“Yad şəhərin yuxusu” – HEKAYƏ Featured

“Ədəbiyyat və incəsənət” portalın Mənsurə Qaçayqızının hekayələrinin dərcini yekunlaşdırır. Bu gün sizlərə ““Yad şəhərin yuxusu” hekayəsi təqdim ediləcək.

 

                                     

          Yol çantamı otaqda olan yeganə çarpayının üstünə qoyub pəncərəni açdım. Tut ağacının budaqları içəri atlandı. Bu, balaca, darısqal otağı bəzəyən yeganə gözəllik idi. Çarpayıda əyləşib otağa göz gəzdirdim. Divara vurulan mismardan asılmış ağ, ütülü kişi köynəyi diqqətimi çəkdi. Mənim köynəyə nəzər yetirməyim bayaqdan qapının ağzında dayanıb mənə baxan ev sahibəsinin gözündən qaçmadı.

         – Burda qalan oğlanındı. Zəng eləmişəm, bir-iki əşyası qalıb, gəlib aparacaq.

         – Burda yaşayan var? Mən bir həftəlik qalacam. Sizə “ev boşdursa, gəlim” demişdim.

          Qadın çox sakit halda:

         – Onsuz da gedəcəkdi. Sizin gəlməyiniz yaxşı oldu. Narahat adamdı. O gün də sahə müvəkkili onunla maraqlanırdı. Problem istəmirəm. Həm də onun hardasa qalacaq yeri var, aradabir gəlirdi bu evə.

          Düzü, düşdüyüm vəziyyət ürəyimcə olmasa da, indiki halda başqa çıxış yolu görmürdüm. Bu şəhərdə bir həftəlik işlərim vardı. Ev sahibi ilə rəfiqəmin vasitəsilə danışmışdım.

– Heç nədən narahat olmayın, otağı özüm təmizləmişəm. Ürəyiniz rahat olsun. Amma sizə tövsiyəm budur ki, qapını tanımadığınız adama açmayın. Nəsə lazım olsa, zəng edərsiniz. – Ev sahibəsi bunları deyib sağollaşaraq getdi.

          Masanın siyirməsini çəkdim. İçində bir-iki dərman şüşəsi, həb və şpris vardı. Dərmanlar barəsində doğru-dürüst məlumatım olmadığından yerinə qoyub masanın siyirməsini geri itələdim. Evdən gətirdiyim mələfəni çantamdan çıxarıb çarpayının üzərinə sərdim. Yol yorğunluğu aclığımı yadımdan çıxarmışdı. Çarpayıya uzandım…

          Qapı aramsız döyülürdü. Yuxudan oyanıb saata baxdım: üçə on beş dəqiqə işləyirdi. Gecənin bu saatında qapının döyülməsinə qorxsam da, qız səsləri gəldiyinə görə ayağa qalxmağa məcbur oldum.

         – Aç, qapını aç.

         Ev sahibəsi “qapını heç kimə açma demişdi”. Buna baxmayaraq, içimdə bir səs – “bu vaxt bu qızlar çöldə qalıb necə olacaqlar” düşüncəsi beynimə hakim kəsildi və mən özümü unudub qapıya tərəf getdim.

          Qapını açmağımla iki qızın otağa təpilməyi bir oldu. On beş-on altı yaşları ancaq olardı. Saçları oğlansayağı vurulmuş qızlar xalçanın üzərində əyləşib ciblərindən mobil telefon çıxardılar. Görünürdü ki, buraya nabələd deyillər. Çarpayıda əyləşib onların hərəkətlərinə baxırdım: gözləri telefonda, yazışırdılar. Qızlardan biri vaxt tapıb arada: – “Burda siz qalacaqsınız?” – deyə sual verdi.

         – Bəli.

         Soruşmaq istədiyim çox şey vardı. Amma nədənsə hamısı boğazımda düyünlənib qalırdı. Bu qızların taleyi, hardan gəlib, hara getdikləri və bu yaşda yaşadıqları bəlli idi… Xeyli vaxt keçdi. Qızlar hələ də telefonda yazışırdılar. Bir də baxdım ki, saat dördə işləyir və qorxu hissi mənə indi gəlir. Qəfildən qızlardan birinin telefonu əlindən düşdü – onu yuxu aparırdı. Başını xalçanın üzərinə qoyub ayaqlarını uzatdı. İlk baxışda onun bu hərəkəti bir az da vahiməli idi. O biri qız onun yuxuya getdiyini görüb telefonu söndürdü və rəfiqəsinə qısılıb yanına uzandı. Çox keçmədi ki, o da yuxuya getdi. Xəstələnməsinlər deyə, çarpayının üstündəki mələfəni götürüb qızların üstünə sərdim.

          Çarpayda əyləşib qalmışdım. Səhərə kimi yata bilmədim. Qızlara baxa-baxa onların yuxudan oyanmalarını gözlədim. Zahirən heç nəyi veclərinə almayan kimi görünsələr də, gecənin soyuqluğunu hiss edib mələfəyə bürünmüşdülər.

          İlk olaraq sarı saçlı qız oyandı. Bayırda dan yerinin işartıları görünürdü.

          Qara saçlı qız mələfəyə bürünüb bir hissəsini burnuna çəkdi.

         – Fira, yatma, oyan, tez getməliyik, ev sahibi bizi görməsin. Qalx, qalx...

          Deməli, qara saçlı qıza “Fira” deyirlər. Fira qalxmaq istəməsə də, gözlərini açıb bizə baxdı və tez ayağa qalxdı. Qara, parlaq gözləri vardı. Gözəl bir təbəssümlə gülümsündü.

Sizin adınız nədir? – deyə  sarı saçlı qızdan soruşdum.

         – Zara. Əslində Zərinədir, “Zara” deyirlər.

         – Haralısınız? – Zara məndən cəld tərpəndi.

         – Bərdədən.

         – A, mənim sevgilim... o da bərdəli idi. – Zaranın gözlərindən bir kədər boylandı. Hiss etdim ki, ruhən yanımızda deyil. Fikri, baxışları uzaqlara getmişdi.

         – Sonra nə oldu?

– Ayrıldıq... – Gözləri dolmuşdu. – Aaa, olar sizin fendən istifadə edim? – Zara çantanın açıq gözündəki fenə baxırdı. Sanki bu alət söhbətdən qurtarmaq üçün çıxış yolu kimi düşdü əlinə. Hiss olunurdu ki, sevgilisi barədə danışmaq istəmir.

         – Buyur.

          Ayağa durub tez feni götürdü və güzgünün qarşısına keçib qısa saçlarına sığal çəkdi. Fira da qalxıb Zaraya yaxınlaşdı.

Güzgünün qarşısında saçlarını düzəltməyə, bəzənməyə başladılar. Qızlar bəzəndikcə hərəkətləri, danışıqları da dəyişirdi. Elə bil bayaqkı oğlan hərəkətli qızlar deyildilər. Mən isə hələ də çarpayıda əyləşib onlara baxırdım.

          Bu vaxt qonşuluqda yaşayan ev sahibinin qapısı açılıb örtüldü. Qızlar narahat halda tez-tələsik özlərini qaydaya saldılar və getmək üçün qapının arxasına keçdilər. Boylanıb həyətdə adam olub-olmadığını yoxladılar. Qapıdan çıxanda Zara və Firanın minnətdarlıq hissilə baxdıqları yaddaşıma yazıldı və mən bir daha o qızları görmədim. Amma talelərinə görə narahat olduğum üçün hər yerdə gözüm onları axtardı…

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.