütləq əsaslı bir cavabı var.
6) Unutmayasan deyə
şəklimi qoyaram cibinə.
Tezdi-gecdi bilmərəm –
gecəyarı zəng gələr evinə.
Tüpürə bilərəm hər şeyə...
Nəyə? – niyə sayım –
məni tanıyırsan.
Özün anlayırsan...
Mənə heç nə demə...
(Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, kişilər güclü sevir, yoxsa qadınlar? Və səbəbi?
-Məncə, sevginin cinsi olmur. Sevən elə güclü sevir. Kişi də, qadın da...
Amma hərdən mənə elə gəlir, kişilər daha gec unudurlar. Eqo məsələsidi, sevgiylə bağlılığı yoxdu.
7) Dəyərli Rəbiqə xanım, ömür adlı səyahətdə hansı “azuqə" ehtiyatımız da mütləq olmalıdır ki, gözümüz ac olmasın?
-Çətin sualdı. Bilmirəm. Məncə, bu, tərbiyə və əxlaq məsələsidi. Ailədən gəlir, almısansa, var, yoxdursa, heç vaxt da olmayacaq. Bu mənada minimalist adam sayıla bilərəm. Buna görə özümü xoşbəxt saya bilərəm.
8) Özünün istedadı olmadığı halda istedadlı birinə istedadsızsan- deyib ruhdan salanları gördükdə Rəbiqə xanım nə düşünür?
-Heç nə... Bu barədə düşünmürəm. Çox xırda məsələdi. İnsanın daxili barometri olmalıdı, intellekti olmalıdı ki, özünü və başqasını tanıya bilsin. Belədə başqasının tərifinə də, tənqidinə də çox ciddi əhəmiyyət vermirsən. Qulaq asırsan, amma səni tərpətmir. Xoşbəxtlikdən uçmursan, ya bədbəxtlikdən ölmürsən. Deyir, deyir də... O situasiyaya düşən dostlara dəstək olmağa çalışıram, amma istedadsıza nə deyim axı? Ona sözünü Allah deyib də...
9)Bir də görürsən ki, sevinc qalmayıb,
Bir də görürsən ki, hər yer gileydi.
Bir də görürsən ki, səni qınayıb,
Sən də qınayırsan: "kaş ki biləydi".
Bir də görürsən ki, sel içindəsən,
Saman çöplərini sanamaq olmur.
Bir də baxırsan ki, sən yenə təksən,
Taleyi, qisməti yamamaq olmur.
(Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, Qabriel Qarsia Markesin əsərində söylənilir ki: "Həyat belədir, talelər və yollar zənciri kəsişir və buna kimsə nəzarət edə bilməz."
Bəs Sizin özünüzü qınadığınız zamanlar olurmu?
-Olub. Amma tez keçib. Təbiətcə özümü qınayan adam deyiləm. Düşünürəm, səhv etmişəmsə, dərhal üzr istəyirəm. Peşmanlığa və özümü gecə-gündüz qınamağa enerji sərf eləmirəm. Mən insanam, robot deyiləm. Çalışıram, insan olduğumu unutmayım. Hansısa anda kiməsə bir az yanlış davrananda da dərhal üzr istəyirəm, keçir.
10) Günəş bizdən uzaq olsa da, şüası ilə, istisi ilə sığal çəkə bilir, bəs insanlar insanlıqdan uzaq düşdükdə nələr baş verir?
-İnsanlıq ölür. Ən pisi, inamın ölməsidi. İnsana, insanlığa inamın ölməsi. İçindəki işığın sönməsi. Ona görə gərək dost seçəndə, yar seçəndə, ya kiməsə etibar eləmək istəyəndə diqqətli olasan. Bu mənada Tanrı məni həmişə qoruyub. Adamları milyon ağacdan hiss edirəm.
-Əziz Rəbiqə xanım, rubrikamıza ömrünüzdən vaxt ayırdığınız üçün Sizə minnətdarıq. Digər rubrikalarımızda görüşmək ümidilə Sizə uğurlar diləyirik.
-Buyurun.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)