Şəhidlər barədə şeirlər - İlkin Quliyev

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid İlkin Quliyev

İlkin Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alırdı.

2020-ci ilin aprel ayından hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 10-da şəhid olmuşdur. Sabunçu rayon Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Səndən nişanə qaldı,

Alov, qar əlcəklərin.

Əldən-ələ dolaşır,

Yadigar əlcəklərin.

 

Anan bağrına basıb

Əlcəyinə yalvarır,

Səsini ondan duyur,

Ətrini ondan alır.

 

Bütün şəkillərini,

Yığır, toplayır anan.

Səni şəkillərində,

Öpür, qoxlayır anan.

 

Təkcə ananın deyil,

Vətənin balasısan,

Hamının əzizisən,

Hamının doğmasısan.

 

Sənin kimi igidlər,

Vətəni azad etdi.

Adın tarixə yazıb,

Ad içində ad etdi.

 

İndi bizim borcumuz,

Səni unutmamaqdır,

Adını qəlbimizdə,

Əbədi saxlamaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.